news-inner
clock09:30 calendar-gray 01 Yanvar 2016 view-gray280 dəfə oxunub
view-gray280 dəfə oxunub

Zəki Mürən o müğənnini niyə döymüşdü?

Kulis Zəki Mürən haqqında yazını təqdim edir.

Uşaqlığı

Zəki Mürən 6 dekabr 1931-ci ildə Bursada doğulub. O, Qaya və Xeyriyə Mürən cütlüyünün tək övladı idi. Ailəsi Üsküpdən Bursaya köç etmişdi. Kiçik, çəlimsiz uşaq olan Zəkinin atası taxta-şalban satışı ilə məşğul idi.

Zəki anasını çox sevirdi. “Anam,“Fəxriyyə Abla” (Əhməd Muhip Dranas) şeirində bəhs edilən qadının eynisidir” deyirdi. Anası makyaj edərkən gözünü qırpmadan onu seyr edər, bağçada ətirşah çiçəklərini ovcunda əzib üzünə çəkərdi...

Zəki 11 yaşında sünnət olunur. Amma sünnətində əlinə xına çəkilməməsi tələbini edir, əvəzində isə dırnaqlarına lak vurdurur. Sünnət geyimini isə bir ay əynindən çıxarmır.

O, ibtidai məktəbi o zamanki Bursa Osmanqazi İbtidai məktəbində alır. Hələ ibtidai sinifdə oxuyan zaman müəllimləri Zəkinin istedadını kəşf edir və məktəbin musiqili tamaşalarında baş rollar ona həvalə edilir. Onun həyatındakı ilk rolu da elə bu tamaşalardan birindəki çoban obrazı olur.

Orta məktəbi də Bursada oxuyan Zəki buranı bitirdikdən sonra atasına İstanbula getmək arzusunda olduğunu deyir. Və atasının icazəsilə İstanbul Boğaziçi Liseyinə yazılır. Liseyi birinciliklə bitirdikdən sonra qəbul imtahanlarında ən yüksək dərəcəni toplayaraq İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasına (İndiki Memar Sənan Universiteti) daxil olur. Zəki naxış vurma, rəsm çəkmək sənətini tələbəlik illərindən öyrənir və bir neçə dəfə sərgi keçirir.

Mürən əsgərliyini 1957-1958-ci illərdə zabit olaraq Ankara Piyada Məktəbi (6 ay), İstanbul Hərbi Təmsil Bürosu (6 ay) və Çankırıda (3 ay) çəkib.

Uğurlu karyera

Zəki Mürən Bursada tənbur (musiqi aləti) ustası İzzət Gerçekerdən solfecio və üsul dərslərilə musiqi təhsili alır. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən musiqi təhsilini davam etdirir. Daha sonra musiqini yaxşı bilən və geniş repertuarı olan Şərif İçlidən müxtəlif əsərlər öyrənir, Rafiq Fersan, Sədi İşılay, Kadri Şençalardan faydalanır.

1950-ci ildə hələ universitet tələbəsi olan zaman “TRT İstanbul Radiosu”nun açdığı və 186 namizədin qatıldığı solist imtahanında birincilik qazanır. 1 yanvar 1951-ci ildə isə İstanbul radiosunda canlı yayımlanan proqramda ilk radio konsertini verir. Zəkinin ilk konserti çox uğurlu olur və bəyənilir. O illərdə “TRT Ankara Radiosu” Anadoluda ən çox dinlənilən radio idi. Həmin həftə klarnet ustası Şükrü Tunar Mürəni özünün val şirkətinə aparır. Və burada Zəki Şükrü Tunarın “Muhabbet Kuşu” mahnısını ifa edir, səsi vala yazılır. Bu val sayəsində o, bütün Anadoluda tanınır.

İlk uğurlu konsert və valından sonra o, Türkiyə radiolarında davamlı çıxış edərək mahnılar ifa etməyə başlayır. Bu radio proqramları 15 il davam edir, çoxu da canlı yayımlanır. Mürən bundan sonra özünü daha çox val çıxarmağa və səhnəyə həsr edir. O, 26 may 1955-ci ildə ilk səhnə konsertini verir.

Zəki daha çox özünün dizayn verdiyi səhnə geyimlərini geyirdi. O, saz qrupunun bütün üzvlərinə eyni geyimi geyindirmək və “T” formalı podiumda çıxış etmək kimi müxtəlif yeniliklər gətirdi.

Zəki, Bəhiye Aksoyla birgə 11 il davamlı olaraq Maksim Kazinosunda səhnəyə çıxır. 1976-ci ildə Londondakı “Royal Albert Hall”-da konsert verərək bu məkanda səhnə alan ilk türk sənətçisi olur.

Zəki Mürən musiqi karyerası boyunca 600-dən çox val və kaset çıxarıb, 300-dən çox mahnı bəstələyib. O, 1955-ci ildə "Manolyam" mahnısı ilə Türkiyədə ilk dəfə verilən “Qızıl Val Mükafatı”nı qazanır. 1991-ci ildə isə “Dövlət Sənətçisi” adına layiq görülür.

On yeddi yaşında "Zəhər etmə həyatı mənə cananım” misrası ilə başlayan “Acemkürdi” ilk bəstəsidir. "İndi Uzaqlardasan” (“Suzinak”), “Manolyam” (“Kürdilihicazkâr”), “Bir Dəstə Yasəmən”, “Gözlərinin içinə başqa xəyal girməsin”, “Əlbət bir gün görüşəcəyik” ən sevilən və çox ifa olunan mahnıları idi. 1954-cü ildə “Gözlənilən mahnı” ilə film karyerası başlayır. Böyük müvəffəqiyyət qazanan filmdən sonra, mahnılarının çoxunu özünün bəstələdiyi 18 filmdə də rol alır. 1965-ci ildə isə “Arena Teatrı”nda səhnəyə qoyulan “Çay və Simpatiya” adlı tamaşada baş rol ona həvalə olunur.

Zəki uğurlu ifaçılıq və aktyorluq karyerasından əlavə universitet təhsili aldığı naxış işlərinə də davam edirdi. Rəsm çəkməklə də məşğul olan Mürən tələbəlik illərindən etibarən, həm naxış, həm də rəsmlərindən ibarət bir çox sərgi keçirib. Zəki uşaq vaxtından hər yerə qız rəsmləri çəkirdi. Bu praktika ona Akademiya imtahanında da çox kömək olur: “Kişi şəkli çəkmirdim, gəmi, təyyarə rəsmləri də çəkmirdim. Dəftərlərim qalın dodaqlı, burnu yuxarı qalxmış, dikdaban qız şəkilləri ilə dolu olurdu. Şəkildəki qıza mavi sürmə və tünd qırmızı pomada çəkmək mənə xüsusi zövq verirdi".

Müəllimi Sahib Gözən Zəkinin rəsmlərindən bəhs edərkən deyib: “Baxdım ki, Zəki tam istədiyim kimi rəsm hazırlayıb. Əladır, “Bunu necə etdin” deyə soruşdum. Başını aşağı saldı, cavab vermədi. Çünki bu fırçayla da, karandaşla, qələmlə də çəkilə bilməzdi. Dostlarından soruşdum ki, yəqin siz bilərsiz, Zəki bunu necə çəkib? Onlar da hamısı sanki sözləşmiş kimi başlarını aşağı əydi. Axırda Zəkidən cavab verməyi tələb etdim. Dedi: “Müəllim, bunu mən yox, bizim pişik çəkib”. Təəccüblə, necə etdi soruşdum. Dedi ki, pişiyin arxasına müxtəlif boyalar çəkdim və ağ kağızın üzərində gəzdirdim, belə bir rəsm alındı...”

1965-ci ildə 100-ə yaxın şeirinin yer aldığı “Bildirçin yağışı” kitabını çıxarır. Bu kitabında yer alan şeirlərindən bəziləri “Çəhrayı Yağışlar”, “Bursa küçəsi”, “İkinci Sadiq Dost”, “Çəmən qayçısı”, “Son Döyüş”, “Bu bəstələr sənə”, “Alınyazım”, “Özümü axtarıram” və s.-dir.

Zəki, hər zaman təmiz türk dilində danışmağa çalışırdı. “Musiqinin Paşası” adı 1969-cu ildə sonra Antalyada belə çağırılmasından sonra ona verilib. O, özü də belə adlandırılmaqdan xoşlanırdı.

Şəxsi həyatı

Zəki Mürən həyatı boyunca evlənməyib. 1950-ci illərin qəlibindən kənara çıxan paltarları və səhnə davranışı ilə hər zaman xalqın diqqətini çəkirdi. Karyeraya başladığı ilk illərdə adi saç düzümü və geyimləri ilə səhnəyə çıxırdı. Ancaq bir müddət sonra o, qadınlara məxsus geyimlər, saç düzümü və makyajı ilə səhnəyə çıxmağa başlayır. Zəki, həyatı boyunca heç vaxt cinsi oriyentasiyası ilə bağlı açıqlama verməyib. Adı bəzi zamanlarda müxtəlif qadınlarla hallansa da ümumi qənaətə görə, o, homoseksual idi.

Məşhur türk müğənnisi Ajda Pekkan, 1960-cı illərdə karyerasına klublarda mahnı ifa edərək başlasa da, musiqidən uzaqlaşmış və film aktrisası olmuşdu. O, 1966-cı ildə Zəki Mürənin köməkliyi ilə Maksim Kazinosunda yenidən səhnəyə geri dönür. Zəki özü, bu xatirələrindən bəhs edərkən deyirdi: “Ajda Pekkanla kulisdəki otaqlarımız həmişə yan-yana olub. Bu otaqları sadəcə incə divar ayırırdı. Hər axşam divara yavaşca vururdum və Ajdaya deyirdim: “Canım Arvadım”. O dəqiqə Ajda cavab verirdi: “Buyur, gözəl ərim”. Bu sanki bizim aramızdakı uğur idi”.

Zəki Mürənin 18 illik ən yaxın dostu Göksen Çakmak onun ölümündən bir müddət sonra bir müsahibədə sənətçinin şəxsi həyatı haqqında çox maraqlı məlumatlar verib.

Çakmak, Zəkinin bir baş nazirlə sevgili olduğunu, ancaq adını deməyəcəyini bildirib: "Bu sirr mənimlə birlikdə basdırılacaq" deyən Çakmak, həmin baş nazirin çox şorgöz biri olduğunu bildirib.

O, Zəkinin hələ də həyatda olan məşhur pop-star xanımı necə döydüyündən də danışıb: “Bunu mənə dəfələrlə danışıb. Zəki, öz kişi sevgilisiylə, həmin xanımı otel otağında tutur. Onun kişi sevgilisi metereologiya mühəndisi olan, Zəkinin bütün təhsil xərclərini çəkdiyi, oxutduğu cavan oğlan idi...

İzmirdə bir həftəlik proqram var idi. Zəki Mürən də oraya sevgilisi Mustafa ilə gəlmişdi. Həmin xanımla Mustafanın mehribanlığı Zəkinin diqqətini çəkir.

Oteldə işləyən xanıma pul verərək nə zaman onlar bir otağa getsə ona xəbər verməyi tapşrır. Və xəbər gəlir... Zəki, həmin xanımın otel otağının qapısını döyür və “Qapını aç, mənəm Zəki Mürən” deyir. Qapını hamam xalatında olan müğənni xanım açır.

Zəki Mustafanı axtarır, hamamda da, otaqda da yoxdur. Balkona çıxır. Mustafa üstünü adyalla örtərək özünü gizlətməyə çalışırmış. Zəki Mustafaya “Sənin nə işin var burda?” soruşur. O da “bir şey almağa gəlmişdim” deyir. Çox qüvvətli olan Zəki onu vurur. Sonra da müğənni xanımın saçından tutaraq iki yumruq da ona vurur. Xanımın ağzı qanayır. Həmin pop-star xanım hazırda həyatda olduğu üçün ad verə bilmirəm, yoxsa məni məhkəməyə verər”.

Müğənninin dostu Zəki Mürənin məşhur mahnısında dediyi “Həyat bəzən şirindir, sevənlər qanadlıdır” sözlərini kimə həsr eetdiyini də deyib. “Sevənlər qanadlıdır” deyərkən Zəki Mürən baş leytenant olan pilot sevgilisini nəzərdə tutub. Onlar həyatlarını bu cür davam etdirə bilməyəcəklərini düşünərək intihar etmək qərarına gəlirlər. Zəki ilə sevgilisi avtomobili uçuruma yuvarlayaraq həyatlarına son vermək istəyirlər. Son anda avtomobilin əyləcini basıb dayanırlar. Amma bu məlumat, ictimaiyyətə heç zaman bildirilməyib.

Göksek Çakmak Zəkinin həyatında bir çox iş adamı, dövlət işçiləri, siyasətçilərin olduğunu desə də, ad çəkmək istəməyib. Amma Zəki Mürənin 3 ay nişanlı qaldığını da bildirib: “Ad verə bilmərəm, amma bir maniken ilə 3 ay nişanlı olub. Sonra isə ayağından iy gəlir deyərək onu evindən qovub. Həmin manikenin bir zamanlar əlaqədə olmadığı kişi və qadın qalmamışdı. Biseksual olan həmin maniken bəlkə də, indi keçmişdə elədikləri üçün böyük peşmançılıq yaşayır...”

“İncəsən Günəşi”nin vəfatı

Şəkər xəstəsi olan Zəki Mürənin ürəyində də narahatlıq vardı. Buna görə də həyatının son 6 ilini səhnədən və mediadan uzaqlaşmaq məcburiyyətində qalır və Bodrumdakı evinə çəkilir. 24 sentyabr 1996-cı ildə TRT İzmir Televiziyasında onun üçün təşkil edilən tədbir zamanı keçirdiyi infarkt nəticəsində gözlərini həyata əbədi yumur...

“Musiqi Paşası”nın cənazəsi böyük izdihamla götürülür. Sənətkarın məzarı, doğum yeri olan Bursada Əmirsultan qəbiristanlığındadır. Vəsiyyətində bütün var-dövlətini “Türk Təhsil Vəqfi”(TEV) və “Məhmədcik Vəqfi”nə bağışlayıb. 2013-ci ilə qədər ən azı 2251 universitet şagirdi onun köməkliyi ilə TEV-dən təhsil təqaüdü alıb. TEV və “Məhmədcik Vəqfi” 2002-ci ildə Bursada “Zəki Mürən Gözəl Sənətlər Anadolu Liseyini” tikdirib. Bu məktəbdə sənətin bir çox sahəsi ilə bağlı təhsil verilir.

Ölümünün ardından sənətçinin Bodrumda son illərini yaşadığı ev Mədəniyyət Nazirliyinin qərarı ilə “Zəki Mürən İncəsənət Muzeyi”nə çevrilib və 8 İyun 2000-ci ildən ziyarətə açılıb.

Zəki Mürənin doğum günü olan 2012-ci ildən bu yana “Türk Sənət Musiqisi Günü” kimi qeyd edilir.

2014-cü ildə "Bu mənəm Zəki Mürən" sərgisi açılıb. Sərgidə, sənətçinin uşaqlığından son günlərinə qədər gündəlik həyatına aid sənədlər və kostyumları nümayiş etdirilir.

Oxşar xəbərlər

Xəbər lenti

Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020
Aktyor ölümlə təhdid olunur
14:17 15 İyul 2020
Facebookda müharibə aparanlar – Oğuz yazır...
13:25 15 İyul 2020
Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
12:46 15 İyul 2020
Məşhur aktyor koronovirusdan vəfat etdi
12:13 15 İyul 2020
Azərbaycanlı şairdən yeni qələbə marşı – Mətn
11:31 15 İyul 2020
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
10:58 15 İyul 2020
Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020