Əzab çəkmək peşəsi

Əzab çəkmək peşəsi
13 noyabr 2015
# 16:31

Oyananda özümü qaranlıq otaqda tapdım. Əvvəlcə bura necə düşdüyümü xatırlamağa çalışdım. Amma məkanda olmağımdan əmin deyildim. Nə qədər çalışsam da, gözlərim də heç nə görmürdü. Yadıma düşən tək şey, mənə qarşı başladılmış məhkəmə prosesi idi.

“Bəlkə, həbs edilmişəm?”

Əllərimlə üzümə toxundum. Əllər kimindir, üz kimindir? Yox, bu tam başqa hiss idi. Sanki “mən” və orqanlarım ayrı düşmüşdülər. Onları birləşdirən heç nə yox idi, bunu hiss edirdim. Əvvəlcə mən və bədənim, daha sonra isə bədənimin ayrı-ayrı hissələri müstəqillik əldə etmişdilər.

“Yuqoslaviya kimi”

“Yox, belə hallarda gərək bu cür şeylər düşünməyəsən. Yaxşısı budur, bu xarabadan necə çıxacağımı düşünüm”.

Yerdə oturdum. Ağlıma hələ də heç nə gəlmirdi.

Gözlənilmədən otaq işıqlandı. Bura həbsxanadır, yoxsa dəlixana? Yoxsa ancaq indi gözlərimi açmışam? Anlamaq çətin idi. Artan təlaş və qorxu hissi məni qəfil yaxaladı. Zülmət qaranlıq bəzən gözləri qamaşdıran işıqdan daha rahatdır. Belə situasiyalarda gərək soyuqqanlı olasan. Otağa göz gəzdirdim: ağ divarlar və kiçik şüşə yazı masasından başqa heç nə. Mənim bir neçə variantım var idi-düşüncəm mənə tabe olmurdu və özü onları diktə edirdi (o da müstəqillik əldə etmişdi?):

a) koma vəziyyəti

b) real həbs

c) dəlixana

d) eksperiment

e) ölümdən sonra

f) şizofreniya

Əgər ölmüşəmsə, heç bir çıxış yolu yoxdur. Öldükdən sonra düşüncəm bu otağa həbs edilib bəlkə də. “Əgər ölmüşəmsə, deməli cəhənnəmdəyəm. Qəribədir.” Bu fikir məni titrədirdi. “Hər şey bitib.” Heç nə düşünməsəm…

Digər variantlar haqda düşünməyə başladım, amma bir qərar verə bilmirdim. Real həbs halı varsa və bura karserdirsə, mütləq şizofreniya məni zəbt edib, beynim qarışıb. Yaxında dəlixanaya köçürdərlər. Sonra da azadlığa çıxaram. Ağlımı itirməmişəm, əsla! Ən azından dil bilgim beynimdədir. Əlifbanı da bilirəm (düşüncəm variantları nəyə görə isə əlifba sırasında düzmüşdü). “Öz dilimdən başqa hansı dilləri bilirəm?” Elə bunu düşünmüşdüm ki,…

“Либо все плохо и я умер, либо всё не так уж и плохо и я скоро выйду на свободу”

Deməli, ya hər şey çox pisdir və mən ölmüşəm, ya da hər şey çox da pis deyil və mən yaxında azadlığa çıxacam.

Çıxış axtarmağa başladım. Çox keçmədi ki, kiçik masanın əslində qapı olduğunu anladım. Həyəcan və qorxu ilə onu araladım və aşağıya düşən pilləkən qarşıma çıxdı. Qəribə hisslə düşməyə başladım. Elə bu an yadıma hadisələr yavaş-yavaş düşməyə başladı. Pilləkənlə mən, damcılarla hadisələr aşağı düşürdülər.

***

2012-ci ildə Parisdə Les Deux Magots (Sen-Jerman meydanında yerləşən məşhur kafe. Zamanında fransız şairlərinin və intellektuallarının sevdikləri məkan. Pol Verlen, Artur Rembo, Stefan Mallerme tez-tez bu kafedə otururlarmış) kafesində görüş. İrandan qaçqın düşmüş şairlə niyə görüşdüyüm mənə aydın deyildi, yadıma yalnız dialoqdan parça özü-özünə gəldi:

- Görürsüz, cənab, bütün Avropa bunların əlindən əziyyət çəkir. Hara gedirsən, aclıq və səfalət içində batıb qalmış qaçqınlar. Sizinlə Çeçenistanda etdiyimiz söhbət yadınıza düşür?

- Bəli, müsyö Bahrouz, bizim missiya ərəblər gəldiyi üçün getməli oldu. O vaxt da problemin islam dinində olduğunu demişdiniz.

- Mən şairə çevrildim. Bir səhər oyanıb gördüm ki, şairəm. Amma fikrimdən dönməmişəm. Problem islam dinindədir. İslama Lüter lazımdır, amma əsr o əsr deyil… Çox böyük problemdir.

- Çeçenistanda da eyni fikirləri demişdiniz. O vaxt Mehdi söhbətləri gedirdi.

Güldük. O gün Paris isti idi, biz bayırda oturmuşduq. Ətrafda oturan insanlara baxmaq istəsəm də, heç kimi görə bilmirdim. Miopiyadan və astiqmatizmdən əziyyət çəkirəm. Çayı sona qədər içdiksən sonra, soruşdum:

- İrana qayıtmaq fikriniz var?

- Yox, mənası yoxdur. Missiyamızın əvvəlində qəsrdə bizə deyilənləri xatırlayırsınız. Bizim vətənimiz ola bilməz. Düzdü, nə qəsr o qəsrdi, nə missiya o missiyadır. Amma mən bu prinsipləri bəyənmişəm. Rahat həyatımı yaşayıram. Sən heç yaxşı görünmürsən. Ümumiyyətlə, sən əzab çəkməyi özünə peşə seçmisən. Bəzən mənə elə gəlir ki, sonda dəlixanaya düşəcəksən.

***

Sanki başıma zərblə nəsə dəydi və mən özümə gəldim. Pilləkən bitmişdi. Döşəməyə su damcılayırdı. Damcılanma prosesi həmişə mənə qəribə gəlib. Birdən öskürək səsi eşitdim və düşündüm ki, hər öskürək damcı kimidir. Köhnə paltarlarda yerdə oturmuş şəxsi gördüm.

- Siz kimsiniz?

- Siz kimsiniz?

- Nə edirsiz burda?

- Gözləyirəm.

- Nəyi? Kimi?

- Adım Yevgenidir. Rusiyadan qaçqın düşmüşəm. Lənətə gəlmiş bolşeviklər. Mən heç Monqolustana gedəcək adam idim? Mən dvoryanam və dayımdan mənə xeyli bir mülk qalıb.

- Niyə Monqolustan?

- Dostumu öldürdükdən sonra, hər şey tərs getməyə başladı. Dünya çox gombuldur. O vaxt düşünürdüm ki, rahatlığı Monqolustanda tapa bilərəm.

- Eh, sizi başa düşürəm… Prosesdən qaçmaq olmur. İndi hər ikimiz bu xarabadayıq. Nəyi gözləyirik?

- Qodonu. Ha-ha-ha-ha. Burda iki xəstə var idi, Qodonu gözləyirdilər. Sonra harasa yoxa çıxdılar.

- Mənə elə gəlir, elə siz də xəstəsiniz, Yevgeni. Burada ancaq tək nəfərlik kameralar ola bilər.

Elə bunu demişdim ki, hər şey mənə aydın oldu. Qaçmağa başladım. Qaç, qaç, qaç, qaç, qaç, qaç, qaç. Arxamca Yevgeni qışqırdı: “Qırmızılar bir gün məhv olduqda, məni xatırlayacaqlar! Qırmızıları məğlub et, xahiş edirəm, bu xarabadan çıx!”

Qapılar, qapılar, pilləkənlər. Bu qəsr lap labirintdir ki! Aman Allah, nə əvvəli var, nə sonu. Yox, mən ölə bilmərəm! ÖLƏ BİLMƏRƏM! Bunu ucadan qışqırdım.

- Düz deyirsən, dostum. İkimiz də eyni şeydən əziyyət çəkirik. Hər ikimizi qətldə təqsirli görürlər. Sən də mənim kimi əziyyət çəkirsən. Elə bilirlər ki, biz ölmüşük.

- Cənab! Axır ki…

- Belə şeylərə görə dəli olmağa da dəyməz. Bu axmaqları yaradıb, əzab çəkməyə də.

- Razıyam.

- Müəllif heç vaxt ölməyəcək. Siz məni, mən sizi yaratmaqda davam edəcəyik. Heç mən bilmirəm, indi hansımız danışırıq.

- Fərqi yoxdur, cənab. İndi qəsrdən rahat çıxa biləcəyəm.

# 1757 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #