news-inner
clock11:00 calendar-gray 09 Noyabr 2015 view-gray271 dəfə oxunub
view-gray271 dəfə oxunub

Bəxtiyar Vahabzadə–90

Şair kimliyi

Söz öz sahibi haqqında yüzdəyüz harmonik təsəvvür yaradır. Şair hansı “meyvə ağacısa”, söz də o “ağacın” barıdır (“Barsız ağaclar” söz konusu deyil).

Dediyin-yazdığın kimlik göstəricindir. Ustad Füzulinin “Kim nə miqdar olsa...” formulu tam keçərlidir (...“Söz”ün yerinə “əməl”i qoysaq “cəm” dəyişməz. Əməl ki, insan şəxsiyyətini sözdən betər “interpretasiya edər”).

Şair qəlbinin, ağlının tərcümanıdır. Onun hansı arzu və ideal daşıyıcısı olduğunu lirik “mən” nişan verir. Ancaq müəllif poetik mətndə “baş rolda” da olsa, həyatda vətəndaş-şair olaraq heç “əsas rolda” olmur da, olur da yalnız çox vaxt “epizodik rolda” oynayır.

Mən burada şairlərimizi həyatda a) şeirinin önündə gedənlərə; b) şeirinin-sözünün yanında olanlara; c) lirik “mən”indən geri qalanlara bölmək istərdim,-belə bir bölgü hansısa müstəvidə “həzm” edilməsə də.

Birinci kəsimə aid az sayda yazarların Sözü “niyyətin hara, mənzilin ora”da bir vəsilədir. Belələrinə “haqq aşiqi” olan az sayda şairlər daxildir (Nəimi, Nəsimi, Hüseyn Cavid, hardasa, müasiri olduğum Xəlil Rza Ulutürk...). Onların şeirindəki “lirik mən” həyatdakı müəllifin büsbütün özüdür və həyatdaş, vətəndaş şair sənətdəki şeirindən çox-çox öndə gedir.

İkinci qismə xalqının yanında olub, insanlıq uğrunda, ədalət naminə söz deyən xas şairlər aiddir. Xaqani, M.Ə.Sabir, Məhəmməd Hadi, Məmməd Araz, Baba Pünhan...-ömrü boyu bu söz sərkərdələrinin “sözləri harada, özləri orada” olub.

İstedadlı şairlərdən bir qismini də ora şamil edə biləcəyimiz daha bir kəsim var ki, onlar yazdıqlarına rəğmən başqa cür “ad” qoyublar və bəzən sözləri arxasında özləri olmayıb,-vətənə qurban getmək” patetikası şeirlərində “at oynatsa” da, xalq yolunda fədakarlığı pafosla tərənnüm etsələr də...

“İctimai hadısələri mədh”(Maksim Qorki), “zamanın ruhunu təhrif” (Aleksandr Blok) edən şairləri mən sərf-nəzər edirəm.

Yuxarıdakı bölgümün a, b, c-sinin hər üçündən keçən (bir həyat və yaradıcılıq yolu yapmış) sənətkar ola bilirmi?

“Gülüstan” poemasını yazdığı vaxtların Bəxtiyarı ilə “Latın dili”, “Ana dili” şeirlərinin, “Leninlə söhbət”, “Muğam” poemalarının yarandığı və sonrakı yaradıcılıq dövrünün Bəxtiyarı həyatda eyni şair taleyini bölüşüblərmi?

Mən isə mənə görünən və mənim gördüyüm Bəxtiyar Vahabzadəni xatırlayıram.

***

Bəxtiyar Vahabzadəni orta məktəbdən oxumağa başlamışam. İlk olaraq tanış olduğum kitabı “Bir ürəkdə dörd fəsil”, sonra “İnsan və zaman”, “Etiraf; Şəbi hicran”, “Köklər-budaqlar” və yuxarı siniflərdə iki cildlik “Seçilmiş əsərləri” (1974, 1975) olub.

Ən çox “Dağda şəlalə kimi” şeiri məni tutmuşdu. “Son zəng”dəki çıxışımda da dediyim şeir o idi:

Bir rəngi yox, göylərin min rəngini sevirəm,

Bir gülü yox, güllərin çələngini sevirəm.

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm...

“Muğam" poemasını da az qala büsbütün əzbərləmişdim:

Buxarı başında el ağsaqqalı

Əyləşib,

qəlbini açır süfrə tək...

...Dağlarda göynəyən məcnundur “Segah,”

“Rast”onun atası,

nəsihət eylər...

Şairin “Ana təbiət” şeirini isə onun fəlsəfi lirikasının ən yaxşı nümunəsi kimi dilə gətirərdim:

Ey ana təbiət, de neyçin, niyə

Gülün budağında tikan bitirdin?

Bulağın gözünü qotur keçiyə,

Bulanıq suyunu ceyrana verdin?

Orta məktəbin (Lənkəran şəhər 5 saylı) 8-ci sinfindən apardığım (“Söz” jurnalının baş redaktoru Sevda Əlibəylinin də iştirak etdiyi) ədəbiyyat dərnəyində (burada biz həm də ali məktəbə hazırlaşır, öz yazdıqlarımızı oxuyurduq) Bəxtiyar Vahabzadə ilə birgə Hüseyn Arifin (“Söylə, yadındamı?”, “Seçilmiş əsərləri”), Nəbi Xəzrinin (“İllər və sahillər”), SöhrabTahirin (“Mən səni görmüşəm”), Məmməd Arazın (“Ömür karvanı”, “Qanadlı qayalar”, “Atamın kitabı”), Məstan Günərin (“Addımlar, addımlar”), Fikrət Qocanın (“Günlərin bir günü”), Məmməd İsmayılın (“Axşamlar, səhərlər”), Ələkbər Salahzadənin (“Od heykəli”) kitablarından şeirlər oxuyur, xoşladıqlarımızı əzbərləyirdik.

“Gülüstan” poemasının əlyazmasını məndən böyük qardaşım evə gətirmişdi. Qardaşım “millətçi şair”in bu əsərinin qadağan olunduğunu, gizli yayıldığını dedi. “Gülüstan”ı oxuyub, sanki yuxudan ayıldım.

...Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu yurda imdad?!

...Bir deyən olmadı, durun ağalar!

Axı bu ölkənin öz sahibi var.

Tarix kitabımızdakı sovet Rusiyası ilə “könüllü birləşmə” nağılının da yalan olduğunu elə o vaxtdan anlamağa başladım.

Ali məktəbə qəbul olunandan sonra məktəb yoldaşlarımla ədəbiyyat dərnəyimizi (“Özünütərbiyə” adı ilə) Bakıya daşıdıq. Əvvəllər evdə yığışırdıq. Sonradan fəhlə-şairlərin də iştirakçısı olduğu “Azərbaycan, Azərbaycan”, “Azərbsycan– dünyam mənim” adları ilə fəaliyyət göstərən sırf poeziya dərnəyimiz Bakı Şin zavodunun 3 saylı yataqxanasında davam etdirildi (ötən əsrin 1970-ci illərinin ikinci yarısı və 80-ci illərində). Sevdiyimiz yazarlarla orada görüşlər keçirir, öz aramızda diskussiyalar aparırdıq. Şairlərdən Məmməd İsmayıl, Eldar Baxış, Rauf Soltan və başqalarının qonağı olduğu dərnəyimizdə İsa Muğanna, Bəxtiyar Vahabzadə, Məstan Günər, Şəkər Aslan... yazdıqları məktublarla “görüşə qatılmışdılar”.

Gənclərin milli ruhda böyüməsində hədsiz maraqlı olan “millətçi şairimiz” dərnəyə odlu-alovlu bir müraciət ünvanlamışdı. Məktubu qara tuşla yazması “imperiya zamanı”na həmahəng olaraq simvolik təsir bağışlayırdı.

Mən ali təhsilimi onda Azərbaycan Dövlət Universiteti adlanan BDU-nun jurnalistikasında alırdım. Şairin filologiyada dediyi mühazirələri dinləməyə, digər fakültələrdən tələbələr gəldiyini eşidib, mən də buna cəhd etdim. Amma dərslər üst-üstə düşdüyündən istəyim baş tutmadı.

Mənim 80-ci illərdə Bəxtiyar Vahabzadə ilə görüşlərim, əsasən, Hüsü Hacıyev küçəsində (indiki “Azərbaycan” prospekti) yerləşən ”Yazıçılar evi”ndə, çox-çox sonralar isə şairin mənzilində baş tuturdu. Bəzən o mənə yeni şeirini oxuyurdu. “Özümüzü kəsən qılınc” əsərinin makina variantını da verib, rəyimi bildirməyi xahiş etmişdi. Əsəri oxuyub, qeydlər apardım. Şair qeydlərimi razılıqla qarşıladı.

1988-ci ildən başlayan xalq hərəkatında da Bəxtiyar Vahabzadə öz sözünü dedi. Əslində, Azadlıq meydanı Bəxtiyarvahabzadələrin ən mükəmməl şeirinə çevrilmişdi. Məhz o vaxtlar xalqın baş azadlıqsevər şair oğlu Bəxtiyar Vahabzadə və “...aman, ayrılıq” deyə halımızı fazla “yaman” etmiş Yaqub Zurufçunu əyani tanışdırdım (həmçinin, o zamanlar sevgimizin zirvəsində qərar tutanlardan olan bu müğənninin Məmməd Arazla görüşünü təşkil etdim).

Milli Dram Teatrında “Özümüzü kəsən qılınc” mənzum pyesinin tamaşası zamanı ailə üzvlərimizin onunla görüşü də (şair bizə doğmalıq göstərdi və sevgi dolu sözlərini əsirgəmədi) ömrün xoş anları kimi yadda qalıb.

Şairlə son yaxın ünsiyyətimiz 2004-cü ilin 1 dekabrında– Məmməd Araz bu dünyadan köç etdiyi gündə oldu. Məmməd Arazla vidalaşıb, eyni binadakı mənzilinə gedən xəstə, artıq çox zəiflədiyi hiss olunan qocalmış sənətkarın qolundan tutdum. Pillələri enərkən də hönkür- hönkür ağlamağına davam edən şair mənə: “...Qardaşxan, bu gündən tezliklə mənimcün də var,-” dedi. Təskinlik versəm də, büsbütün sarsılmış şairi toxtatmaq mümkün olmadı: ”Yox, yox... mən bilirəm...”

Bundan sonra şair daha beş il yaşadı,-amma, məncə, daha əvvəlki Bəxtiyar... yox.

Əvvəlki Bəxtiyar artıq dağda şəlalə kimi çağlayıb getmişdi.

Qardaşxan ƏZİZXANLI

news-inner-user

17158 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
18:55 01 Dekabr 2020
"DokuBaku" festivalında nümayiş olunacaq filmlərin sayı açıqlandı
18:12 01 Dekabr 2020
44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
17:30 01 Dekabr 2020
Sami Yusif Laçınla bağlı paylaşım etdi - Foto
17:07 01 Dekabr 2020
Demə ki, qaçqınsan, yoxdu məkanın... – Şərif Ağayarın Laçın şeirləri
16:50 01 Dekabr 2020
Sevgi məktublarını xanımından gizləyən Məmməd Araz - Maraqlı faktlar
16:00 01 Dekabr 2020
"Babamın məzarına çiçək gətirəcəm ordan" - Laçınlı məşhurlar danışır...
15:09 01 Dekabr 2020
Sovet dövründə poeziya evinə çevrilmiş məscidimiz - Mamayı
14:28 01 Dekabr 2020
Laçında bərpa ediləcək abidələrin sayı açıqlandı
13:49 01 Dekabr 2020
ƏSA Teatrı qələbə münasibətilə sosial çarx hazırladı - Video
13:12 01 Dekabr 2020
Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
12:34 01 Dekabr 2020
Qarabağa böyük köç başlanmışdı – Azər Qaraçənlidən möhtəşəm qayıdış hekayəsi
12:11 01 Dekabr 2020
"Naoborot qızışıyoruz” - Müharibə vaxtı yaranan məşhur ifadələr
11:27 01 Dekabr 2020
Xalq artisti vəfat etdi
10:48 01 Dekabr 2020
Gənc şair Azərbaycanı Makedoniyada təmsil edəcək
10:17 01 Dekabr 2020
Arif Babayev koronavirusa yoluxdu
09:46 01 Dekabr 2020
Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
08:57 01 Dekabr 2020
Kukla Teatrı dekabr repertuarını açıqladı
18:56 30 Noyabr 2020
Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020