Kulis əməkdaşı Türkiyədə: PKK tələsi, idman geyimli sərhədçilər

Kulis əməkdaşı Türkiyədə: PKK tələsi, idman geyimli sərhədçilər
6 oktyabr 2015
# 08:00

Bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsi mövzusunda çəkdiyi sənədli filmlərə görə mükafatlandırdığı rejissor Tahir Əliyev məni növbəti filminin çəkilişinə dəvət elədi. Yeri düşmüşkən, biz Tahirlə həm də sinif yoldaşı olmuşuq.

Yevlaxın “El” televiziyası və "Nova Gorica" kino mərkəzinin birgə istehsalı olacaq film Naxçıvanın məşhur Şahtaxtı kəndindən bəhs edəcəkdi. Tahir deyəndə ki, Naxçıvana getmək üçün Gürcüstandan keçib Ardahan-Kars-Iğdır yolunu gedəcəyik, doğrusu, bir az tərəddüd elədim.

Çünki Türkiyədə son parlament seçkilərindən sonra bu ərazidə PKK fəallaşmışdı, bir neçə terror aktı törətmişdi.

Hər halda gedəcəyimiz yolun bir tərəfində Ermənistan sərhədinin, digər tərəfində isə PKK-nın sıx olduğu Digor kəndinin (Digor Karsın qəsəbəsidir) olması adrenalini artırırdı.

Doqquz nəfərlik çəkiliş heyəti ilə minibusdə Naxçıvana yol aldıq.

Axşamüstü Türkiyənin Türkgözü sərhəd məntəqəsinə çatdıq. Bildirdilər ki, avtobusun Türkiyə ərazisində keçərli olan sığortası yoxdur. Qurban bayramına görə sığorta işlərinə baxan məmur gəlmədiyi üçün biz Türkiyə ərazisinə buraxıla bilmərik.

Dilxor olduq. İnsafən, gömrüyün işçiləri bizimlə çox mədəni, mehriban davranır, təəssüflərini bildirirdilər.

Biz isə geri qayıtmaq istəmirdik. Tahir əlaqələrini işə saldı, Karsda yaşayan həmyerlimiz, professor Hacali Nəcəfoğlu və Türkiyənin bir neçə yüksək rütbəli məmurunu işə qarışdırdı. Nəhayət, dörd saatdan sonra Türkiyə ərazisinə buraxıldıq.

Əgər bu müddətdə filmin səs rejissoru, bəstəkar Azər Hacıəsgərlinin dilxor, ümidsiz vəziyyətimizdə Vyana bəstəkarlıq məktəbinin, musiqidə romantizm dövrünün xüsusiyyətləri, Vaqnerin, Haydnın, Baxın və bir çox başqa bəstəkarların yaradıcılığının mahiyyəti haqda mühazirəsi olmasaydı yəqin ki, bu dörd saat mənə əsr kimi uzun, cansıxıcı görünərdi.

Türkgöz sərhəd məntəqəsindən ayrılanda artıq hava qaralmışdı. Gömrük işçiləri əmin etdilər ki, narahatlığa əsas yoxdur, yol nəzarətdədir.

Ardahan yoluna çıxanda göy guruldadı, şimşək çaxdı, çiskin başladı.

Gecə təxminən 3-4 arası Iğdır yoluna çatdıq. Bir az getmişdik ki, qaranlıqdan çıxan 13-14 yaşlı oğlan uşağı minibusa doğru yüyürməyə başladı. Onun boynundan qəhvəyi rəngli çanta asılmışdı, üst-başı kasıbyana, səliqəsiz idi. Sanki kimsə onu təqib edirdi və o, kömək diləyirmiş kimi əllərini qaldırıb minibusu saxlamağı işarə edirdi. Hətta “El TV”nin əməkdaşı Rəna humanist hisslərin təsiri altında sürücümüz Rəqibə minibusu saxlamağı desə də, o, ehtiyatı əldən verməyib sürətlə şütüdü.

Beynimizdə cürbəcür versiyalar dolanmağa başladı. Ya doğrudan da uşağın köməyə ehtiyacı varmış, ya da soyğunçuluqla məşğul olan hansısa cinayətkar dəstənin, PKK-ın qurduğu tələdir. Çünki PKK bəzən bu yaşda uşaqlardan istifadə edərək sıravi vətəndaşların olduğu maşınları, avtobusları saxlayaraq girov götürür.

Türkiyə-Naxçıvan sərhədinə çatar-çatmaz qəfildən idman geyimli, əli avtomatlı bir neçə nəfər başımızın üstünü aldı. Bir anlıq özümüzü itirdik, nə baş verdiyini anlaya bilmədik. Sonra məlum oldu ki, türk sərhədçiləridir, görünür, PKK bu zonada aktivləşəndən, gözə girməmək üçün hərbi forma geymirlər.

Naxçıvana keçəndə rahat nəfəs aldıq. Həm Naxçıvandakı, həm Türkiyədəki dostlarımız bizi gecə vaxtı bu yola çıxdığımız üçün danladılar, ancaq gündüz saatlarında getməyi məsləhət gördülər. Ona görə qayıdanda Naxçıvandan günorta saatlarında çıxdıq.

Kars - Ardahan yolunda mağara tipli, qəribə evlər gözə dəyirdi. Evlərin quruluşundan hiss olunur ki, XXI əsr bura tam ayaq basmayıb. Bu kəndin əhalisi əsasən AKP-ni, HDP-ni dəstəkləyənlərdir.

Ermənistan sərhədi yaxınlığından keçəndə, uzaqdan görünən evlərə baxanda, Qarabağ müharibəsində yaxınlarımı itirməyimə rəğmən, məni nifrət yox, ekzistensial hisslər bürüdü: bu müharibəyə dəyərdimi?

Yolda ara-sıra jandarma maşınları görünürdü. Kars şəhərinin girişində isə bir dəstə silahlı əsgər vardı.

Təhlükəsizlik üçün Karsda gecələyib, səhər yola çıxmağı qərara aldıq.

Karsın çox sərt, tərtəmiz havası var. Ümumən Karsın təbiəti maraqlıdır: dağlar, yaşıl düzlər, sanki rəssam fırçası dəymiş, estetik düzülmüş təpələr...

Şəhərin xüsusi özəlliyi olmasa da burada həyat qaynayır. Minibusun üstəndəki yazıdanmı, ya qan çəkdiyindənmi, azərbaycanlı olduğumuzu bilib yaxınlaşaraq, hal-əhval tutanlar da az deyildi. Onların da çoxu 1930-cu illər repressiyasından canını qurtarmaq üçün Qazaxdan, Gəncədən, Borçalıdan və Azərbaycanın başqa yerlərindən köçən azərbaycanlılar, onların nəslindən olanlar idi.

Ümumən isə türkərin çoxu, ölkənin inkişaf etmiş şəhərlərinə köç edirlər. Yerli əhali arasında kürdlər, ermənilər az deyil. Türkiyə hökuməti kənd təsərrüfatının inkişafı üçün maliyyə ayırır. Amma bir qisim kəndli hökumətdən aldığı pulu təyinatı üzrə xərcləmək əvəzinə İstanbulda ev tikdirir.

Burda həmyerlimiz, Kafkas universitetinin kimya bölümünün rəhbəri, professor, kimyaçı-alim Hacalı Nəcəfoğlu ilə tanış olduq.

O, eyni zamanda universitetdəki "Qafqaz və Orta Asiya Araşdırma Mәrkәzi"nin müdiridir.

Hacalı müəllim Xudu Məmmədovun tələbəsi olub. 1990-cı illərdən Türkiyəyə köçüb. Artıq Türkiyə vətəndaşıdır. Onun sayəsində Kafkas Universitetində Azərbaycan dili fakültəsi açılıb. Təhsil almaq üçün mərkəzi şəhərlərə axın olduğundan kimya bölümünə daxil olanların sayı azalıb.

Hacalı müəllimin sonradan Türkiyənin müxtəlif universitetlərdə işləmək şansı olsa da o, Karsda qalmağa üstünlük verib. Çünki sovet mühitindən çıxıb gələn insan üçün birdən-birə fərqli rejimə uyğunlaşmaq asan olmayıb. Ona görə də artıq öyrəşdiyi, nüfuz qazandığı Karsda qalıb. Hacalı müəllim eyni zamanda tərcüməçiliklə məşğuldur. Ədəbi resenziyalar da yazır. Orxan Pamukun “Qar” romanı haqda “Qarın altında yatanlar” adlı tənqidi məqalə yazıb. “El”TV və “Nova Gorica" kino mərkəzi ilə birlikdə Hacıalı müəllimin 60 illiyi ilə bağlı demək olar ki, sıfır büdcəli sənədli film çəkir.

...Kars özünün kaşar pendiri ilə məşhurdur. Burda qəhvə yox, Azərbaycandakı kimi çay mədəniyyəti güclüdür. Bir dükandan təzə çəkilmiş qəhvənin hardan ala biləcəyimi soruşanda, satıcı başını bulayıb dedi ki, onu burda çətin taparsız.

Karsın təmiz havası, təbiəti məni o qədər valeh elədi, düşündüm ki, AKP, HDP insanların şüuruna hakim kəsilməsəydi, PKK terroru təhlükəsi olmasaydı, yaşamaq üçün buranı seçərdim.

Amma hər halda gözəl təbiətini bir də seyr etmək və adrenalin üçün bu yolu təkrar getməyə dəyər.

Ardı var

# 921 dəfə oxunub

Oxşar xəbərlər

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
# # #