news-inner
clock08:30 calendar-gray 30 Sentyabr 2015 view-gray498 dəfə oxunub
view-gray498 dəfə oxunub

Fahişənin müqəddəs iztirabları - Qan Turalıdan YENİ HEKAYƏ

Kulis Qan Turalının “Film kimi” hekayəsini təqdim edir.

“Mən bir əsir idim, azad olmaq istədim”.

Əhməd bəy Ağaoğlu, “Sərbəst insanlar ölkəsində”

O gecə adi gecələrdən biri deyildi. Mən öz otağımda televizora baxırdım, içəridə ümumi zalda isə çox adam yoxuydu. Sınamışam, həmişə yuxuda qarpız görəndə səhərisi nəsə şad bir xəbər alıram. Dünən gecə yuxuda görmüşdüm ki, rəhmətlik anam evə gəlib, divanda oturub, bir əlində də nə – qarpız tutub.

Telefonuma qəfildən mesaj gəldi. Ürəyimə damdı ki, ondandı. Sevindiyimdən yerimdən dik atıldım. O idi, gözlədiyim adam. Bir il idi, hər gün onun Whats App-dakı şəkillərinə baxırdım, o şəkilləri telefonuma köçürürdüm. Hələ bir neçəsini çıxartdırıb özümdə saxlamışdım da. Amma özüm ona yazmağa cəsarət eləmirdim. Necə eləyə bilərdim, axı? O, mənə telefon nömrəsini verdiyini də bəlkə unudub. Yazıb onu narahat eləmək istəmirdim. Onun üçün sərxoş gecənin bir parçasıydım, vəssalam, artıq heç nə. Yəqin məni xatırlamazdı...

Burda çalışan qızların bir arzusu var; evlənib ana olmaq, bununla da keçmişi qara duman kimi dağıdıb yox eləmək. Amma elə də asan iş deyil. Niyə də olsun? Guya hansı arzu asandır ki?

Onun Whats App-da yazdığı bir cümləni öz Whats App-ıma da qoymuşdum. Həm cümlə xoşuma gəlmişdi, həm də düşünmüşdüm ki, bəlkə belə, diqqətini çəkərəm. Cümlə bu idi: “Hər zaman sahib olduqlarımız sahib olacaqlarımızdan daha dəyərlidir”. Düzünə qalsa üzümü çevirib öz gün-dirriyimə baxanda bu fikirlə razılaşa bilməzdim, amma yenə də şükür eləməliydim. Heç olmasa bir parça çörəyim, başımı soxmağa damım var. Sabah isə Allah kərimdir.

Hərdən ikimizlə bağlı xəyallar qururdum. Düşünürdüm ki, nə zamansa evlənə bilərik, uşaqlarımız olar. Hərdən bu xəyallarımdan özüm də utanırdım. Amma bu bir ildə elə bir gün olmadı ki, onu düşünməyim, ona qovuşmağı arzu eləməyim, şəkilləri ilə zaman keçirməyim.

Gözlərimi mesajdan çəkə bilmirdim. O, kefimi soruşurdu. Demək adımı telefon dəftərinə qeyd eləyibmiş, çünki eynən belə yazmışdı: “Salam Fidan. Kefin necədir?” Cavabı əllərim əsə-əsə yazdım. Sonra o dedi ki, bir azdan gələcəm. Ünvanı soruşdu, keçən dəfəki yerdə işləmədiyimi dedim, təzə adresi verdim. Tez makiyajımı təzələdim, paltarımı dəyişdirdim. Ümumi salona keçib ürəyim əsə-əsə gözləməyə başladım. 20 dəqiqə demişdi, düz 27 dəqiqə sonra gəldi.

Onu görən kimi ayağa qalxdım. Yaxına gəlib məni qucaqladı. İlmi keçdi, aymı ötdü?! Sonra mənim otağıma keçdik. O keçib çarpayıda oturdu. Gözlərini üzümə dikmişdi, qayğıyla, sevgiylə üzümə baxırdı. Yanında oturub bərk-bərk ona qısıldım, başımı sinəsinə qoydum. O da bir əli ilə çiynimi qucaqladı. Bir neçə dəqiqə beləcə yan-yana oturduq. Ömrümün ən xoş anları, birillik həsrətimin meyvələriydi o dəqiqələr.

Sonra ayağa qalxdı, pencəyinin cibindən bir uzunsov qutu çıxartdı. “Sənə gətirmişəm” dedi. Allah, mənə bu günü görmək də nəsib imiş; qapını bağlayan kimi ehtirasla üstümə atılan kişilərdən sonra mənə şokalad gətirən birisi də olacaqmış. Həm də o gətirəcəkmiş bu şokaladı.

Onu yenidən bərk-bərk qucaqladım. Həyatda heç kimi elə qucaqlamamışdım. Düşündüm ki, biz hökmən xoşbəxt olacağıq, mən hər gün onu belə sevgiylə, belə ehtirasla qucaqlayacam.

Sonra pencəyini birtəhər əynindən çıxartdım, yatağa oturdu, su istədi, gətirdim, içdi, “sağ ol” dedi. Telefonumda bir musiqi qoydum, saçlarımı boynuma yığıb bütün şövqümlə, ehtirasımla onun üçün rəqs eləməyə başladım. İçimdən gəldi. İnsan ömründə ancaq bir dəfə belə rəqs eləyə bilər. Sevgilisini itirmiş erkək qu quşunun ölüm rəqsi qədər sevgi doluydu mənim rəqsim.

Mənə baxıb elə səmimi gülümsəyirdi ki... Hərdənbir dodaqlarını dişləyirdi. İstədim var gücümlə qışqıram: “Bilirsənmi, sənin dişlədiyin o dodaqlara necə həsrətəm?” Amma qışqırmadım, rəqsimi qəfildən yarımçıq saxlayıb pişik kimi üstünə tullandım. Dodaqlarından öpdüm. O da öpdü. Məni qucaqlayıb başını sinəmə sıxdı. O axşam o mənə toxunmadı, beləcə yan-yana uzanıb xeyli söhbət elədik - hər halda mənə elə gəldi ki, xeyli vaxt keçdi. Sahibə qapını taqqıldatmasaydı, yəqin sabaha qədər söhbət edib danışacaqdıq. Gedəndə söz verdi ki, yenə gələcək.

Səhərisi gün mesaj yazdı ki, işdən kənar bir yerdə görüşə bilərik? Quruca “Olar” yazsam da, ürəyimdə nə qədər sevindim – bir Allah bilir. Sahibədən icazə alıb getdim, bulvarda görüşdük. Bizim Sahibə həmişə deyirdi ki, həyatda bircə arzum var, kaş mənə bir dəvətnamə gələydi, toya gedib oynayaydım, pul yazdırıb gələydim, ondan sonra lap ürəkdən ölərdim. Bizim kimilər üçün bulvarda bir oğlanla gəzmək də arzudur, vallah.

Bulvarın bir küncündə xeyli gəzib-dolaşdıq, çoxlu suallar verdi, həyatımla maraqlandı, ailəmi soruşdu, başıma gələnləri öyrəndi. Sonra balıq restoranında oturduq. Deyəsən, burda onu yaxşı tanıyırdılar. Əvvəllər televizorda gördüyüm gözəl bir qız stolumuza yaxınlaşıb onunla öpüşüb-görüşdü, mənə də əl verdi. Gözucu məni başdan-ayağa süzdü.

Restorandan çıxıb bir az da gəzişdik. Axşam düşmüşdü. Oturub çay da içəndən sonra o məni taksiylə yola saldı. Elə yoldaca mesaj yazıb bu gözəl axşama görə ona təşəkkür elədim.

O gecə tərslikdən müştərimız yaman çox oldu. Amma ard-ardına görüşlər belə onun işıqlı surətini gözümün qabağından apara bilmədi.

İki-üç gün sonra zəng vurub məni evinə dəvət elədi. Məni qapıda qarşıladı, bir azdan sifariş etdiyi pizzalar gəldi. Soyuducudan götürdüyü pivələri içə-içə pizzaları ləzzətlə yedik. Yemək zamanı mənə yenə də çoxlu suallar verməyə başladı, mən də həvəslə cavab verdim. Bir film qoydu, adı beləydi: “Kabiriyanın gecələri” ona baxdıq. Məndən soruşdu ki, film haqda nə düşünürəm. Bu sualı eşidəndə özümdən gedəcəkdim, çünki hələ indiyənə qədər heç kim məndən bir film ilə bağlı nə düşündüyümü soruşmamışdı. Mən öz fikrimi dedim, o da başıyla təsdiqlədi. Sonra yatağa girdik, o yenə də mənə yaxın durmadı, eləcə ona sarılıb qaldım. Saçlarımı oxşadıqca mən yuxuya getdim. Məncə sevgi budur, yanaşı uzanıb sarılmaq, gözəl xəyallara dalmaq, isti qucaqda yuxuya getmək...

Beləcə mütəmadi görüşməyə başladıq, yavaş-yavaş mən öz işimə nifrət etməyə başladım. Doğrusu, əvvəldən də bu işi sevmirdim, sadəcə, daha nə edəcəyimi bilmədiyimdən bu işlə məşğul idim, lakin indi bu iş mənə əməlli-başlı əzab verməyə başladı. Maraqlısı bu idi ki, əzablarım artdıqca ona daha çox bağlanırdım. Doğrudur, o məni necə vardımsa beləcə də qəbul edirdi, evinə çağırırdı, mənimlə şəhərə çıxırdı, gəzirdik, yemək yeyirdik,amma... mənimlə heç sevişmirdi. Axı o niyə mənimlə sevişmirdi? Bəlkə onun xoşuna gəlmirdim? Yox, bu ola bilməzdi, gözəl olduğumu, gözəl göründüyümü, geydiyim az qala hər paltarın mənə yaraşdığını mütləq deyərdi və bunu deməkdən də çox məmnun olardı. Özündən soruşmağa isə... utanırdım. Eləcə sarılıb susurdum. Bəlkə, eşq dedikləri elə budur, sevişmədən sevmək, sarılmaqla mutlu olmaq və əlbəttə ki, bərabər çox zaman keçirdib heç zaman doymamaq. Mən eşqin tamını ruhumda hiss etdikcə çox daha mutlu olurdum, çox daha xoşbəxt olurdum.

Görüşməyimizdən bir ay keçməmiş o bir gecə yarısı qəfildən iş yerimə gəldi. Sakitlik idi, heç kim yoxdu. Biz salondakı divanda oturduq. Çantasını açdı, mənə bir gül dibçəyi gətirmişdi. Çantadan bir zərf də çıxardıb mənə verdi və dedi ki, mən gedəndən sonra açım. Ürəyim quş kimi çırpınırdı, məktubda nə olacağını indi bilə bilməzdim, amma o zaman onun gözlərində məktubla bağlı bir işarə, xırdaca bir ipucu axtardım. O nəsə çox qəribə bir şəkildə sevincli görünürdü. Çayı soyumamamış tələsik içdi, sonra durub getdi və mən zərfi açıb içində 5 dənə yüz manatlıq və bir məktub tapdım.

“Əziz Fidan!

Məktubu oxumamış gözünə pul sataşacaq. O pul sənin haqqındır. Onu götür və istədiyin kimi xərclə. Əlbəttə, düşünəcəksən ki, mən bu pulu sənə niyə verirəm. Bunu bilməsən də olar. Hə, bir də. Mən Türkiyəyə gedirəm, yəqin uzun müddət biz görüşə bilməyəcəyik. Ayrılıq mərasimlərini sevmirəm. Ona görə bunu sənə məktubla demək istədim. Salamat qal, əziz dost. Bəlkə nə vaxtsa bir də görüşdük”.

Məktubu götürüb boş otaqların birinə keçdim, səsimi eşitməsinlər deyə suyu sona qədər şarhaşar açıb ucadan hönkürtü vurdum. Sonra zor-güc özümü sakitləşdirdim və salona qayıdıb onun mənə bağışladığı gül dibçəyinə bir xeyli tamaşa elədim, yarpaqlarını sığalladım, stolun üstündəki su şüşəsindən suyunu verdim.

Bir neçə ay sonra mən onu televizorda gördüm. Rejissor imiş. Yenə hər zamankı kimi dodaqlarını dişləyirdi, nədənsə narahat və əsəbi görünürdü. Aparıcı ondan yeni çəkəcəyi film haqqında soruşanda o belə dedi: “Bilirsinizmi, bu film bir fahişə haqqındadır, onun arzuları, yaşantıları, gündəlik həyatı... Mən bu filmdə insan əzablarının sərhəddini göstərmək, ona müasir dövrün rakursundan baxmaq istəmişəm”...

Mən gözümü yana gəzdirib fikirləri telefonda olan qızların heç birinin onu eşitmədiyinə əmin olub rahat bir nəfəs aldım. Bu dəm içəri hündür boylu bir kişi girdi. Mən bərkdən gülə-gülə qaçıb özümü onun qollarına atdım. Əgər məni tutmasaydı yerə elə səriləcəkdim ki, xurd-xəşil olacaqdım. Nədənsə o da bu yad fahişənin etdiklərinə zərrəcə təəccüblənmədi və məni bir gül dibçəyi kimi qucağına sıxıb otağıma apardı.

25 sentyabr 2015

news-inner-user
Qan Turalı

228 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021