“Yoxsa orda öpüşürlər?” – “YERALTI”NDAN REPORTAJ

“Yoxsa orda öpüşürlər?” – <span style="color:red;">“YERALTI”NDAN REPORTAJ
10 avqust 2015
# 07:30

Ayxan Ayvaz

İstirahət edəndə, dostumuzla, sevgilimizlə kafeyə, restorana gedirik. Kasıbın gücünü nəyə çatar? Ucuz, rahat, həm də səliqəli... Belə yer tapmaq sizə asan gəlməsin. Ucuz ətin ucuz şorbası olar. Ofisiant əsnəyə-əsnəyə yaxınlaşar, mızıldana-mızıldana nəsə soruşar, sən də bu cür xidmətdən bezib oranı tərk edə bilərsən.

Yeraltı

Azərbaycandakı xidmətdən danışıb baş-beyninizi aparmaq kimi bir fikrim, dastan açacaq hövsələm və səbrim yoxdur. Sadəcə sizi şəhərin mərkəzində yerləşən, kənar bir kafeyə aparmaq istəyirəm.

Yəqin ki, çoxlarınız burda oturub nəsə içmiş, dostlarınızla xoş gün keçirmisiniz. Necə deyərlər, igidin adını eşit, özünü görmə. “Yeraltı” kitab-kafesi ağızdan-ağıza dolaşa-dolaşa xeyli insanı özünə çəkə bilib. Əsasən gənclərin məkanı kimi görünən bu kafenin orta yaşlı və yaşlı müştəriləri də olur. Çox vaxt isə cavan olmayan, yeniliyə açıq olmayan bu insanlar kafedə problem yaradırlar.

“Yoxsa orda öpüşürlər?”

“Yeraltı”nın idarəçilərindən biri Fərid adlı dostumuzun danışdığına görə gözəl günəşli günlərin birində bura bir orta yaşlı xanım gəlir. İçəri girən kimi ofisiantı sorğu-suala tutur, dayanmadan, dil qəfəsə qoymadan üyüdüb tökür. Ətrafdakı cavanlar ona aydan gəlmiş adam kimi baxır, dodaqaltı qımışırmış. Sonra bu qımışma gülüşməyə, qəhqəhəyə çevrilib. Qadın özündən çıxıb, üzr istəyirəm, həyasızlığı tutub, cavanlara ağzına gələni deyib. Çox qəribədir, həmişə qəfil yanan alov tez də sönür. Bu qadın elə o misal... Bir az keçəndən sonra bayaq səsini başına götürmüş qadın sakitcə, mədəni şəkildə kitablar haqqında soruşub, cavanların hansı universitetdə təhsil aldıqları ilə maraqlanıb.

“Sonra tutdurdu ki, mənə kitab verin, evdə oxuyub qaytaracam. Ona başa sala bilmədik ki, ay xanım, bura kitabxana deyil. Yenə başladı ki, vallah, on iki imamın haqqı, qaytaracağam”.

Bu arada yeni müştərilər gəlir, onlar birbaş pilləkənlə yuxarı qalxır, ofisiant da onların arxasınca özünü yetirir. Hə, harda qalmışdıq? Deməli, qadın kitab üstündə bir daha alovlanır, özünə yer tapa bilmir. Təxminən belə bir dialoq əmələ gəlir:

- Siz necə adamlarsınız? Mən də bu vətənin bir övladıyam. Bir kitab nə olan şeydi, onu qıymırsınız?

- Xanım, vallah, mümkün deyil.

- Müdirinizi çağırın.

- Burda müdir yoxdur, müdir hamımızıq.

- Bəs o yuxarı nədir?

- Neynirsiniz, ay xanım?

- Hmm. Yoxsa orda öpüşürlər?

- Xanım, orda cavanlar istirahət edirlər.

- Nə cürə istirahətdir, imkan ver baxım görüm.

Qızla rahat gedəcəyiniz kafe

Qadını və bu söhbəti aşağı mərtəbədə qoyub qalxıram yuxarı. İçəridəki mahnıdan az qala qulaq tutulur. Masaların kənarında əyləşənlər əsasən tələbələrdir.

Fərid deyir: “Bura digər yerlərə baxanda azaddır, rahatdır. Heç kim bir-birinə söz atmır, dava düşmür”.

Müştərilərdən biri onun sözünü təsdiqləyir: “Bura qızla gələ bilirsən. Ona görə də sıxılmırsan. Halbuki bilirik ki, Bakıda başqa yerə getsək, yəni belə olmayan yerə o dəqiqə bütün baxışlar bizə tuşlanacaq. Qız sıxılacaq, qızaracaq, məcbur qalıb durub gedəcəksən. Burda isə heç kim bir-birinə baxmır”.

Əylənmək üçün yaxşı da şərait var. Tavandan asılan kitabları, divarlardakı yazıları, musiqi sədası altında dostunla, sevgilinlə danışdığını gözünün qabağına gətir. Rəngli kağızlar verilir sənə, istədiyin şeiri, sözü ora yazırsan, asırlar divara, ya da rəssamlıq qabiliyyətin varsa, buyur, bu meydan, bu şeytan, çək.

“Bura trans da gəlib”

- Qiymətlər bahadır elə bil?

- Yox, o qədər yox. Sadəcə mərkəzdir və biz buranın kirayə pulunu veririk deyə bir az baha görünə bilər.

- İçki yalnız pivədir?

- Araq da var, viski də...

- Aşağıdakı kitabları kimsə istəsə götürüb oxuya bilir?

- Hə, olar, ancaq geri gətirmək şərti ilə. – Fərid gülümsünür. Bu arada kafe-kitabın digər idarəçisi, gənc qızların sevimlisi Osman gəlir. – Bu da bizim məşhuri-cahanımız.

Osman deyəsən, söhbət eləməyə meylli adam deyil, gülümsəməklə işini bitmiş hesab edir. Mən bura çox gəlmişəm, lakin ilk dəfədir Osmanı sakit, danışmayan biri kimi görürəm.

Halbuki görünüşdən çox enerjili birinə oxşayır. Kafenin ofisiant xanımı gözümə dəymir. Nə olub, görəsən?

- İmtahanlara görə çıxıb, qayıdacaq.

- Bəs maaşlar necədir burda?

- Biz saata görə veririk. Amerika sistemi ilə yəni. Elə indi bizə də ofisiant lazımdır. Çünki o biri ofisiant Abbas da çıxıb.

- Neçəyə qədər açıq olur ki bura?

- Səhər saat 6-ya qədər işlədiyimiz olub.

- Doğurdan?

- Hə... Baxır müştəriyə. Əgər biri bir kola, ya da pivə alıb qabağına qoyursa, ona başqa nəsə istəyib istəmədiyini soruşuruq. Cavabı yox olanda bağlayacağımızı deyirik. Təbii ki, bu gecənin gec vaxtı olarsa... Ancaq belə, saat 11-də bağlayırıq. Sadəcə müştəri normal olarsa və sifarişi varsa, gecə 2-yə qədər də açıq saxlaya bilərik.

- Kimlər gəlir bura daha çox? Tanınmışlardan...

- Bura trans da gəlib bir dəfə - gülür. – Daha çox tələbələr gəlir, sektordan uşaqlar gəlir, bir də yazarlar.

- Yazarlardan çox gələn var?

- Çox vaxt imza günü keçirmək üçün gəlirlər. – gülür. – amma belə gəlib istirahət edən də olur.

“Günə 50 qəpik alıram”

Kafe söhbəti bitir, aşağıya düşüb Qurban Məmmədlinin yanına, bizim kitabbazımızın yanına getmək istəyirəm, lakin burda olmadığını deyirlər. Onun köməkçisi gənc blogger, arada-sırada mətbuatda yazıları görünən Məcid Həsənli isə darıxdığından telefonla qurdalanır.

- Məcid, kitab alan yoxdur?

- Var e, amma indi hamı tətildədir.

- Bura necə düzəlmisən?

- Bir dəfə kafedə oturmuşdum, içəri Qurban girdi, əlində bir sumka kitab vardı. Gəlib yanımdakı dostlarımla salamlaşanda məni tanıdı.

- Sonra?

- Sonra facebookda yazdı ki, nə iş görürsən, mən də dedim, heç nə. Dedi, gəl mənə kömək elə.

- Nəsə verir sənə?

- Günə 50 qəpik – gülür.

- Məzələnirsən? Yoxsa dəqiq elədi?

- Ciddi deyirəm. Amma mənim üçün problem deyil. Qurban kimi birini tanıdığımdan xoşbəxtəm.

- Burdakılarla münasibətin necədir? Necə alışdın idarəçilərə?

- Osman mənim əsgərlik yoldaşım olub, ona görə də alışmağım elə də çətin olmadı. Əsgərlikdə məni bir-iki dəfə döyüb, amma burda yaxşıdır aramız.

Məcidin dediyinə görə, Qurbanla burdan ayrılıb təzə açılan məkana köçəcəklər. İndidən kitabları daşıyıb aparmaq gözünə durub. Təzə gəldiyi vaxtların birində bir gün xanım oxucu ondan hansısa kitabın (nə qədər başını qaşısa da, tapa bilmədi) yerini soruşub, o da tapmaq ümidi ilə baxdığı bir çox yerdən sonra... rəfdəki kitabları aşırıb.

Həmişə təzə gələn işçilər həvəskar futbolçuların oyun zamanı məşqçisinə baxmasını xatırladır.

Kitablar aşağıda, insanlar yuxarıda. Əyləncə və ədəbiyyat bir arada. Oxucuların çox vaxt üz tutduğu yerlərdən biri. Buranı nə vaxtsa kitabsız görəcəyimi gözümün qabağına gətirəndə “Yeraltı”nı tərk edirəm və öz-özümə düşünürəm: bəzən yeganə rahat, azad olduğumuz yerin adı hər şeyi ifadə edir...

# 2011 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #