Dindarlarla homoseksuallara barışıq təklifi

Dindarlarla homoseksuallara barışıq təklifi
6 avqust 2015
# 13:09

“Facebookdakı seks kölələri” adlı yazıma görə mənə çoxlu reaksiyalar gəldi.

Təqdir edənlər, tənqid edənlər, məni başa düşənlər, düşməyənlər, düşmək istəməyənlər, hətta bu yazını mırta, yaxud qəzəbə yazdığımı düşünənlər oldu.

Kim necə istəyir düşünsün.

Çünki hər kəs düşüncəsində azaddır.

Bircə onu deyim ki, səmimiyəm.

Bütün cümlələrimi bir daha müdafiə edirəm.

Yalnız onu əlavə edim ki, qaldırdığım məsələ yalnız, belə deyək, “İntim həyatını sosiallaşdıran qadınlar”la yekunlaşmır.

Yəni, nəyi sosiallaşdırmaq olar, nəyi olmaz mövzusuna çoxlu misallar çəkmək mümkündür.

Eyni problem dindarlarla da yaşanır: bir gecəyə saqqal buraxıb “doğru yola hidayət olunan” gənclər var ki, İrandan alıb oxuduğu iki-üç mənasız şəriət və fətva kitabına söykənərək cəmiyyəti dəyişməyə çalışırlar.

Sənin dindarlığına hörmət istəyirsənsə, mənim dinsizliyimi qəbul eləməlisən.

Lütfən tanrımla məni baş-başa burax...

Yaxud geylər...

Tamam, feodal qafalı cəmiyyətdə yaşadığımızı və belə bir şəraitdə hansı basqılarla üzləşdiyinizi bilirəm. Ancaq bir məsələ də var: lütfən hərəni öz bədəniylə rahat buraxın! Siz geysiniz və hüquqlarınıza hörmət o demək deyil ki, hamı gey olmalıdır. Və kim deyilsə, əslində adam deyil...

Hələ bizim qəzəbli “kişi”lər: vətən, millət, xalq, namus, qeyrət deyəndə ağızlarına çullu dovşan sığışmır. Maraqlananda isə görürsən ki, bunların həyat, yaşam və uğur teoriyası əslində, alçaqlıq, yaltaqlıq, şərfsizlik, yalan və riya üzərində qurulub. Yuxarıda sadalanan o zarta-zurtlu sinonimlər isə aşağıdakıların “adam içinə çıxarılan” variantıdır.

Cəmiyyət müxtəlif cür yarananlarla və təbii, müxtəlif cür düşünənlərlə doludur.

Əgər hərə öz fərqliliyini norma kimi təqdim etməyə çalışarsa və buna az-çox nail olarsa, baş verənləri təsəvvür edirsiniz?

Xüsusən bizdə daşlar yerinə heç oturmayıb.

Adi bir ictimai yerdə geylə onu doğramaq istəyən dindarı, yaxud azad həyat sürən yarıçılpaq qadınla ona tərs-tərs baxan hicablı qadını yanaşı görə bilərik.

Dindar olmaq olar – dindar olmayanları aşağılamadan...

Gey olmaq olar – gey olmayanlara qeyri-insan müamiləsi yapmadan.

Azad həyat yaşamaq olar – bunu seçməyənləri qeyri-səmimi, geri zəkalı, Tükəzban saymadan...

“Porşe” sürmək olar – piyadanı toza vermədən...

Güclü olmaq olar – zəifi əzmədən...

İnsan olmaq olar – dindar, gey, azad qadın, varlı-kasıb, güclü-zəif bilmədən hamını insan sayaraq...

Nazim Hikmət demiş, bir orman kimi...

Bu romantika deyil...

Bu o qədər realdır ki, bundan başqa çıxış yolu yoxdur...

Hərə sakit-səssiz öz həyatını yaşasın.

Qarşısındakına mane olmadan.

Öz fərqliliyini xüsusilə üstün tutub başqasını aşağılamadan, təhqir etmədən, öldürmədən, yandırmadan...

Öz fərqliliyini görməmişcəsinə gözə soxmadan.

Öz fərqliliyini ağıl və intellektlə həzm edərək.

Geysən – gözüm aydın!

Ninfomanyaksan – mənə nə!

Dindarsan – gəla, bir sübhanallah!

Kişisən – oğlumun şeyinəcən.

Qışqırma!

Kim olduğuna özün rahatlıqla əmin ol və özünü rahatlıqla həzm elə ki, başqalarının zəhləsini tökməyəsən.

# 308 dəfə oxunub

Oxşar xəbərlər

# # #