writer1

Murad Köhnəqala

Məqalə sayı

106
clock11:13 calendar-gray 17 İyul 2015 view-gray520 dəfə oxunub
view-gray520 dəfə oxunub

Kamal Abdullanın kitabi üzərində gəzişmələr

Kamal Abdullanın “Dilçiliyə səyahət” kitabi üzərində gəzişmələr

Dil və fikir

Yayğın olan ümumi prinsiplərdən birinə görə dil fikrin quludur. Gəlin, təhlil edək. Dil gerçəkdənmi fikrin quludur, yoxsa onu azadlığa çıxardan ağadır? Yaxud belə də düşünə bilərik: dil və fikir arasında heç bir ağalıq - qulluq münasibətləri mövcud deyil. Onlar arasındakı bağlılıq və əlaqə, tutaq ki, bir silahın tətiyi və gülləsi arasında olan əlaqə kimi ilk baxışdan nəzərə çarpmır. Bu əlaqə mövcuddur, lakin birbaşa deyil, dolayısı ilədi. Silahda güllə yoxdursa, o açılmayacaq, yaxud tətik xarabdırsa, darağın güllə ilə dolu olması bir işə yaramayacaq.

Bu mənada fikir və dil arasındakı substansional əlaqə misalda göstərilən vəziyyətlə izah oluna bilər.


Bəs nə üçün ilin-günün bu vaxtında, dil və fikir haqqında düşüncələrimi yazmağa girişdim? Bu yazını yazmağa məni vadar edən professor Kamal Abdullanın “Dilçiliyə səyahət” adlı kitabını oxumağım oldu.

Hələlik tarixə kiçik bir ekskurs edək, sonra Kamal Abdullanın adıçəkilən kitabı barədə fikirlərimizi daha aydın izah edəcəyik.


Ağızdan kağıza

Məşhur türkiyəli linqvist Özcan Başçı Avropada dilçilik elminin tarixi mərhələlərini dörd əsas dövrə bölür:


1. Şifahi dil,
2. Klassik dillər dövrü
3. Dünya dilləri dövrü
4. Elmilik dövrü

İlkin dövr dilin şifahi inkişafı: mifologiya, əfsanə, rəvayət və dastanlar dövrü hesab edilir. İkinci dövr fəlsəfi fikrin yüksəlişi ilə xarakterizə olunur. Qədim yunanlarda naturfəlsəfənin yaranması və s.


Üçüncü dövr yunan və latın dillərinin boyunduruğundan xilas olma, xristianların qutsal kitabı olan İncilin bütün xalqların öz dillərində oxuyub başa düşməsi cəhdləri, bunun üçün passiv yerli dillərin dirçəldilməsi.


Dördüncü dövr isə müasir dilçiliyin yaranması ilə başlayan dilşünaslıq elmi dövrüdür. Müasir dilçiliyin inkişafı bir çox ölü dillərin ortaya çıxmasına, elm tərəfindən araşdırılmayan bəzi aborigen xalq və tayfaların dilllərinin kəşfinə, tədqiqat predmetinə çevrilməsinə səbəb olub. Məsələn, dilçi – tədqiqatçılar Bopp və Qrimm Hind-Avropa dilləri ailəsinə daxil olan bir çox dil qruplarının varlığını ortaya çıxarıb. Şleyxer Hind-Avropa dil ailəsinin varlığını qabartmış, Qrimm həmin dillər arasındakı oxşarlıq və fərqlilikləri araşdırmışdı.

Müasir dilçiliyin XX əsrin əvvəllərində İsveçrəli linqvist alim F.Sössürlə başlayan mərhələsi dilşünaslıqda mühüm dönüş nöqtəsi oldu. Sössür dilçiliyə dair bütün sahələri birləşdirərək, onu xüsusi elm sahəsi kimi sistemləşdirdi. Sössürdən sonra Avropa dilçilik elmində Kopenhagen, Praqa və amerikan məktəbləri kimi güclü linqvistika institutları fəaliyyətə başladı.

Kitabın strukturu barədə

Qayıdaq professor Kamal Abdullanın “Dilçiliyə səyahət” kitabına... Kitab maraqlı bədii kompozisiya üzərində qurulub. Müəllif kapitan, kitab isə bir gəmidir. Kapitan tez-tez gəmidəki sərnişinlərə - oxucuya və Əhməd ilə Zalxa adında iki gəncə müraciət edir. Əhməd və Zalxanın taleyi üzərində biz dilin həyatını öyrənirik. Bəli, düz oxudunuz, DİLİN HƏYATINI!


Dil nədir, necə doğulur, necə yaşayır, necə oluşur, necə qocalır, necə ölür...

Mətndə elmi-fəlsəfi mülahizələrin gedişatı boyu Əhmədin və Zalxanın diri, canlı obrazı tez-tez gözə dəyir. Onların problemləri, düşüncələri üzərində dil hadisələrinin inikası verilir.
Müəllif müzakirələrin ən qızğın məqamlarında oxucunu Sokrat, Platon, Şleyxer, Sössür, Rassel kimi nəhənglərin çəkişdiyi hay-küylü məclisdən qəfil çıxarıb, Zalxa adlı sadə bir qızın həyatına gətirir.


Bizim başımız dilin mənşəyi haqda hansısa nəzəriyyənin təhlilinə qarışıb, gah Platonu müdafiə edirik, gah Xomskiyə etiraz edirik, bu anda dartışdığımız dil hadisəsi Zalxanın taleyində, düşüncəsində, danışığında peyda olur, və biz dilin bütün bu elmi-nəzəri strukturundan xəbərsiz olan real insanın yaratdığı, can verdiyi dilin üzərinə qayıdırıq.


Elmi-publisistik mətndə bədii süjet qurmaq və hər iki xətti paralel inkişaf etdirmək hər yazıçının öhəsindən gələ biləcəyi iş deyil. Bunun üçün qeyri-adi qabiliyyətə, həssaslığa, o cümlədən geniş elmi intellektual bazaya malik olmaq lazımdı. Kitabda Kamal Abdulla bütün bu şərtləri ödəyir. Onun yazı metodikası, mətnlə rəftarı, yazıdakı idarəçiliyi, əsasən postmodern mətnlər yazmağa iddialı olan bir çox qələm adamına örnəkdir. O, bir yazar-alim kimi kəşf etməyi sevir.

Dilçilik aləminə səyahətə çıxdığımız bu gəmidə bizimlə yoldaşlıq edən gənc oğlanı müəllif Əhməd adlandırır. Qəhrəmanın adının nə üçün “Əhməd” olması haqqında izahat belədir:


Dilçiliklə bağlı ali və orta məktəb dərsliklərində, mühazirələrdə, elmi işlərdə, məqalələlərdə, hətta şifahi nitqdə belə misal çəkdiyimiz “Əhməd filan şeyi filan elədi” misalından bezən mərhum akademik Məmmədağa Şirəliyev dilçiliyə həsr edilmiş hansısa tədbirdə çıxış edən məruzəçinin dilindən “Əhməd”li cümlə tutduqdan sonra, çıxışı yarımçıq saxlayır və “Əhməd”dən sitat gətirməyi qadağan edir. Kamal Abdullanın təbirincə desək, M.Şirəliyev “Əhməd”i öldürür.

Sonralar bu çıxışın təsiri özünü göstərir, artıq dilçilikdə “Əhməd”in yerini Aynur, Ülkər, Aydın... və digərləri tutur.

Maraqlıdır, bəs K.Abdulla M.Şirəliyevin dəfn etdiyi Əhmədi niyə dirildir? Əhməd niyə leksikonumuza qayıdır?


Aha, diqqətli oxucu artıq hiss edir ki, bu, postmodernizmə xas reinkarnasiyadır, ölənin dirilməsi, yeninin inkarı, bir sözlə, inkarın inkarı (Çün, yeni, köhnənin inkarı idi.)


Üstəlik, burada inkarın inkarı, daha yeni bir məfhumun hesabına baş vermir, iş burasındadır ki, yeninin inkarı köhnənin (keçmişin) qayıdışı üzərinə tamamlanır.


Mətndə işarələri, sözləri, hətta ideyaları bir neçə dəfə dekonstruksiya etmə bacarığı isə müəllifin intellektual təfəkkürünün bütün imkanlarını üzə çıxarır.


Dekonstruktor idarəçi-yazıçı mətnə müəllif müdaxiləçiliyindən bacardıqca qaçır, oxucu bəzən onun varlığını hiss etmir. Postmodern qavramda bu metod “görünməyən əl” (unknown hand) adlanır.


Lakin bu, müəllif idarəçiliyinin olmadığı anlamına gəlmir, o var, lakin gözə görünmür, onu duyursan, amma görmürsən, o, istiqamətləndirir, lakin diqtə etmir. Yəni, o, bütün mənalarda sənə (oxucuya) istədiyin azadlığı bəxş edir. Belə müəllif panteizmin ilahi yaradıcısına bənzəyir. Əlbəttə, o, xaraktercə, Dekartın “dünyanı yaradıb, onun işlərinə qarışmayan” tanrısından xeyli fərqlidir. Və məncə, daha humanist, daha demokratdır...
Bir yazıçı kimi etiraf edim ki, mətnin içində özünü panteist tanrısı kimi aparmaq hər müəllifin öhdəsindən gələ biləcəyi məsələ deyil. Və dünyada çox az qisim yazıçı, mətndə panteist- transsendental tanrı dərəcəsinə yüksələ bilir. Kamal Abdulla da bu zirvəyə qalxa bilən xoşbəxt yazıçılardandı.


Əksər yazıçılarımızsa əsərdə hakimi-mütləq, tiran rolundan çıxa bilmir. Süjet və obrazlarla oxucunu zorlayır, yaratdığı surətin yorğanının altına girib, baldırını onun əvəzinə qaşıyır. Ona görə sonsuz sayda yazılan əsərlər nə bədii, nə estetik, nə də psixoloji-fəlsəfi baxımdan bir köpüklük olmur. Belə əsərlərdə bəzən müəllif qolunu çirməyib əsərdə atını o baş, bu başa səyirdir, coşub öz qəhrəmanını şillələyir, hələ üstəlik oxucunun da üstünə təpinir.

K.Abdulla sözügedən kitabında “Əhməd”in timsalında bütün əhməd aqibətlilərin ikinci həyatını canlandırır. Dildə, şüuraltında, sözdə Əhməd taleyi yaşayan istənilən hər şeyi və hər kəsi yenidən dünyaya qaytarır. Amma oxucu artıq bu Əhmədə dünənki “Əhməd” kimi baxmır, bu “Əhməd” yenidir, dünyaya indicə gəlib. O, böyüyəcək, qocalacaq, öləcək və yenidən doğulacaq. Əhməd - bizim danışdığımız, yazdığımız, yaşatdığımız dilin insaniləşmiş simvoludu. Yəni Kamal Abdullanın “hər bir söz yenidən ifadə olunduqda, həm də yenidən doğulur” teoremi özünü doğruldur.

“Dilçiliyə səyahət”i nə üçün oxumalı

1. Kitabın dili son dərəcə səlis və aydındı. Burada oxucu, vaqonlarına çoxsaylı terminlər yüklənmiş ağır cümlə qatarlarına rast gəlmir.

2. Kitabın yazılışında yazıçı üçün xeyli çətin, oxucu üçün isə bir o qədər əyləncəli olan evristik metoddan istifadə olunub. (Kitabda müəllif moderator rolunu oynayır, istənilən mürəkkəb hadisənin müzakirəsində oxucu ilə birbaşa əlaqə yarada, onu müzakirəyə cəlb edə bilir.)

3. Əsər ümumilikdə dilçilik məsələlərinə həsr olunsa da, müəllif elmin quru dilindən tamamilə qaça bilib. Nəticədə intellektual, fəlsəfi kəşflərlə zəngin qeyri-adi səyahət kitabı ortaya çıxıb.

4. Kitab əslində, ixtisasca dilçi olmayanlar üçün nəzərdə tutulub. Amma bol bilgili bu əsər hər bir dilçinin zehnini itiləyəcək gücə malikdir.

5. Kitabın linqvistika sahəsində yazılmış yüzlərlə elmi əsərdən ən önəmli fərqi, dil və dilçilik problemlərinə elmilikdən daha çox fəlsəfi, ədəbi, psixoloji baxışların yer almasındadır.

6. Pifaqor riyaziyyatı “ədədlərin fəlsəfəsi” adlandırdığı kimi, Kamal Abdullanın da bu əsərini “Dilin fəlsəfəsi” adlandırmaq olar. Kitabda dil fenomeni - şüurlu, ağıllı, hissiyyatlı bir məxluq kimi analiz edilir.

7. Nəhayət, bu kitab SÖZü sevməyi öyrədir.


Günümüzün söz ustalarının, bənnalarının, fəhlələrinin, qarovulçularının isə buna həddən artıq ehtiyacı var.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020