Çaykovskinin dəhşətli sirri

Çaykovskinin dəhşətli sirri
12 iyun 2015
# 07:30

"...Görürsən, sevgili dostum, mən təzadlardan ibarət insanam və heç bir müsbət şeyə dayanmadan, narahat ruhumu din və ya fəlsəfə sakitləşdirmədən yetkin yaşa çatdım. Şübhəsiz ki, musiqi olmasa dəli olardım…”

Balaca Pyotr

7 may 1840-ci ilin səhəri, Moskvanın şərqindəki Votkinsk qəsəbəsində bir oğlan uşağı dünyaya gəlir. Mədən ocaqlarında mühəndis olan İlya Petroviç Çaykovski və həyat yoldaşı Aleksandra Andreyevna oğullarına Pyotr İliç adını qoyur. Pyotr dörd yaşında olanda böyük qardaşı Nikolay üçün tutulan fransız piano müəlliməsindən musiqi notlarını öyrənməyə başlayır. O, altı yaşına çatanda fransız və alman dilində danışa bilirdi. Atası Pyotrun musiqiyə olan qabiliyyətinin fərqinə varsa da daha etibarlı peşəyə sahib ola bilməsi üçün on yaşındakı oğlunu Sankt-Peterburqdakı Ticarət Məktəbinə oxumağa göndərir. Ailəsindən uzaq tək qalmaq Pyotr üçün çox çətin olur. İllər keçib ailə həsrətinə öyrəşməyə başladığı vaxt, on dörd yaşında çox sevdiyi anasını itirmək həssas gənc üçün çox ağır olur. Böyük sarsıntı keçirən Çaykovski anasına musiqi həsr edir.

Yaradıcılığı

Atasının təkidilə təhsilinə davam edən Pyotr on səkkiz yaşında məktəbi bitirir və dörd il müddətində dövlət məmuru kimi çalışır. Peşəsinə marağı olmayan Çaykovski iyirmi yaşına çatanda Çar II Aleksandrın himayəsində fəaliyyət göstərən Sankt-Peterburq Musiqi Akademiyasında təhsil almağa başlayır. İki illik təhsil müddətində sehrli aləmin sirlərini, kompozisiya yaratmağın texnikasını öyrənən və rus musiqiçiləri ilə tanış olan Pyotr artıq geri dönməyəcəyi yola çıxmışdı. Akademiyada müəllimi olan pianoçu, bəstəkar və orkestr şefi Anton Rubenşteyn Pyotra dəstək olmağa davam edir. Rubenşteyn qardaşı Nikolayı razı salaraq onun Moskva Konservatoriyasına müəllim təyin olunmasına kömək edir. Maaşı az olsa da konservatoriyaya təyin edilməsi və eyni illərdə kiçik bəstəsinin oğul, II İohann Ştrauss tərəfindən konsertdə oğurlanması, Çaykovskiyə o günlərdə ən çox ehtiyacı olan bir şeyi - güvən duyğusunu qazandırır. Bethoven, Brams və Şumanın əsərlərinə heyranlıq duyan gənc bəstəkar yavaş-yavaş öz üslubunu yaradır. Bir tərəfdən isə özəl dərslər verməyə, musiqi tənqidçisi olmağa və əlinə gələn pulla davamlı xarici səyahətlərə başlayır.

1867-ci ildə Sankt-Peterburqda Rubenşteyn sarayda pianoçu və orkestr şefliyi vəzifəsini Balakirevə təhvil verir. Çaykovski mistik ruh daşıyan romantik balet əsərləri və rus xalq musiqisindən ilhamlanaraq hazırladığı bəstələrilə qısa müddətdə Qərb dünyasının diqqətini çəkəcəkdi...

Çaykovskinin ilk böyük əsəri 1874-75-ci illərdə bəstələdiyi I Piano Konsertidir. Bəstəni tamamlayanda əsərini həyəcanla Anton Rubenşteyn və yoldaşlarına ifa edir, lakin təəssüf ki, sərt tənqidlə qarşılaşır.

Şəxsi həyatı

Həssas uşaqlıq dövrü keçirən Çaykovski özünü dəyişdirməyə çox cəhd etsə də əslində ehtiraslı homoseksual idi. O illərdə rus cəmiyyətində bu vəziyyət pis qarşılandığı üçün şəxsi həyatını gizlətmək istəyən Çaykovski, ona davamlı eşq məktubları yazan keçmiş qız şagirdi ilə evlənməyə qərar verir. Ailə içində keçirilən kiçik mərasimlə evlənən Çaykovskinin evliliyi qısa sürür. Antonina Milyukova ilə evliliyinin səhv olduğunu anlayan Çaykovski yoldaşından boşanmasa da toydan üç ay sonra cütlük ayrı yaşamağa başlayır. Çox sevdiyi bacısı Modestə yazdığı məktubunda ruh halını belə ifadə edir:

“Bir müddətdir dəlilik sərhədini keçdiyimin fərqindəyəm. Mayda Antonina ilə evlənmək qərarına gələn, iyunda heç nə olmamış kimi oturub opera bəstələyən, iyulda evlənib sentyabr gəlmədən arvadından qaçan, sonra da Romaya sığınan adam mən deyildim, o, başqa Pyotr İliç olmalıdır..."

Bir neçə il keçdikdən sonra bacısı Aleksandraya yazdığı məktubda da eyni mövzudan bəhs edir:

"Onun yaxşı həyat yoldaşı olmağı səyini yox etdim. Axtardığımı tapa bilməmiş olmağımın səbəbi o deyil".

Ömrü boyunca boşanmayan cütlük yazışaraq əlaqələrini davam etdiriblər. Antonina da öz xatirələrini qələmə alan zaman belə yazıb:

“Heç kim, tək bir adam belə Pyotru olanlara görə günahlandıra bilməz”.

Ən cazibədar bəstələrindən biri olan “Qu gölü” baletini 36 yaşında tamamlayır. Bu möhtəşəm əsər ilk olaraq 1877-ci ildə Moskvanın məşhur Bolşoy Teatrında səhnəyə qoyulur.

Çaykovskinin həyatında anasından sonra gələn ən əhəmiyyətli qadın Nadejda von Merk olub. Tanınmış rus ailəsindən olan Nadejda, Baltik əsilli alman ərinin mühəndislik qabiliyyətlərinin gücüylə Rusiyada dəmiryolları inşa edərək çox zəngin olub. Həyat yoldaşını itirəndən sonra zamanını daha çox evində keçirən Nadejda, dövrün məşhur musiqiçiləri Anton Rubenşteyn, Klaude Debussi və Çaykovskini himayəsinə alaraq dəstəkləməyə başlayır.

1877-1890-cı illərdə Çaykovskiyə böyük köməyi dəyən Nadejda bununla bəstəkarın heç bir maddi məhdudiyyət olmadan səyahət edə bilməsinə, istədiyi zaman əsər bəstələməsinə imkan yaratmışdı. O dövrdə istər Rusiyada, istərsə də digər Avropa ölkələrində bu imtiyaza sahib başqa bəstəkar demək olar yox idi. Bu əlaqə hər iki tərəfin də razılığı ilə heç vaxt bir araya gəlmədən, təxminən 1100 məktubun paylaşıldığı güclü ruh birliyinə çevrilib. Onlar hər ikisi bütün duyğu və düşüncələrini, xəyallarını, peşmanlıqlarını bir-birlərinə etiraf etməkdən çəkinməyib. Məsələn, bütün iş həyatının çətinlikləri içində on üç uşaq dünyaya gətirən, on birini yaşatmağı bacaran, hamısını da intizamlı böyüdən Nadejda bir məktubunda belə deyir:

"Şəxsi əlaqələrimdə sevimli olmağı bacarmıram, çünki qadın kimi davrana bilmirəm, nazik və mərhəmətli olmadım heç zaman. Bu xüsusiyyət mənə yəqin ki, ailəmdən keçib. Bir-birimizə qarşı duyğusal anlamda yaxınlaşmaqdan ürkərək həssas olmaqdan qaçdıq”.

Nadejdadan dəstək alan Çaykovski Rusiyanın müxtəlif bölgələrində yaşayan ailə üzvlərini tez-tez ziyarət edib, çox yaxın olduğu bacısı Modestlə bir neçə dəfə Avropa mərkəzlərini gəzib. Romada, Parisdə və digər sənət mərkəzlərində Motsartın bəstələrindən, Rossininin, Verdinin opera əsərlərindən təsirlənib, rəqabətçi ruhla öz musiqisini bu istiqamətdə inkişaf etdirməyə çalışırdı. Uzun illər bu cür yaşadıqdan sonra ilk dəfə 44 yaşında evi oldu və onu sadə şəkildə döşədi. Klassik Qərb musiqisinin maraq görmədiyi Osmanlı torpaqlarına belə getməyi planlaşdıran Çaykovski, 1886-ci ildə Trabzon və İstanbula, 1889-cu ildə isə İstanbul və İzmirə səfər edib.

Məşhurluq

1884-cü ildə Çar III Aleksandr tərəfindən xüsusi nişanla mükafatlandırılan Çaykovski ard-arda bəstələr hazırlamağa davam edirdi. Ən sevilən əsərlərindən olan “Yatmış Gözəl” baleti ilk dəfə 1890-cı ildə Sankt-Peterburqun “Marinski teatrı”nda səhnəyə qoyulub və böyük rəğbət qazanıb. Çariça Mariya Aleksandradan götürülən teatrın adı sovet dövründə “Kirov” olaraq dəyişdirilsə də son dövrdə köhnə adına qovuşub.

Yenə Sankt-Peterburqun “Marinski teatrı”nda ilk dəfə 1892-ci ildə səhnəyə qoyulan “Fındıq qıran (Şelkunçik)” baleti, bir müddət unudulduqdan sonra son əlli ildir Qərb dünyasında Milad dövrlərinin ən əsas seçimi olur. Həyatının son illərində dünyanın hər yerində hörmət qazanan dahi bəstəkar 1891-ci ildə Nyu-Yorkun məşhur “Karnegi Hall” konsert salonunda orkestr idarə edib, 1893-cü ildə isə İngiltərədə, Kembric Universitetinin fəxri doktoru mükafatına layiq görülüb.

Ölümü

Hər zaman içinə qapalı yaşayan həssas bəstəkar heç kimin gözləmədiyi anda, geridə minlərlə məktub, yüzlərlə əsər buraxaraq 6 noyabr 1893-cü ildə həyata gözlərini yumur. Ölüm səbəbi bu gün belə tam olaraq bilinmir. Ayrı yaşadığı, amma boşanmadığı və mirasından maddi dəstək verdiyi həyat yoldaşı Çaykovskinin ölümündən sonra ağır sarsıntı keçirir. Çaykovskinin qardaşlarından kömək görən yaşlı qadın qısa müddətdə sirlərilə birlikdə ərinin yanına köçür.

Qeyd edək ki, Moskva Konservatoriyasına Çaykovskinin adı verilib.

Məşhur ifadələri:

"Musiqi həqiqətən də, Allahın qaranlıqda məqsədsiz gəzişən insanlığa təqdim etdiyi bütün hədiyyələr arasında ən gözəl olanıdır"

"Keçmişə peşmanlıqla, gələcəyə ümidlə baxmaq və indiki zamanla əsla təmin olmamaq - mən bütün həyatımı belə yaşayıram"

"Pianonun başına hər səhər heç zaman gecikmədən, hər gün səhər doqquzda otururam, bununla ilham pərilərim də görüşə vaxtında gəlməyi artıq öyrəndilər"

"İlham mənbəyi tənbəlləri öz iradəsiylə ziyarət etməyən qonaqdır"

# 8118 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #