news-inner
clock10:49 calendar-gray 03 İyun 2015 view-gray236 dəfə oxunub
view-gray236 dəfə oxunub

Tehran Əlişanoğlu: “Ədəbiyyatımızda solçu nəsil yetişib”

Kulis Rövşən Danyerinin tənqidçi, ədəbiyyatşünas, professor Tehran Əlişanoğlu ilə “Azərbaycanda sol ədəbiyyatı” mövzusunda müsahibəsini ixtisarla təqdim edir.

– Deyirlər, Azərbaycanda yazıçılar daxilən sol ideyaların daşıyıcısı olmayıblar. Sadəcə olaraq hakim ideologiyaya yarınmaq məqsədi ilə, onun cəza sistemindən can qurtarmaq üçün bu tip əsərlər yazırdılar.

– Baxır hansı şair və yazıçı bu ideyalara nə qədər yiyələnib və ümumən yiyələnə bilibmi? Gətirdiyim misallar da onu deyir ki, ümumən ədəbiyyatımızda sosrealizm cərəyanı deyilən bir hadisə olub da, nümunələr də ortaya qoya bilib. O ki, qaldı hakim ideologiyaya yarınmağa, kim deyir ki, 1930-cu illərdən ədəbiyyatı qatı nəzarətə götürmüş sovet ideologiyası gerçəkdən də sol ideyaların daşıyıcısı idi? Əksinə, stalinizm deyilən hadisə özünü və hakimiyyətini qorumaq niyyətilə sağdan başlayan proses idi, həqiqi sol ideyaların üzərinə gedir, onu təhrif etməklə məşğul idi. Çünki məqsəd heç də təmiz kommuzim ideyaları yox, onun SSRİ-də törəmiş hakimiyyət təzühürünü qorumaq idi. Corc Oruelin məşhur “Heyvanıstan” əsəri sosializmə parodiya olan bu mənzərəni alleqorik şəkildə gözəl ifadə etmişdir. Ümumən dünyanın bir çox sol düşüncəli yazıçıları 1930-cu il repressiyalarına qədər hələ ki SSRİ-də gedən kommunist hərəkatına maraqla baxır, buna kapitalizm böhranından çıxış yolunu göstərən eksperimentlərdən biri kimi qiymət verirdilər. O cümlədən, B.Şou, R.Rollan, N.Hikmət, L.Araqon, Andersen-Nekse, Malro, Feyxtvanger və s. Bəziləri hətta SSRİ-də olmuş, ölkədəki nəhəng quruculuq atmosferindən vəcdə gəlmişdilər. Amma elə ki, 1930-cu illərin ikinci yarısında stalinizmin mahiyyətinə vardılar, onu ifşa etməyə başladılar. Məsələn, “SSRİ-yə səfərdən sonra əsərinə düzəliş”də Malro etiraf edirdi ki, biz orda fəhlə-kəndli hakimiyyəti əvəzinə məmur hakimiyyəti gördük… Belə ki, sovet ideologiyasını birmənalı şəkildə sol ideyalara yozmaq yanlışdır. Yoxsa ki, M.Müşfiq və onlarla digər sosializmi dəstəkləyən ədiblər niyə repressiyaya uğradılırdı? Ümumən 1930-1950-ci illərdə ədəbiyyatın üzərində nəzarət, repressiv mühit heç də sol gəlişmə, hətta solçuluq deyildi. (İfrat solçuluq olmuşdu 1920-ci illərdə). Aşkar sol ideyaların üzərinə yerimək demək idi. Məhz buna görə dünya kommunist hərəkatında SSRİ-yə inam zəifləmişdi, hətta fransız kommunistləri ondan üz döndərmişdilər… Bəs onda soruşa bilərsiz, sosrealizm ədəbiyyatı hansı sol ideyalardan ilhamlanırdı?

– Aha…

- Hər halda, sizin dediyiniz, reaktiv bir hökumətdən, hakimiyyətin direktivlərindən yox! Həmin direktivlərin ədəbiyyata nə qədər ziyanlar vurduğunu, inkişafına mane olduğunu oxuyanlar yaxşı bilir. Sosrealizmin ən yaxşı nümunələri heç də direktivlərdən yox, ona müqavimətdən yaranırdı. Ümumi kommunizm idealına tapınmaqdan ilham alırdı. Dövrün irəli sürdüyü ideyaların işığı, romantikası o qədər güclü idi ki, yazıçılar gerçəklərdən daha çox ideyadan, romantikadan yapışanda nəsə yarada bilirdilər. Hakimiyyətə tabe olanda isə sözsüz ki, sxematik və gülünc “saray ədəbiyyatı” yaranırdı. “Böyük Kommunizmin sabahına mən, sadə xatirə tək gəlməyəcəyəm…” – deyən Səməd Vurğun da kommunizmin sabahına inanırdı, “Çağırdım, ey qardaşlar! / -Qardaş! – deyə, səsləndi min bir ağız…” – deyən Rəsul Rza da, 1960-cılara və hətta 1970-ci illərə qədər bir çox digər sosrealistlər də… Sovet sistemində, qapalı sosializm məkanında elə bir siyasi illuziya yaradılmışdı ki, sanki dünyanın o biri tərəfində, kapitalizm dünyasında mənfur kapitalizmin caynağında məhv olan bir cəmiyyət mövcuddur. Yəni dünya – iki sistem arasında bir yarış meydanına çevrilmidi. Bizim yazıçılarımız da bundan ilhamlanırdı və dünyanın sabahını komunizm ideyalarında görürdülər. Ancaq gerçəkliklər tamamilə fərqli idi.

– Onda belə çıxır ki, 60-cılar hərəkatını sola aid etməliyik…

– Bəli, 60-cılar soldan gəlişmə idi. Təsəvvür edin, ədəbiyyat sosializm dəyərlərini, sosializm cəmiyyətinin üstünlüklərini, kollektivizmin alternativsizliyini təbliğ etdiyi bir vaxtda Y.Səmədoğlunun, Anarın, Ə.Əylislinin, S.Əhmədlinin, Elçinin, M.İbrahimbəyovun, İ.Məlikzadənin həmin cəmiyyətdə darıxan, kollektiv dəyərlərlə barışmayıb öz fərdi dünyasına çəkilən qəhrəmanları meydana gəlməyə başladı. Kapitalizm dünyası ilə kəskin ideoloji mübarizə getdiyi bir zamanda 60-cılar sosrealizmə arxa çevirib, Qərb ədəbiyyatından, ekzistensializmdən, neorealizmdən, magik realizmdən bəhrələnməyə üstünlük verdilər. Təbii ki, 1930-1950-ci illərin qatı ideoloji mühitindən fərqli olaraq, bunun üçün ictimai-siyasi şərait də yaranmışdı. Stalinin ölümündən sonra yuxarıdan aparılan islahatlar cəmiyyətdə bir sollaşma meyli yaratmışdı. Tarixə sovet dövlətinin rəhbəri Xruşşovun adı ilə düşmüş təxminən 1950-ci illərin ortalarından 1960-cı illərin ortalarınacan siyasətdə müəyyən yumşalma, mülayimləşmə dövrünün olması, sənətdə, ədəbiyyatda da demokratikləmə, sərbəst yaradıcılıq mühiti yaratmışdı. Ortada mənim “ərəfə ədəbiyyatı” adlandırdığım 1950-ci illər ədəbiyyatı vardı. Mahiyyəti onda idi ki, heç də sosrealizm çərçivələrindən çıxmırdı, amma yeni abhavanı, gerçəklərdəki ziddiyyətləri əks etdirirdi, stalinizm epoxasının tənqidini verirdi. Yəni əslində, “ərəfə ədəbiyyatı” inqilabi sosrealizm ədəbiyyatının yeni şəraitdə davamı idi, amma həm də iflasını xəbər verirdi. Bu zaman sosrealizmin içindən çıxmış qabaqcıl ədiblər yenilənmə zərurətinin yaranmasını öz əsərlərində əks etdirirdilər. Bu, İsa Hüseynovun, İsmayıl Şıxlının, İlyas Əfəndiyevin, hətta qatı sosrealistlər Mehdi Hüseynin, Mirzə İbrahimovun nəsrində özünü göstərirdi. Poeziyada Rəsul Rza bu işin öncüllərindən idi… 1950-ci illərin sonu, 1960-cı illərdə poeziyada çevriliş – B.Vahabzadə, Əli Kərim, X.Rza, M.Araz, F.Qoca, İ.İsmayılzadə, Ə.Salahzadə, V.Səmədoğlu və b. olduqca rəngarəng üslublar məhz belə bir “ərəfə” anının zəminində mümkün olmuşdu. Məsələ də bunda idi ki, ideallara söykənən sosrealizm ədəbiyyatı gerçəklərdən çox uzaqlaşmış və getdikcə şablonlaşmışdı. Dəyişməyə o qədər ehtiyac var idi ki, buna əslində, yuxarıdan təkan verilmişdi. İslahatlara Kommunist partiyasının özü təşəbbüs göstərirdi ki, bu islahatlar aşağıdan başlamasın. Belə ki, 60-cılar hərəkatı lokal milli hadisə olmayıb, bütünlükdə SSRİ məkanını bürümüşdü…

– Belə deyirlər ki, 60-cılar ədəbiyyatı “icazə verilmiş” ədəbiyyatdır…

– O mənada ki, ideologiya 60-cılara, onların günün tələbi ilə ədəbiyyata, sənətə gətirdikləri yeniliklərə dözürdü, dözməli olurdu. Bu yenilikləri müasirlik adı ilə sosrealizm ədəbiyyatının öz uğuru kimi qələmə verməyə çalışırdı, guya sosrealizmin özündə inkişaf getmiş, dəyişmişdir. Hətta nəzəriyyə uydurur, bəyan edirdilər ki, sosrealizm açıq yaradıcılıq metodudur, hər cür dəyişmələri özündə əks etdirir. Konfranslar, müşavirələr keçirir, partiya qərarlar verir, yazıçılar qurultaylarında 60-cılar ədəbiyyatı sosializm mövqeyindən kəskin tənqid olunur, bununla belə həmin ədəbiyyat inkar və qadağan olunmurdu. Əksinə, sosrealizm daxilində yaranmış fərqli üslublar kimi, məsələn, lirik-psixoloji üslub, sərt realist üslub, şərti-metaforik üslub, yeni nəsr, intellektual poeziya, assosiativ şeir və s. kimi anlayışlarla təsdiq olunur, bu sərhədlər daxilində dəyişmələrə imkan verilirdi. Doğrudur, 60-cılar içərisində bilavasitə hakimiyyətin ideoloji ruporları, dəstəklədiyi imzalar, fiqurlar da vardı, amma bunu bütünlükdə hərəkata aid etmək düz deyil. Rejim qorxurdu ki, 60-cıların yaratdığı hərəkat ümumən sosializmin inkarına, dissidentizmə gətirib çıxara bilər. Ona görə də bu həddə qədər olan nümunələrə göz yummağa, onu özününküləşdirməyə çalışırdı. İcazə bu demək idi. Və əslində, “icazəli” dediyiniz əks-proses sayılmalıdır, məhz sağdan gəlişmə idi, 60-cıların gətirdiyi sol ideyaları neytrallaşdırmağa, özününkü etməyə, alternativlərini hazırlamağa yönəlmişdi. Belə bir misal. Anarın 1966-cı ildə işıq üzü görmüş “Ağ liman”ı nəyə görə tənqid olunurdu? Sosrealist tənqid burda sosializm cəmiyyətini, sosializm insanını görə bilmirdi, kollektivizm axtarırdı, əvəzində bir yerdə işləyib bir-birindən tamam uzaqlaşmış tənha fərdlərlə üzləşirdi, cəmiyyəti dəyişməyə qadir fəal qəhrəman axtarırdı, passiv düşüncə qəhrəmanı Hehmətlə hesablaşmalı olurdu. Sərbəst davranışları ilə milli mentalitetə meydan oxuyan Təhminəyə ürcah olurdu… Amma məsələn, sosrealist yazıçı Mirzə İbrahimov bu illərdə müasirlik adına “Mədinənin ürəyi” adlı bir hekayə yazmışdı, Mədinə milli xarakter baxımından daha aydın, Azərbaycan qadınına daha yaxın və örnək idi. Müasir həyatın qəfil yaratdığı hər cür sərbəst münasibətlərin psixoloji savaşında özünə qalib gələrək, ərinə, ailəsinə sadiq qalırdı. Üstəlik, yazıçı əsas süjetə pərçimləyərək, Mədinəni ictimai həyatda da fəal göstərməyə çalışırdı… 1960-1980-ci illər ədəbiyyatından belə qarşılaşmaya onlarla misallar gətirmək olar.

– 90-cı illərdə sosialist bir quruluşdan çıxmış Azərbaycan var idi. Müstəqil Azərbaycan ədəbiyyatının sola münasibəti necə oldu?

– 1990-cı illər üçün ədəbiyyatda sol ideyalar hansı idi, sağ ideyalar hansı? – müəyyənləşdirmək elə də asan deyil. Bir şey məlum idi ki, qazanılmış ictimai-siyasi müstəqillik milli ədəbiyyatın yüz il ərzində irəli sürdüyü, dəstəklədiyi və şüurlara yeritməyə çalışdığı ideyaların birmənalı olaraq təsdiqi idi. O cümlədən 1960-1980-ci illər ədəbiyyatının! Amma təbii ki, ilkin olaraq azadlıq ideyaları heç də sosializmin ifşasını verməkdən uzaq getməyən bu ədəbiyyatın deyil, milli dövlət və milli cəmiyyət quruculuğu ideyaları ilə bol romantizm hərəkatı və Cümhuriyyət dövrünün ədəbi-mənəvi sərvəti, ideoloji dəyərləri üzərində bərqərar olmağa başladı. O cümlədən Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Cavad və b. sosializm dönəmində qadağan olunmuş onlarla ictimai-siyasi xadimlər və ədiblərin irsi üzərində. Ədəbi müstəvidə müstəqillik özünü qəfil, öyrəşmədiyimiz pluralizm şəklində göstərdi. Yeni yazarlar Yazıçılar Birliyi və onun ədəbi orqanları ilə yanaşı, əslində onun nəzdində yaranmış Bədii Tərcümə Mərkəzi və onun orqanları olan “Xəzər” jurnalı, “Yol” qəzeti və bir çox digər yeni ədəbi mətbuat ətrafına toplaşdılar. Solçu ideyalar avanqard və estetik manifestlər irəli sürən bir sıra ədəbi qrupların təzahür etməsində özünü göstərdi. Qatı inkarçı mövqedə duran “Baca”, “Ağ yol”, “2+”, “Avanqard” və s. qruplaşmalar sovet dönəmini, hətta 1960-1980-ci illər gəlişmələrini də büsbütün rədd edərək, XX əsr modernizminin gecikmiş şüarları ilə ortaya atıldılar. Eyni zamanda sağdan ifrat milliyyətçi, türkçü, islamçı meyllər də təbii ki, sovet dövrünün üzərinə yeriyirdi. Nəticədə gərgin ictimai-mənəvi abhavada aşkar “neobolşevik” hücumlar görkəmli ziyalılara, ilk növbədə 60-cılara qarşı yönəlirdi. Digər tərəfdən mənfur qonşuların torpaqlarımızı işğalı Qarabağ müharibəsinin başlamasına gətirib çıxarmışdı. Dinc ədəbi polemikalar, ideya savaşları üçün, o cümlədən sol ideyaların gəlişməsinə fürsət və şərait olmadı, əksinə ümumi təhlükəyə qarşı konsolidə tələb olunurdu. Müharibə şəraitində müstəqilliyin özünü nəyin bahasına olursa olsun qorumaq zərurəti yaranmışdı. Artıq ədəbiyyatın inkişafı üçün münbit şərait yox idi. Ədəbi prosesin özü də xeyli zəiflədi və demək olar ki, dondu. XX əsrin bütün bəlalarından xəbərdar olan Heydər Əliyevin hakimiyyətə qayıdışı bu vəziyyətə son qoydu. Əvvəla, ümummilli lider çağdaş Azərbaycançılığı Dövlət ideologiyası səviyyəsinə qaldırmaqla ideya istiqamətlərinə yön verdi, tarixi Azərbaycançılığı müasir tələblər səviyyəsinə qaldırmaq vəzifəsini irəli sürdü. Digər tərəfdən Dövlət tərəfindən ədəbiyyata birbaşa dəstək verildi, Azərbaycan Yazıçılar Birliyi (AYB) vasitəsilə ədəbi proses yenidən hərəkətə gətirildi…

– Bəs solçu ideyaların taleyi necə oldu? İndi bizi maraqlandıran daha çox bu sualdır.

– Əvvəla onu deyim ki, o dövrün qarmaqarışıq əhval-ruhiyyəsi, mənəvi böhran ovqatı Anarın “Otel otağı” kitabındakı əsərlərdə, Ə.Əylislinin “Şeytan tələsi” və V.Səmədoğlunun “General” pyeslərində, A.Məsudun “Azadlıq” romanında, Elçinin absurd pyeslərində, B.Vahabzadənin, M.Arazın, R.Rövşənin, V.B.Önərin və b. onlarla 1960-1980-ci illər ədəbiyyatı nümayəndələrinin əsərlərində əksini tapıb. Yəqin ki, Anarın “Ağ qoç, qara qoç” əsəri yadınızdadır. Xeyli sonra, 2003-cü ildə qələmə alınsa da, yazıçının belə bir əsər yazmaq fikrində olduğuna dair mətbu qeydə mən hələ 1990-cı ilərin əvvəllərində “Yol” qəzetində rast gəlmişəm. Yəni həmin əsər ifrat sağ və ifrat sol meyllərin cəmiyyətdə necə böyük xof yaratmasının bariz nümunəsidir. Bax bu xofun nəticəsi idi ki, uzun müddət, az qala 2004-cü ilə qədər rəsmən AYB tərəfindən idarə edilən ədəbi prosesdə yalnız konservasiya, milli-tarixi dəyərlərin qorunması prosesi getdi. Heç bir yeni ideyaya meydan verilmədi, xüsusən sol ideyaların dağıdıcılıq funksiyasından ehtiyat edildi, müasirliyin yalnız 60-cılar hərəkatı səviyyəsində dərki qəbul olundu. Bu isə “müasirlik tələbləri”nə nə dərəcədə cavab verirdi? – demək çətindir. Fakt budur ki, həmin zaman kəsimində AYB-nin ədəbi orqanlarında yeni ideyaların təcəssümünü verən bircə nümunəyə də rast gəlməzsiz. Əvəzində, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” və s. kimi qəzetlər, yeni yaranmış “YeniSi” ədəbi internet saytı qucağını yeniliklərə açdı. Hətta xatırlatdığım “Ağ qoç, qara qoç” əsərini də Anar “525-ci qəzet”də dərc elətdirmişdi. Yeri gəlmişkən, həmin əsərin ideyaları fonunda müasir Azərbaycançılığın çağdaş nəsrimizdə təhriflərinə dair icmal bir məqalə yazmışam, nədənsə üç aydan da artıqdır ki, möhtərəm Azər Turan “Ədəbiyyat qəzeti”ndə onu dərc etməkdən çəkinir. Bu da sizə sağdan konservasiyaya bir misal. Halbuki deyim ki, bugün “Ədəbiyyat qəzeti”ndə ədəbi prosesin gəlişməsi əməlli-başlı razılıq doğurur…

– “Ədəbiyyat qəzeti” vermir, başqa yerdə dərc elətdirin.

– “Ədəbiyyat qəzeti”nin adını ona görə çəkdim ki, mühüm, vacib, həm də yeganə ədəbi qəzetimizdir. Bütün müstəqillik illəri ərzində cəhdlər oldusa da, ikinci birisi yaranmadı, yarandısa da, davam gətirmədi. Mənim məqaləm ədəbiyyatda mühüm ideya məsələlərinə toxunur, istərdim ki, məhz bu qəzetdə getsin. İkincisi, deyim ki, “Ədəbiyyat qəzeti” uzun onillər ərzində həm ədəbi prosesin, həm də AYB-nin simasını görükdürən əsas orqan olub. Təsəvvür edin ki, bütün 2000-ci illərdə, lap dünənə qədər qəzet nə qədər ifrat konservatizmdə, donuqluqda, günün tələblərindən xəbərsizlikdə, “suyu üfürə-üfürə içmək”də ittiham edilsə də, – həm kənardan, həm də elə AYB-nin içindən, – mövqeyində dəyişməz olaraq qalırdı. Cəmi ikinci ildir, əvvəlcə Elçin Hüseynbəylinin dövründə stixiyalı şəkildə soldan və bugün Azər Turanın rəhbərliyi ilə sağdan gəlişmələr “Ədəbiyyat qəzeti”nin prosesdə mühüm yerini geri qaytarmaqdadır. Nə qədər sağ düşüncəli ədəbi imza sahibləri var ki, az qala bütün müstəqillik illəri ərzində susmuş, sanki solçu ideyalardan çaşaraq-çəkinərək ədəbi prosesdə sözünü deməmiş, məhz indi danışmağa meydan tapmışlar. Adlar da çəkə bilərəm: N.Şəmsizadə, N.Cəfərov, N.Mustafa, C.Bəydili, R.Kamal, M.Osmanoğlu, İ.Musayeva, T.Salamoğlu, M.Qasımlı-Orxan Paşa, Siracəddin Hacı, İlham Abbasov və b. Əgər bu sağlam mövqe on-on beş il əvvəl yerini alsaydı, nə qədər qazanardıq, sağdan və soldan ədəbi polemikaların şahidi olardıq…

– Deyəsən, bir az qabağa qaçdıq. 2004-cü ilə qədər ədəbi prosesdə konservasiyadan danışırdız…

– Yox, elə onu deyirdim ki, ifrat konservasiya radikal solçuluğu yaratdı. Azad Yazarlar Ocağını nəzərdə tuturam. Bütün 2000-ci illər ərzində ədəbi prosesdə dəyişmələrə təkan verən məhz sol ideyalar oldu və bu məqamda AYO-nun rolunu danmaq olmaz. Əvvəla, AYO onu göstərdi ki, müstəqillik illərində ədəbi prosesin bir məkəzdən idarə olunması heç də vacib deyil, AYB-dən kənarda da proses yarana bilər. İkincisi, hər cür konservasiyaya, kirəcləşməyə açıq müharibə elan etdi, “İnkar – mübarəkdir!” şüarını irəli sürdü. Üçüncüsü, yeni estetika axtarışlarına çıxdı; doğrudur, daxili potensialı hesabına bunu ortaya qoya bilməyəndə Qərbdən hazır şəkildə “postmodernizm”i götürüb bayrağına çevirdi, hər halda cəhd idi. Dördüncüsü, solçu mövqeyə dayanan mətbuat – “Alatoran”ı yaratdı və 18 sayını buraxa bildi. Beşincisi, bununla da ədəbi prosesdə yeni imzaların vacibliyini təsdiqə yetirdi. Doğrudur, AYO-nu yaradanlar: Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçi, Azad Yaşar və sonradan AYO-ya gəlmiş Rafiq Tağı heç də yeni imzalar deyildilər, amma 2000-ci illərin ən populyar ədəbi gəncliyi də məhz AYO-dan ədəbi prosesə vəsiqə aldı. Məncə, Nərmin Kamal, Şərif Ağayar, Seymur Baycan, Aqşin Yenisey, Qan Turalı, Sevinc El Sevər, Mirmehdi Ağaoğlu kimi imzaları xatırlatmaq kifayətdir. Doğrudur, yenilikçilik çabalarında AYO tək deyildi. Məsələn, AYO-nun radikalizmi və AYB-nin konservatizmi ilə barışmayaraq, yazıçı Məqsəd Nurla mən estetik yenilikçilik ruhunda “YeniSi” adlı bir virtual ədəbi cərəyan yaratmışdıq. Bu, Azərbaycanda ilk ədəbi internet portalı idi, 2002-2005-ci illərdə fəaliyyət göstərərək, sonrakı saytların – Ad.yazarın, Zahir Əzəmətin Kult.az, Qan Turalının Kulis.az saytlarının, Oxu zalının və s. yaranmasına təkan oldu. Amma AYO konservasiyaya qarşı hücumlarını elə israrla, səs-küylə, avanqard jestlərlə həyata keçirirdi ki, özünü sol ideyaların əsl daşıyıcısı sayan məşhur modernistləri – R.Rövşəni, V.Bayatlını, A.Məsudu, 1990-cı illərdən və “Eqo” yaradıcılıq ordenindən tanınan O.Fikrətoğlu, F.Uğurlu, Salam Sarvan, Q.Ağsəs, Pərviz, E.Hüseynbəyli, Xanəmir, E.Başkeçid və bir çox digər imzaları da kölgədə qoymuşdular. AYO-nun radikal solçuluğu hətta AYB-də gedən proseslərə də təsir göstərdi. 2004-dən sonra AYB-nin rəhbəredici heyətinin qəfil gəncləşməsi və həmin prosesin bugünəcən davam etməsi, ədəbi orqanların yeni ideyalara, yeni imzalara açılması, sol mövqelərə qarşı dözümlülük, ədəbi prosesin çoxsəsliliyinə tolerant yanaşma, polemikalara həvəs və s. sollaşma meyllərini xəbər verir. İndi bütövlükdə ədəbi gedişatda hiss olunduğu kimi, hətta AYB-daxili proseslərdə də sağ və sol ideyaların, mövqelərin toqquşmasını, məhz “müasir tələblər”ə cavab verən ədəbi-bədii dəyər axtarışlarının getdiyini görürük.

– Siz ədəbi prosesdə bügünkü dəyişmələri məhz 2004-cü ildən sonraya aid edirsiz, niyə?

– Əsasən, müşahidə etdiyim nəticələrə görə. Az qala 2010-cu illərə qədər ədəbi prosesdə AYB-AYO qarşıdurmasından danışanlar indi hanı? AYO-nun adı belə unudulub, çünki o radikal şəraiti yaradan qarşıdurma mühitinin özü dünəndə qalıb. Əvəzində ədəbi prosesdə yeni oyunçular irəli gəlib. Rəşad Məcidin Gənc ədiblər məktəbi, BSU nəzdində Yaradıcılıq fakültəsi, Əsəd Cahangir və Südabə Ağabalayevanın gəlməsi ilə “Azərbaycan” jurnalının, Qulu Ağsəsin “Ulduz” jurnalının, Azər Turanın “Ədəbiyyat qəzeti”nin, Afaq Məsudun Tərcümə Mərkəzinin “Xəzər” və “Aydın yol” dərgilərinin, AYB Tərcümə mərkəzi “Dünya ədəbiyyatı” və S.Babullaoğlunun “Kitabçı” jurnallarının müstəqil ədəbi proses subyektinə çevrilməsi, İsa Həbibbəylinin rəhbər gəlişindən sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun prosesə fəal müdaxiləsi, T.Əlişanoğlunun “Tənqid.net” jurnalının tənqid platforması, Nəşriyyatların kitab prosesi və müsabiqələr yolu ədəbi prosesdə iştirakı… günün ədəbi mənzərəsində sağ və sol ideyaların müstəqim şəkildə ifadəsinə münbit şərait yaradıb. Mötədil (yumşaq) sol ideyaların daşıyıcısı olan istedadlı gənclər yetişib və prosesə yön verməyə çalışırlar: Qan Turalının, Qismətin, Fərid Hüseynin, Mirmehdi Ağaoğlunun, Kənan Hacının, Ş.del Geraninin və b.-nın adlarını çəkmək olar. Açıq solçu mövqedə duran Ş.Ağayar, N.Kamal, S.Baycan, A.Yenisey, S.Pərvanə, C.Cavanşir və b. tanınmış gənclik də var, solçu platformada duran ədəbi mətbuat – Azad Qaradərəlinin “Yazı”, S.Sahilin “Avanqard” jurnalları da. Hələ dünənə qədər solçuluğa iddia edən A.Yeniseyin “37.az”, S.Sarvanın “Kult.az”, Q.Turalının “Kulis.az” saytları vardı. Hər təzə yaranan saytlar, qruplarlaşmalar daha çox solçu mövqe tutmağa çalışırdılar. Bu az qala dəb xarakteri daşıyırdı. Heç bir ifratın sonu yoxdur, bu saytlar da ardıcıl ola bilməyib, bir qədər kölgəyə çəkildilər. Yeniləri yaranmağa başladı. O cümlədən sizin saytınız. Sənət.az-a uğurlu fəaliyyət arzulayıram…

– Mənim daha bir sualım var. Siz ədəbi prosesdə soldan və sağdan gəlişmələrdən danışdız. Amma konkret misallar demədiz. Günümüz ədəbiyyatında sol ədəbiyyatına aid hansı nümunələri göstərmək olar?

– Əslində, ədəbi prosesdən çəkdiyim imzalar da elə nümunələrdən xəbər verir. Amma sol ideyalara nə dərəcədə nail olmaları, əlbəttə, konkret baxış istəyir. Gəlin sizə konkret misal deyim. Son on ildə Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri ədəbi-elmi ictimaiyyətin dilindən düşmür, roman bizim ədəbi prosesin civarlarını aşıb artıq uğurla dünya dillərinə tərcümə olunur. İlk baxışda burda hansı sol ideyalardan danışa bilərik, milliyyətçi bir əsərdir, Azərbaycan tarixinin iki klassik dövrünü – Dədə Qorqud eposu zamanını və Şah Xətai əsrini predmet seçib. Amma baxın, 1960-1980-ci illər ədəbiyyatında az qala milli kult səviyyəsinə qaldırılmış həm Dədəm Qorqud, həm də Xətai kultu burda ustalıqla, tarixi obrazların ruhuna qəti toxunulmadan rədd edilib. Əvəzində tarixə yeni, kultlaşdırmadan təmiz baxışlar bərqərar olunub. Romançı buna postmodernizmdə məşhur dekonstruksiya ideyası ilə nail olub. Bununla da, “Yarımçıq əlyazma” əslində ədəbi prosesdə iki iş gördü. Bir yandan cəsarətlə tarixə münasibəti konservasiyadan xilas etdi, digər tərəfdən isə AYO-çuların haqqında çox danışıb mükəmməl nümunə verə bilmədikləri postmodern mətn ortaya qoydu. Ona görə də, bugün postmodernizm deyəndə yada düşən ilk nümunə bu roman olur. Amma məsələn, lap son nümunələrdən – həmin postmodernistlərdən Həmid Herisçi “Solaxay”, Rasim Qaraca “On bir gecə” romanlarında qarşılarına qoyduğu niyyətlərə, birinci əsərdə guya sovet rejiminin, ikinci əsərdə müharibə mövzusunun dekonstruksiyasına girişir, ötəri ideya səviyyəsindən o yana keçə bilmirlər. Seymur Baycanın “Ana ürəyi” romanının ironiya hədəfi çox kiçikdir, toyxana mövzusundan guya böyük radikal mövqelər hasil etməyə çalışır. Son illərdə bizdə uğurla ekzistensial-modernist romanlar yazılır: Məqsəd Nurun “Şəhər meri”, A.Talıbzadənin “Kəpənək modeli 102” və “Əbu Hübb”, N.Əbdülrəhmanlının “Qurban”, Z.Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanlarını qeyd edə bilərəm. Doğrudur, ciddi ekzistensial problemlər ideya mənbələri kimi artıq ötən əsrdə qalmışdır. Amma neyləməli ki, milli varlıqda dərindən tədqiqi üçün münbit şərait hələ indi yaranmışdır. Yox əgər sol inqilabi ideyaların birbaşa təcəssümünü istəyirsizsə, N.Kamalın “Aç, mənəm”, S.Aruzun “Yüz il inqilab”, Qan Turalının “Mustafa” romanlarını uğurlu hesab edirəm…

– Mənim fikrimcə, bu sadaladığınız romanların çoxunu sola aid etmək düzgün deyil. Məsələn, “Mustafa” romanı soldan yazılsa da, solun ruhuna zidd bir roman idi.

– Hər halda soldan yazılmış romandır. Bu bir növ cəhddir. Dəyişmə zərurətinin fəlsəfəsinə dalan romandır. Söhbət ondan gedir ki, bu, yazıçının ilk romanıdır. Növbəti romanını gözləməyə haqq verir…

Senet.az

news-inner-user

16855 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Gəzən kinoteatr dövrü geri qayıtdı
16:22 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020
Bir əsgərin qeydləri: Ölümlə döyüşürəm - Yeni Şeirlər
16:30 29 Oktyabr 2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
15:43 29 Oktyabr 2020
Xalq artistinə həsr olunan kitab çapdan çıxdı
15:00 29 Oktyabr 2020