“Elm sübut edir ki, Orxan Pamuk türkcə düşünmür”

“Elm sübut edir ki, Orxan Pamuk türkcə düşünmür”
21 may 2015
# 07:30

Kulis Şərif Ağayarın makedoniyalı türk yazar Erol Tufanla söhbətini təqdim edir.

- Öncə Makedoniya ədəbi mühiti haqda qısa məlumat verərdiniz...

- Bildiyiniz kimi Makedoniya Yuqoslaviyanın bir parçası olub və çoxmillətli ölkədir. Eyni zamanda müxtəlif din mənsubları var burada. Əsas xalqı slavyan olan pravoslav makedonlardır. Albanlar da çoxdur burda. Onların içində həm müsəlman, həm katolik, həm pravoslav var. Və bir də müsəlman türklər var. Türklər 100 min nəfərdir. Makedoniyanın ümumi əhalisi isə 2 milyondan çoxdur.

- Ədəbi mühit...

- Ədəbi mühitdə təbii ki, slavyan mədəniyyəti dominantdır. Türklərin də öz imkanları çərçivəsində ədəbiyyatları var. Öncə şeir gəlir təbii ki. Sonra hekayə, daha sonra digər nəsr nümunələri. Türklərin ən önəmli şairi Nəcati Zəkəriyyədir. Nəcati Zəkəriyyəni dünya ədəbiyyatında Federiko Qarsiya Lorka ilə müqayisə edirlər. Lorka kimi onun da praktik bir həyatı vardı. Türk dilindən ən parlaq şəkildə istifadə edirdi. İstanbul türkcəsinə üstünlük verirdi və tez-tez İstanbula gəlirdi. Ən aktiv yaradıcılığı ötən yüzüilliyin 60-80-ci illəri arasında oldu. O, türk dilində çıxan “Birlik” qəzetinin baş redaktoru idi. Nəsr də yazırdı. Hekayələrinin əsas qəhrəmanı Orxan adlı türk çocuğudur. Orxanı slavyanlar da tanıyırdılar, orta məktəbdə bu hekayələr tədris olunurdu. Siyasi quruluş dəyişəndə Nəcati Zəkəriyyəni işdən çıxardılar. Maddi və mənəvi sıxıntılara məruz qalıb İspaniyaya – Əndəlusa getdi, oraları dolaşdı və Lorka ilə ruhi bağlantı qurdu. Özü də liberal inqilabçı idi. Makedoniyaya təkrar dönəndə həyatının ən önəmli şeir kitabını yazdı: “Lorka absrtaktsiyonu”. Bu adda şeiri də var. Makedoniya ədəbiyyatından söz düşmüşkən Struqa şeir axşamlarından danışmadan keçmək olmaz.

- Bildiyim qədər, bu il ora dəvətlisiniz.

- Bəli. 7 dəfə iştirak etmişəm, bu il yenə dəvətliyəm. Burda dünyanın ən məşhur şeir mükafatı – “Qızıl çələng” verilir. Bu mükafatı indiyədək yalnız bir nəfər türk şairi – Fazil Hüsnü Dağlarca 1974-cü ildə alıb. Rusiyadan Andrey Voznosenski, Yevtuşenko, Gennadi Çauş və başqaları alıb. Amerikadan, Fransadan laureatları var. Struqa festivalı 6 gün çəkir. Şeir oxunur, simpoziumlar, dəyirmi masalar keçirilir və s. Yüzdən artıq ölkə iştirak edir hər dəfə.

- Siz həm də vəkilsiniz...

- Makedoniyada hüquq fakültəsini bitirdim, işlədim. Ancaq bir müddət sonra etnik azlıq olduğum üçün çəkdiyim sıxıntılara görə İstanbula köçdüm. Burda diplomumu tanımadılar. Təkrar hazırlaşıb oxudum və hüquq diplomu aldım. İndi həm də vəkil kimi fəaliyyət göstərirəm.

- Belə bir fikir var: insan milli azlıq olaraq əzilirsə, millətçi olmaq məcburiyyətindədir. Bu fikrə necə baxırsınız?

- Mən makedon dilində ən çətin fakültələrdən birində oxudum, bu dildə şeirlər, esselər yazdım. Sizə deyim ki, ciddi esselərim var makedonca. Edqar Po, Nitşe, Kafka, Svayq barədə yazmışam. Hötedən yazmışam – siz də oxumusunuz. Amma bəlli bir nöqtədən sonra hiss etdim ki, insan özünə dönməyincə olmur.

- Amma türkcəni sonralar öyrəndiniz...

- Türkcə uşaqlıqdan bilirəm. Ancaq ədəbi dili sonralar öyrəndim. Bir neçə ildir ki, türkcə sərbəst yazıram.

- Üç dildə yazırsız: serb, makedon, türk. Özünüzü daha çox hansında rahat hiss edirsiniz?

- Türkcədə.

- Millətçisiniz?

- 1991-ci ildə - Makedoniya müstəqil olanda Monastır şəhərindəki məşhur saat qülləsinin yerinə xaç asdılar. Heç bir müsəlman səsini çıxarmadı. Mən bir məqalə yazdım ki, burda yalnız xristianlar yaşamır. Və əgər siz özünüzə dönürsünüzsə, mən niyə dönməyim? Bu dinçilik, yaxud millətçilik deyildi. Sadəcə özünə qayıdış idi.

- Söhbətlərimizin birində dediniz ki, türk dünyası dünya ədəbiyyatına yalnız bir yazıçı bəxş elədi: Çingiz Aytmatov.

- Mənim fikrimcə, türk dünyası romançıları arasında ən böyüyü Çingiz Aytmatovdur. Nə qədər qırğızca-rusca yazsa belə, nə qədər sovetlər birliyində yaşasa belə... Baxın, hər böyük romançı dünya ədəbiyyatına yaşadığı dönəmlə bağlı bəlli bir simvol gətirir. Məsələn, Balzak. Fransanın ən böyük romançısı “Vadidəki zanbaq” əsərində hansı simvolu qoyur? Övlad, ata və xəsis ata. Qızılları bura yığır, qızı orda acından ölür. O zamankı fransız toplumunu yerlə bir edir. Yaxud Viktor Hüqo. “Notrdam kilsəsi”ndə nəyi yerlə yeksan edir? Keşişi. Keşiş qaraçı qıza vurulur və buna görə onu məhv eləmək istəyir. Yuqoslaviyanin 1961-ci ildə Nobel ödülü alan yazarı İvo Andriç bir serbdir və hansı simvolu ədəbiyyata təqdim edir? Drina körpüsünü... Türklər gündüz körpü düzəldir, serb silahlı dəstələri gecə gəlib bu körpünü dağıdır. Aytmatov isə manqurt simvolunu gətirdi.

- “Manas” dastanından gəlir də, amma əla işləyib.

- Bütün millətlərdə belə dastanlar vardır. Onu dünya ədəbiyyatının malına çevirmək hər adamın işi deyil. Manqurt nəyi ifadə edir? Sovet rejiminin xalqların hafizəsini necə məhv etməsini...

- Amma Nobeli Orxan Pamuk aldı.

- Bu başqa mövzudur. Mən dediklərimin yüzdə-yüz doğru olduğunu israr etmirəm. Bu, subyektiv fikrimdir. Mənim üçün türk dünyası daha önəmlidir. İsveç Akademiyası Nobel ödülünü Orxan Pamuka niyə verdi? Bir: Orxan Pamuk türk deyildir. Türkiyə vətəndaşıdır, amma türk deyil.

- Bəs kimdir?

- Bilmirəm. Araşdırmamışam.

- O zaman türk olmadığını hardan bilirsiniz?

- Belə təxmin edirəm. İki:o, türk düşüncəsinə sahib deyildir. Cümlələrinə və düşüncə tərzinə diqqət etsəniz bunu görə bilərsiniz. Bu mövzuda Yıldız Texniki Universitetinin sosiologiya professoru, vaxtıyla Mədəniyyət və Turizm Nazirliyində yüksək vəzifələrdə çalışmış Əmrə Konqar bir kitab yayımladı. Orda Orxan Pamukun cümlə quruluşlarına görə türkcə düşünmədiyini isbatladı. Bilirsiniz, Orxan Pamuk uzun müddət Amerikada yaşayıb və elmi fəaliyyətlə məşğul olub. Onun əsərləri türk dünyasını əks etdirmir.

- Ustalığı necə?

- Ustalığına söz yox, mən fikrilərindən danışıram. İstanbul bir türk şəhəridir – bunu unutmaq olmaz. Hörmətli Orxan Pamukun romanlarında tamam başqa bir İstanbuldan bəhs olunur. Bu, mənim İstanbulum deyil.

- Sizcə, bu bir millətçi yanaşma deyilmi?

- Xeyr. Bu, gerçək yanaşmadır.

- Siz özünüz hansı dildə düşünürsünüz?

- Türkcə düşünür və türkcə də yazıram. İlk oxucum və redaktorum isə həyat yoldaşımdır. O da vəkildir, ancaq türk ədəbi dilini çox yaxşı bilir.

- Beş böyük türk şairinin də adını çəkdiniz bir dəfə.

- İdeoloji mənsubiyyətindən asılı olmayaraq, şeir texnikası mükəmməl, estetik dəyərləri yüksək olan, verdiyi mesajlar yerini tapan, yaşadığı dövrün sosial-kültürəl alt yapısını yansıdan şairlər, mənə görə, bunlardır: Əhməd Haşim, Yəhya Kamal Bayatlı, Nazim Hikmət, Nəcip Fazil Qısakürək və Attila İlhan. Təbii ki, söhbət 20-ci yüzillikdən gedir. Və bunların çoxu fransız şeirindən təsirlənmişdir. Bir çoxu Fransada yaşamışdır. Bildiyiniz kimi, 19-cu əsr modern şeirinin beşiyi Parisdir.

- Nəcip Fazil Qərbə deyil Şərqə baxan şair idi, məncə...

- Sonradan elə oldu. Onun ən önəmli şeirləri yaradıcılığının erkən dövrlərində yazdığı “Qaldırım” (səki – Ş.A,) şeirləridir. Tənqidçilərin hamısı yazır ki, Bodlerdən təsirlənərək yazmışdır bunları.

- Siyahınızda Orhan Vəli və Cəmal Sürəyya yoxdur.

- Onlar 20-ci yüzilliyin son 50 ilində yaşadılar. Mənə görə bu dövrdə ən güclü Attila İlhan idi. Yenə təkrar edirəm: mənə görə.

- Arqument...

- Attila İlhan uzun illər Parisdə yaşadı. Fransız şeirini fövqəladə səviyyədə bilirdi. O, sözün həqiqi mənasında modern bir şairdir. İstanbulun damarını tutan şairdir. Onda fərqli bir millətçilik vardı.

- Postmodernizm elə də dərin bir şey deyil – bu fikir də sizə aiddir.

- Postmodern xaosdur. Dekonstruksiyadır. Dağıdıcıdır. Bir meteorit kimi parlar və keçər. Qalıcı deyil.

- Yazmaq Don Kixotluqdur, yel dəyirmanı ilə savaşmaqdır deyirsiniz. Bu qədərmi bihudə yaşayar yazıçılar?

- Böyük yazarların həyatını araşdırsanız görəcəksiniz ki, onlar böyük bir axtarışdadır. Həyatın mənasını axtarırlar. Misal üçün, Dostoyevski. Dünyada psixoloji romanın atası... Qardaşı ilə birlikdə məhkumluq həyatı yaşayıb. Qardaşı gözünün qabağında edam olunub. “Ölü evdən qeydlər” romanında bu psixoloji vəziyyət ifadə olunur. Həyatı borc içində keçdi. Qumarda çoxlu pullar uduzurdu. “Qumarbaz” romanında da avtobioqrafik nüanslar çoxdur. Tolstoy varlı idi, amma xoşbəxt deyildi. Yaşlanandan sonra Yasnaya Polyanadan – bütün var-dövlətindən imtina edib bir qatar stansiyasında öldü. Gələk Balzaka. Ömür boyu borclu qalıb. Notariusdan gəlib hesablayanda məlum olub ki, az qala bütün Parisə verəcəyi var. Və məcbur olub borclulardan qaçırdı. Frans Kafka. Ömür boyu evlənmədi. 20-ci əsrin ən böyük romançısıdır... Roman ifadəsi işlənən zaman ilk ağıla gələnlərdən biri “Məhkəmə”dir. 40 yaşında dünyasını dəyişdi.

- Boş bir uğraşmadırmı ədəbiyyat?

- Xeyir. Ədəbiyyat ana suala cavab axtarmaqdır: “Biz niyə bu dünyaya gəldik, yaşamağın mənası nədir?”

- Və cavab yoxdur.

- Yoxdur.

- Yazmayaqmı?

- Yazaq. Onsuz da bundan yaxa qurtara bilməyəcəyik. Çünki yazmaq ehtirası bizdən daha güclüdür.

- Bəs yazmaqla nə veririk insanlığa?

- Ədəbiyyat sual verməyi öyrədir insanlara. Hazır cavablardan, trafaretlərdən qaçmağı öyrədir. Afina yaxınlığında bir Delfi məbədgahı var, orda belə yazılır: “Özünü tanı!” Yunus Əmrə də içindəki məni tanımaq üçün çox uğraşdı. Hötenin Doktor Faustu niyə şeytanla anlaşma yapır? İnsanlığı tanımaq, öyrənmək üçün. Ya Don Kixot. Niyə yel dəyirmanı ilə savaşa girir? Öz ağlınca insanlığı xilas etmək istəyir.

- Nəticə...

- Sual verməyə davam...

- Cavab olmasa belə?

- Cavab olmasa belə...

# 1498 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #