Uşaqlar üçün “Dərs” – FİLM MÜZAKİRƏSİ

Uşaqlar üçün “Dərs” – <span style="color:red;">FİLM MÜZAKİRƏSİ
8 may 2015
# 15:45

Dünən Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Dərs" bədii filminin təqdimatı oldu. Uşaqlar üçün çəkilmiş filmin rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, operatoru Rauf Qurbanəliyevdir. Kulis “İkili söhbət” layihəsində Sevda Sultanova və Aliyənin film barədə söhbətlərini təqdim edir.

Sevda Sultanova: Filmin nümayişindən əvvəl səhnədə asılmış şarları, uşaqların əzbər intonasiyada təqdimatını eşidəndə özümü bir anlıq naftalin iyi verən məktəb tədbirlərində hiss elədim. Uşaqların özləri haqda təqdimatını ingilis, fransız, rus dilində anlatdıqlarını eşidəndə düşündüm ki, yəqin bu, filmin məğzi ilə birbaşa bağlıdır. Amma filmdə babanın milli özünüdərk, tarixi keçmişlə bağlı mühazirəsini dinləyəndə anladım ki, bu, səhnədə gördüklərimə zidd bir şeydir. Belə bir təqdimatın kimin ideyası olduğunu bilmirəm, amma istedadsız idi. Yaxşı ki, “Dərs” filmi təsirli nüansları olan cəlbedici əhvalat idi və bizi bu ovqatdan xilas elədi.

Aliyə: Təşkilatçılar uşaqlar üçün bayram ab-havası yaratmağa çalışmışdılar, şarlar, atəşfəşanlıq-filan... Amma çox vaxt böyüklərin düşündüyü bayram uşaqları sıxır. Böyüklər bir şəkildə onların dünyasına daxil ola bilmir və balacaları onları yamsılamağa, böyüklər kimi danışmağa məcbur edir. Məncə, film bir şəkildə uşaqların dünyasına daxil ola bilmişdi, onların problemlərinə - ziddiyyət və narahatlıqlarına toxuna bilmişdi. Dostluq, sevgi, mənəviyyat, hətta tənhalıq kimi məfhumlarla təzə-təzə tanış olan uşaqların yaşantıları, hissləri ən ciddi kinonun mövzusudur. Bu film həm uşaq mövzusu kimi ciddi bir mövzuya toxunmuşdu, həm də uşaqlar üçün idi. Bəri başdan deyim ki, mövzusuna görə, elə keyfiyyətinə görə də Azərbaycanda ikinci belə film yoxdu və bu, filmin uğurunu şərtləndirir. Uşağa şəxsiyyət kimi yanaşmaq məsələsində kino çox vacib bir təbliğatı üzərinə götürür. Onların həyatının hisslərinin, problemlərinin ciddiliyinə diqqəti çəkir. Bunlar olduqca ciddi məsələlərdir.

S.S. Hə, yeri gəlmişkən, uşaq kinosu sahəsində böyük boşluq var və belə bir filmin çəkilməsi yerinə düşdü. Burda hər şeydən əvvəl rejissorların əməyini, zəhmətini gördüm. Xüsusən, onların uşaqlardan yaxşı nəticə almağını nəzərdə tuturam. Uşaqlar peşəkar aktyorlardan daha səmimi, inandırıcı oynayıblar. Bizi öz obrazlarının xarakterinə, təbiətinə, davranışına inandıra bildilər. Çünki uşaqlar işlənməmiş xammaldı, eqoları yoxdur, klişeləri yoxdur, onları plastilin kimi istədiyin səmtə yönəltmək olar. Və rejissorlar bunu bacarıblar. Baş rolları ifa edən uşaqlar, Xalid, Solmaz, Asif rollarının ifaçılarını xüsusi ilə mənim yadımda qaldı.

A: Eqoları var uşaqların, yəni təzəcə yaranan eqoları. Bilirsən, bizim üçün həyatımızdakı problemlər, çətinliklər, mübahisələr nə qədər ciddidirsə, onlar üçün ikiqat çətindir. Çünki onlara bu məsələlər tanış deyil, naməlum dünyada təkbaşına ilk addımlarını atırlar. Balaca qızım mənə deyir ki, bağçadakı rəfiqəsi Bəyaz onu başqaları ilə dostluq etməyə qoymur. O, başqaları ilə danışanda Bəyaz ondan küsür. Ona deyirəm ki, sən Bəyaza fikir vermə, istədiyin adamla dostlaş. Mənə “Axı, fikir verməyəndə də Bəyaz küsür...” deyir. Gör onlar üçün bu münasibətlər nə qədər ciddi və çətindir. “Dərs” filmi ciddi məsələyə toxunmağına rəğmən bəzən lüzumsuz vurğular edir. Babanın didaktikası, məsələn. Sanki bu tip obrazlar filmlərimizin qurtula bilmədiyi kabusdur.

Səsləndirmədə, təqdimatda fransızca, ingiliscə danışan uşaqların Azərbaycanca danışa bilmədiyini görürük. Halbuki uşaqlarla yaxşı işləyiblər, onlar aktyor kimi əla ifa göstərirlər, yalnızca səsləndirmə və mətn qüsurları onu korlayır.

S.S. Səsləndirmədəki sünilikdən, aktyorların teatral pafosundan, danışıqda gərəksiz vurğulardan xilas ola bilmir milli kinomuz. Bu, “Dərs” filmində də vardı. Uşaqların ifadəli üzü, müxtəlif vəziyyətlərdə davranışı mətn və dialoqlardan anlamlı idi. Hətta sözsüz olsa idi, onların ifasından obrazın mahiyyətini, filmin məzmununu anlamaq çətin olmazdı. Biz hələ də kinoya adi, təbii danışığı gətirə bilmirik. Babanın nəvəsi ilə söhbətindəki ritorika, nəsihətçilik ab-havası filmə yoruculuq və ağırlıq gətirirdi. Hətta istəyirdim, ekrandan girib babaya deyim ki, siz allah bəsdirin, biz AzTV-nin verilişinə baxmırıq. Babanın mətninə fikir ver: “Həmişə olduğu kimi indi də şəhərimizdə adları təhrif eləmək, korlamaq dəb olub. Bu gülməli adları qəbul eləyənlər də, sanki dönüb başqalaşırlar. Şura vaxtı müsəlmanları güclə öz adlarından, dinlərindən, dillərindən dönməyə məcbur eləyirdilər. Çar Rusiyası da tutduğu torpaqlarda müsəlmanları öz adını, soyadını dəyişib, ruslaşdırmağa məcbur eləmişdi. Ad çox vacib şeydir. Stalin bunu əla bilirdi. Bilirdi ki, insanların adlarını, dillərini, əlifbalarını dəyişməklə onları nadanlaşdırıb, sürüyə çevirib ağalıq eləmək olar. Bəzən bütöv bir xalqın da təkcə adını dəyişməklə onun mədəniyyətini, dinini əlindən almaq mümkündür”. Yəni belə rəsmi, sözçülüklə dolu ağır mətn və bir sıra dialoqlar uşaq filmi üçün keçərli deyil. Ümumiyyətlə, bədii filmə yaramır. Maraqlı odur ki, filmin redaktoru Ramiz Rövşəndir. Ramiz Rövşən Azərbaycan dilinin incəliklərini əla bilir, dilimizi zir-zibildən arındıran müəlliflərdəndir, şeirləri, mətnləri axıcıdır, rəvandır. Qəribədir ki, redaktor ola-ola dilə əl gəzdirməyib. Eyni problem İlqar Nəcəfin “Buta” filmində də var. “Buta”da təsvir həlli uğurlu olsa da dialoqlar ona xələl gətirirdi. “Dərs”də səslənən şeirlərin də müəllifi Ramiz Rövşəndir. Müasir Azərbaycan poeziyasının əhəmiyyətli imzalarından olan Ramiz müəllimdən sanki yola vermək kimi görünən şeir parçaları gözləməzdim:

Bu gün sinifdəsən, sabah səngərdə.

Düşmənlər gücünü görsün deyirəm,

Səsin qoy Şuşadan gəlsin deyirəm!

Və ya

Birincisən hər oyunda, yarışda,

Səninlə dost olmaq şərəfdi, şandı.

Mən anlayıram ki, filmdə bunu yazan uşaqdır. Amma hər halda qulaqları oxşayan, bayağılıqdan uzaq, sadə nəsə yazmaq olardı.

A: Uşaqların oyunu təbii, orqanikdir. Amma danışan kimi onların təbii ünsiyyətinə böyüklərin - filmin müəlliflərinin çox kobud müdaxiləsini görürük. Babanın mətni, şeirlər bir nümunəvilik modeli aşılamaq istəyir. Bu nümunəvilik modeli saxtadır, individuallığa ziddir. Filmin arzulanan tərbiyəvi əhəmiyyətini də heçə endirə bilər. Bu didaktik pafos uşaqlarda da qıcıq yarada bilər. Bu, məncə uşaqların mövzusu deyil, onlara maraqlı da deyil. Şeir mətnlərinə gəlincə uşaqda güclü bədiilik, poetiklik gözləmək lazım deyil, amma uşağın müdrik olması da gülməli görünər. Məsələ tək mətnlərə yüklənən mənada deyil, cümlələr özü də danışıq dilinə uyğun deyil. “Ən başlıcası isə” ilə başlayan cümlə qurmaq xüsusən futbol oynayan uşağa yaraşmır. Hələ də heyrətlənirəm, necə olur ki səsləndirmədə mətndəki, dialoqlardakı bu naqolaylığı görmürlər? Filmin təsvir həlli uğurlu idi: ekranda artıq bir detal yoxdur. Kamera uşaqların dünyasına axıcı bir yumşaqlıqla daxil olur, təəssürat yaradacaq detallara fokuslanır, expressiv məqamları fiksə edir. Məsələn, uşağın itlə söhbətində qəhrəmanın yalnızlığı düzgün olaraq iri planlı ekran həllində yox, ümumi planlarda və detalların (çəkicin, it damının, taxtaya vurulan mismarın) ön planda verilməsində açılır.

S.S. Nəvəsinə dayaq duran, onu məsləhət verən baba obrazı, sinifdə ağ-qarğa olan və günahı olmadığı təqdirdə boykot edilən uşaq bir az Rolan Bıkovun “Müqəvva” filmini xatırlatdı. Məktəb illərində analoji hadisələr həmişə baş verir. Hər halda müəlliflər öz əhvalatlarını yarada biliblər. Sadəcə, Ramiz Cəfərin ata obrazı, ümumiyyətlə o xətt bir az natamam qalıb. O, sinifdə liderlik edən, Xalidi əzən Asifin atasıdır. Qısa kadrlardan anlaşılır ki, Asifin atası ilə problemi var. Və onu güclü olmağa çalışmasında, ötkəmliyində, aqressivliyində görünür, ata ilə alınmayan münasibət də dayanır. Rejissorlar xəttin qısa, lakonik təsvir həllini verə bilərdilər. Çünki Rasim Cəfərin iştirakı illüstrativ qalıb. Bir də müəllimə rolunun ifaçısı Mənsurə Əhmədova uşaqlarla birlikdə filmin yükünü sona kimi çəkə bildi. Başqa bir qeydim, mövzuya yanaşma ilə bağlıdırlar. Daha korrekt ola bilərdilər. Məsələn, belə anlaşılır ki, Xalid məhz güclü olduğu üçün Asiflə dost olmaq istəyir. Hətta Asif ədalətsiz olsa belə. Biz özümüz də məktəb illərində rastlaşmışıq ki, zəiflər güclülərin yanında olmaq istəyir. Sadəcə, onun Asifə münasibətində güclünün qarşısında əyilmək, yarınmaq hissinə müəlliflərin necəsə haqq qazandırması, yəni bunun hardasa normallıq kimi təqdimatını doğru hesab eləmirəm. Yenə də sonda Asifin yanğınla cəzalandırılması, səhvini anlaması dediyim detalları bir az kompensasiya edir. Bir də orda bir səhnə vardı, oğru avtomobil sahibi olan qlamur qadının çantasını oğurlayır və Asif o çantanı geri qaytarıb qəhrəmanlığına görə polis idarəsi tərəfindən mükafatlandırılır. Sosial filmlər çəkən və həmişə xırda cinayətkarların tərəfində olan Ken Loaç mənə çox yaxındır. Ona görə yuxarıda qeyd elədiyim səhnələr məni mütəəssir eləmir. Əksinə qıcıqlandırır. Konkret olaraq, “Dərs”ə aid eləmirəm. Sadəcə, filmlərdə belə yanaşmalardan qaçmağı təklif edirəm. Əksinə, xırda cinayətkarlıq edən autsayder insanları oğurluğa vadar edən səbəbləri araşdıran dramlar yaradılsın. Hər halda “Dərs” kimi filmin çəkilməsi vacib idi. Və çox istərdim ki, belə bir uşaq filmi əyalətdə də çəkilsin. Düzdür, orda toxunulan məsələlər keçərlidir hamı üçün. Düşünürəm ki, dünyamıza bir də Azərbaycanın ucqarlarında yaşayan uşaqların gözü ilə də baxaq, onların da problemlərini, yaşantılarını ekrana gətirək.

A: Liderə yarınma məsələsini mən də düşündüm. Uşaq təqsiri belə olmadan, lider hesab etdiyi adamdan üzr istəyir. Bu epizod filmə baxan uşaqlara nə deyir? Güclü səni qovmayınca, ondan uzaqlaşma? Amma digər tərəfdən düşündüm ki, belə uşaqlar və belə problemlər olur. Sadəcə filmdə buna bir şəkildə müəlliflərin münasibəti yox idi -istər müəllim, istərsə də ətrafdakılar və ya valideynlərin dilindən...

Əlbəttə əyalət uşaqlarından bir filmin çəkilməsi də gözəl olardı. Rejissorlardan biri - Cavid Təvəkkülün hekayələrindən birini oxumuşdum, uşaqlığı ilə bağlı idi. Rejissorun öz uşaqlığından qopmaması onun xatirələri, hiss və yaşantıları ilə yaşaması nəinki uşaq filmləri çəkməsində, ümumiyyətlə yaradıcı insan kimi təkmilləşməsində vacib bir keyfiyyətdir. Filmin uğurunu bir az da buna bağlayıram. Təqdimatda filmin bölgələrdə göstəriləcəyini söylədilər. Məktəb xaricində hansısa mədəni-mənəvi həyatı olmayan uşaqlar üçün bunun nə qədər vacib olduğunu əyalətdə yaşayan, bəzən hətta təsərrüfat heyvanı kimi faydalılıq əmsalı olaraq yanaşılan uşaqlar bilir. Onların özünü, problemlərini iri ekranda görməyə ehtiyacı var.

# 899 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #