Bacısı zorlanmış kişi nə edir?   SÖHBƏT

Bacısı zorlanmış kişi nə edir?   <span style="color:red;">SÖHBƏT
2 fevral 2015
# 17:55

Kulis.Az Qan Turalı və Aliyənin seksizm mövzusunda söhbətini təqdim edir.

Qan Turalı: Seksizm, cinsi ayrı-seçkilik əslində bütün cəmiyyətlər üçün xarakterikdir. Lakin Şərqdə, elə Qərbdə də qadınlar daha çox ayrı-seçkiliyə məruz qalır. Bu yalnız İslam Şərqinə aid məsələ deyil, bütövlükdə Şərqi ifadə edir. Yəhudi cəmiyyətində də belədir, yaponlarda da. Əlbəttə ki, nisbət fərqi hər zaman var. Qərb cəmiyyəti seksizmlə mübarizə aparır, qanunlar qəbul edir, onların icraatına nəzarət edir və s. Lakin biz və ümumən Şərq bir çox məsələlərdə olduğu kimi bu məsələdə də probleminin üstünü örtməyi məqbul sayır.

Aliyə: Qızların problemi doğulmamışdan başlayır. Ailələr adətən oğlan uşaq istəyirlər. Çünki onlar qızı ailələri üçün yük hesab edirlər. Qadın haqqında nə qədər atalar məsəli var: “Qız yükü, duz yükü”, “Qız özgə çırağı yandırır” və s. Kişi isə əksinə, çörək gətirəndir, ailənin davamçısıdır və s. Bu yanaşma nədən qaynaqlanır? Əlbəttə, qadının iqtisadi cəhətdən dayaqları olmamağından, sosial varlıq kimi özünü təsdiq etməməsindən və ya edə bilməməsindən. Təhsilsiz, işsiz, yalnız ev işlərinə qabil olan məxluqa belə münasibət təbii olaraq yaranıb. Amma, burada başqa nüanslar da var. Qadına itirilə biləcək namus obyekti kimi baxılması da var məsələn. Həyatda bunu sübut etməyə gərək yoxdur. Namus üstündə öldürülən qadınlar nümunəsi bəsimizdir. Elə ədəbiyyatda da bu əksini tapıb. “Kür qırağının meşələri” hekayəsində Qədir məhz bu səbəbdən qızının doğulmasını istəmir...

Qan Turalı: Bizim cəmiyyətdə qadına ikincilik rolu verilib. Misal üçün, bir qız nəsə hərəkət edir, yazırlar ki, bəs bu qızın yiyəsi yoxdur. Əslində burdakı məna böyükdür. Çünki onların nəzərində qadın müstəqil bir varlıq deyil, onun öz hərəkətləri nəzarət edəcək ağlı yoxdur. Təsadüfi deyil ki, bizdə yiyə sözü həm it yiyəsi, həm də qadına münasibətdə işlədilir. Çünki cəmiyyətimiz qadını insan kimi görmür. Təsadüfi deyil ki, insan sözünü biz adətən kişilər haqqında deyirik, nəinki qadınlar haqqında…

Aliyə: Amma qadın haqqında deyirlər ki, yaxşı qadındır. Əxlaqlı qadındır. Namuslu qadındır.

Qan Turalı: Mən heç əxlaqlı kişi ifadəsi eşitməmişəm.

Aliyə: Mənim yadıma belə bir şey düşdü. Orta məktəbdə oxuyarkən sinif yoldaşlarımdan biri bir dəfə mənə belə dedi ki, namus və qeyrət qadının cinsi orqanlarının məcazi adıdır. Onun bu fikri mənim yadımda qaldı. Bu qəribə yanaşmada qız haradasa haqlı idi. Çünki qeyrət və namus anlayışlarını onun yaşadığı cəmiyyət qadın bədəni ilə ölçür. Və bu zaman qadın insan kimi gözə alınmır. Kişilər qadına eqosentrik prizmadan yanaşırlar, qadını yox, öz ətraflarını düşünürlər. Məsələn bacısı, yaxud qızı zorlanmış kişi ilk növbədə özünə başqalarının münasibətini, nüfuzunun itməsini, adına ləkə gəlməsini düşünür, nəinki qızının və yaxud bacısının psixoloji vəziyyətini, həyatını, taleyini və sairə. Kriminal verilişlərdən də gördüyümüz kimi belə hallarda qadına az qala artıq ət kimi yanaşıb onu ailədən kəsib atırlar.

Qan Turalı: Təəssüf ki, bütün bunlar gerçəkdir və patriarxal cəmiyyətin qalıqları, bəlkə də elə özüdür. Bizim qadına münasibətimiz klassik mənada çox dəyişməyib. Bəli, bu gün artıq qadın ictimai həyatda var, lakin biz bunu Sovet dövlətinin rəsmi siyasətinə çox borcluyuq. Lakin SSRİ şəxsi həyata geniş müdaxilə etmək şansı qazanmadı. Amma o dövrün nailiyyətləri əsasında biz az-çox normal bir yüksəliş qazanmışıq. Lakin görüləsi işlər lap çoxdur. Ən pisi də odur ki, biz getdikcə arxaya gedərək müsbət nailiyyətləri inkar etmək yoluna girmişik. Biz daha çox mühafizəkarlaşırıq. Məncə faciənin kökü də burdadır.

Aliyə: Bu problemi tək mentalitetlə əlaqələndirmək olmaz. Məsələ cəmiyyətin inkişafı ilə də birbaşa bağlıdır. Məsələn, təhsil kimi prioritet məsələdə qadının iştirakı. Bu onun iqtisadi olaraq ayaq üstə durması, özünü ictimai varlıq olaraq dərk etməsi deməkdir. Müharibələrdə qənimət hesab olunan qadın seksist yanaşmadan qurtula biləcəkmi?

Burada başqa bir məsələ də var. Qadının özünə yanaşması. Qadın özünə necə yanaşır? Necə yanaşırsa, o da olur. Mən kannibalist tayfalar haqqında bir fakt oxumuşdum. Bu tayfaların dini ayinlərində kahin yeyilmək üçün tayfadan bir adam seçirdi və o adam seçilən andan etibarən özünə insan kimi yox, gəzən ət kimi yanaşırdı və hətta öz əti ilə bişirmək üçün öldürülməmişdən əvvəl tərəvəz də yığırdı…

Yəni, qadına yanaşma onu bu passiv statusa gətirib çıxarıb, yoxsa əksinə, onun passivliyi ona bu yanaşmanı yaradıb. Bu az qala toyuq yoxsa yumurta əvvəl yaranıb məsəlidir… Tutalım qadının seçki hüququ var, amma onun ictimai həyat maraqlandırmırsa və yaxud da ictimai həyatda onun fikri heç kimə lazım deyilsə bu hüquq onun nəyinə lazımdır? Düzünə qalsa, mən “qadın hüquqları” anlayışının yox, “insan hüquqları” anlayışının işlənməsini, müdafiə olunmasını istəyirəm. bu olarsa, o biri də həll olunacaq.

Qan Turalı: Aliyə, sən çox ciddi məsələlərə toxundun. Birincisi elə təhsil məsələsi. Çox təəssüf ki, hələ də bu ölkədə qızların təhsil problemi var. Halbuki qızlar oğlanlardan daha çalışqan, daha səliqəli və daha intizamlıdır. Bunun da bir səbəbi cəmiyyətin qadın qarşısında qoyduğu baryerlərlə bağlıdır. İdmanda iki cür qaçış var, biri maneəli, biri maneəsiz. Qadınlar daha çox maneələrlə qaçır. Ona görə də onlar qalib gəlmək üçün ikiqat daha artıq layiq olmalıdırlar.

Kannibalizm bəşəriyyətin keçdiyi bir yoldur. Lakin qalıqları hələ də qalır.

Bu məsələdə dövlətin üstünə mühüm vəzifələr düşür. Qızları təhsilə cəlb edilməsi, onların iş həyatında həvəsləndirilməsi kimi. Lakin dövlət bu məsələdə hər şeyi həll edəcək gücdə deyildir. Bunun üçün cəmiyyət maariflənməlidir. Məşhur bir frazanı xatırlayaq: Qadına münasibət cəmiyyətin səviyyəsini göstərir. Bu əslində çox dəqiq bir qiymətdir. Çünki ölkələr arasındakı fərqə baxsaq da bunu görərik.

Aliyə, səncə bizim cəmiyyət nəyə görə avtobusda qadınlara yer verir?

Aliyə: Hündür dabanlı geyindiyi üçün… (gülür) Desəm ki, hörmət edir, deyəcəksən ki, hörmət etsə, filan-filan prioritet məsələlərdə də edərdi. Məncə məhz prioritet məsələlərdə etmədiyi üçün bunu edir. Qadına yer verirsə, ona “ana-bacı” kimi dəyər verir…

Bax, seksizm deyəndə biz cinsi-ayrı seçkiliyi nəzərdə tuturuq. Onda qadınlara edilən güzəştlər də cinsi ayrı-seçkilikdir. Kişilərin, zərif insan kimi qadına diqqət, qayğı göstərməsi faktı var. Qadının ədəbiyyatda vəsf olunması və sairəni yada salaq. Bəlkə “Namus-qeyrət” anlayışının qadınla bağlılığı ona müqəddəs münasibətlə bağlıdır? Ev bizim üçün müqəddəsdir, ora hər kəsi gətirmirik, o, bizim iç dünyamız kimidir, qadın da elə. Amma bu yerdə ona persona kimi, şəxsiyyət kimi yox, mücərrəd qadın anlayışı kimi yanaşılır. Bəlkə düyün də buradan başlayır.

Bilirsən, o məsələni ki, insanlar gündəlik yaşamda öz dəyərləri, mentaliteti ilə tənzimləyə bilmir, hüquq, dövlət o zaman ona müdaxilə edir. Bəzən deyirlər ki, bu cinsi ayrı-seçkilik qərbin bizim ailə institutumuza olan “paxıllığıdır”. Halbuki, bu ailə institutunun dəyərləri möhkəm olsa, və günümüzlə, reallığımızla uzlaşa bilsə məsələ hüquq müstəvisinə, müzakirə müstəvisinə gəlib çıxmazdı. Amma məncə bütün müstəvilərdə üst-üstə düşən bir dəyər var: cinsindən asılı olmayaraq insana şəxsiyyət kimi yanaşmaq...

Qan Turalı: Bəli, insana insan kimi qiymət vermək kənardan nə qədər sadə görünsə belə bu bəşəri bir idealdır. Əsrlərdir ki, bəşəriyyət bu ideala doğru addımlayır, lakin insana insan olduğu üçün qiymət vermək bir ideal olaraq qalır...

-SON-

# 984 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #