Bayraqdan şalvar geyinən qadın

Bayraqdan şalvar geyinən qadın
29 yanvar 2015
# 12:29

“Sadə adamlar” silsiləsindən

Bizim binanın (ünvanı göstərmirəm ki, məşhurlaşmasın) bir komendantı vardı. Ətiacı adam idi. Teymurləng kimi bir ayağını çəkirdi. Kinli baxışları, müdrikcəsinə arxaya daranan seyrək saçları, geniş, parlaq alnı vardı. Həmişə gülümsəməyə çalışsa da zəhmli idi.

Hiss olunurdu ki, yalandan gülür. Adamlar onun üçün “nəfər” idi sadəcə. Onları özəlliklərinə görə deyil, yaşadığı mərtəbəyə və otaq nömrəsinə görə fərqləndirirdi. Yolu yoxuşa sürməyin xəstəsiydi. Çörəyi bundan çıxırdı. Məsələn, qonşunun partlayan turbasından başına tökülən damcılara görə müraciət edirdinsə, komendant söhbətə betonun və armaturun kəşfindən başlayırdı. Söhbəti faşizmdən fırladıb kenqurilərin qaçış sürətinəcən gətirib çıxarır, ordan qaçqınlara və şəhid ailələrinə qayğıya necə keçirdisə udqunmaq belə yadından çıxırdı. Axırda anlayırdın ki, bu dünyanın bircə həqiqəti var, o da bu yazıq, fədakar komendantın insanlara təmənnasız qulluğudur! Sən başıbatmış da gedib axmaq-axmaq şeylərdən ötəri onun vaxtını alırsan, işlərinə mane olursan. Ümidini hər yerdən üzüb evə qayıdanda hansısa qonşu qapını döyüb qulağına pıçıldayırdı ki, bəs, kişinin hörmətini elə, bu dəqiqə JEK idarəsini biri-birinə vursun. Yoxsa gedib 28-dəki qul bazarından qanı qiymətini santexnik çağırmalı olacaqsan! Ya da damcıda üz, üzdüyün qədər!

Anlayacağınız, kişi zəhmindən və zəvzəkliyindən pul-para qazanırdı... Belə adama hörməti karlı eləyirlər ki, münasibətə körpü salsın. Yoxsa, arayış-filan, təzə otaq almaq, otaqlara yeni adam qeydiyyata saldırmaq mümkün olmazdı. Sonra necə oldusa işdən çıxardılar, binadakı otağını da əlindən aldılar. Hakimiyyət, necə deyərlər, xalqın əlinə - qarovulçuya keçdi...

Komendantın vəzifələrini icra edən qarovulçu yataqxanamızda da yaşayır. Ağdamlıdı... Yaxşı adamdı. Səmimi bığları, xoş təbəssümü, qalın sırıqlısı, ucuz çeçenkası var. Müharibədə olub. Dostlarını-qohumlarını itirib. Kasıbdır, gör neçə ildir yer-yurd gedib, hələ də imkanlaşdırıb özünə koma qaralda bilməyib. Qədir Rüstəmova qulaq asanda gözləri dolur. Ağlamamaq üçün tez siqaret yandırır. Hesab edir ki, Rəmiş yaşlandıqca ağırlaşır, ağıllanır. Arif Babayevi Yaqub Məmmədovadan daha böyük ifaçı sayır. Yaqub ağdamlı döyül axı, ağcabədilidi... Hərdən vurmağı da var. İndiyədək şəxsən məndən umacağı bir kilo pendir olub, onu da hələ rayondan gətirdə bilməmişəm. “Canın sağ olsun, qaqa” – desə də ümidini üzmür.

Bu gün tezdən binanın çıxışında qarşılaşdıq, gördüm təəccüblə yolu keçən kök qadına tamaşa edir. Qadın ABŞ bayrağından şalvar geyinmişdi. Bayrağın ulduzları bir qılçaya, ağ-qırmızı zehləri o biri qılçaya düşmüşdü. Başqa nə hara və necə düşmüşdü, qonşum daha dəqiq bilərdi, çünki, anlaşılan xeyli müşahidə etmişdi. Dodaqaltı deyinir, bəlkə də söyüş söyürdü. Yaxınlaşıb ehmalca qoluna girdim. Dedim, qəm eləmə, insan bayrağı ilə ona bürünəcək qədər səmimi olmalıdır. Yoxsa, ha yuxarı qaldır, ha qarşısında diz çök, nəticəsi olmaz!” Hirsləndi: “Nə danışırsan?! Adam da belə tərbiyəsizlik eləyər? Bayraq bilirsən nədir?” – dodaqları əsdi...

“Biz çox bilsək, onlardan daha yaxşı cəmiyyət qurardıq.” – giciyirdim mən də.

“Tüpürüm o cəmiyyətə ki, şalvar yerinə bayraq geyinəcəklər!”

Dinmədim...

Ona görə dinmədim ki, ikimiz də haqlı idik və mübahisəyə girişsəm axşamacan çəkəcəkdi.

Tini dönəndə geri baxdım. Hələ də başını bulaya-bulaya tüpürürdü.

# 1784 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #