Heyvanların söhbəti

Heyvanların söhbəti
17 dekabr 2014
# 11:00

Üsyan

(nağıl)

Biri vardı, biri yoxdu, bir Ağac vardı.

Ağacın kökündə İlan, gövdəsində Böcəklər, oyuğunda Dələ, budağında Sağsağan yuva qurmuşdu.

İlan Ağacın əsl yiyəsiymiş kimi onun dibini istədiyi kimi qazıyır, hərdən köklərindən bəzilərini qırırdı və o anda Ağacın iniltisini heç vecinə də almırdı. O, Ağacı özünə borclu sayırdı, hər halda meşədə bu qədər ağacın içində onun dibini yaşayış yeri olaraq seçmişdi və Ağac bununla qürurlanmalıydı.

Böcəklər də İlandan fərqli düşünməzlərdi. Ağacın qabığının altı təkcə onların yuvası, qorunduqları yer deyildi, onlar həm də Ağacın qabığındakı şirəni sorur, ondan qida kimi istifadə edirdilər. Özləri də qəti əmin idilər ki, Ağac bundan çox məmnundur, üstəlik, Ağacdələnlərin Ağacın qabığını deşməsini elə qələmə verirdilər ki, guya onların əsas məqsədi böcək süfrələrini yemək yox, dimdiklərini itiləmək imiş və süfrələr ara yerdəcə Ağacın güdazına gedirlərmiş.

Ağacın gövdəsində böyük bir oyuq açıb orada yaşayan Dələ, aşağıda gördüyü İlanı və ətrafında gəzişən Böcəkləri sevməzdi və əmin idi ki, Ağacın da onlardan zəhləsi gedir, amma Ağac gözəlliyinə və cazibədarlığına görə Dələnin Oyuğuna minnətdar olmalı idi.

Daha yuxarıda, Ağacın budaqlarında bir Sağsağan yuva qurmuşdu. Sağsağanın Ağaca münasibəti isə daha çox acığa bənzəyirdi, bəs necə, hər dəfə payızda Ağac yarpaqlarını tökür, yuvanın üzərinə yağış, qar yağırdı, amma heç yarpaqlarını tökməyən ağaclar var, onlar həmişəyaşıldırlar, bu Ağac isə gərək hər payız lütlənib baharda özünü təzələyə, ara yerdə yazıq Sağsağan çətin bir qış keçirir.

Kökləri zədələnən, şirəsi sorulan, gövdəsi deşilən, budaqları zibillənən Ağac, sakinlərinin onun haqqında nə düşündüklərindən xəbərsiz idi. O, aclıqda yedirib, qaranlıqda, soyuqda həyan olduğu, sığınacaq verdiyi sakinlərinin Ağacı çox sevdiklərini düşünürdü və bu düşüncəylə köklərinin çeynənməsinə, qabığının deşilməsinə, sinəsinin oyulmasına, budaqlarının qırılmasına, zibillənməsinə fədakarlıqla dözür və bundan razı qalırdı.

Bir gün Ağacdələn qarnını doyurmaq üçün Ağacın gövdəsinə qondu və tak-tukla qabığı deşib Böcəklərin süfrələrinin demək olar ki, kökünü kəsdi. Ağacdələn uçub gedən kimi, yarpaqların aralarında gizlənmiş Böcəklər hay-həşir saldılar:

– Daha indəyədək dözdüyümüz bəsdir! Sənin ucbatından Ağacdələn yenə bizi züryətsiz qoydu! Sənin qabığının altında yaşamağa başladığımız günə yekə bir daş düşəydi!

Ağac əvvəl heç bir şey anlamadı, canı ağrıyırdı, hələ də Ağacdələnin dimdiyiylə dəlik-deşik elədiyi gövdəsi sızlayırdı. Böcəklər səs-səsə verib Ağacı yamanlamaqda davam edirdilər:

– Bülöv olub bizimçün, qabıqlarını hamar eləmirsən ki, Ağacdələn başqa yerdə dimdiyini itiləsin. Qəsdən eləyirsən, bilirik, sənin toxumun bitmir deyə, artan-çoxalan nə varsa hamısına paxıllığın tutur!

Ağac elə sarsıldı ki, budağının biri elə o andaca qurudu. Böcəklərini şikayətinə Sağsağan qoşuldu:

– Mən bu çör-çöp tayasına görə hər qış zülümdəyəm! Göyün bütün qar-yağışı yuvamın içindədi! Daha belə yaşamaqdan bezmişəm, gərək gedəm Şamdan, Küknardan birini tapam, onlar qışda bəziləri kimi adamı dar ayaqda qoymurlar.

Dələ sakinlərin üsyanını sevinclə qarşıladı, onun şikayətlik elə bir sözü yox idi, amma buradakıların elədikləri söhbət Dələnin kefini xeyli kökəltdi:

– Sizi bilmirəm, mən buranı tərk eləsəm, bax onda bu Ağac çör-çöp tayasına oxşayacaq. Mənim oyuğum olmasa buna bircə nəfər də baxan olmaz. Mənim hesabıma bunu ağac yerinə qoyurlar.

İlan aşağıdan fısıldadı:

– İndi sizin sözünüzdən belə çıxır ki, burda hamıdan əksik mənəm? Bircə mən elə bu Ağacın dəlmə-deşiyinə möhtac qalmışam? Əgər burda bu Ağacın minnətdar olduğu sakin varsa, o mənəm! Mən onu urvatlandırıb, sayıb dibini özümə vətən eləmişəm, mənim qorxumdan bir ins-cins buna yaxınlaşmır. İllərdir təmənnasız bunun qoruqçuluğunu eləyirəm, o gün təsadüfən bir az cilinə toxunmuşam, elə zarıyır ki, guya mişar toxunub!

Ağac, sakinlərinin üsyanından elə günə düşdü ki, bir də özünə gələ bilmədi. Tezliklə bütün budaqları qurudu. Sakinlər Ağacın qurumasını görüb qarasınca o ki var alıb verdilər, özlərinə təzə məskən axtarmağa getdilər.

# 895 dəfə oxunub

Oxşar xəbərlər

# # #