Xəzər balıqçılarının bir günü REPORTAJ

Xəzər balıqçılarının bir günü <span style="color:red;">REPORTAJ
11 dekabr 2014
# 15:13

“Vsyo, bu axırıncıdı, tay dənizə çıxmayacam”. - Ayağını indicə quruya basmış qoca balıqçı torları qayıqdan boşalda-boşalda qəfil elə dilləndi ki, özüm də çaşbaş qaldım:

- Bir daha balığa getməyəcəksiz?

“Yox a bala, elə şey olar, balıqçılıq azardı. Yoluxdunsa əl çəkə bilmirsən. Sezon bitib. İndən sonra balıq olmaz. Bir də martda çıxacam dənizə”.

Eldar kişinin altmış yaşı var. 30 ildən çoxdur ki, balıqçılıqla məşğuldur. Özü də keçmiş polis işçisidir. Hava münasib oldumu mütləq bura gəlib dənizə çıxır: Göy Zavodun yanındakı dənizkənarı əraziyə. Burada bir-birindən aralı düzülmüş 6-7 vaqondan-balıqçı daxmasından-biri də onundur. Daxmada odun sobası, iki çarpayı, generator, masa, stul-qısası bir balıqçıya lazım olan hər cür şərait var.

Hələ ki, vətəgədə Eldar kişidən savayı balıqçı yoxdur. Hamısı dənizdədir. Artıq vaxtdır, bir azdan gələsidirlər. Birinci Eldar kişi gəlib. Özü də “Qoca və dəniz”in Santyaqosunun ümidsizliyi ilə: “Səhər doqquzda dənizə çıxmışam. İndi isə saat üçdü. Bu vaxtı gəlib çıxmışam. Tor atdığın yerə gedib gəlmək üç-dörd saat çəkir. Di gəl ki, torbam boşdur. Heç nə tuta bilməmişəm. Ona görə toru zadı yığışdırıb gəldim”.

Özü də tək çıxıb dənizə. Qayıq şelfə dirənən kimi suya atılıb onun burnundan darta-darta sahilə çıxarır. Sonra lövbəri, torları, digər ləvazimatları qayıqdan boşaldıb vaqona daşıyır. Elə bil “Qoca və dəniz” əsərinin filminə baxırsan.

Eldar kişi deyir ki, indi yaxşıdı, yayda lap çətin olur. Tor tez-tez yosunla, palçıqla çirklənir. Onu təmizləməli olursan. Qışda tor bir o qədər çirklənmədiyi üçün qaldırıb baxırsan, balıq varsa yığıb boş toru təzədən suya buraxırsan.

Brezent kambinezonunu, plaşını çıxaran Eldar kişinin boğazından sarı saplı bir cihaz asılıb. Deyir GPS naviqatordur: “Toru suya salandan sonra həmin nöqtəni naviqator cihazında qeyd edirsən. Növbəti dəfə toru yoxlamağa gedəndə sahildəcə naviqatoru qoşursan, onun göstərdiyi istiqamətlə qayığı sürüb toru qurduğun yeri tapırsan”. Bütün balıqçılarda bu cihazdan var.

“İndi tək çıxıram. Əvvəl Neftçaladan köməkçim vardı, balıq azalandan sonra çıxdı getdi. Torları qurmuşdum. Küləyin ucbatından 25 gün idi gedib yoxlaya bilmirdim”.

Balıqçı üçün külək olduqca vacib təbiət hadisəsidir. Onun bütün iş fəaliyyəti küləkdən asılıdır. Külək güclü olanda qayığı sürmək çətinləşir, dalğalar qayığı atıb-tutduğu üçün torla da əməllicə işləmək olmur. Ona görə balıqçılar hər gün axşam hava proqnozunu öyrənmək üçün televiziyadakı o mini yubkalı xanımları həsrət və səbirsizliklə gözləyirlər.

Küləyin surəti 20 km/saniyəyə qədərdirsə dənizə çıxmaq olar, ondan yüksək olanda isə artıq təhlükəlidir. Buna heç Dövlət Sərhəd Xidmətinin əməkdaşları də icazə vermir: “Hər gün dənizə çıxmamışdan qabaq sənədlərimizə möhür vurulur. Hansı nömrəli qayıqla çıxırıq, kiminlə çıxırıq, hamısı qeyd olunur. Onlar dənizdə kimlərin olduğunu bilməlidirlər. Hava küləkli olanda özləri də icazə vermirlər. Bir də saat altıya qədər hamı dənizdən qayıtmalıdır. Kimsə qayıtmayanda dərhal "trevoqa” verilir, həmin adam axtarılır. Allah eləməmiş nəsə ola bilər”.

“Bir də görürsən qəfil külək qopur. Motoru qoşursan, amma külək qoymur getməyə, qara-qara ləpələr üstünə gəlir. Üst-başın islanır”-Eldar dayı deyir ki, onda ancaq yaxşı şeylər haqqında düşünürsən. Pis şeylər düşünmək olmur. Düşünməlisən ki, külək də indi kəsəcək, lap azca qalıb, bir azdan sahilə çıxacaqsan, quruda səni yaxşı şeylər gözləyir.

Çingiz Aytmatovun “Dəniz qırağı ilə qaçan alabaş” əsərində belə bir fikir var: “Torpağın üstündə olanda torpaq haqqında düşünmürsən. Dənizdə isə fikrin hətta ayrı şeyin yanında olanda daim dənizi düşünürsən”. Aytmatov da Eldar kişinin hisslərini yazmayıbmı? Bəli, quruda torpaq, yer haqqında düşünməyə gərək yoxdur, ayağın möhkəm yerdədir, bəs dənizdə nə edəsən, ayağının altında da bircə taxta parçası. Bir də göz işlədikcə uzanan mavi boşluq. Nə qədər cəsarətli olsan da dənizin vahiməsi səni basır, az qalır əlini qayıqdan çıxarıb heyvan oxşar kimi dalğalara sığal çəkəsən: “Sakit, sakit, gözəl dəniz, qəşəng dəniz...”

Bir azdan digər balıqçılar da gələcək. Biz isə tanışımız Zaurla Zamiq qardaşlarını gözləyirik. Onlar gələnəcən gəlin sizə bir-iki balıqçı sirri açım. Bəs necə, Neftçaladan olasan, balıqçılıq haqqında heç nə bilməyəsən?

Birincisi, qayıq sahilə yanaşanda heç vaxt qabağına qaçıb içinə boylanma. Balıqçılar belə şeyi sevmirlər, ələlxüsus da tutduqları balığı müzakirə etməyi. Balıqçıların da öz inancları var. Qayığa boylanmağı, balıqçının tutduğu balığın hesabının aparılmasını sevmirlər. Bəd nəzər dəyməsindən çəkinirlər.

Dənizdə bir-birinin torundan oğurluq etmək, gizlincə toru yoxlamaq ən betər günah, nakişilik hesab olunur. Bunun cəzası çox ağırdır. Bu quruda kiminsə maşınından maqnitofon, bağından alma-armud oğurlamaq deyil ki, qulağının dibinə bir şillə ilişdirib, ənginə iki yumruq tutuzdurasan ürəyin soyuya. Burda cəza hətta oğru dünyasındakı qədər sərt olur. Adətən həmin adamı o dəqiqə boğub meyitini suya atırlar. Amma belə hadisələr demək olar ki, heç vaxt olmur. Çünki əsl balıqçı heç vaxt bu cür hərəkət etmir, halalına haram qatmır.

Budur Zaurgilin qayığı yaxınlaşır. Qayıq dayaz sahəyə girən kimi motoru söndürürlər, avar çəkə-çəkə sahilə yanaşırlar. Qayığın altı suyun dibinə dəyən kimi hər iki qardaş suya atılır və onu sahilə çəkirlər. O dəqiqə yaxınlıqdakı zavodun işçiləri, balıq alverçiləri qayığa yaxınlaşır. Zaurgil elə qayıqdaca tutduqları balıqdan satmağa başlayırlar.

Bu gün dənizə çıxmamış balıqçılar isə soruşur: “Nakat var idi?” Nakat balıqçı jarqonunda dalğa deməkdir. Nakatın olub-olmamağını quruda bilmək olmur. Sahildə dalğa olmaya bilər. Amma dənizin ortasında qəfil külək qalxa və ya başqa yerdə əsən külək nəticəsində yaranan dalğa sənin olduğun yerə qədər gələ bilər. Belə olanda dalğa qayığı atıb tutur. Onda toru da rahat işləyə bilmirsən.

Zaurla Zamiq əslən Lənkərandandırlar. Zaur kənddə idman müəllimi işləyir. Belə arıq olmasına baxmayın, “boyevoydur”, kinq-boks üzrə dəfələrlə yarışlarda iştirak edib: “Bizdə balıqçılıq nəsillikcədir. Nə iş olsa da bunu ata bilmirik. Qanımıza işləyib. Bəlkə yüksək maaşlı başqa iş olsa gedib işləyərəm, hanı yoxdu axı. Balıqçılığın da elə gəliri yoxdu. Məcbursan nəyəsə əl atasan. Alver, “xalturşiklik” bizlik deyil. Balıqçılıqdı, tuturuy, satıruy. Özümüz də yeyirüy, dost-tanış da yeyir, pul da qazanıruy. Tətilə çıxanda və ya sezonda öz ayağımıza “otpuska” götürüb gəlirəm bura. Lap balıq olmasa da dənizə çıxıram. Özümüzlə termos çay-çörək götürüb gedirüy, altı-yeddi saat suda oluruq. Yayda lap kefdi. Soyunub girirüy suya, çimirüy”.

Yadımdan çıxmamış deyim. O naşı adamlar var e, o dəqiqə soruşurlar, qızıl balıq tutursan, nə bilim toruna nərə balığı düşür? Onlara fikir verməyin. Hər balığın öz toru olur, yəni torun ölçüləri balığın növünə, formasına uyğun dəyişir. Balıq gərək tora baş hissəsindən ilişsin. Onda daha uzun müddət diri qalır. Yox, tor münasib olmayanda, torun hücrəsinə girmiş balığı qəlsəməsindən sıxanda o nəfəs ala bilmir, tez də ölür.

Balıqçılar suda ölən balıqları da çox vaxt atmırlar. Onun da öz istifadə qaydası var. O balıqları duzlayandan sonra iyi-qoxusu çəkilir. Duzlanmış balığın isə yaxşı dolması olur.

Buranın balıqçıları daha çox kütüm, çəki və kefal balıqları üçün çıxırlar. Zaur da xeyli balıq ovlayıb. Bir də dənizə çıxanda balıqçıların toru yoxlanılır. Qadağan olunmuş balıqlar, misal üçün nərə balığı üçün tor aparmağa icazə vermirlər: “Hətta dənizdə də nəzarətçi gəmilər yanaşıb yoxlayır, nərə tutanda ştraf edirlər. Nərənin cəriməsi böyükdü”.

Zaurgilin vaqonunda elektrik yoxdur deyə televizor və ya radio vasitəsilə hava proqnozunu öyrənmək mümkün deyil. Amma Zaurgil daha rahat yolunu tapıblar. Telefonla internetə girib səhərki günün proqnozunu öyrənirlər. Hə, bir də axırıncı yol kimi dosta zəng variantı var, başqa balıqçılarla zəngləşib havanı öyrənirlər: “Amma çox vaxt burda qalmırıq. Odun peçi olmağına baxma, gecələr soyuq olur”.

Vaqonun miskin halından da burda daimi yaşayışın olmamağı hiss olunur. Masa üzərindəki çirkli qab-qacaq, sosiska qabıqları, çörək qırıntısı, paslı qəhvədan, çarpayıların üstünə atılmış pal-paltar, pəncərəyə keçirilmiş boş çay paketləri və bir tərəfdə süpürgə ilə qol-boyun dayanmış, ucuz kafelərin yaşlı aşpazları kimi üst-başı yağlı-qartmaqlı qaz balonu.

Yaxınlıqda mağazanın olmaması da Zaurgilə elə böyük çətinlik yaratmır: “Balıq alverçiləri gələndə özləri çörək, ərzaq, yeyib-içmək, siqaret-içki gətirirlər, dəyişirik. Allaha şükür ki, nə çəkirəm, nə də içirəm. Namaz qılanam. Dənizdə namazın vaxtı çatanda gəlib qəzasını burda qılıram”.

Hava münasib olanda yaxşı balıq tutduqlarını deyir: “Otuz kilo, qırx kilo, bəzən əlli kilo tuturuq. Quruya çıxarıb kilosunu beş-altı manatdan satırıq, şükür allaha, pis də qalmır. “

Zaurgilin qayıqları balaca olduğu üçün çox dərinə getməklərinə icazə yoxdur, 2 mildən uzağa getmirlər. “Balıqçılar var ki, 40-50 km dənizin içinə gedirlər, iki –üç saatlıq yoldu. Buna benzin də çatdırmaq olmur”.

Zaur deyir ki, harda balığın bol olduğunu bilmək olmur: “Suyun altını hardan biləsən? Kimin bəxtinə nə çıxdı-çıxdı. Allah ümidinə gedirik, olanda olur, olmayanda olmur. Hardasa yaxşı balıq çıxanda da xəbərləşib bir-birimizdən soruşuruq”.

Zamiq qayığı boşaldıb gələnə kimi Zaur artıq geyinib hazır dayanıb. Bu gün vaqonda qalmayacaqlar. Şəhərdə yaşayan başqa qardaşları bir azdan gəlib aparacaq. Amma səhər tezdən burda olacaqlar. Eldar kişidən fərqli olaraq yenə tor qurublar. Səhər yenə ümidlərini Allaha bağlayıb dənizə çıxacaqlar.

Eldar kişi-bizim yerli Santyaqomuz, qoca balıqçı getdi. Dəniz isə qaldı. Hələ nə qədər balıqçı bu dənizə çıxacaq, ruzisini bu ucsuz-bucaqsız mavilikdən çıxaracaq. Hələ neçə-neçə balıqçı hər səhər “Ya Allah” deyib ümidlə dənizə girəcək və Eldar kişi kimi balıqsız, ümidsiz qayıdacaq.

Xəzərdə balıqlar üzür ümid şəklində...

FOTO: Ramil Zeynalov

# 2058 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #