news-inner
clock16:51 calendar-gray 08 Dekabr 2014 view-gray264 dəfə oxunub
view-gray264 dəfə oxunub

“Baxıb xəcalət çəkirdi adam, yazar olduğu üçün"

Kulis.az şair İlqar İlkinlə Şərif Ağayarın söhbətini təqdim edir.

- Xoş gördük, bəy! Necəsən?

- Həddindən artıq yaxşıyam... (Gülür)

- Bu cavabını ilk dəfə təxminən on il əvvəl eşitmişəm və açığı çox xoşuma gəlib.

- (Yenə gülür) Bir dəfə rəhmətlik Böyükxan Pərviz bu cavabıma görə məndən inciyibmiş. Elə bilibmiş ələ salıram onu. Mənim də xəbərim yox. Təsadüfən onun yanında başqa birinə də bu cür cavab verəndə anlayır ki, zarafatdır. Özü dedi mənə... Dedi, hamıyla belə danışırsan? Dedim, ərk elədiyim adamlarla, hə.

- Niyə görünmürsən?

- İnan, yol gələ-gələ düşündüm ki, bunu sən də soruşacaqsan məndən. Ona görə hazırlaşdım. İki-üç il olar, saytlardakı dostlar dəvət edirlər ki, bir söhbətləşək. Ya yazı göndər-filan. Qaçmışam həmişə. Amma, səmimi deyim, sən deyəndə həmin dəqiqə razılaşdım.

- Zamanlamam doğru olub yəqin...

- Ola bilsin, içimdə bu hiss vardı ki, həqiqətən də arada görünmək lazımdı. Amma əsas səbəb sənə və qələminə olan hörmətimdir.

- Çox sağ ol, bəy. Qarşılıqlıdır...

- Bilirsən, indi çox adam cəmiyyət haqda haqlı-haqsız tənqidi fikirlər yazır. Hətta barmaq silkələyir kiməsə. Belə imzalar həm də cəmiyyəti sükunətdən çıxarır, hərəkətə gətirir. Elə mövzular var ki, onu başqa adam yazsa qıcıq yarada bilər məndə, amma sən yazanda rahatlıqla qəbul edirəm. Söz deməyə haqqı olan adamlar var.

- Məncə, onlardan biri də sənsən...

- Ədəbiyyat cəmiyyətdən ayrı bir sahə deyil. Onun tərkibindədir. Bu gün bütün sənət sahələrində ən ciddi insanlar bir az kənarda qalıblar. Əsl ədəbiyyat adamları bir boşluğun içərisindədir. Yaza bilən az-çox bu boşluğu doldura bilir. Yazmayanınkı daha dəhşətlidir. Həm də bu gün belə bir sual var: kimə və nə üçün yazasan? Həm də, artıq on ildir ki, mən tamam başqa sahədə çalışıram və sənə deyim bu başqa sahələrin adamları heç də yazar əhlindən maraqsız deyil. Bəlkə daha maraqlı, daha zəngindir.

- Sirr deyilsə, harda işləyirsən?

- Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində fəaliyyəti göstərirəm. QHT-dəyəm. Böyük layihələr həyata keçiririk. Başqa sahələrin insanları çox maraqlıdır. Bu gün gördüyüm işdən məmnunam. Ədəbiyyatda isə, hesab edirəm, əndazə itib. Məsələn, bax sizin nəsil çox istedadlı idi. Bəlkə də hamıdan çox. Amma dəqiq müşahidə aparanda görürsən ki, daşlar yerinə oturmadı.

- Bir vaxtlar “Halal elə bu sevgini” adlı balaca, amma çox maraqlı bir kitabın çıxmışdı, səni tanımayan yox idi. Sonra kitab buraxmadın...

- Hə, buraxmadım. 24 yaşım vardı, 24 şeir çap eləmişdim.

- AYB-nin ən cavan üzvü kimi də yadımda qalmısan...

- 22 yaşda qəbul olundum. O vaxt AYB-yə üzv olmaq ciddi hadisə sayılırdı. Adamlar sevinirdilər. Sanki istedadları təsdiq olunurdu. Deyəsən, o duyğu itib artıq.

- İtib hə...

- Çünki böyük bir axın oldu AYB-yə. Dəyərlər itdi və heç bir maraq qalmadı.

- Haqsızlıqlar da çox oldu. Və bu haqsızlıqlara ilk etiraz edən gənclərdən biri də sən idin.

- Həəə... (gülür). Mən ən çox yazıçılara prezident təqaüdünün verilməsinin əleyhinə idim. Düzdü, indi, özüm də təqaüd alıram. Sağ olsunlar... Amma o vaxt həqiqətən istəmirdim. Mərhum prezident Heydər Əliyevin qəbulunda da dedim. Dedim, cənab prezident, ədəbiyyata pul ayırmayın, onsuz da orda gənclərə verməyəcəklər o puldan. O da güldü, dedi, yox, mən məşğul oluramsa, çatdırılacaq.

- Sərəncamla verilən təqaüddən aldınız?

- Yox, almadım. Bu il Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə siyahıya saldılar. Mən bu məsələyə şəxsi kontekstdən baxmırdım. Zatən cəmi bir il verilir və yazıçının həyatında ciddi heç nə dəyişmir. Səmimi deyim ki, AYB-yə kütləvi axın, incikliklər, eybəcərliklər həm də o təqaüdlərdən bundan sonra başladı. Hətta sonralar ən vacib tədbirlərdə belə AYB-yə gedə bilmirdim. Çünki təqaüdə görə oranı kəsdirən, katiblərin qapısını çərçivədən çıxaran adamlar var idi və bunların çoxu istedadsız adamlar idi. Baxıb xəcalət çəkirdi adam, yazar olduğu üçün.

- Bir piket söhbətiniz də olmuşdu... AYB-nin balansında olan obyektlərin satılmasına etiraz olaraq...

- O vaxtlar belə bir hadisə olmuşdu. Tam olaraq xatırlamıram. Hardasa 15-20 gənc yazar toplaşıb qərara aldıq ki, sabah saat 12-də AYB qarşısında piket edərək, bir çox məsələlərə etirazımızı bildirək. Saat 12-yə qalmış gəldim, xeyli gözlədim, heç kəs yox idi. Birdən rəhmətlik Arif Əmrahoğlu (AYB-nin gənclər üzrə katibi – red.) eyvana çıxaraq məni yuxarı çağırdı. Dedi, nə gəzirsən? Boynuma almadım. Məlum oldu ki, zəng edib ona hər şeyi deyiblər. On-on beş dəqiqə söhbət elədi mənimlə, sonra dedi, çıx eyvandan bax, gör, kimsə varmı? Həqiqətən heç kim yox idi. Boynuma aldım ki, bu, mənim üçün gözəl bir dərs oldu.

- Məncə, sizi bir az da bu cür riyakarlıqlar küsdürdü...

- Küsdürdü deməzdim. İndiki yaşımda o binanın qabağına getməzdim. Çünki artıq məsələlərə daha geniş baxa bilirəm. Bəzi şeylər düşündüyümüz kimi deyilmiş. Bəzi şeylər düzənlidir, amma biz onu tərs görürük. O cür olması lazımdır. Mövlanədən soruşurlar: “Bu qədər kitab oxudun, nəyi bildin?”. Deyir, həddimi. Mən yerim olmayan yerdə görünmürəm. Yazıram, ancaq çap olunmuram. Halbuki kitab çap eləmək üçün çoxlu dəvətlər də gəlir. Bir nəfər məndən soruşdu, niyə yazmırsan, dedim, yaza bilmirəm. Çünki, ətrafımız yaza bildiyini düşünən adamlarla doludur. Amma sualın istehzasız cavabı budur ki, yazdıran motiv yoxdur.

- Sonuncu dəfə harda çap olunmusuz?

- Mediaforumda bir layihədə şeirlərim gedib. Adamlar çox tələsir. Biz ya çox gecikir, ya çox tələsirik. Bir də ki, əsl şeir az yazılır əslində. Məsələn, Rəsul Rza çox gözəl şairdi. Amma onun cild-cild kitablarını təkrar-təkrar çap eləmək nəyə lazımdı ki? Yaxud Zəlimxan Yaqub...

- Elə Musa Yaqbun özü... Min səhifədən artıq şeir kitabı çap edib. Halbuki onun çox gözəl şeirlərindən ibarət yığcam və gözəl bir kitab hazırlamaq olar.

- Doğrudur...

- Gənc nəsil sizi tanımır...

- Gələn nəslin özündən böyükləri qəbul etməməyi çox normaldır. Yaşlı nəsil təmkinli olmalıdır. Çünki bu etirazların çoxu haqlıdır.

- Qəbul etmək deyil, tanımırlar sadəcə...

- Necə tanınmaq məsələsi də var axı. Qeyri-ciddi imicdə görünməkdənsə, görünməmək daha yaxşıdır. Xüsusən efirdə bizim bir çox ədəbiyyat adamları xırdalanıb getdilər. Azərbaycanda hər şeydən danışan, hər şeyə fikir bildirən insanlar peyda olub. Bir yandan da facebook... Mən bunu bacarmıram. Hər şeydən danışanda insan bitir. Bir də tanınmaq, oxunmaq xatirinə erotika, açıq-saçıqlığa aludəlik var son illər. Kitabın kim tərəfindən alınması da ciddi məsələdir. Ədəbiyyatı şouya çevirmək olmaz. Bizdə düşüncə qısırlaşması gedir. Düşüncəni qaldırmaq əvəzinə, onu əyləndirməklə məşğuluq. Cəmiyyət getdikcə bayağılaşır.

- Kitab buraxmaq fikrin var?

- Buraxaram yəqin ki...

- Ədəbi mühiti izləyirsən?

- Yaxından. Gündə ən azı 4-5 saat oxuyuram. Kitab, qəzet-jurnal, saytlar və s. Bir də istedadına bələd olduğum imzalar var ki, mütəmadi oxuyuram.

- Söhbət üçün sağ ol. Məncə, hər şey yaxşı olacaq.

- Əlbəttə. Mən ümidimi heç vaxt itirmirəm. Bayaq dediyim, həddindən artıq yaxşıyam söhbətində özümə inam məsələsi də var. İnanmağa çalışıram ki, belədir.

Oxşar xəbərlər

Xəbər lenti

“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021
Nənəsi şal örtən, qızı şort geyinən dostum – Şərif Ağayar yazır...
11:44 05 Mart 2021
Lal deyil, amma ömrü boyu danışmır...
11:01 05 Mart 2021
Berlin Film Festivalında Azərbaycan düzəlişi
10:14 05 Mart 2021
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
09:00 05 Mart 2021
Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir Yusifli yazır…
18:11 04 Mart 2021
İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir
17:34 04 Mart 2021
Xalça Muzeyi fəaliyyətini dayandırır
16:47 04 Mart 2021
Milli Dram Teatrının mart repertuarı
16:08 04 Mart 2021
Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021