Ailə sirrini efirdə danışan adam  “ALT QAT”

Ailə sirrini efirdə danışan adam  <span style="color:red;">“ALT QAT”
28 noyabr 2014
# 13:15

Kulis.Az yeni layihəyə başlayır. “Al qat” adlandırılan layihədə ənənəvi və sosial mediada yayılan xəbərlər, hadisələr arasında seçdiyimiz biri təhlil ediləcək.

İlk mövzumuz ailə proqramlarına çıxıb ailə problemlərini milyonlarla tamaşaçı qarşısında bölüşən adamlar haqdadır. Bu insanların psixoloji durumları yerindədirmi? Bir neçə gün əvvəl efirə çıxıb xanımının dostu ilə xəyanətini canlı yayımda bölüşən insanın ruh halı bizim üçün maraqlıdır. Vəziyyəti yazıçı Etimad Başkeçid və psixoloq Murad İsayevdən soruşduq.

Psixoloq Murad İsayev:

Telekanallar reytinqlərini artırmaq və reklam qazanmaq üçün bu addımları atır. Bu, məlumdur. Amma ora insanların çıxıb şəxsi məsələlərini danışma səbəbinə gəlincə... Bilirsiniz, insanlarda telekanallara çıxmaq istəyi var.
Bu istək o qədər güclüdür ki, həmin verilişdə ola bilər ki, adam hadisəni uydursun. Sadəcə, telekanallar reytinq naminə bunu canlı bir formada təqdim edirlər.


Mental dəyərlərə baxsaq, bu məsələlər efirdə göstərilməməlidir: məsələn, kişi ağlayır, ya ona xəyanət ediblər... Bütün bunlar insanların psixologiyasına pis təsir göstərir. Azərbaycan Qafqaz regionudur. Həm də müsəlman ölkəsidir, özünəxas mentaliteti var. Bu mentalitetdə qadının qadın, kişinin kişi yeri, hörməti, kişi qadın arasında pərdə var. Televiziyalar insanları bu mentalitetdən uzaqlaşdırırlar, bunları adiləşdirib, adi hal kimi təqdim edirlər. Buna baxan tamaşaçı da sonra bunu adi hal kimi qəbul edir.

Təsəvvür edin ki, 80-ci illərdə Bakıda belə bir hadisə olsaydı, onu nə vəziyyətə qoyardılar. O vaxtla indi arasında fərq çoxdur. O vaxt xəyanətlə qarşılaşan kişi nəinki bunu danışa bilərdi, hətta utandığından adam içinə belə çıxmazdı. Bəs adamı çıxıb efirdə “arvadım mənə dostumla xəyanət edir” deməyə nə vadar edir? Əgər o qadını biabır etmək istəyirsə, özü də biabır olur.


Sadəcə, onlar normal psixikaları olan adamlar deyillər.


Adətən ora çıxan adamlar qisas hissi ilə çıxır, ona xəyanət edəni və ya incidəni efirdən biabır etmək istəyir. Onlar özlərinin də rüsvay olacağını gözə almırlar, çünki elə adamların bəzən itirəcək bir şeyi də olmur. Ora çıxanların cəmiyyət içində nüfuzu olmur, səviyyəsi aşağı insanlar olurlar. Bir Bomjun çıxıb efirdə nə isə danışmağı onun özü üçün təhlükəli deyil. Amma ziyalı bir adamın ora çıxması başqa məsələdir. telekanallar özü elə problemli adamlar seçir.


Mən özüm də psixoloq kimi belə verilişlərdə iştirak etmişəm, amma sonra bunun bir əhəmiyyəti olmadığını görmüşəm. Mən o problemli insanlara öz köməyimi təklif də etmişəm. Burada qəbahət yoxdur. Çox normaldır ki, bir adamın psixoloji problemləri olsun və maddi vəziyyəti ona bunları qarşılamağa imkan verməsin. Ödənişsiz şəkildə qəbul etdiyimiz xəstələr olub. SOS uşaq kəndindən də, başqa mərkəzlərdən də belə xəstələr olub. Amma əsas məsələ insanlara fikir çatdırmaqdır.


Birinci növbədə insanların sinir sistemi gərgindir. Onlar telekanallardakı “Bəh-bəh”li, müğənnilərin imkanlarını, bahalı əşyalarını göstərən verilişlərə baxır və özlərinin də belə olmasını istəyirlər. onlar özlərindən və ya yoldaşlarından bunu tələb edirlər. Kirayə qalan adamın bunlara təbii ki gücü çatmaz. Onda onlar başqa yollara əl atırlar.


Kanallar reytinq üçün belə verilişlər təqdim edir.


Bilirsiniz, belə verilişlərin fəsadlarını gələcəkdə çəkəcəyik. Ailə modeli itəcək. indi biz bu hadisələrə təəccüblənirik, bu get-gedə adiləşir. Fikir vermisinizsə, mentalitetlə bağlı cinayətlər məhz bu verilişlər, bu tipli seriallar ortaya çıxandan sonra artmağa başladı. Mental dəyərlər dağılandan sonra insanın heç bir kompleksi qalmır. Mental dəyərlər dağıldıqca hansısa kompaniya reytinq yığır, gəlir əldə edir... Məncə bu başlanğıcdır.

Azərbaycanda telekanallar, radiokanallar artmaqdadır və onların arasında rəqabət də yaranır. Həm də tək paytaxt telekanalları deyil. Əgər nəzərə alsaq regionlardakı telekanallar da paytaxt telekanallarından örnək götürür.

Vay regionların halına...

Yazıçı Etimad Başkeçid:

Televiziyamız barədə ancaq tənbəllər danışmayıb, amma görünən odur ki, durğunluğun inersiyası hərəkətin inersiyasından daha güclüdür. Əslində burda durğunluqdan da söhbət getmir – telekanalların bəziləri əsl deqradasiya simvoluna çevrilib. Hərdən bu verilişləri hazırlayanların hansı məntiqə əsaslandıqlarını özüm üçün aydınlaşdırmağa çalışıram. Aydınlaşdıra bilmirəm. Bəlkə, bu böyük bir art-proektdir? Əgər belədirsə, onda problem yoxdur. İş o yerə çatıb ki, intellektual, istedadlı adamları verilişlərə çağıranda min bir bəhanəylə imtina edirlər. Çünki bu adamlar ağzının danışığını bilməyən, meydançada nə etdiyinin fərqində olmayan insanlarla bir arada olmaq, gülüş obyektnə çevrilmək istəmirlər. Sual olunur, televiziya kanalı kütləvi informasiya vasitəsidirsə, bəs jurnalistikanın funksiyaları hanı? Kriminal xəbərlər, əyləncə, izdivac səhnələri və laqqırtı. Bir vaxtlar bəyənmədiyimiz AzTV və İctimai kanal indi şükürlü olüb.

# 3170 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #