Azərbaycan dilindən imtina polemikası...

Azərbaycan dilindən imtina polemikası...
17 noyabr 2014
# 11:36

Cəlil Cavanşirin “Azərbaycan dilindən imtina edək” adlı köşəsini oxudum. Etiraf edək ki, yazar çox güncəl və ağrılı bir məsələyə toxunub. Həm statistika həm də özünəməxsus yanaşma tərzi ilə məsələni işıqlandırmağa çalışıb və bacarıb da. Müəllif haqlı olaraq qeyd edir ki, “Azərbaycan yazıçısı Biləcəridən o tərəfə adlaya bilmir” və bunun səbəbi kimi həmin müəllifin Azərbaycan dilində yazması qeyd edir. Düşünürəm ki, müəllif tam olmasa da demək olar ki, müəyyən məqamda haqlıdır. Mən də o fikirdəyəm ki, indi nəzm və ya nəsr yazmasından asılı olmayaraq yazarların əksər hissəsi məhz “Biləcərinin bu tərəf”i üçün yazır. Bunu iki başlı qavramaq da olar. Ya bu yazarlar ədəbiyyata gələndə yüz faiz bunu düşünürlər ki, “Biləcərdən o tərəf”ə gedə bilməyəcəklər, ya da “Biləcərinin bu tərəf”ində tanınmaq onlar üçün daha perspektivlidir...

Müəllif həmçinin haqlı olaraq çap olunan kitabların satılmamağından gileylənir və tənqidçilərin bu məsələyə yanaşmasını tənqid edir. Bilirik ki, “hər bir əsər məhz güclü bir tənqiddən sonra tanınır”. Cəlil Cavanşirin dediyi “tənqidçilərin əksəriyyəti ancaq sifarişlə və tanışlıqla yazır” fikrini əsas götürüb yuxarıda qeyd etdiyimiz sitatı incələsək hər şey aydın olacaq. Sifarişlə və tanışlıqla məşhurluq qazanan əsərin elə “Biləcərinin bu tərəfi”ndə qalmağı daha məsləhətlidir. Çünki həmin əsər sərhədləri aşıb bir az da irəliləsə o zaman Sabirin dediyi:

Əcnəbi seyrə balonlarla çıxır

Biz hələ avtomobil minməyiriz

- misrasını bir az daha müasir şəklə salınmış halda bizə oxutduracaqlar.

“Yerli yazıçıların kitablarının 1000-1500 tirajdan artıq satılmaması”nın səbəbini düşünürəm ki, bir az da öz psixologiyamızla əlaqələndirməliyik. Əgər xarici ölkələrin çoxunda kitablar milyon tirajlarla çap olunursa və tez bir müddətdə satılırsa demək ki, həmin cəmiyyətin psixologiyası onlarda kitaba maraq yaradır. Bizimsə psixologiyamız hələ göylərdədir.

O ki qaldı Azərbaycan dilində yazıb yazmamaq məsələsinə məncə Cəlil bəyin dediyi “Biləcəridən o tərəf”ə keçməyən yazıçılar üçün dilin heç bir fərqi yoxdur. Bunun üçün ilk növbədə psixologiyamız buna hazır olmalıdır. Həmin “yazar”lar rus və ya ingilis dilindən birində yazsalar da onlar üçün də Rusiyada və ya ABŞ-da da Biləcəriyə uyğun qəsəbə tapılacaq. Əsas məsələ odur ki, bizim həqiqətən də kitaba marağımız olub, dirilsə də hələ uzun zaman “canlı ölü” statusu daşıyacaq. Biz hələ özümüzü tanımırıq, dünyagörüşümüz zəifdi, psixologiyamızı inkişaf etdirməliyik. Bunun üçün ilk növbədə oxumaq, savadlanmaq, maariflənmək lazımdır.

[email protected]

# 555 dəfə oxunub

Oxşar xəbərlər

# # #