Bir sonatanın tarixçəsi

Bir sonatanın tarixçəsi
6 noyabr 2014
# 13:45

XX əsrdə mövcud olmuş totalitar rejimlərdə incəsənətin funksiyası haqda çox deyilib, çox bəhs edilib. Sakral ideya əsasında yaradılmış totalitar cəmiyyətdə istənilən incəsənət növü mütləq hakim ideologiyaya xidmət etməli idi. Burada hamımıza tanış olan “Ən vacib incəsənət növü” olan kino və ədəbiyyat, heykəltəraşlıq və memarlıq, ümumiyyətlə, təsviri incəsənət dominant rol oynayırdı.

Bəs incəsənətin ən abstrakt növü olan musiqi necə? Marşlar və himnlərdən kənar götürülsə, musiqi hansı funksiyalara malik idi və nə kimi ideoloji basqı altında inkişaf etməli idi?

Musiqi əsərlərinin də, sanki insanlar kimi öz bioqrafiyaları, həyatları olur. Bəzilərininki uğurlu, başqalarınınkı faciəli, bəzilərininki macəra dolu, digərlərininki məzar sükutlu... Lakin bir qayda heç bir halda pozulmur: heç bir bəstəkar və onun yaratdığı əsər həmin dövrün ictimai-tarixi-siyasi kontekstindən kənarda ola bilməz! Bu, özünü bu və ya digər şəkildə, müxtəlif təzahürlərdə mütləq göstərir.

Təxminən 40 il bundan öncə, 1977-ci ilin 7 martında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası – E.M.) Fərəc Qarayevin “İki ifaçı üçün Sonata” əsəri ilk dəfə ifa edildi. Bundan bir qədər sonra 32 yaşlı bəstəkar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə bir şikayət ərizəsi əsasında çağırıldı. O zaman Moskvaya, sovetlərin rəsmi ideoloqu, “boz kardinal” hesab edilən Mixail Suslova ünvanlanmış bu məktubda deyilirdi: “1977-ci ilin mart ayının 7-də, ADK-nın Böyük zalında burjua ideoloji diversiyası baş vermişdir”...

“Soyuq Müharibə” dövründə, sovetlərin siyasi palitrasında ən görkəmli fiqurlardan olan Mixail Suslov ictimai xadim kimi ideologiya sahəsində özünü hələ 1948-ci ilin “Kosmopolitizmlə mübarizə” kampaniyası zamanı göstərmişdi. Brejnyev erası zamanı (1966-1982) isə, Kommunist Partiyasında müstəsna səlahiyyətləri olan Suslov ideologiya, mədəniyyət, senzura və təhsil sferalarına nəzarət edirdi. Qatı mühafizəkar kimi Suslov, Xruşşovun "ilıq" dövründən sonra ziyalıların təqibinin başlıca təşəbbüskarı idi. Sovet dissident hərəkatının təqibi, Aleksandr Soljenitsının Sovet İttifaqı vətəndaşlığından xaric edilərək ölkədən çıxarılması, akademik Andrey Saxarovun uzun illər sürgünə göndərilməsi məhz onun adı ilə bağlı idi.

İndi isə Bakıya, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, üzərində Suslovun inzibati idarəsinin möhürü olan məktub gəlmişdi. Məktubun zərfində onun xətti ilə bənövşəyi mürəkkəbli diyircəkli qələmlə yazılmış «Разобраться, доложить!» (“Araşdırılıb hesabat verilsin!” – E.M) qeydi edilmişdi. O dövrü xatırlayanlar təsdiq edə bilər ki, bu, əsla yaxşı bir şey vəd etmirdi.

Fərəc Qarayev uzun illər sonra həyatının Bakı dövrünün bu hadisəsini belə nəql edirdi: “Bir gün səhər çağı telefon zəng çaldı. Dəstəyi qaldıranda uşaqlıq yoldaşım və sonralar faqot ifaçısı, o zaman isə artıq AKP MK-da ideoloji şöbədə təlimatçı vəzifəsində çalışan Alxaz Əliyevin səsini eşitcək çox-çox təəccübləndim. Onunla uşaqlığımız birgə keçmişdi, küçədə futbol oynamışdıq və s. İndi isə mənim Mərkəzi Komitəyə gəlməyimi istəyirdi. Səbəbini demədi. Təəccübüm daha da gücləndi.”

Doğrudan da heç bir zaman Kommunist Partiyasının üzvü olmayan bir insanın Mərkəzi Komitəyə çağırılması ən azından təəccüblü ola bilərdi. Görüş zamanı baş vermiş söhbət və nümayiş etdirilmiş məktub isə bəstəkarın təəccübünü başqa hisslərlə əvəz etdi.

“Alxaz məktubu mənə göstərib dedi ki, əslində bunu sənə deməyə ixtiyarım yox idi. Amma məsləhətləşmək gərəkdir. Buna mütləq cavab verilməli, “tədbir” görülməlidir. İndi nə edək, vəziyyətdən necə çıxa bilərik? Necə düşünürsən, kim bizə yardım edə bilər?”

Bu zaman Fərəc Qarayevin yadına o zaman Bəstəkarlar İttifaqının sədri, məşhur Tofiq Quliyev düşür. Tofiq Quliyev hələ 1969-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçilmişdi və mahnı bəstəkarı kimi ölkədə məşhur idi, yuxarı dairələrdə də onun nüfuzu kifayət qədər yüksək idi. Bu qarışıq məsələdə bəlkə o yardım edə bilərdi.

Mərkəzi Komitədən dərhal Tofiq Quliyevin iş yerinə telefon edilir. İttifaqda onun Bakıda olmadığı, Moskvada yaradıcılıq ezamiyyətində olduğu söylənilir, məsələnin çox ciddi olduğu deyilərkən kimsə eyham vurur ki, ozamankı SSRİ paytaxtının mərkəzində yerləşən “Bakı” restoranını da bir arasınlar, bəlkə də... Tofiq Quliyev doğrudan da “Bakı” restoranında ziyafətdə imiş, şən əhvali-ruhiyyədə olan sədr zəngə çox sevinir, Fərəcin də Moskvada olduğunu düşünüb onu da “Bakı”ya dəvət edir, lakin məsələnin nə yerdə olduğunu eşidcək bir qədər tutulur, sonra isə: “Narahat olma, mən Bakıya dönüm, nəsə fikirləşərik” – söyləyərək bəstəkara ürək-dirək verir.

Doğrudan da Tofiq Quliyev Bakıya dönər-dönməz, çox “qəliz” qələmi olan musiqişünaslardan birini – sənətşünaslıq namizədi Elmira Abbasovanı yanına çağırır, ondan bu sonata haqda Moskvaya yollamaq üçün bir araşdırma yazmasını xahiş edir.

Fərəc Qarayev sonralar bu araşdırma haqda belə danışırdı: “Musiqişünas dili ümumiyyətlə mürəkkəb olur, amma bu araşdırmanı nə qədər oxumağa cəhd etdimsə də, heç bir şey anlaya bilmədim. Orada nə yazıldığını başa düşmək qeyri-mümkün idi. Sonatanın ikinci hissəsinin sonunda maqnitafon lentinə yazılmış körpə uşağın ağlaması səsi istifadə edilmişdi. O barədə araşdırmada nədənsə “Böyük Vətən Müharibəsi” xatırlanır, faciələrdən danışılırdı. Əvvəl yazılmış cümlə, sonrakı ifadələrdə təkzib olunurdu. Baş çıxarmaq mümkün deyildi...”

Tofiq Quliyev bu araşdırmanı çox bəyənir, Bəstəkarlar İttifaqının Fərəc Qarayev haqda xarakteristikasını əlavə edib Moskvaya, Suslovun idarəsinə yollayır. Oradan cavab gəlmir və məsələ beləcə həll olunur.

Lakin bu hadisə istənilən halda əsərin taleyinə təsir edir. Meditativ xarakter daşıyan, yazılışı zamanı puantilistik, serial və aleatorik texnikadan istifadə edilmiş, dörd hissədən ibarət olan bu əsər pianoçular Cahangir Qarayev və Akif Abdullayev üçün qələmə alınmışdı. Əsər sonradan Moskvada, Leninqradda, Kiyevdə, Tiflisdə və Avropada səslənsə də, Bakıda bir də yalnız 25 il sonra, artıq müstəqillik dövründə, 2003-cü ildə “SoNoR Tellər” beynəlxalq müasir musiqi festivalında, pianoçular Samir Mirzəyev və Yuri Sayutkinin ifasında səslənir.

Durğunluq dövrü zamanı Azərbaycanın akademik musiqi həyatında ikinci belə hadisə 1986-cı ildə, Qara Qarayev adına keçirilmiş ilk müasir musiqi festivalı zamanı baş verdi.

Lakin bu, artıq tamam başqa bir yazının mövzusudur.

# 2427 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #