news-inner
clock16:00 calendar-gray 29 Oktyabr 2014 view-gray1559 dəfə oxunub
view-gray1559 dəfə oxunub

Gavalı

Kulis.az Sevda Sultanovanın “Gavalı” hekayəsini təqdim edir

Cümə günü, saat 17.55

İş gününün sonunda E. gavalı yeyə-yeyə içəri girdi. Sol əlində tutduğu, içində vur-tut bir gavalı olan kiçik sellofan torbanı mənə uzadıb dedi:

- Dadlıdır, yeyərsən.

Sellofandan gavalını çıxarıb baxdım, parlaq, qırmızı “dərisi” vardı. Təzə-tər idi, sanki qızlar bulağından yenicə su içmişdi. İştaham olmadığından çantama atdım ki, evdə yeyərəm.

Evə gələn kimi çantamı masaya tullayıb salona endim.

Şənbə, saat 11.02

Səhəri gün çantamdan nəsə götürəndə əlim girdə bir şeyə toxundu. Gavalı idi. Onu çıxarıb bilgisayarın yanına, göz qabağına qoydum ki, unutmayım. Bilgisayarı açdım, internet saytlarında qurdalandım, az sonra hiss elədim ki, acmışam. Aşağı düşüb özümə qəhvəaltı hazırladım: 5 dənə qara zeytunu, düyü unundan sıyığı, bir fincan çayı, kiçik nimçədə kəsmiyi, üzüm mürəbbəsini siniyə qoyub yuxarı qalxdım. Təzə oturmuşdum ki, gözüm gavalıya sataşdı. Qəhvəaltı, yoxsa gavalı? Beş dəqiqə düşünüb qərara gəldim ki, gavalını qəhvəaltıdan sonra yeyərəm.

Saat 14.00

Mədəm bu dəfə qəhvə istədi. Aşağı enib mətbəxdə tünd qəhvə düzəltdim. Qəhvəni masaya qoyanda gavalıyenə gözümə dəydi. “Qəhvə, yoxsa gavalı” sualı üzərində iki-üç dəqiqə tərəddüdlü, həyat əhəmiyyətli gəzişmələr elədim. Yox, qəhvədən indi vaz keçə bilmərəm, beynimin ayıq, gözlərimin yuxusuz olması lazımdır, gavalını 15 dəqiqə sonra yeyərəm.

Bu müddətdə Kim Ki Dukun izləmədiyim bir neçə filminə baxdım. Onun əhvalatlara gözlənilməz yozum verməsinə valehəm. Məsələn, “Pyeta”da İsa Məsihə ağlayan Məryəm heykəlinin motivlərinə sosial-ailə kontekstində yanaşıb. “Nəfəs”də ərinin xəyanətini öyrənən qadının acılarını ovutmaq üçün həbsxanada tanımadığı məhbusla sevgili olması orijinal yanaşmadır. Amma onun filmlərinin ümumi atmosferində məni itələyən, buna inanmamağa vadar edən nəsə xoşagəlməz bir şey var. “Pyeta”da anasına əzab verildiyini zənn edən oğlanın ağlaşmasında, ananın mifik fədakarlığında, “Nəfəs”də qadının keçmişinin romantik-sentim qatlarını töküb-töküşdürməsində, aktyor oyununda bayağılıq və əhvalatların intonasiyasındakı melodramatizmə ən bayağı şəkildə tabe olmaq var.

Amma məsələn, “Dalğaları yararkən” filmində Trierin melodrama enmə təhlükəsi olsa da, o, ustalıqla bundan qaçır. Özünün dediyi kimi, filmdə çoxunu baş qəhrəmanın qurbanverməsi, bütövlükdə isə nəticədə meydana gələn xristianlığın obrazı dəhşətə gətirmişdi: “Mən teologiyadan mühazirə deməyə yox, yalnız melodramı küncə sıxışdırmağa çalışmışam”. Kim Ki Duk isə ölçünü itirir və filmlərini ənənəvi hind kinosuna xas atmosferdən xilas edə bilmir.

Aramsız fikirlərdən yoruldum və dincəlmək üçün salona - serial izləməyə endim.

Bazar, 01.15

Axşam yatağa uzananda gördüm ki, gavalı masadan mağmın-mağmın mənə baxır. Bəlkə yeyim onu? Yaxınlaşıb götürdüm. Ora-burasını barmaqlarımın ucu ilə yüngülcə sıxdım (sanki qadın döşü sıxırdım), yox yumşalmamışdı, möhkəm idi. Çürüməyinə hələ vardı. Onu ağzıma aparmaq istəyirdim ki, dəhşət içində dayandım. Görəsən, E. bunu yuyub? Yumayıbsa, qəti yemək olmaz. Birdən hansısa mikrob olar! Ya da, məsələn, hepatit A virusu.

Xalq arasında “sarılıq” deyilən hepatit A yuyulmamış tərəvəzdən, meyvədən də keçir. Qaraciyərin funksional vəziyyətini pozacaq iltihabi proses yaradır. Bu xəstəliyin əlamətlərini - ürək bulanmasını, əzələlərimin ağrımasını, qaşınmağı təsəvvür edəndə ürpəşdim.

Gavalını yumaq, əllərimi və gavalını dəsmalla qurutmaq lazım olduğunu düşünəndə həvəsim öldü.

Yatağa uzanıb, gavalıya uzun-uzadı baxdım. Onu fikrimdən çıxarmaq üçün Milan Kunderanın “Varlığın dözülməz yüngüllyü” romanına qaldığım yerdən davam elədim.

03.41

“Tereza qapını açdı və dedi:

- Sən yalnız özünü düşünürsən, heç olmasa, indi onu nəzərə al. Yatmışdı, sən oyatdın. İndi yenə inildəməyə başlayacaq.”

Kunderadan nə əcəb, ondan belə serial tipli ifadə gözləmirdim. Səhifəni çevirib növbəti cümləni oxuyanda özümə gəldim:

“Tereza yaralamaq istəyən və necə yaralayacağını bilən bayağı qadın kimi özünü belə aparmaqla haqsız olduğunu bilirdi”.

Amma fikrim qırılmışdı, romana konsentrə ola bilmədim. Kitabı qatlayıb çarpayının altına itələdim. Fikrim yenə gavalının yanına qayıtdı. Yerimdə, sağa, sola çevrildim. Gözlərimi yuman kimi gavalını görürdüm. Birdən sabah da yadımdan çıxar, zay olar. Yataqdan qalxdım, gavalını bilgisayarın üstünə qoydum ki, səhər oyananda dərhal görüm. Çarpayıda oturub gavalıya baxdım. Bəlkə heç onu yeməyə dəyməz?! Yenə qalxdım, gavalını götürüb işığa tutdum, diqqətlə baxdım. Bu dəfə “dərisi” mənə çox süni göründü.

Yəqin, təbii yolla yetişdirilməyib. Süni bəslənən - junk fooddur (zibil və ya qeyri sağlam qida).

Junk food insan orqanizmi üçün mühüm vitaminləri vermir, immun sistemini zəiflədir. Bioloji keyfiyyətləri aşağıdır, dadsızdır.

Yox, bu gavalı doğrudan da plastik əməliyyat olunmuş qadın sifətinə oxşayır. Çox cansız, donuq görkəmi var. Eynilə sifətində heç bir ifadə, həyat nişanəsi olmayan, duyğusuz-hissiz Bianka Balti kimi. Gavalı Biankanın meyvə ekvivalenti idi.

Həddən artıq gözəl və ya yaraşıqlı olsa da, ifadəsiz, monoton üzlü, gözləri buz parçası kimi soyuq insanlardan ürəyim sıxılır. İnsanı gözəl, çəkici edən onun üzünə iz salan yaşantılarıdır, gözlərinin ətrafında nəsə ifadə edən narın naxışlardır. Məhz bu naxışlarına, hətta qırışlarına görə sevdiyim bir kişini xatırlayıram.

Sənsizlik gecə yuxudan ayılıb

sağ tərəfi boş görməkdi.

İşə gecikməkdi,

kirli köynəkdi,

darağın yerini itirməkdi,

evdən ac çıxmaqdı sənsizlik...

Ah! Gecənin bir aləmi bu nə kədərdir, ilahi? Tez kədəri qovmağa başladım.

Harda qalmışdım?

Bianka kimi boş üzlər ruha, həyata toxunmur, ondan yan keçir. Ona görə Con Kassavetes filmlərində həyatı insan üzlərində göstərirdi.

Yox, Biankaya oxşayan, onun kimi süni şəraitdə yetişdirilən bu gavalını sevmədim mən! Onda həyat işartısı, qırışlar yoxdur. Birdən yadıma düşdü ki, Əminə Ərdoğan bazardan həmişə Bianka kimi üz-gözü, vücudu hamar meyvələr yox, qurdlu meyvələr alır. Çünki qurdlar heç vaxt dərmanlı, süni yetişdirilmiş meyvələrə yaxın durmur.

Əsəbiləşib gavalını masanın altına atdım.

Üç gün sonra

Onu bir də gavalı mürəbbəsi ilə çay içəndə xatırladım. Tez qaçıb masanın altına baxdım. Gavalı yox idi. Həyəcanlandım, təlaş içində otağı ələk-vələk elədim. Səs-küyə anam gəldi. Dedi, gavalı çürüdüyü üçün, bu gün tezdən zibil qabına atıb.

Sinədolusu nəfəs alıbrahatlandım.

Oxşar xəbərlər

Xəbər lenti

Sən ey taclı eybəcər – Elza koronavirusa şeir yazdı
18:58 29 Mart 2020
Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020
Xalq şairi vəfat etdi
08:05 29 Mart 2020
Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
15:04 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020