Xəsisliyin yaratdığı xəstəliklər

Xəsisliyin yaratdığı xəstəliklər
10 oktyabr 2014
# 08:43

Aydın Cəfərov

Depressiya və kütləvi psixozdan danışacam. Mən əlbəttə ki, "diplomlu" psixoloq deyiləm və millətə dərs demək iddiasından da uzağam. Sadəcə bəzi müşahidələrimə bu an anladığım səviyyədə işıq tutmaq istədim.

Ölkə insanında bir dözümsüzlük, aqressiya müşahidə edirəm. Metroda, avtobusda, hava limanında, məktəbdə, idmanda, ucu-bucağı bilinməyən tıxaclarda, istirahətdə və hər yerdə. Hardandı bu neqativ və dağıdıcı enerji?

Tıxaclarda yaşı 50-dən yuxarı "kişilərin" sosium qaydaları və əxlaq normalarına tüpürərək çıxdıqları oyunlar heç bir məntiqə sığmır. İnsan insanın bu qədərmi düşməni ola bilər, ibtidai instinktlərin bu qədərmi köləsi olmaq olar?

Deyirlər insan yaşlaşdıqca müdrikləşir. Bu adamlar 50 yaş üzərində belə tərbiyəsizliklər edirlərsə, görün təkamüldən əvvəl 18-25 yaşlarında nə oyunlardan çıxıblar...

"Xaç atası" filmindən belə bir deyimi xatırlayıram: "Ruh əzab çəkəndə bədən qışqırır".


Gənc qız özünə qəsd üçün çoxmərtəbəli binanın çardağına çıxır, aşağıda toplaşan yüzlərlə "qana susamış" insan bunu telefonlarına çəkərək "tez ol at özünü, çıxıb gedək, işimiz-gücümüz var" deyir....Kütlə qurban istəyir... Mel Gibsonun inkləri, Kukulkan kimi. Harda dəfn elədi bu millət mərhəmət, şəfqət hissini...

Ağzı özü kimilərlə qeybətə qızışan "ananın" yiyəsiz qalmış uşağı yıxıldığında başı betona çırpılır. Onun bir müddət sonra başı parçalanan uşağının harayına çatdığında, körpəni ona yardım etmiş yad insanların əlindən alaraq qanına-yarasına baxmadan, acımadan döyməsi hansı məntiqə sığır (şahidi olmuşam)... Bu nə yersiz "tərbiyə və tənbeh" üsuludur, bu hadisədə tənbeh olunası yalnız bioloji valideyn adına iddia edə biləcək həmin qadının özü deyilmi?

Əgər narazılıq, nifrət və aqressiya ifadə edəcəksənsə, onları da alacaqsan. Hər kəs yaydığını da alır.

Məktəbə dərsə gedən uşağın "o bizim takımdan deyıl" çağrışıyla heç tanımadığı digər bir məktəbli qrup tərəfindən vurulub başının partladılmasınımı deyim? Lazım olmayan vaxt, lazım olmayan yerdən keçirmiş - yox, dərsə gedirmiş.

Nə imiş, nə olmuş hambalın suçu...
Yoldan təsadüfən keçən bir qoçu
Sınamaq istəmiş öz naqanını
Günahsız hambalın tökmüş qanını...

Allahdan danışıb Allaha inanmayanlar, debatlarda, mitinqlərdə qışqırsalar da heç bir əqidəyə sadiq olmayanlar, dövlətdə işləyib dövlətə qulluq etməyənlər, vicdanı ölü, keçilməz qırmızı xətləri, "olmaz"ları olmayanlar zümrəsi yetişir. Nə sevgi var, nə sayğı var, nə də hörmət. Nə qorxu var, nə öhdəlik, nə də xidmət...

Həyat yeganə qaydası sağ qalmaq olan qənimət və nüfuz savaşlarının getdiyi döyüş meydanıdır. Sağ qalmaq deyəndə söhbət fiziki mənada sağlıqdan gedir-kütləvi psixoz, daxili ölüm kimsənin umrunda belə deyil...Sonu bəlli olmayan bu davada ruh daim əzabdadır - demək bədən də qışqıracaq... Yeni-yeni klinikalar açılacaq, özündən qaçan insan da iranlı və türk plastik cərrahlarının bıçaqları altında qurtuluş axtaracaq....

Dayaq nöqtən - bilgi deyil, hissiyatındır. Bu hissiyatın ifadə olunması təcrübədir. Sən təcrübəsən, bilgi deyilsən...


90-cı illərdə (tələbəlik illərim) Bakıda ən çox rast gəlinən saatsaz və ayaqqabı təmiri köşkləri idi. Adamda belə bir təəssürat yaranırdı ki, bu ölkədə zaman dayanıb, ayaqqabılar da yolsuzluqdan cırılıb. İndi bunlardan əsər-əlamət qalmayıb. "Mediumlar"la məsləhətləşib, şadlıq saraylarında əməlli yeyib-içdikdən sonra özəl klinikalarda müalicə olunursan...

Cadugərlik, ektrasenslik, ezoterika tamam başqa mövzudu... Dərin depressiya illərində keçim çətinlikləri içində çarpışan Amerikada gerçəklik hissini itirən millət qurtuluşu cadugərlərdə axtarırdı. Bu kütləvi bir şəkil almışdı. Depressiya sovuşduğunda, bu tələbat da öz-özlüyündə yoxa çıxdı...

Müəllimi, biznesmeni, məmuru, ziyalısı, siyasətçisi cadugərlər tərəfindən zombiləşdirilən (üstəlik buna görə pul verən) millətin ruhu işğal altındadır... Bu xəstəlik, iqtidarsızlıqdı...

Biz oxumamaq, təhsil almamaq üçün pul verən nadir tapıntılarıq... Biz işdə oturub necə pul qazanmaq haqqında fikirləşən fərqli zümrəyik... Oxumaq istəməyənlər "oxuyur", işləmək istəməyənlər də "işləyir"....

"İki çeşit insan vardır,
Zaman keçdikce hatalariyla yüzleşen,
Zaman keçdikce yüzsüzleşen..."


Televiziyalarda aparıcının qonağına sual verib, sonra müsahibinə imkan vermədən isterik şəkildə durmadan çərənləməsi adamın xəstə ruh halından xəbər verir. Müzakirələrdə insanların bir-birinə qarşı ünsiyyət, davranış mədəniyyəti bir yana - nifrət, aqressiya və dözümsüzlüyü açıq-aşkardır.

Bədən dili və danışıq fərqli şeylər mesajlayır. "Necəsn?" deyə hal-əhval tutduğun hər kəs özü də fərqinə varmadan, şüuraltı səviyyədə "Şükür Allaha, hər şey yaxşıdır" deyə standart cavablar verir... Baxırsan, bədən, mimika, jestlər qışqırır... Bu adamdan belə səs çıxa bilməz axı... Hər şey "fake"...

Ekranlarda, küçədə, parkda, restoranda, tıxaclarda, ailədə, idarə və nazirliklərdə, hətta xəstəxanalar və psixoloqların özlərində də kliniki psixoz və depressiya əlamətləri uzaqdan görünür.

Ölüsünə dənizə baxan yerdə məzar yeri alan, tabutunun əl işləmələrinə milyonlar xərcləyən bir qövm gerçəklik hissini itirməyibmi?

Telefon alıb, zənglərə cavab vermədən onunla yalniz "facebook"a, "WhatsApp"a şəkil çəkən bir toplumun halı nə?


Verdiyi sözdən, razılaşmadan, əhddən heç bir əzab çəkmədən vaz keçən bir gənclik var... XX əsrin əvvəlində cahillik və savadsızlıq heç də indikindən çox deyildi...

Sağalmağa, qurtuluşa, maariflənməyə bir dirəniş var. Hər kəs öz halından məmundu... Xoşbəxt olmaq istəməyən birini kimsə xoşbəxt edə bilməz...

Həyata müsəlman doğulan millətin inanmadığı Allah da "istəyin ki, verim" deyir...

Qazanılmış uğursuzluq sindiromu, ümüdsizlik, süstlük, çarəsizlik, yoxa çıxmış özgüvən, dözümsüzlük, aqressiya - Bu kütləvi psixoz və depressiyadır. Bu neqativ millətin içini yeyir...

Nədir bu halımız?

İnsanın bütün xəstəlikləri xarakterinin pis xüsusiyyətləri - həyata düzgün olmayan münasibət və bununla bağlı yaranan neqativ hallardan qaynaqlanır. Başqa sözlə, istənilən xəstəlik öncə zehni səviyyəsində (xarakter və ruhi vəziyyət) yaranır, sonradan inkişaf səviyyəsinə görə orqanizmdə əlamətlərini büruzə verir. Bədən ruhun güzgüsüdür. Psixika və düşüncə səviyyəsində baş verən istənilən dəyişiklik mütləq bədəndə əks olunur...

İnsanın xarakteri güclü təsirlərə məruz qaldıqda, neqativ yüklənmələrə dözməyən bədəndə xəstəliklər baş qaldırır. Günümüzdə çox qarşılaşdığımız davranış tərzləri və onların yaratdığı xəstəliklərdən bəzilərinə diqqət yetirmək kifayətdir:

Tamahkarlıq – bulemiyaya səbəb olur, orqanizmdə kəskin proseslər, onkoloji xəstəliklərlə nəticələnir.

Antaqonizm (ədavət və düşmənçilik) – iltihabı proseslər, miqren və şəkərli diabetin səbəblərindəndir.

Apatiya– iştahın itirilməsi, atrofik qastrit, amenoreya, arteriyal təzyiqin aşağı düşməsi və şəkərli diabetə səbəb olur.

Aqressiya (təcavüzkarlıq)– arterial təzyiqin qalxmasına səbəb olur, ziyillər və xora xəstəliklərinin yaradır.

Bayağılıq və zövqsüzlük – həzm sisteminin pozulması səbəbidir, bulemiya ilə nəticələnə bilər.

Prinsipsizlik – bu xroniki infeksiyalar və xəstəliklərin səbəbidir.

Diqqətsizlik (dəlisovluq) – travmalar yaradır, bədbəxt hadisələr (avtomobil qəzaları) baş verir və epilepsiyalara gətirib çıxarır.

İnamsızlıq – orqanların disfunksiyası və aşağı arterial təzyiqin səbəblərindəndir.

Narahatlıq – ürək xəstəlikləri yaradır, yuxunun pozulması və dəri xəstəlikləri ilə nəticələnir.

Qəzəb – bu hepatitlərin, yuxusuzluğun, bulemiyanın, yüksək turşuluqlu qastritlərin və orqanizmdə kəskin proseslərin səbəbidir.

Kobudluq (ədəbsizlik, tərbiyəsizlik) – virus xəstəlikləri, hemoroy, xolesistit, eroziv qastritlər, bronxitlər yaradır, qalxanabənzər vəzinin funksiya artımına gətirib çıxarır.

Depressiya – sətəlcəm və vərəmə gətirib çıxara bilər (atalarımız "dərddən vərəmlədi" dedikdə bunu əxz edirmişlər).

Xəsislik – piylənmə, yuxusuzluq, xolesistit, xroniki xəstəliklər, hepatitlər və cizvə sizanaqlarına səbəb olur.

Qəddarlıq (zülmkarlıq) – astma, bronxitlər, onkoloji xəstəliklər, epilepsiya, göbələk xəstəlikləri, impotensiya, qastritlər, amenoreya, anemiya və müxtəlif travmaların səbəbidir.

Qorxu– bu sistit, iştahın itirilməsi, bulemiya, miqrenlər, yuxusuzluq, astma, hepatit, dəri xəstəliklərin səbəbkarıdır; qorxu həmçinin dölün (insanın!) itirilməsinə səbəb ola bilər...

Eqoizm – yüksək turşuluq, hemoroy, anginalar yaradır.

Emosionallıq (aşarı) – cinsi orqanların disfunksiyasına səbəb ola bilər, eləcə də qalxanabənzər vəzinin aktivliyinin artması və ya kişilərdə impotensiyaya zəmin yaradır.


Göründüyü kimi, xəstəliklərin psixoloji səbəbləri var. Dərdi dərmansız müalicə etmək üçün xarakterimizin xəstəliyi yaradan pis xüsusiyyətindən (zehniyyət və ruh halı) qurtulmalıyıq.

Depressiyadan danışaq

Depresiya zəiflik, süstlük, ümidsizlik halına yuvarlanmaqdır. Bu bir ağrı - çarəsizlikdir. Depressiya - ölümə sövq edən bir ruh halıdır. Depressiya itki nəticəsidir - insanı yaşamağa sövq edən, həyat enerjisi ilə təmin edən "var olma" hissinin itirilməsidir. Sonrası boşluq və ölümdür.

Əksər hallarda depressiya həyatımızda bizi qane etməyən nələrisə dəyişməyə imkan vermədiyimizdə baş verir - istədiyimiz şeyi götürmək və ya istəmədiyimiz şeylərə "yox" demək. Qısası içimizdəki istəklər gerçəkləşmir. Qəlbin kədəridir depressiya. Özünə eləmək istədiyin şeylərə icazə verdikdə, və ya canını sıxan şeylərdən uzaqlaşdıqda depressiya ötüb keçir. Təəssüf ki, cəmiyyətdəki stereotiplər məngənəsinin basqısı altında çox zaman istədiklərimizi etməyi özümüzə yasaqlayırıq . Elə yüklər var ki, onları daşımağa məcbursan, bu xoşuna gəlsə də, gəlməsə də..

Depressiya həyata sərt baxışlardan yaranır.

Məsələn, mən mütləq uğurlu insan olmalıyam - böyük biznes, yaxşı ailə, cəmiyyətdə hörmət, bankda böyük hesab, Mersedes, İspaniyada ev və s. Əgər bunlar əldə olunmursa, insan özünü uğursuz hesab edərək depressiyaya düşür. Onun ağlına belə gəlmir ki, onun ruhuna nə villalar nə də ki, "Bentley" lazımdı. O, bu həyata dünyanı kəşf etmək, günəşin doğuşu, yarpağın titrəyişi, dənizin ləpələri və sinə dolu yaşanacaq bir həyatdan zövq almaq üçün gəlib. Maddi qənimətlər ardınca siçovul kimi qaçmaqdan ötrü yox.

Depressiyanın səbəbi - özünü reallaşdırmanın qarşısının alınması və gərəkli daxili özünəinamın olmamasıdır. Eləcə də bilginin olmaması və təsadüfi sistemsiz informasiyaların hopdurulmasıdır.

Özünü reallaşdırmanın qarşısının alınması - dünya güclülərinin nəzarətində olan əsas məsələlərdəndir, bu yolla idarə etmək daha asandır.

Mühit, şərait və tərbiyənin də rolu danılmazdır.

Ən əsas səbəblərdən biri günümüzdəki qeyri stabillik və naməlumluq qorxusudur: işsizlik, inflyasiya, ərzaq və digər məsulların, təhsilin, kommunal xidmətlərin qiymətinin qalxması. İnsan bilmir ki, onu sabah nə gözləyir. Ailədəki gərgin münasibətlər və ya şəxsi həyat problemləri də depressiya səbəblərindəndir.

Naməlumluq qorxusu... İnsan bilmədiyi, dərk etmədiyi, nəzarətində olmayan şeylərdən qorxur. Bu qorxu insanın ruhuna sirayət edib onu içindən yeyir. Bu bir xəstəlikdir. Bu şərtlər daxilində hər kəs ona yoluxur. O ruhlara hakim kəsilib.

İşsizlik, pulsuzluq, bahalıq nəticədə insanları küncə sıxıb, psixoloji baxımdan möhkəm əzir. Həyata yeni atılan gənclərin oxumağa hara getmələri, harda işləməli və özlərini necə ifadə etmələri tam divara dirənir. Və bu məqamda gənclər arasında alkoqolizm, narkomaniya, cinayətkarlıq, həmçinin də intiharların artmasını müşahidə etməli oluruq.

İnsanlar öz gələcəklərini aydın görə bilmirlər, daha doğrusu istədikləri kimi görə bilmirlər. Tam məyusluq və ümidsizlik birbaşa olaraq düşüncə tərzi və emosiyalarda əks olunur (özünü büruzə verir). Fikirlərsə maddiləşir. Təəssüflər olsun ki, əksəriyyətimiz heç də yaxşı şeylər haqda düşünmürük (ümumiyyətlə düşünə bilməyənlərdən danışmıram).

Ölüm və qan qoxan repressiya illərində taleyindən əndişəli şair (1935) "Könül intizarda, göz yol üstədi" kimi ifadə edib iç yaşantılarını. O, haqlı olaraq bu iztirablar simptomunda "Bakının dərdi var, Bakı xəstədi" diaqnozunu da verə bilib. İndi bu xəstəlik Bakı sərhədlərini aşaraq milliləşməkdədir....

Necə bilirsiz, qəlbində nifaq (qəlbi xarabalıq) olan birisi psixi baxımdan sağlam ola bilərmi? Əlbəttə ola bilər - əgər o, "ruhu" olduğundan bixəbərdirsə...


Vücud və psixika xəstəlikləri - cəmiyyət, bədən və daxili aləmlə harmoniyanın pozulma nəticələridir.

Dilimizdə depressiya həm də "əzginlik" kimi ifadə olunur. Geriyə qalanı, hər kəs özü özündə nəyi əzdiyini axtarıb tapmalıdır. Qurtuluş bundadır.

Oyanmaq istəyi

Kənar təsirlər insanı oluşmuş depressiyadan nadir hallarda çıxara bilər, olsa-olsa qısa müddətə. Daxili müqavimət, dirəniş, oyanış lazımdır. Klinik depressiya kompleks müalicə aparılmadıqda suisid təhlükəsi və əlilliklə (bir qayda olaraq) nəticələnə bilər .

Problem dərk olunmadan müalicə aparıldıqda, nəticə narahatedici simptomların aradan qaldırılması olacaq ki, bundan sonra da qürurla pasientin boynuna "sağlamdır" tablosunu asmaq olar. Amma problemlər bununla ötüb keçməyəcək, əksinə, altşüurda daha dərinlərdə kök salacaq...

Sizə qızımın öz otağında necə səliqə-sahman yaratmasından danışmaq istəyirəm. O, bütün oyuncaqlarını şkafa və... amma şkaf və siyirmələri açmayasan da.. bu səliqə-sahman çox da uzun çəkmir.... şkafsız da olmur axı...

Maraqlıdı ki, kənd yerində (təbiət, təmiz hava) yerində yaşayanlar arasında depressiyaya düçar olanların sayı qismən azdır. İnsanlar səhərdən axşamadək ağır fiziki işlə məşğuldur, işsizlik, inflyasiya, bahalaşma haqqında düşünməyə vaxtları belə yoxdur (davamlı məşğuldurlar). Pis və ya yaxşı özlərini dolandırmaq gücündədirlər.

Kəndə gedəndə, atama kömək etmək məcburiyyətindən bəzən mən də işləməli oluram. Çox yorulsam da, görülən işin nəticəsindən olmazın zövq alıram. Nəticə varsa neqativ yoxdur!
Təbii ki, hər kəs kəndə gedib əlinə bel ala bilməz .. Əlbəttə ki, yox. Bu bir haşiyə idi.

Öz yerində olunca...

Təyinatınızı müəyyənləşdirin - bu həyata nə üçün gəlmişik, Allah bizi niyə yaradıb. Özlüyünüzdə bu sualları cavablandırın: ən çox nə etməyi xoşlayırsınız (saatlarla internetdə eşələnməkdən savayı)? Güclü tərəfiniz nədir? Nəyi siz davamlı və hətta pulsuz etsəz də bundan zövq alardınız? Nədi sizi ehtiraslandıran, şövqləndirən (sevdiyiniz məşğuliyyət nədir)? Həyat təyinatınız nədir?

Özünüzə və şüuraltı dünyanıza bu sualları mümkün qədər tez-tez verin. Cavab mütləq gələcək. Faydalı bir işlə məşğul olun.

Qoy iş bizi seçməsin, işimizi biz seçək! Özünüzü əzməyin...

Diqqətli olun, sözün hər mənasında hər şey dGENən görünür!

# 1387 dəfə oxunub

Oxşar xəbərlər

# # #