“Gənc yazıçılara bir milyon dollar verərdim” - OXUCU

“Gənc yazıçılara bir milyon dollar verərdim” - <span style="color:red;">OXUCU
1 oktyabr 2014
# 10:47

Kulis.az “Oxucu” layihəsini davam etdirir. Layihədə ədəbiyyatla bağlı suallarımızı oxucular cavablandırır.

Digər yazılar:

"6 yaşımdan bu yana əlimə nə keçibsə oxumuşam"

“Ədəbi mühit cin bazarına oxşayır”

“Kitab insanı dəyişə bilməz”

- Əvvəl özünüzü təqdim edin lütfən.

- Çingiz Əliyev. Riyaziyyat ixtisası üzrə ali təhsilim var. Bir neçə il müəllim işləmişəm, indi isə özəl sektorda çalışıram. 37 yaşım var.

- Mütaliəyə münasibətiniz... Uşaqlıqda, orta məktəbdə və sonralar...

- Mütaliəyə münasibətim çox yaxşıdır. Məncə, bəşəriyyəti gözəllik yox, kitab xilas edəcək. Amma öz mütaliəmdən o qədər də razı deyiləm. Uşaq vaxtı və orta məktəbdə mütaliəm pis olmayıb. Hətta, yaxşı sayıla bilər. Sonralarsa, bir müddət kitablardan aralı düşmüşəm. Qəribə də olsa, bu universitetdə oxuyan vaxtlara təsadüf edib. Düz eləməmişəm ...

- Kimləri oxumusunuz?

- Mən səmimi adamam. Məsələn, “Səfillər”i oxumamışam. Yəni, tam oxumamışam. “Çovdarlıqda uçurumdan qoruyan”ı isə, oxusam da, xoşuma gəlməyib. Məncə bizdə, hər şeydə olduğu kimi bu sahədə də qeyri-səmimilik var. Bir-iki ağıllı saydığın adam hansısa əsəri tərifləyirsə, çoxluq da başlayır eyni şeyi eləməyə. “Çovdarlıqda uçurumdan qoruyan”da dediyim məsələ xeyli aktualdır. Əsəri tərifləyənlərin 80 faizi, oxusa da başa düşməyib, amma filankəslər tərifləyir deyə, deyirlər ki, əla əsərdi.

Klassiklərdən də, indikilərdən də əsas üzdə olan, tanınan əsərləri oxumuşam. Ya da oxumağa çalışmışam, ən azından... Ad çəkmirəm ki, reklam olmasın (gülür).

- Sizə ən çox hansı kitablar təsir edib?

- İlk növbədə Çingiz Aytmatovun əsərlərinin adını çəkə bilərəm - “Gün var əsrə bərabər“ da, “Dəniz kənarıyla qaçan alabaş” da təsirli gəlib mənə. Mark Tvenin “Şahzadə və Dilənçi”si çox ciddi iz buraxıb yaddaşımda. Orxan Pamukda “Mənim adım qırmızı” təsirlidir, Artur Heylinin “Aeroport” romanının uzun müddət təsirində qalmışam. Ümumiləşdirsək, mən o qədər çox oxumuram ki, seçim edə bilim. Adətən ən yaxşı sayılanları oxuduğum üçün, oxuduqlarımın böyük hissəsi təsir edib. Azərbaycan ədəbiyyatına gəldikdə isə, məsələn daha gənc vaxtlarımda oxuduğum , Çingiz Ələkbərzadənin “Dünyanın qopduğu yer” romanı yaddaşımda daha çox qalıb. Cəlil Məmmədquluzadənin əsərləri yaxşı mənada, əməllicə təsir edib... Bu siyahını xeyli uzatmaq olar.

- Ədəbi mühitimizi necə xarakterizə edərdiniz? Qalmaqallara, açıq-saçıqlıqlara münasibətiniz necədir?

- Ədəbi mühit, bütünlükdə ədəbiyyatımız indi özünün “Facebook” və saytlar dövrünü yaşayır. Mənə elə gəlir ki, bizdə ciddi şəkildə ədəbiyyatla məşğul olan, istedadı və mütaliəsi yerində olan çox az adam var. Onlar da ən yaxşı halda, hansısa saytda köşə yazırlar. Lap uzağı hekayə yazıb tələsik çap elətdirir, qonorar almağa çalışırlar. Beləcə, romanlar hekayələrdə, hekayələrsə, köşə yazılarında “intihar edir”. Bunlar təbii ki, istedadlı yazıçılara aiddir. Qaldı o birilərə... Onlar heç də, Allah göstərməsin... Amma göstərir... Bir xeyli adam yığışıb Bakıya. Yazırlar, çap elətdirirlər, təqdimat keçirirlər, imza günü-filan. Hələ təqdimatdan sonra, restorana yığışıb qonaqlıq da edirlər. Çıxış edib, deyirlər ki, Azərbaycan ədəbiyyatına dəyər qatdıq. Bir sözlə, kef edirlər (gülür).

Qalmaqala gəldikdə isə, bu baxır kim edir, niyə edir. Qalmaqal qədim sənətdir. Həmişə olub, olacaq da. Amma biri var, qalmaqal özü də ədəbiyyata xidmət edə, nəsə qazandıra, biri də var, məsələn, müdirin xətrinə kimisə qaralayasan. Bizimkilərə bəzi şeylər tərs çatıb. Eşidiblər ki, filan klassiklər “vuran” olub. Deyirlər, bəlkə çox içsən, sən də yaxşı yazıçı ola bilərsən. Dostoyevski qumarbaz olub deyə, gecə səhərəcən qumar oynamalıyam! Ədəbi yenilikçi olduğunu öz geyimi ilə təsdiqləmək istəyənlərimiz daha çoxdur. Bir rus rəssamı Tolstoyu balıq tutduğu yerdə, şalvarsız rəsm edib deyə, neçə yüz ildi qırğın gedir. Amma bizimkilər elə bilir, azadlıq kişinin şortik geyməyidi...

Qaldı açıq-saçıqlıq, bu da hər şey kimi normasında olsa , başa düşüləndi. Məsələn, Mövlud “Qara bayram” hekayəsində bir söz işlətmişdi, yerində işlətmişdi. O yerdə başqa söz ola bilməzdi. Amma dostum Şəhriyar del Gerani kitabın üz qabığına erotik şəkil vurub “18+” işarəsi qoydurub, Cəlil Cavanşir kitabının adına “Arvad kalqotqası”na oxşar bir söz qoyub nəticə əldə etmək istəyir. Bunlar fərqli şeylərdi axı. Demirikmi, “ədəbiyyat həyatın inikasıdır”. Yaxşı da, həyatda açıq-saçıqlıq nə qədər varsa, ədəbiyyatda da olsun. Amma, açıq-saçıqlıq ədəbiyyata xidmət eləməlidir, ədəbiyyat açıq-saçıqlığa yox.

Yadıma düşmüşkən, Cəlilin bir balaca kitabını almışdım, özünə dedim, filan kitabını almışam, oxuyacam. Cavab verdi ki, abi, oxuma, o kitabı yaxşı yaza bilməmişəm... Belə baxanda, səmimi cavabdı, amma digər tərəfdən, adam qalır belə. Yaxşı, onda mən Cəlilin indi yazdıqlarını niyə oxuyum? Bir neçə il sonra, bunlardan da imtina edə bilər. Həm də indilərdə imtina etmək dəbdədir. Hətta bütün yaradıcılığından imtina edənlər var, nəyinsə xətrinə.

- Ədəbiyyatçıların çoxu ilə dostsunuz. Maraqlıdırlar ona görə?

- Mənim ədəbiyyatçı dostlarım var və bu mənimçün fəxrdir. Amma siz deyən qədər də çox deyil. Siz onların hamısını ədəbiyyatçı sayırsız yəqin. Bir az maraqlıdırlar, dostumdurlar, amma hələ ki, ədəbiyyatçı deyillər.

- Son romanlardan nə oxumusunuz?

- Gücüm çatan qədər oxuyuram yeniləri. Şəbnəm Karslının “2087-ci il”ini oxuyanda, təəssüratımı yazıb özünə göndərmişdim. Şərif Ağayarın “Haramı”sı xoşuma gəlib. Ümumiyyətlə, kişi bu işin bilənidir. Başqa oxuduqlarım da var, sadalamağa ehtiyac yoxdur yəqin ki...

- Hansı saytları izləyirsiniz? Xoşunuza gələn və gəlməyən nədir?

- Xəbər saytlarını da, ədəbiyyat saytlarını da imkan daxilində izləyirəm. Xoşuma gəlməyən şeylər çoxdur, nəsə məni ciddi narahat edirsə, mövqeyimi bildirirəm.

- Kitabxananız varmı?

- Yoxdur, amma kitablarım bir xeyli var. Kitabxana yaratmaq imkanım yoxdur deyə, ən vacib kitabları evdə saxlayıram.

- Axırıncı dəfə nə vaxt kitab almısınız? Kitaba ən çox nə qədər pul vermisiniz?

- Kitabı çox vaxt yaxın bir dostuma (həm də iş yoldaşımdı) aldırıram, nahar fasiləsindəki gəzintilərimizdə. Özüm də dostlarıma kitab almağı, kitab hədiyyə etməyi xoşlayıram. Özümə son aldığım kitab Xalid Hüseyninin “Və dağlardan səda gəldi” kitabı olub. Bir dəfəyə, bir neçə kitab almaq şərti ilə 30-40 manata qədər xərclədiyim olub.

- Sizcə ədəbiyyatımız niyə dünyaya çıxa bilmir.

- Bizim ədəbiyyatın dünyaya çıxış yolunu bağlayıblar. Çox güman ki, cadu ediblər. Kim edibsə, Allah cəzasını versin (gülür). Məncə dünyaya çıxmağın çox fikrini eləmək lazım deyil, elə özümüz səviyyəsində yaxşı ədəbiyyat yaransın, ona da şükür edərik.

- Bizdə Nobelə layiq bildiyiniz yazar kimdir?

- Məndən olsa, bu cavanların hamısına Nobelin pul mükafatı hissəsini paylamaq lazımdı. Kasıb uşaqdırlar, özü də haqq edirlər e, o pulu. Məsələn, Kəramət Böyükçölün pulu olsa, niyə qabağına çıxan hər kəslə “ədəbiyyat söhbəti” eləsin ki? Ayxan Ayvaz, Şəhriyar del Gerani, Cəlil Cavanşir və başqaları ədəbiyyat üçün çalışsalar biz daha çox qazanarıq.

O ki qaldı, ciddi Nobelə layiq bildiyim bir yazar... mənim beynimdə belə bir adam yoxdur. Heç kim inciməz yəqin. Məncə haqlıyam.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #