“Hamilə qadını satmıram”-MÜSAHİBƏ

“Hamilə qadını satmıram”-<span style="color:red;">MÜSAHİBƏ
18 sentyabr 2014
# 14:23

Kulis.az rəssam, heykəltaraş Ramal Kazımovla müsahibəni təqdim edir.

- Ramal bəy, təqdim etdiyiniz şərti desək, əzab çəkən insan obrazları nədən qaynaqlanıb?

- Hamı deyir ki, burada ağrı var. Hətta deyirlər ki, pessimizm var. Baxın, ən təzə işim “Ağ divar” adlanır. O tabloda kömək var. Bəlkə divarın o biri pisdir və bu biri tərəfdəki onu qorumaq üçün əlini uzadıb?

- Amma şəkillərdə ağrı, əzab, aqressiya aşkar görünür axı?

- Aqressiya etirazdı, pis bir şeydən çıxmaq istəyidir, üsyandı. Çəkdiklərim adi yaşantıdır, mən fəlsəfə danışmıram. Əlbəttə, yaşantılarını tökürsən əsərə. Uğurludur, uğurlu deyil, o sonranın məsələsidir. Kimisə öldürürlər, ya haqsızlıq görürsən, içəridən etirazın olur, o da sənin işlərinə yansıyır. Və ya tənha bir insan görürəm. Məsələn, belə bir əsərim var - "Tənha insan" - amma mən yenə də onu cılız göstərmirəm, güclü əlləri, güclü vücudu var, o, tənhalıqdan çıxa da bilər …

- Bayaq dediniz ki, insanların sizin çəkdiklərinizə münasibəti aqressivdir. Adamların sənət əsərinə fobiyası niyə olsun ki?

- Fobiya yox, bəlkə geniş kütlənin sənətə etinasızlığındandır. Axı biz kitab oxuyan millət deyilik. Ömründə kitab oxumayan bir insan çətin ki, sənətdən nəsə anlasın. Yəni, bir var mənim etdiyim işi Londonda təqdim edim, bir də var Gəncədə. İndi burdan bir məntiq çıxır ki, Gəncədəkilər ağıllıdılar, Londondakılar axmaq? Yox. Biz bilmirik. Kütlə başa düşmürsə, nə edə bilərik? Düzdür, elə rəssamlar da var, onlara elə gəlir dahidirlər- ağıllarına gələni edib deyirlər ki, heç kim onları başa düşmür. Bu, başqa məsələdir…

- Sizin tamaşaçıdan istədiyiniz, gözlədiyiniz nədir axı?

- Mənim istədiyim bilirsiniz nədir? Keçən dəfə bir heykəl edirəm, iki nəfər əlində bel qaça-qaça gəlib heç əməlli baxmadan qışqırır: “Bu nədi? Bu nədi belə düzəltmisən axı? Nəyə oxşayır bu?” Deyirəm ki, ay zalımın nəvəsi, hələ bir gəl çat, salam vermə, heç lazım deyil, bax, bəlkə nəsə başa düşdün? Başa düşmədin də, düşmə…

Bizim tamaşaçının münasibəti belə aqressivdir. Dostoyevskini bir adama 15 dəqiqəyə anlatmaq olarmı? Rəssamlıq da elədi də. O da kitab kimi yazılıb. Ruslar rəssamlığa “jivopis” deyirlər, yəni, canlı yazı. Amma bir məsələ var ki, rəsmdə oxumaq sərbəstdir, sən nə hiss alırsansa al. Sonuncu dəfə əlifba kitabı oxuyan adamlar bundan nə anlayacaqlar?

- Bunlar təəccüblü deyil axı, yəni sənətşünaslar belə desə, hə, amma…

- Heç mənə də təəccüblü gəlmədi. Amma bilirsiniz, nəyə təəssüflənirəm: Publik-Art oldu Bakıda. Bütün dünyada olur belə publik-artlar. Bu, cəmiyyətə birbaşa çıxış deməkdir. Biri gəlib deyinir ki, bunu niyə bura qoyublar ki? Yaxud, sərgilər var. Sovet vaxtının əvvəlki sərgilərindən deyil ki, nə gəldi assınlar divardan, qırmızı lenti kəsib insanları buraxsınlar ki, keçin baxın. Yox, indi tamam başqa formatdı, fərqli konsepsiya var. Amma baxırsan ki, gələn eyni adamlardı. Mən indiyə qədər müasir incəsənət muzeyinin harda olduğunu bilən taksi sürücüsünə rast gəlməmişəm…

- Yaradıcı adam kimi rəssamın işləmək üçün hansı imkanları və ya məhdudiyyətləri var?

- Mənimlə qonşu otaqda əfqan rəssamı qalır, işləyir. O, Əfqanıstanda qalıb işləyə bilərmi? Yox. Yaxşı rəssamları var, çünki onların yaxşı yaşantıları var. Amma hamısı Avropaya səpələniblər. Bizdə də SSRİ dağılandan sonra Azərbaycan rəssamları hərəsi bir yerə səpələndi; aclıq, susuzluq… “Yarat!” kimi bir qurum yaradılıb, nə qədər rəssama işləmək üçün şərait yaradılıb. Bu emalatxanaya təzəcə köçmüşük və bizə belə bir şərait yaradıblar.

- Çəkdiklərinizdə rakursla vurğulanan o insanın cinsəlliyidir...

- Cinsəllik deyəndə, onun çılpaq olduğunumu deyirsiniz?

- Yox, məsələn, bir neçə işiniz var…

- (gülür) Ekspressionist işlər hisslərin çılpaqlığı deməkdir. Bəzən camaat inciməsin deyə, mən yalan danışıram. Danışdığım yalanın məntiqsizliyinə baxın: çəkdiyim işlərdən bəzilərində cinsi orqanını göstərmirəm. Baxıb düşünürlər ki, necə ola bilər, bəs bu insan necə çoxalır? “Kişi ehtirası" adlı əsərim var. Tutalım bir insandır, ehtiras yaşayır, amma onun ehtirası ödənilmir. Bəlkə lap başına da vurub bu ehtiras, azğınlaşıb... Axı bu insanın anatomiyasında da var. Əxlaq hər millətdə bir cürdür, amma ehtiras hər yerdə ehtirasdır... Bəzən mənim özümə çevirirlər bu söhbəti - guya mən yaşadığımı yansıtmışam, amma mənim elə bir problemim yoxdur. O dediyim əsəri sərgiyə çıxarmamışam. Bir dəfə fərdi sərgidə istəmişdim, sonra imtina etdim. Münasibəti bilirəm. Mentalitetdən yapışıb gülünc-gülünc şeylər yazacaqlar, deyəcəklər əxlaqsızlığı təbliğ edirəm. Bizdə art-erotikanı bilən yoxdur. Biz belə işləri bir nəsil sonra üçün işləməyə məcburuq.

- Yəni bir əsərə bu qədər radikal münasibət olur?

- Ən azından yanından keçəndə utanıb baxmayacaqlar. Sanki belə şey bunlarda yoxdur. Kurbe adında rəssam var, realizm cərəyanının banisidir. O zamanadək qadın bədəni ideal göstərilirdi, amma Kurbe qadınları öz dövründəki kimi çəkirdi. Hələ onda Fransada insanlar mühafizəkar idilər. Onun əsərlərini asmırdılar, deyirdilər ki, rəssam gözəllik yaratmalıdır. Kurbenin bir əsəri var idi: qadının cinsi orqanını təsvir etmişdi, əlbəttə estetik bir formada. İndi o ən məşhur sərgi salonundan asılıb.

- Ramal, ümumiyyətlə, gözəllik anlayışı nədir sizin üçün?

- Səthi gözəllik anlayışını qəbul etmirəm. Pino deyilən bir rəssam var, bütün dünya onu xaltura edən rəssam kimi tanıyır. Gözəl qızlar çəkir dənizin fonunda, nə bilim, vazadan su tökülür, işıqları da qəşəng işləyir. Belə şeylər işləyir. Mən bilirəm ki, bunlar çox səthidir. Amma Klod Mane, Pyer Banar səthi gözəllik deyil axı, dərin gözəllikdir. Rəsm əsərində dərin hissiyyat, yaşantı olmalıdır.

- Əsərlərin tirajlanması, brendləşmək nədir rəssam üçün?

- Tirajlanmaq əlbəttə yaxşıdır, ən tüfeyli rəssam da işinin dəyərləndirilməsini istəyir. Adada yaşamıram ki, tablonu tutuquşulara göstərim. Ən azından işinin dəyərləndirildiyini bilmək yaxşıdır. Bəlkə baxandan sonra insanlar xoş hisslər keçirəcəklər, ya baxıb təsirlənəcək, dəyişəcəklər. Amma daha bu şəkildə yox ki, desinlər: “Hə, bu rəssam yaxşıdır, bunun əsərini tərifləyirlər bir sifariş edək bir tır gəlsin o əsərdən...”.

Brendləşmək deyərkən, Demien Xerst adında rəssam var, incəsənətin içində olan, düşünən adamlar onu brend ediblər. O dərəcədə ki, o, Avstraliyadan akula sifariş edir, gətirirlər, yarır, onu çərçivəyə salıb əsər kimi təqdim edir. Onun işləri böyük pullar deməkdir, ağlagəlməz pullar... Vaxtilə tüfeyli həyat keçirib, pis rəssam da olmayıb, amma ona deməyiblər ki, səndən adam olmaz. Deyiblər səndən rəssam olmalıdır, bu qədər pullar tökülüb. Beləcə onu brendə çeviriblər. Məşhur işi var-kəlləni brilyantlarla bəzəyib. Kimə işinə görəm brilyant gətirərlər? Onun üçün ediblər... Amma mən mahiyyətinə varmadan brendə çevirməyin əleyhinəyəm.

- Bu əsərlərinizi alan olurmu?

- Təəccüblüsü də odur ki, bu əsərlər satılır.

- Ən bahalısı təxminən neçəyə satılıb?

- Təxminən 5 min manata. Gənc rəssam üçün yaxşıdır.

- Alıcılar kimdir?

- Mən işimi evin divarından asmaq üçün çəkmirəm. Kim bunları alıb evinin divarından asar? Bunu ya qalereya üçün, ya da kolleksiya üçün alırlar. Mark Rosko bunu istəyirdi. Qorxurdu ki, onun işləri oteli bəzəyər. Belə bir şey olmuşdu da. O bir otellə müqavilə bağlamışdı, neçə milyonasa əsərini satmışdı. Amma o bir dəfə o oteldə yemək yeyəndən sonra puldan imtina etdi. Dedi ki, mən bu cür bahalı yeməklər yeyən insanların içindəki boşluğu doldura bilmərəm öz rəsmlərimlə. Rosko sonda bir rəssama lazım olan hər şeyi əldə etdi, amma intihar əl atdı. O da belə insan idi, demirəm ki hamı belə etməlidir. Onun belə qorxusu var idi- mənim belə qorxum yoxdur...

- Belə bölgünüz varmı: sırf sənət üçün çəkdikləriniz, bir də satılmaq üçün çəkdikləriniz...

- Əlbəttə. Mən belə şeylərdən utanmıram. 2009-cu ildə hərbi xidmətdən qayıdıb gəldim, işləmək istəyirdim. Rəssamlıq etmək üçün bir perspektiv yox idi. Rəsm ləvazimatları baha idi. Şikayətlənməkdən xoşuma gəlmir. Ləvazimat yoxdur, rəssam olma. Pul qazanmaq istəyirsən, get qazan. Mən də getdim iş axtardım- otellerdə interyer işləri gördüm. Hətta fəhlə işindən seçilməyən işlərlə məşğul oldum. Aldığım pulları rəsm işinə saxladım. Qalan heç nəyə pul saxlamadım. Bütün gücümü işləməyə sərf etdim. Bu gün pul qazanmaya da bilərəm, çünki işləmək üçün şəraitim var. İndi mənim cəmiyyətin tör-töküntü zövqünə işləməyə ehtiyacım yoxdur. Rəssam kimi “Yarat!” tərəfindən dəstəklənirəm. Bir iş işləmək istəyəndə mənə güvənirlər, şərait yaradırlar - mən də edirəm. Ən əsası da odur ki, mənə şəraiti yaradanda demirlər ki, sənin edəcəyin iş satılmalıdır. Satılar çox gözəl. Satılmaz eybi yox.

- Bəs əsərlərinizi alanlar nə fikirlə alırlar?

- Bəzən tam başa düşməsələr də düşünürlər ki, bu qədər dəyər verirlərsə yəqin yaxşı bir şeydir.

- Ya da düşünürlər ki, bəlkə gələcəkdə çox məşhur rəssam oldu...

- Hə. Türkiyədə də, Avropada da belə şey var. Bir rəssamda azacıq işartı görürlərsə, onun işlərini alırlar ki, yaxınlarda intihar etməsə, başı yerindən oynamasa əsərləri məşhur ola bilər, ya da ölərsə lap məşhur olar...

- İşləməyə sizi nə ruhlandırır?

- Ümumi yaşantım. Mənim həyatımın faciəli bir məqamı olub. O zaman çəkdiyim işlər çox fərqlidir. O dörd ayda çəkdiklərim çox fərqlidi.

…Bir hamilə qadın əsərim var. Hamı onu almaq istəyir, hamı deyir nə gözəldir, mən də satmıram onu. O zaman necə olmuşamsa elə bir əsər çəkmişəm, indi ondan çəkə bilmərəm, artıq o vəziyyətdə deyiləm.

Bir də hər şey şüuraltından qaynaqlanır, istəməsəm belə belədir.

- Heykəllərinizin materialı nədəndir?

- Poliestr.

- Ucuz olduğu üçün bundan istifadə edirsiniz, yoxsa işin bədii tələbi budur?

- Polietilen baha deyil. Normalda gildən etməli qəlibləyib, materiala tökməlisən. Bürüncə ya nəyə. Elə işlər var ki, onlar bürünc olmalıdır. Amma bu işlərdə bahalı materialla işləmək lazım deyil. Bürüncə töksəm, rəngləsəm necə olacaq?

- Orta ölçülü bir rəsm əsəri maliyyə baxımdan neçəyə başa gəlir?

- Bu kətanları özüm düzəldirəm. Hazır alsam mənə iki yüz manata başa gəlir. Kətan alıb özüm qruntlayıram.

- Bəs heykəllər?

- Heykəllər çox bahalıdı, mən durub öz gücümə heykəl düzəldə bilmərəm. Biri ən azı 7 min manata başa gəlir. O pulu mənə “Yarat!” verir. Sifariş etmir, sadəcə pulu verir deyir ki, get yarat. Mən əminəm, iddia edirəm ki, bunlar sənət əsəridir. Yekəxanalıq çıxsa da deyirəm. Canımı qoyub "Əriyən insanlar" adlı kompozisiya etmişəm. Satılsa müəyyən faizini "Yarat!"a verəcəyik, qalanı məndə qalacaq. Yəni, bundan həm pul qazana bilərəm, həm də sənət əsəri işləyirəm. Bu lüksü haqq eləmişəm mən. Başqaları xaltura edəndə, sənət haqda düşünmüşəm. Bilirsiniz, əslində bizdə ən yaxşı pul qazananlar heykəltəraşlardır. Qəbirüstü abidələr edirlər, restoranlar üçün şir, öküz düzəldirlər. Xalturaya necə giriblərsə, çıxa bilmirlər. Hamısının haqqını yeyə bilmərəm. Amma çoxu elədir. Bəzən çox yaxşı işlər edirlər, amma onu materiala köçürməyə heyfləri gəlir, pula qıymırlar. Görürlər, materiala tökəndə baha başa gəlir, etüd şəklində saxlayırlar ki, kiminsə xoşuna gəlsə materiala tökərəm. Onları qınamıram. Nə etsinlər? Axı bizdə art menecment yoxdur. Bir də olsa o art menecer gəlib nə edəcək?

- Tənqidçilərlə münasibətlər necədir?

- Bax, mən sənətşünas tanıyıram. Akademiyada müəllimdir. O adam düşünür ki, Azərbaycanda sənət Səttar Bəhlulzadə ilə bitib. Qəbul etməmək olar, amma fikrini əsaslandırmalısan. Toni Kreqin sərgisi gəlmişdi, bizim sənətşünaslar baxıb qımışırdı. Sanki bunlar daha yüksək sənət düşüncəsinə çatıblar.

Səbinə Şıxlinskaya da sovet dövründə yaşayıb, amma öz yanaşması var. Dünyanı görüb. Leyla Axundzadə var idi, Allah rəhmət etsin, o hələ o zaman bizdən beynəlxalq sərgilərə işlər aparırdı...

# 3524 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #