Aydın Əfəndini ən yaxşı kim çevirib? TƏRCÜMƏ LAYİHƏSİ

Aydın Əfəndini ən yaxşı kim çevirib? <span style="color:red;">TƏRCÜMƏ LAYİHƏSİ
18 sentyabr 2014
# 10:43

“Bu ilin qışında beş il əvvəl başladığım “Cholqala 1992” adlı romanı bitirhabitirdə əlimə ölkədə çoxunun tanımadığı, cəmi 37 il yaşamış istedadlı şair Aydın Əfəndinin “Отсутствие” şeiri keçdi. Əsl göydəndüşməydi, romanın sonluğuna tam uyğun gəlirdi, elə bil rəhmətlik məhz bu əsər üçün yazıb. Şeiri qəhrəmanın adından verəsi oldum: mətnə olduğu kimi, yəni rusca daxil elədim. Amma haşiyədə tərcüməsini də vermək lazım idi.

Qulu Ağsəsdən dilimizə çevirməyi xahiş etdim. Xeyli müddət sonra bir gecə Facebookda o şeirin tərcüməsini paylaşdığını gördüm. Elə isti-isti çeviribmiş. Mənə səhəri gün göndərdi.

Həmin şeiri daha əvvəl Ferican Yaren tərcümə edibmiş. Hər ikisi uğurlu çevirmədi, amma nəşrinə hazırlaşdığım romana yalnız biri salınmalıdır. Real həyatda bir-birlərini görməyən virtual aşiq-məşuqun yazışmalarından bəhs edən bir roman üçün hansı tərcüməni seçərdiniz? Fikrini yazacaq hər kəsə bəri başdan “sağ ol” deyirəm!”

Yuxarıda oxuduğunuz bütün cümlələri Vahid Qazi yazıb. Mənim yazdığım isə aşağıda oxuyacaqlarınızdır:

Deməli, mənim təqdimatında “Müqayisəli tərcümə” layihəsini görəndən sonra Vahid müəllim hər iki tərcüməni bu layihə üçün göndərib romanına salacağı şeirin hansı tərcümədə daha uğurlu səslənəcəyini bilmək istədi. Ümid edirik ki, bu tərcümələri oxuyub şərh yazan oxucular Vahid müəllimə kömək olacaq. Bizim layihəyə maraq göstərdiyinə görəsə Vahid müəllimə təşəkkür edirəm.

Daha sonrasa öyrəndim ki, vaxtı ilə A.Əfəndinin “Yoxluq” şeirini şair, tərcüməçi Səlim Babullaoğlu da tərcümə edib. Amma üç tərcümənin müqayisəsində mən S.Babullaoğlunun etdiyini Aydın Əfəndinin poetik ruhuna, soyuq ağlına daha yaxın, peşəkar olduğunu düşünməyə bilmirəm. Q.Ağsəs isə bir qədər öz şeir ruhuna yaxınlaşdırıb. Hətta tərcümədə Qarabağ dialektindən də yararlanmağı yaddan çıxarmayıb. F.Yarenin tərcüməsi də dəqiq, hətta deyərdim sətri tərcümə səviyyəsindədir.

Zəruri qeyd: Bu material tərcümə çapa getməmiş öyrəndim ki, A.Əfəndinin həmin şeirini Mahir Qarayev də tərcümə edib. Şifahi söhbətlərində daim mənimçün hansı tərcümədə nəyi niyə məhz o cür etdiyindən danışan Qarayev düzü çox maraqlı və öyrədici təcrübələrini bölüşür. Onun bu tərcüməsi də özünəməxsusdur. Beləliklə, hələlik bu şeirin 4 tərcüməsi əlimizə düşdü və biz oxucular bütün variantları təqdim edirik.

Dəyərli oxuculara müqayisə imkanı yaratmaq üçün tərcümələrdən sonra orijinal mətni də dərc edirik.

Səlim Babullaoğlunun tərcüməsi

Əgər

Məni soruşsalar,

De ki, mən yoxam.

De ki, mən işdəyəm.

De ki, mən yoxam –

Vida naharına dəvət almışam.

De ki, mən yoxam –

Məşhur tamaşaya bilet tapmışam.

De ki, mən yoxam –

Günəşə baxmaqçün çölə çıxmışam.

Əgər

Məni soruşsalar,

De ki, mən yoxam –

Söylə qayıdacam

min ildən sonra.

Mahir Qarayevin tərcüməsi

Mənsizlik

Məni soruşan olsa,
deyərsən ki, yoxdu O.
De ki işə gedibdi,
de ki yoxdu... yoxdu O.
Nahara dəvətlidi, ya görüşə gedibdi,
de ki yoxdu... yoxdu O.
Yaxşı bir tamaşaya kimsə bilet veribdi,
de ki yoxdu... yoxdu O.
Çıxıbdı qarşılasın sökülən dan yerini,
de ki yoxdu... yoxdu O.
Əgər soruşan olsa,
deyərsən ki, yoxdu O -
...GEDİBDİ, QAYIDACAQ BİR DƏ MİN İL SONRA O...

Ferican Yarenin tərcüməsi

Yoxluq

Əgər kim
məni soruşsa –
de ki, o yoxdu.
De ki, işdədi.
De ki, o yoxdu, –
dəvət edildiyi vida yeməyindədi.
De ki o yoxdu, –
ələ düşməyən tamaşaya bilet tapa bilib.
De ki, o yoxdu, –
Dan yerini hamıdan tez qarşılamaq istəyib.
Əgər kim
məni soruşsa –
de ki, o yoxdu.
Bir də min il sonra qayıtmaq üçün gedib.

Qulu Ağsəsin tərcüməsi

Yoxluq

Məni soruşan olsa...
de ki:
haya gedib;
de ki:
heç kəsin görmədiyi
tamaşaya gedib.
Məni soruşan olsa...
de ki:
göz qabağındadı;
hardasa dost yığnağındadı.
Məni soruşan olsa...
de ki:
dünyanın boyun
ölçüb qayıdacaq,
de ki:
uzağı min ilə burdadı
(demə... ölüb qayıdacaq)...
Bilirəm, bəhanədən bolsan
bircə susma, yaxşımı –
məni soruşan olsa...

Orijinal mətn:

Отсутствие

Если кто

меня спросит –

скажи его нет.

Скажи – он на Работе.

Скажи его нет, –

пригласили на Прощальный обед.

Скажи его нет, –

на редкий спектакль достал он билет.

Скажи его нет, –

он вышел застать до начала Рассвет.

Если кто

меня спросит –

скажи его нет.

Он вернется через тысячи лет.

# 4457 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #