news-inner
clock11:24 calendar-gray 12 Sentyabr 2014 view-gray1137 dəfə oxunub
view-gray1137 dəfə oxunub

Təkər oğrusu-"90-lar"

Kulis.az “90-lar” layihəsi çərçivəsində Xalid Kazımlının “Təkər oğrusu” yazısını təqdim edir.

Layihənin digər yazıları:


Qan Turalı:Atalarımızın erməni sevgililəri

Şəhriyar del Gerani:Qvadalupenin şalvarındakı inqilab

Gülnarə İlham:Bacısıyla öpüşən qardaş...

Nuranə Abbasova:Qızlarımızın evdə qalmaq qorxusu

Kənan Hacı:Yataq otağımdakı Sibel Can

VüsaləMəmmədova:Bütün qızların eyni adamı sevdiyi zamanlar

Şərif Ağayar: İlk qadının dadı...

96-cı ilin martıydı, İmişlinin Çaxırlı kəndindən 3-4 kilometr Biləsuvar rayonuna tərəf gedəndə magistral yolla böyük kanalın arasında salınmış çadır şəhərciyində yaşayan atamgilə baş çəkməyə getmişdim.

O vaxtlar artıq bu şəhərcikdə tək-tük çadır qalmışdı. Bir-iki qışı çadırda, qarğı-qamışdan düzəldilən çovustanda yola verən köçkünlər tezliklə doğma kənd-kəsəklərinə qayıdacaqlarından əllərini üzərək özlərinə kərpic evlər tikmişdilər. Amma balaca çadırların yerində tikilmiş kərpic evlər bir-birinə çox yaxın idi – iç-içə, divar-divaraydı.

Ona görə də atam sovetdən qalma “Jiquli”sini şəhərciyin ara küçələrində salınmış enli yolda saxlayırdı. Maşın burda heç kəsə mane olmurdu. Təbii ki, maşına da dəyib-dolaşan yox idi. Amma mən köçkün şəhərciyinə getdiyim günün gecəsi “Jiquli”nin başına iş gəldi.

- Booy! Maşının təkərini aparıblar! – kiçik qardaşımın səsinə sübh tezdən evdən çıxdıq və gördük ki, “Qırmızı maşın”ın (atam lap əvvəldən avtomobilinə belə deyirdi) sağ qabaq təkərinin paslı diski görünür. Diskin altına iki metr uzunu, 10-15 santimetr diametri olan ağac parçası qoymuşdular.

Atam mənzərəni görcək hiddətləndi, heç nə demədi, söyüb-söylənmədi, amma rəngi dəyişdi, sifətinin rəngi bozardı. Qardaşım isə əksinə, hirsli-hirsli səsini qaldırdı (qonşular və yol keçənlər də eşitsin deyə) və naməlum təkər oğrusunu tapıb traktorunun dalına bağlayacağı və sürüyəcəyi ilə hədələdi.

Onun belə hirslənmələri və hədələmələri tez-tez olurdu. Mən indiyəcən onun kiməsə bir yumruq vurduğunu görməmişdim, heç kəs görməmişdi, amma nədənsə başqaları onun hədələrini həmişə ciddiyə alırdılar. Elə ki, qardaşım yumruğunu düyürdü, dişini qıcayırdı, çoxları hesab edirdi ki, o, dediyini edə bilər.

Onun səsinə hadisə yerinə adamlar yığışmağa başladı. Hamısı gəlib bircə-bircə maşının bir qədər aşağı əyilmiş sağ tərəfinə baxır və sonra matdım-matdım ətrafa tamaşa edirdilər. Təkəri kimin açıb aparmış olması barədə heç kəsdə heç bir versiya yox idi. Düzünə qalsa, indiyədək bu şəhərcikdə belə bir hadisə olmamışdı. O biri şəhərciklərdə isə yüngülvarı oğurluq hadisələrinə rast gəlinmişdi.

Qardaşım eyni əsəbiliklə deyirdi:

- Bəlkə də indi o oğraş (təkəri aparanı nəzərdə tuturdu) indi buradadır, ya da hardansa baxır, onu tutub sürüyəjəm, onda biləjək ki, kimə sataşıf.

Qırmızı maşının ətrafına toplaşmış iyirmiyə yaxın cavan, ortayaşlı, ahıl adamın heç birindən səs çıxmadı. Onların yarısı öz kəndçilərimiz idi, amma qonşu və uzaq kəndlərdən, hətta başqa rayonlardan olanlar da vardı.

Mən atama dedim ki, bir təkərdi də, cəhənnəmə olsun. Zarafata da saldım: - Yəqin pul lazım imiş, ona görə aparıblar. Yoxsa işlənmiş təkər kimin nəyinə lazımdır.

O vaxt gerçəkdən də hər yanda kasıbçılıq idi, maddi sıxıntı insanları hər şeyə vadar edirdi. Amma oğurluq halı ilk dəfəydi. Atam mənimlə razılaşmaq üzrəydi, amma maşının sükanı arxasında daha çox oturan qardaşım sakitləşmirdi.

- Yox, bu gün təkəri aparan sabah da gəlib maşının özünü aparajax. Ona görə də o alçağı tapajam.

Onun bunu hansı yolla edəcəyi məlum deyildi, amma qətiyyətinə söz ola bilməzdi.

Biz pərt halda evə qayıtdıq, susqun halda çay-çörək yedik. Təxminən bir saatdan sonra qardaşım kəndçimiz Sərhəddinlə birlikdə bizə gəldi və atama xəbər verdi:

- Dayı, o diskin altındakı ağacı mən dünən axşam Mirzəgilin qapısının ağzında görmüşəm.

Bu bəzi versiyalar irəli sürmək üçün kifayət etdi. Mirzə rayonumuzun uzaq kəndlərindən birindən didərgin düşmüş 26-27 yaşlı, tökməbədənli oğlan idi. Onun bir qardaşı da vardı, 35-36 yaşlı, Firəddin adlı adam idi, amma o, Mirzəgildən ayrı yaşayırdı.

Maraqlıdır ki, bir saat əvvəl qırmızı maşının hayına gələn və camaatın içində dayanıb məlul-məlul qardaşımın hədələrinə, ağır sözlərinə qulaq asanların içində Mirzə də vardı. Amma o, həmin vaxt soyuqqanlı şəkildə baxır, heç bir reaksiya vermirdi.

Qardaşım dedi ki, başqa söhbət yoxdur, təkəri elə Mirzə aparıb, onun düz-əməlli adam olmadığını o gün uşaqlar da danışırmış. Atam dedi, yox, ola bilər, naməlum oğru Mirzəgilin qapısının ağzından diskin altına qoyacağı ağacı götürüb gəlib.

Müzakirə xeyli davam etdi, axırda atam qərara gəldi ki, əvvəlcə Mirzənin böyüylə, qardaşıyla danışsın. Firəddinin dalınca uşaq göndərdilər.

Yarım saatdan sonra Mirzənin qardaşı gəldi və gələn kimi dil-ağız etməyə başladı.

- Dayı, vallah, Mirzə heylə qələt eləməz. Kimə, kimə, özü də sənə. Eləmiş olsa, onu özüm tənbeh edərəm. Amma eləməz.

Atam sakitcə, səsini qaldırmadan, öz sevimli atalar sözlərindən istifadə edə-edə dedi ki, Firəddin, bir dərədə iki axsaq ceyran olmaz, diskin altındakı ağac gecə sizin qapıdaymış, qardaşının da şərəşur uşaq olduğunu deyirlər.

Firəddin yenə qardaşının üstünə toz qondurmadı, and-aman elədi ki, onun qardaşının bu işdən xəbəri yoxdur. Belə olanda atam dedi:

- Yaxşı, onda mən məcburam oğrunun tapılmasını polislərə həvalə edim və kimdən şübhələndiyimi deyim.

“Polis” adı çəkilən kimi Firəddinin rəngi də dəyişdi, səsi də:

- Dayı, - o dedi, - başına dönüm, polisə şikayət eləmə. O əclafı polisə düzəldirik, pulunu da vermişik, işi burular. Mənə bir saat vaxt ver, öz imkanımla sənin maşınının təkərini tapıb gətirəjəm, tapmasam da təzə təkər alıb verəjəm.

- Bizə öz təkərimiz lazımdır, bir də onu oğurlayan, - qardaşım qeyzlə əlavə etdi.

Firəddin sözünü bitirdi və qardaşıgilə tərəf getdi. Üstündən təxminən iki saat keçəndən sonra bir də gördük, Firəddin tamam başqa səmtdən qoltuğunda təkər gəlir. O, gəldi, çatdı, təkəri maşının yanında yerə atdı.

- Hardan tapdın, Firəddin? – Qardaşım dözmədi. – Kimə satıbmış?

Firəddin suçlu-suçlu üzünü atama tutdu:

- Yox, dayı. Vallah, Mirzənin xəbəri yox idi, onun o biri şəhərcikdə bir dostu var, gejə bizdəydi, gedəndə o açıb aparıbmış.

Atam özünü o yerə qoymadı:

- Hə, elə olar.

Problem xoşbəxt sonluqla bitdiyindən ta heç kim bir söz demədi.

Həmin ilin payızında təzədən şəhərciyə getmişdim. Qardaşımla evin qabağında durmuşduq, yanımızdan bir maşın keçdi, içində polis oturmuşdu. Qardaşım onu mənə göstərərək soruşdu:

- Tanıdın onu?

- Yox, - dedim.

- Mirzədir də. Təkər oğrusu. Sistemə keçib. Camaatı qoruyur.

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020