"İndiyədək necə işləmişəmsə, indən belə də o cür işləyəcəm" - Xalq yazıçısı Anar 86 yaşında

"İndiyədək necə işləmişəmsə, indən belə də o cür işləyəcəm" - Xalq yazıçısı Anar 86 yaşında
14 mart 2024
# 12:32

Bu gün Xalq yazıçısı Anarın doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Anar Rəsul oğlu Rzayev 14 mart 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar dünyanın ilk Anarıdır. Bu ad ilk dəfə ona qoyulub. Əslində, “Anlamaq”, “Anlayan” mənasını verən “Anar” Rəsul Rzanın söz yaradıcılığıdır.

***

Anar 1945-ci ildə Bülbül adına məktəbə daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla başa vurub. Anar birinci sinifdən onuncu sinfə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yollarını ayırmayıblar. 1962-ci il yanvarın 27-də onlar ailə qurublar. Bu evlilikdən Tural və Günel adlı övladları dünyaya gəlib.

***

Daha bir maraqlı fakt: Anar yekdilliklə seçildiyi bütün Qurultaylarda seçicilərə, yazıçılara və ümumən ictimaiyyətə bircə kəlmə deyib: “İndiyədək necə işləmişəmsə, indən belə də o cür işləyəcəm”.

Anarı qəlyansız görməmişik. Onun imicinin və yaradıcılığının ciddi aksessuarlarından biridir. Və yəqin çoxu bilmir ki, onu qəlyana öyrədən dostu Yusif Səmədoğlu olub. İlk qəlyanı da ona Yusif hədiyyə edib.

***

Anarın ssenari yaradıcılığından çoxunun xəbəri var. Lakin o, həm də rejissordur. Ssenarisini yazandan sonra quruluş verdiyi “Qəm pəncərəsi” və “Üzeyir ömrü” filmlərinin janrını müəyyən etmək bir qədər çətindir. Deyəsən, bunlar yazıçının çəkdiyi filmlərdir.

Anar həm də o nadir adamlardandır ki, ailəsində 5 yazıçı var – atası Rəsul Rza, anası Nigar Rəfibəyli, özü, qızı Günel Anarqızı və oğlu Tural Anaroğlu.

Artıq bu say 6-a çatıb. Yazıçının nəvəsi Anar da yazıçılıqla məşğuldur.

***

Yazıçı özü etiraf edir ki, yalnız məzuniyyətlərdə yaradıcılıqla məşğul olub. Məzuniyyət isə ən yaxşı halda ildə bir dəfə və bir ay olur. 11 ay rəsmi iş, 1 ay yaradıcılıq. Maraqlı statistikadır.

Yusif Səmədoğlunun Aşıq Ədalətə, Anarın Qədir Rüstəmova qəribə sevgisi olub. Yusif Aşıq Ədaləti “Yeddi oğul istərəm” filminə, Anarsa Qədir Rüstəmovu “Üzeyir ömrü” filminə çəkib.

***

“Otel otağı” romanı 90-cı illərin əvvəllərində Türkiyədə yaşamağa məcbur olan Anarın öz şəxsi iztirablarından yaranıb.

***
Anar zəmanəmizin ən çox tənqid olunan yazıçısıdır. Ancaq bu tənqid onun yazıçılığından çox, AYB sədrliyi ilə bağlıdır.

90-cı illərdə Anar bir qrup gənci AYB-də qəbul edib onların problemi ilə maraqlanırmış. Murad Köhnəqalanın narahat olduğunu görüb ona söz verir, nə istədiyini soruşur. Murad ayağa qalxır:

- İstəyirəm, o kreslodan durub gedəsən, yerini gənclərə verəsən.

Anarın cavabı belə olur:

- Sizin acığınıza burdan heç vaxt getməyəcəm!

***

Anara ən böyük uğuru "Beşmərtəbəli evin altıncı mərtəbəsi" adlı romanı gətirib. Belə ki, roman əsasında rejissor Rasim Ocaqovun ekranlaşdırdığı "Təhminə" filmi 90-cı illərin ən uğurlu ekran işi olub. Romanın yazılmasından 45 il sonra Anar "Təhminənin son sirri" adlı hekayəsində Təhminə ilə Spartakın arasında heç bir sevgi məcərası olmadığını yazır.

***

Anarın bir özəlliyi də yaşlı dostlarına inanılmaz sədaqətidir. Saysız-hesabsız tənqidə və hətta təzyiqə baxmayaraq onların heç birini işdən kənarlaşdırmadı.

"60-cılar nəsli" deyəndə ilk bu üçlüyün adı yada düşür: Anar, Elçin, Əkrəm... Ancaq zamanla Anarla Əkrəm Əylislinin münasibətləri korlanıb. Hazırda illərdir bir-birini danışdırmayan hər iki yazıçı ömürlərinin ahıl dövrünü yaşayırlar. Bir müddət əvvəl isə Anar "Əkrəm Əylisli ilə barışarsınızmı?" sualına belə cavab vermişdi: “Mənim tövbə qapım hər kəsin üzünə açıqdır”.

***

Yaşlandıqca dostlarının bir hissəsindən etibarsızlıq gördüyünü deyən Anarın dostları ilə bağlı belə fikri var:

“Dostlarımın bir hissəsini həyat, bir hissəsini də ölüm aldı”.

***

Atası Rəsul Rza ömrünün son illərini xəstəxanada başa vurub. O, xəstəxanada müalicə aldığı zaman həyat yoldaşı Nigar xanıma da xərçəng diaqnozu qoyulub. Onu Moskvaya aparmağa hazırlaşıblar. Moskva səfəri barədə xəbəri atasına yazıçı Anar çatdırmalı olub. Lakin, xəbəri alan kimi Rəsul Rzanın halı qəfildən pisləşib, təzyiqi qalxıb. Həkimlər nə qədər çalışsa da, köməklik edə bilməyiblər. On beş, iyirmi dəqiqənin içərisində Rəsul Rza dünyasını dəyişib. Anar bu xəbəri vəziyyəti onsuz da ağır olan və xəstəxanada yatan anasından gizlətməyə məcbur qalıb.

AYB-nin Natəvan klubunda tədbirlərin birində şair Böyükkişi Heydərli çıxış edərkən deyib:

“Nazim Hikmət tutulan vaxt polis ayaqqabısını çıxarır və görür ki, şairin bir corabının dabanı cırıqdır. Bax dahilik budur!”

Anar yerdən söz atır:

“Böyükkişi, vallah, bu dəqiqə mənim də corabımın biri cırıqdır.”

***

Ankarada Anarın 70 illiyi qeyd olunub. Hədiyyələr o qədər çox olub ki, yazıçı deyib:

- Bunları Bakıya aparmaq üçün ya gərək özəl təyyarə tutam, ya da Bakı-Tiflis-Qars dəmir yolunun açılmasını gözləyəm.

Rəsmi tədbirlərin birində Anarı yuxu tutub. Yanında oturan general onu oyadıb:

- Anar müəllim, yaxşı deyil, ayılın.

Anar müəllim generaldan soruşub:

- Düzünü deyin, siz belə yorucu tədbirlərdə heç yatmamısınız?

General cavab verib:

- Yatmışam, amma xoruldamamışam.

***

Anardan soruşublar:

- Bir yazıçını tərifləmək asandır, ya tənqid etmək?

Anar cavab verib:

- Tənqid etmək. Çünki tənqid edəndə bir nəfər düşmən olur, hamı dostlaşır, tərifləyəndə bir nəfər dostlaşır, hamı düşmən olur.

# 4839 dəfə oxunub

Oxşar xəbərlər

# # #