“Sənin kimi qara fəhlələr bəd və ağılslz əməlləri nəticəsində özlərini dustaqxanaya gətirib çıxarırlar...” Bu sözləri ona jandarm demişdi. 18 yaşında Bayıl həbsxanasına salınanda...
İngilislər tərəfindən öldürülüb, meyiti Xəzərin sularına atılanda isə cəmi otuz yaşı olub.
Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda mübarizənin fəal iştirakçısı olmuş Bünyad Sərdarov 1889-cu ildə Cəbrayıl qəzasının (İndiki Füzuli rayonu) Qarğabazar kəndində yoxsul ailədə anadan olub. Evin böyük övladı olan Bünyad 8 yaşında ikən, atası dünyasını dəyişib. Ailənin bütün ağırlığı anası ilə onun üzərinə düşüb. Bünyad ailənin maddi ehtiyaclarını ödəmək üçün Bakıya üz tutub. 1903-cü ildə, bir qrup həmyerlisi ilə birlikdə Bakıya fəhləliyə gələndə onun cəmi on dörd yaşı vardı. Lakin böyük sənaye şəhərində iş tapmaq asan deyildi. Dayısı oğlu, inqilabçı Xanlar Səfərəliyev ona çox köməklik etdi. Onun Bünyadın siyasi düşüncələrinin formalaşmasına da böyük təsiri olub. Tez-tez Bünyadı özü ilə fəhlə yataqxanalarına aparıb, fəhlələrin siyasi hüquqları, iqtisadi vəziyyətləri barədə söhbətlər edib. Bünyad əvvəlcə qara fəhlə kimi gündə 12-14 saat işləməli olub. Sonra Bibiheybət neft zavodlarında telefonçu işləyib. Fəhlələrlə birlikdə inqilabi mübarizəyə qoşulub. 1904-cü ildə qələbə ilə nəticələnən siyasi tətilin fəallarından olub. 1906-cı ildə bolşeviklər partiyası sıralarına qəbul edilib. O, Xanlar Səfərəliyev, Qazıməmməd Ağasıyev və başqaları ilə birlikdə Bibiheybətdə siyasi iş aparıb. Az müddət ərzində Bakı proletariatının tanınmış rəhbərlərindən birinə çevrilib.
Bolşeviklər partiyasına sadiq olan B.Sərdarov fəhlələr arasında yorulmadan gizli inqilabi iş aparıb, təşkilatın çox mühüm tapşırıqlarını yerinə yetirib.
1907-ci ildə inqilabi fəaliyyətinə görə tutulub Bayıl həbsxanasına salınıb. Mədən müdiri Kotovskiyə qarşı edilən sui-qəsddə onu günahlandırıblar. Lakin əldə kifayət qədər dəlili olmayan polis 1908-ci ildə Bünyadı həbsdən azad edib.
Həmin ildə bir neçə ay öz kəndinə gedərək, kəndlilər arasında gizli iş aparıb. Bundan qorxuya düşən kənd varlıları, onun həbs olunmasına çalışıblar. Bünyad Bakıya qayıtmağa məcbur olub. Təqiblərdən qorunmaq və izləri itirmək üçün əvvəlki İbrahimov soyadını dəyişərək yeni-Sərdarov soyadını qəbul edib. Bu soyadla inqilabi fəaliyyətini davam etdirib.
1911-ci ilin əvvəllərində təşkilatın tapşırığı ilə öz kəndlərinə gələrək burada inqilabi iş aparıb. Burada o, həmyerlisi, yoxsul bir ailənin qızı Ruba ilə evlənib. Sonralar Ruba da həyat yoldaşının yolunu tutub. Partiya sıralarına qoşulub və uzun illər Cəbrayıl qəzasında (Füzuli rayonu) qadınlar şurasına rəhbərlik edib.
Bünyad həm də 1912-ci ildə nəşrə başlayan “Pravda” qəzetinin yayıcısı və təbliğatçılarından biri olub.
1914-cü ildə Nəriman Nərimanov və Stepan Şaumyan sürgündən Bakıya qayıdanda B.Sərdarov da onlarla birlikdə inqilabi işini davam etdirib.
Bakı fəhlələrinin 1913 və 1914-cü illərdə etdiyi tətillərinin hazırlanmasında və keçirilməsində Sərdarov böyük rol oynayıb. O, Balaxanı-Sabunçu rayon fəhlələrinə rəhbərlik edib.
1915-ci ilin əvvəllərində bolşeviklər partiyasının gizli Bakı Komitəsi seçilərkən B.Sərdarov da o tərkibdə olub.
Fəhlə rəhbərlərindən biri kimi tanınmış B.Sərdarov 1917-ci ildə N.Nərimanov, S.M.Əfəndiyev, M.Əzizbəyov, H.Sultanov, D.Bünyadzadə və başqaları ilə birlikdə “Hümmət” bolşevik təşkilatı komitəsinin tərkibinə daxil edilib.
İnqilabdan sonra İkinci Sovetlər qurultayına nümayəndə seçilib. Bu dövrdə Dağıstanda sovet hakimiyyəti qurulmasında böyük rol oynayıb. 1918-ci ilin aprelində Bakı Xalq Komissarları Soveti yaradıldıqdan sonra Xalq Daxili İşlər Komissarlığına müvəkkil təyin edilib, Bakı Qəza Kəndli Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü seçilib.
1918-ci ildə Bakıda müsəlmanlara qarşı törədilən qırğınlar zamanı B.Sərdarov şəhərin müsəlman əhalisini daşnak terrorundan müdafiə işinə rəhbərlik edib.
Bir müddət sonra partiya tərəfindən Həştərxana göndərilib, müsəlman kommunistlərinin birinci Ümumrusiya qurultayında iştirak edib. Orada onu Mərkəzi Büronun sədr müavini seçiblər. Sonra isə Moskvaya göndərilib. Həmin dövrdə Leninin göstərişi ilə Moskvada müsəlman hərbi kollegiyasının mərkəzi bürosu yaradılanda S.Bunyadov onun rəhbərlərindən biri idi. Lakin inqilabi iş üçün o, yenidən Həştərxana qayıtmalı olub.
1919-cu ilin aprelində B.Sərdarov partiyanın tapşırığı ilə gizli işdə iştirak etmək üçün İbrahim Ağa oğlu adına pasportla, içərisində bolşevik ədəbiyyatı və silah gizlədilmiş adi balıqçı qayığında Həştərxandan Bakıya yola düşüb. Lakin açıq dənizdə ingilislərin əlinə keçib. Bütün heyət, o cümlədən B.Sərdarov ordaca güllələnib, cəsədləri isə dənizə atılıb.