Kulis.az Zamin Hacının “Cəngəlliyə, elm ardıyca” adlı yazısını təqdim edir.
Öncə şair Ulucay Akifə kitabını mənə bağışladığı üçün təşəkkür edirəm. İlin-günün bu vaxtında şeir kitabı hədiyyə almaq həmişə qismət olmur. Üstəlik də gözəl şeirlər. Kitabda o qədər Günəş, işıq, sevinc var ki, adam dekabrı, qışın gəldiyini də unudur. Mənim ədəbi tənqid işlərindən çox başım çıxmır, kitablar haqda düşüncələrimi terminlərlə bəzəyə bilmirəm, ancaq qismət olsa bəlkə “Gizlənqaç” kitabı haqda daha geniş yazdım. (Açığı, Ulucay bəyin bu yazının çıxacağı saytda rəhbər vəzifə tutması da hardasa resenziyamıza administrativ maneçilik törədir. Onun tərəfindən yox, mənim etik çərçivələrim baxımından).
Hələliksə kitabdakı “Adını bilmədiyim şeir” adlı şeirə kiçik iradımı yazım. Şair yazır:
“... boğuşmamışam aslanlarla Afrika cəngəlliyində,
hücum etməyib mənə yekədişli bir timsah
Nil çayının sahilində”
“Boğuşmaq” feili Ulucay Akifin saf leksikonuna nə qədər uyur, bunu müzakirə etmirəm. O cümlədən, şair kitab boyunca saysız-hesabsız şəkildə “bir” sayından yararlanıb, buna da məncə heç (bir) ehtiyac yox idi. İradım cəngəllik söhbətinədir.
Söhbət ondan gedir ki, aslanların Afrikada, o cümlədən, dünyanın başqa yerlərində (təəssüf, indi onlar Afrikadan başqa yalnız Hindistanda qalıb, Azərbaycanda, İranda kökü kəsilib) yaşayış sahəsi, arealı savannalar, yarımsəhra təbiət zonalarıdır. Aslanlar heç vaxt cəngəllikdə yaşamayıblar. Savanna adda-budda ağac və kollar olan hündür otlu çöllərə deyilir. Cəngəllik isə keçilməz, lianalar, sarmaşıqlarla dolu qalın meşədir.
Əlbəttə, bu kök atmış yanlışlıqdır, bizdə və dünyada çoxları aslanları cəngəllik heyvanı kimi tanıyır. Görünür bu işdə aslana “meşə kralı, heyvanlar padşahı” kimi adların verilməsi öz rolunu oynayıbdır. Meşə kralı meşədə, deməli tropik cəngəllikdə yaşayar – lirik səhvdən bioloji yanlış yaranmışdır.
Ədəbiyyatda elmi dəqiqlik nə dərəcədə lazımdır, bunun da mübahisəsini aparmaq olar, sonsuza qədər. Sadəcə, mən fikrimi bildirdim. Hansısa dadaist, futurist şeirdə aslanı lap Arktika sakininə çevirmək olar. Yəqin ki. Sözgəlişi, türk karikatür məktəbində geniş yayılmış, səhrada ərəblə qarşılaşan ağ ayı obrazı vardır, bu da niyə yadıma düşdü, heç bilmirəm.
Elmə düzgün münasibət isə həyatımız üçün vacibdir. Başımızın salamat olmasını istəyiriksə. Bu yaxınlarda, lap konkret yazsam, dekabrın 6-da AMEA Mətbuat Xidməti qəribə xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının keçmiş baş redaktoru Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.
Sitat: “R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını nazirlikdə işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların Azərbaycanda tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib. Zərərçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər. Faktla bağlı araşdırma aparılır. Rahil Nəcəfov 2012-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub”. Sitatın sonu.
AMEA bu haqda şikayəti yaymaqdansa, özünü buraxsa yaxşı idi, çünki fakt qurumdakı biabırçılığı bütün çılpaqlığıyla göstərir. Hesab edək bu bir nəfər dələduzdur. Bəs o “aldadılan”lar kimdir? Axı onlar da saxta yolla elmi sənədlər, adlar, vəzifələr əldə etmək fikrində idilər. Hələ mən şərq fəlsəfəsində irrasionallığın qafqazşünaslığa nə dəxli olmasını soruşmuram – bu adamı o instituta elmi işlər üzrə (!?) direktor müavini qoymaq kimin ağlına gəlibmiş? Hərçənd, tam irrasional təyinatdır, bəlkə, bu baxımdan qoyublar.
Dələduzun Təhsil Nazirliyinin pedaqoji jurnalına 2 il baş redaktor olmasına gələndə, artıq şərhə ehtiyac yoxdur, tez nöqtəni qoyub aradan çıxıram, qorxuram məni də aldadarlar.