Unudulur qanımıza yeriyən sevgilər- MƏTN  

Unudulur qanımıza yeriyən sevgilər- MƏTN  
8 avqust 2016
# 13:06

Kulis.Az Zahid Sarıtorpaqın Vaqif Bayatlı Odərə həsr etdiyi “Unudulur” şeirini təqdim edir.

unudulur

ana südünün dadı kimi yaddan çıxır

qanımıza yeriyən sevgilər

bələkdəki körpələr

gündə bir yol da olsa

qanadsız doğulduqlarına ağlayırlar

ağlayırlar torpağa düşənəcən

deyirlər

atlar heç vaxt dərdli gözlərini qaldırıb

göy üzünə baxmırlar

amma ölümqabağı

uzun-uzadı baxırlar mavi dərinliklərə

baxırlar torpağa çökənəcən

bəzən bir qara-qorxu kimi

doldurur ruhumuzu

dünyanı qəfildən tanımaq qəmi

hər şeyi bilincə

qanı damarında qərib olur

sevgisi qanında qərib olur

sevdiyi sevgisində qərib olur adamın

deyirlər qayıdacağıq

qayıdacağıq atıb getdiklərimizə

sevib unutduqlarımıza

unudub ötdüklərimizə

Vida Günü

torpaq əvəzinə

mavi sonsuzluqlara yıxılacağıq

üzüquylu

qayıdacağıq deyirlər

qanımıza yeriyən sevgilər

ana südünün dadı kimi yaddan çıxır

bəlkə də qayıdacağıq

dördəlli tutun torpağı

1984

# 840 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #