Seymur Baycan: Mənasız həyatı mənalı həyata çevirməyin yolları haqqında fəlsəfi esse

Seymur Baycan: Mənasız həyatı mənalı həyata çevirməyin yolları haqqında fəlsəfi esse
18 iyun 2014
# 12:53

Xeyli adam var, onlara verilmiş həftələri, ayları, illəri, qısası ömrü hara, nəyə, necə xərcləməyi bilmirlər. Təxminən belə bir bənzətmə aparmaq olar. Adam cibində pul girir geyim mağazasına, amma nə alacağını, nə geyinəcəyini bilmir. Əlinə keçəni pulunu verib əyninə keçirir, nəticədə tutuquşuya oxşayır və gülməli vəziyyətə düşür. Halbuki, zövqlü bir adamdan məsləhət almaq olar. Burda utanmalı heç nə yoxdur. Necə deyərlər, bilməmək ayıb deyil, bilməyib soruşmamaq, öyrənməmək ayıbdı.

Bizim adamlarda belə bir fikir formalaşıb-əgər pulum varsa, deməli hamıdan ağıllıyam. Restoran tikdirir. İnteryeri peşəkara tapşırmaq əvəzinə özünün olmayan zövqünə arxalanır. Nəticədə aşağı-yuxarı bütün restoranlar bir-birinə oxşayır. Bayağılıq, süni parıltı, monotonluq adamın iştahasını küsdürür.

Əgər restoran tikdirən adam eqosunu sındırıb işi peşəkara tapşırsa, əlbəttə ortaya daha yaxşı, daha maraqlı məhsul çıxar. Fərqlilik yaranar. Adamlar da restorana gedəndə həzz alarlar.

Allahın Tiflisində heç nədən, köhnə əşyalardan, köhnə qəzetlərdən, jurnallardan kafelərdə, restoranlarda elə maraqlı mənzərələr yaradırlar ki, adam sadəcə qibtə edir. Deməli söhbət heç də puldan getmir, zövq də lazımdır. Çörəyi ver çörəkçiyə, birini də üstəliik.

Bizdə isə atın qabağına ət, itin qabağına ot qoyurlar. Hər adamın öz peşəsi, bildiyi sahə var. Bizim ölkədə bir az pul qazanan adam özünü hamıdan ağıllı hesab edir. Həm rəssam, həm ədəbiyyatçı, həm də aşpaz, həm menecer, həm fizik, həm filosof, qərəz hər şey olmaq istəyir...

Pelevinin “Çapayev və Pustota” əsərini oxumayana qədər bir çox adamlara ad qoya bilmirdim. Pustota həm də Petyanın familiyasıdı. Deməli romanın adını həm Çapayev və Pustota, həm də Çapayev və boşluq kimi qəbul etmək olar. Allah Pelevinin atasına rəhmət eləsin. İşimi xeyli yüngülləşdirdi. Ad qoya bilmədiyim adamlara ad tapdım.

Böyük bir sual mənə əzab verirdi. Adam qorxaqdır? Yox, qorxaq deyil. Cəsarətlidi? Yox, cəsarətli də deyil. Yaxşı adamdı? Yox, yaxşı adam da deyil. Pis adamdır? Yox, pis adam da deyil. Dəlidi? Yox, dəli deyil. Ağıllıdı? Yox, ağıllı da deyil.

Bəs o zaman bu adam kimdi? Həyatdan nə istəyir? Həyatın mənasını nədə görür? Həyat fəlsəfəsi nədir, nədən ibarətdir? Bütün bu suallar məni yorur, əldən salırdı. Onları nə qədər müşahidə etsəm də bu suallara cavab tapa bilmirdim. Hətta belə bir mümkünsüz arzu yaranmışdı. Kaş imkan olaydı bu adamların beyninə girib bircə dəfə dünyaya onların gözüylə baxa biləydim. Bilmək istəyirdim-onlar dünyanı, ağacları, səmanı, yolları, maşınları, gülləri, arıları, quşları necə görürlər. Ümumiyyətlə görürlərmi?

Nəhayət Pelevinin “Çapayev və Pustota” əsərini oxuyandan sonra bütün bu yorucu suallara cavab tapdım. Bəli, onlar nə pis adamlardı, nə də yaxşı. Nə qəhrəmandırlar, nə də qorxaq. Nə dəlidirlər, nə də ağıllı. Onlar sadəcə pustotadırlar. Boşluqdurlar. Boşluq fəlsəfəsini öyrənməyim nəticəsində xeyli rahatlandım. Nəticədə bu adamları bir obraz kimi qəbul etdim. Təəssüf ki, bu boşluqlarla həddindən artıq tez-tez rastlaşmalı oluram. Onlar öz həyatlarını nəyə, hara, necə xərcləməyi bilmirlər. Səbəbi çox sadədir. Onların mənəvi dünyası, ruhları yoxdur. Ruhsuz insan isə ölü insandı. Onlar sadəcə yeyirlər, gəzirlər, yatırlar, uşaq əkirlər, valideyn olurlar, nədənsə danışırlar.

Bütün bu əməlləri mexaniki edirlər. Heç nədən həzz almırlar. Üstəlik öz boşluqları ilə adamın ürəyini bulandırırlar, başqalarının yaşamaqlarına mane olurlar. Boş yerə oksigen udurlar. Onları Qoqolun təbirincə ölü canlar da adlandıra bilərik. İsa peyğəmbərin ölü diriltməyini onlara ruh vermələri kimi başa düşürəm. Qurbanı müqəddəs edən qurbangahdı.

Yəni biz bir qoyunu restoranda kəssək kabab olar, qurbangahda kəssək qurban. Biz hamımız ətdən, qandan, sümükdən ibarətik. Bizə məna verən həyatımıza rəng qatan ruhumuz, mənəvi dünyamızdır. Əgər fikir versəniz görərsiniz ki, bizim camaatın çoxunun sifətində məna, ifadə yoxdur. İnkubator cücələri kimi bir-birinə oxşayırlar. Niyə? Səbəb sadədi.

Çünki onların ruhları yoxdu, mənəvi dünyaları kasıbdı. Oxumurlar, baxmırlar, öyrənmirlər, təbiətdən həzz almırlar. Başlarını qaldırıb bir dəfə səmaya, buluda, günəşə baxmırlar. Üstəlik sevgidən, həyatdan zaddan boş-boş danışırlar. Adamın zəhləsini tökürlər. Özü də robot kimi. Hamısı xorla eyni sözləri təkrar edirlər. Bəs bu adamlar boşluqdan necə xilas olmalıdırlar? Heç nə, bircə dəfə papaqlarını qabaqlarına qoyub bir saat düşünməlidirlər. Bu suallara cavab tapmağa çalışmalıdırlar.

Mən bu dünyaya niyə gəlmişəm? Mənim bir insan kimi bu dünyada missiyam nədən ibarətdir? Əgər həyat yatmaqdan, yeməkdən, içməkdən ibarətdirsə bunu şüursuz canlılar da edirlər. Bəs o zaman şüursuz canlıyla şüurlu canlının fərqi nədədir?

Əgər adam öz həyatını nəyə xərcləməyi bilmirsə öz həyatını başqasına həsr etməlidir. Dünyada bir çox insanlar öz həyatlarını başqasına həsr etməklə boşluqdan xilas olmağı bacarıblar. Fədakarlıq etməlidi. Qurmalıdır. Yaratmalıdır. Başqalarının rahat yaşamasına şərait yaratmalıdır. Ağac əkməlidir. Özü də həm fiziki, həm də metafizik mənada.

Əkdiyi ağacın meyvəsini yeyən adamlar bunun nə qədər gözəl bir proses olduğunu bilirlər. Xoş əməllər həyata keçirməklə başqalarının da xoş işlər görməyə həvəsləndirməlidir. Xeyriyyəçiliklə məşğul olmalıdır. Tələbələrə təqaüd verməlidir. Uşaq baxçasına oyuncaqlar hədiyyə etməlidir. Uşaqlara velosiped almalıdır. Başqalarının həyatına sevinc qatarkən əlbəttə şəksiz olaraq, özü də sevincli anlar yaşayacaqdır.

Milorad Paviçin təbirincə desəm bədənin vitaminlərə ehtiyacı olduğu kimi ruhun da vitaminlərə ehtiyacı var. Əgər zaman-zaman, vaxtlı-vaxtında ruhu vitaminlərlə təmin etməsən ruh quruyacaq. Ruhu isə yalnız və yalnız fədakarlıqlarla, xoş əməllərlə vitaminlərlə təmin etmək olar.

Yadıma gürcü yazıçısı Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi düşdü. Bir kişi müharibədə yaralanır. Çiynindəki yaraya təsadüfən küknar tozu tökülür. Və nəticədə çiynində küknar ağacı bitir. Evdə arvadı, bayırda tanışları, həkim-hər kəs onu dilə tutur, iynə vuraraq ağacı qurutmaq istəyirlər. Ağacın getdikcə böyüməsi kişinin səhhəti üçün təhlükə olmağa başlayır. Kişi isə əksinə, ayaqlarını suya qoyur, gedib meşəlikdə ağacların arasında gəzir ki, küknar qurumasın.

İnsanlara yanında siqaret çəkməyə imkan vermir ki, küknarı soldura bilər. O, çiynindəki küknardan qürur duyur, onun budaqları ona dəydikcə məsud olur. Hər kəsdən bezəndə çıxıb oturur bir təpədə, çiynində bitən ağaca fərəhlə baxır. Hətta bu ağacın üstünə quş qonanda sevinir.

Amma getdikcə ağacın qidalanması problemə çevrilir. Bir yandan da ağac böyüdükcə kişi zəifləyir, ürəyi gücdən düşür. Amma kişi arvadının ah-vaylarına, həkimin təkidlərinə baxmır. Küknarı bəsləməyə davam edir. Axırda küknarın yaşaması üçün torpaqda çala qazıb özünü basıdır. Hər kəs çiynində bitən ağacın yaşaması üçün çala qazıb özünü torpağa basdırmağa cəsarət tapmalıdı.

Konçalovskinin bir filmində həyatda özünə yer tapa bilməyən gəncə bir yaşlı kişi deyir: “Bu həyatda yaşamaq üçün bizə üç şey lazımdır: inam, sevgi və ümid.”

Belə baxanda adi sözlərdi, amma qoca bu sözləri elə bir səmimiyyətlə deyir ki, gənc tamam sarsılır.

# 11185 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #