Azərbaycanda kitab mağazalarının Sovet dövrü ilə müqayisədə kəskin şəkildə azalması fikri ən müxtəlif yaş qrupuna aid ziyalılar tərəfindən dəfələrlə deyilib. Bazar iqtisadiyyatı kitabı digər əmtəələrlə kəskin rəqabət mühitinə salır və bu mənada kitab mağazalarının azalmasının iqtisadi səbəbləri bizə aydındır. Bəs dünyada kitab mağazalarını nə gözləyir?
Türkiyənin “Kitapçı” jurnalında dərc edilən bir neçə məqalədə də kitab mağazalarının böhranından bəhs olunur. Qəribəsi budur ki, ildən-ilə Türkiyədə kitab satışı artır, lakin mağazalarının sayı azalır. Yüksək icarə haqlarını kitab gəliri ilə ödəmək çətinləşir, kitab mağazaları “arka sokaklar”a sürgün edilir. Oxucular kitabı adətən internet mağazalarından alır. Beləliklə, kitab mağazaları ağır günlər keçirir.
Eyni problem Qərb ölkələrində də var. Məsələn, Amazonun yüksəlişi ilə Amerika və Avropada kitab mağazaları da sıxışdırılır. İnternet mağazaları kirayə haqqı vermir, buna görə daha ucuz qiymətə kitab sata bilirlər. Oxucu isə təbii olaraq daha ucuz qiyməti seçir. Üstəlik, Qərbdə internet mağazaları poçt xidmətində böyük endirimlər qazanır, oxucu cüzi, bəzən isə tamamilə pulsuz başa gələn poçt xidmətindən istifadə edir.
İnkişaf etmiş ölkələrin əhalisi tablet, kindle kimi elektron oxu vasitələrindən daha çox istifadə edir. Satışda 20-25 dollar olan kitabı elektron variantda cəmi bir neçə dollara əldə etmək olur. Kitab mağazalarının böhranına elektron kitab satışı da ciddi zərbə endirir və bu tendensiya daha çox Qərb dünyasında özünü göstərir.
Məsələn, Fransa hökuməti kitab mağazalarının sayının azalmasını ciddi bir problem kimi görür. Parlamentin imza üçün prezidentə təqdim etdiyi qanun layihəsi “Amazon” internet mağazasının Fransa daxilində pulsuz poçt sistemindən istifadəsini qadağan edir. Qanunun qəbul edilməsinin səbəbi isə son dərəcə ağır vəziyyətdən xəbər verir... Belə ki, Fransadakı kitab satışının 70 faizi “Amazon”un payına düşür.
Avropa Birliyinə üzv olan ölkələrin əksərində vahid qiymət qaydası var. Bu qaydaya görə bütün satış müəssisələri kitabı eyni qiymətə satmalıdır.
Məsələ kifayət qədər mübahisəlidir. Bir tərəfdən oxucu kitabı ucuz almaq istəyir, digər tərəfdən isə hər şəhərin mənəvi xəritəsində mühüm yer tutan kitab mağazaları da mərkəzdən uzaqlaşır, sayları azalır.
Avropa Birliyi vahid qiymət strategiyası ilə sərbəst bazar iqtisadiyyatı qaydalarından uzaqlaşır, çünki kitab əmtəə kimi baxmırlar. Halbuki, Marks özünəxas qəzəblə deyirdi ki, burjua öz arvadına da əmtəə kimi baxır (“Kommunist partiyasının manifesti”).
XX əsr ziyalıları üçün kitab mağazası sadəcə kitab satılan yer deyil, həm də gözəl vaxt keçirmək, faydalı söhbətlər etmək vasitəsidir. Lakin XXI əsrin qaraj uşaqları (“Microsoft” firması bir qarajda fəaliyyətə başlamışdı) üçün kitabı internetdən almaq, onun elektron variantını oxumaq daha asandır.
Lakin bir fikir bütün bu mübahisələrin fövqündə dayanır: Bəşəriyyət hər gün getdikcə kitab oxuyur, kitabın əhəmiyyətini gün keçdikcə daha aydın şəkildə dərk edir və bu zəfər fonunda kitabın elektron yoxsa kağız variantda oxunması, ya da onun mağazadan, ya da internetdən satın alınması təfərrüat kimi görünür.
Kitaba diqqətin artması elə güclü tendensiyadır ki, hətta Azərbaycanda da hiss edirik. Müqayisə üçün 2004-cü illə 2014-cü ili tutuşdurmaq kifayətdir.