Seksizm hekayəniz yoxdur?

Seksizm hekayəniz yoxdur?
20 noyabr 2014
# 15:43

BBC Azərbaycanca-nın Facebook səhifəsində "Seksizm – sosial xəstəlikdir" başlığı altında sorğu keçirilir: "Gündəlik həyatınızda cinsi ayrı-seçkiliklə üzləşmisinizmi? Hekayələrinizi bizimlə paylaşın!"

Sorğuya cavablar gəlib. Çoxluq elə zənn edib ki, söhbət cinsi azlıqların - LGBT problemindən gedir.

İkincilər elə başa düşüblər ki, söhbət seksdən gedir: "Alə, bu nə sualdır", "20 faiz torpağımız işğal altındadır...", "Bekarçılığın pik nöqtəsi". Bəzi qadınlar söhbətin onların gündə əlli dəfə üzləşdiyi problemdən getdiyini anlamayıb, hücuma keçiblər: "İt kimi gəbərəcəksiz".

Halbuki, Azərbaycan cinsi ayrı-seçkiliyin ən qızdırmalı olduğu cəmiyyətlərdən biridir. Burada qadınların sırf qadın olduğu üçün aşağı, kişilərin sırf kişi doğulduğu üçün yuxarı tutulmasına aid nə qədər canlı həyat hekayəsi var.

Bunun əksinə aid nümunələr də var.

İndi sual olunur: Əgər biz bir problemin varlığından xəbərdar olmasaq, onun haqqında danışmasaq, o problem necə həll olunacaq?!

Bir əsr bundan əvvəl Azərbaycan kəndlərində hay-haray düşəndə ki, ruslar uşaqlarımızı uşkola aparırlar, dünyadan təcrid olunmuş qaraqabaq adamların yeniliyə ilk reaksiyası instinktiv olub: təzə gələn, təzə söz hər nədirsə pisdir; "Uşaqlarımızı uşkola-zada göndərmirik, əl çəkin bizdən, yoxsa it gibi gəbərəcəksiz". Budur, bir əsrdən sonra da ingilislər gəlib, "seksizm" hekayələrimizi soruşurlar, vaxsey!

"Cinsçilik"

İndi yalnız Azərbaycanda deyil, bütün ölkələrdə "Gündəlik həyatda cinsi ayrı-seçkiliklə üzləşirsinizmi?" ("Everyday sexsism") sorğuları keçirilir. Öz həyat hekayəni paylaşmaqla sən seksizmin mövcud olduğunu göstərirsən, göstərirsən ki, qadınlar hər gün bununla üzləşirlər və bu, müzakirəyə dəyən bir problemdir.

Seksizm ("sex"-cins, "ism"-çilik) – bu sözü düzgün başa düşmək üçün "rasizm" sözünü yada salmaq lazımdır.

Biri ağ, biri qara dərili iki körpə doğulur. İkisi də eyni çəkidə, eyni boydadır, - sırf irqləri fərqli olduğuna görə birini nə gözləyir cəmiyyətdə, o birini nə gözləyir?! Biri qız, biri oğlan iki körpə doğulur eyni doğum evində. Biz hələ bilmirik ki, onlar böyüyüb homoseksual olacaqlar, ya yox.

İlkəl olaraq, iki cinsdə doğulur insanlar. Sırf qız və oğlan olduğuna görə, cəmiyyət onlardan birinə hansı imkanları açır, o birinin üzünə hansı imkanları qapadır?!

Ən aşağılayıcı ad

Azərbaycanda qıza, qadına deyiləcək ən pis söz nədir, ona hansı aşağılayıcı adları vermək olar? Yəqin ki, yadınıza bu sözlər düşür: "fahişə", "qan..q"... Qalan sözləri yazmağa redaksiya icazə vermir.

İndi isə oğlana, kişiyə deyilə biləcək ən pis sözləri yada salın: "arvad", "qızbibi", və bu kimi redaksiyanın yazmağa icazə vermədiyi sözlər. Fərqi gördünüzmü? Qadına ən aşağılayıcı ad – qadındır, kişiyə ən aşağılayıcı ad - qadındır.

Azərbaycan küçələri seksizmlə doludur. Səni qadın olduğuna görə müxtəlif heyvan səsləri çıxararaq çağırırlar. Hava qaralandan sonra qadınlar küçədə narahat edilmədən yol gedə bilmirlər. Azərbaycanda ictimai nəqliyyata minmək üçün qadınlar gərək süni bığ yapşdırıb, kişi paltarıı geyinsinlər ki, sakit yol gedə bilsinlər.

Lütfən, yenə o bayağı söhbəti salmayın: "Yəqin geyimi imkan verib ki, ona söz atsınlar"; mən sizin qarşınıza eynək taxan, saçını hörən, əlində də beş dənə kitab tutmuş bir ordu qız çıxararam ki, eyni təcrübəni yaşayıblar. "Qız uşağına belə danışmaq yaraşmaz", "qadın xeylağına yaraşmaz", "gəlinə yaraşmaz", nəhayət, "qoca arvaddır, baş qoşmayın".

Azərbaycan evləri seksizmlə doludur. Yadıma gəlir, mən eşidəndə ki, bir qadın ərini döyüb, şoka düşmüşdüm, şaman türklər Alarvadını təsəvvür etdiyi kimi təsəvvür etmişdim o qadını. Halbuki, gündə neçə kişinin arvadını, qızını, qardaşı qızını döydüyünü, öldürdüyünü eşidirik, heç şoka düşmürük.

"Yaxşı qadın"

Heç sizə qız olduğunuza görə mənasız parıltı, Barbi kuklası, qardaşınıza isə memarlıq, düşüncə, zəka tələb edən konstruktorlar, raket, təyyarə oyuncaqları, velosipedlər hədiyyə verəndə bu sizi narahat etməyib?

Statik qadınlara el arasında "yaxşı qadın" adı verilməsi, ananızın evdə qonaq kişiləri görəndə özünü daxilən aşağı, məğmun, günahkar hiss edərək başqa otağa yüyürməsi sizi narahat etməyib?!

Qadınlar haqda o qədər obrazlar yaradırlar ki, sonra onları bir işin başında görəndə başlayırlar öz yaratdıqları obrazı ələ salmağa.

Rayonlarda qadının sürdüyü avtomobildə oturan kişiyə yolların kənarında dayanan piyadalar söz atırlar.

Azərbaycan mediası seksizmlə doludur. Beşi yazır, qadından şair olmaz, çünki qadındır və dünyada yaxşı qadın şairlər azdır. On beşi yazır, qadından yazıçı olmaz, çünki qadındır, yəqin ki, onun beynində hansısa lazım olan xüsusiyyət çatmır.

Qızın hələ dil açmadan, yerimədən aşağı, pis, yararsız, xeyirsiz olduğuna inanan, onlara doğulmaq imkanı vermədən abort edən insanların arasında yaşayırsınız.

Problem böyükdür, hətta daha da böyükdür. Azərbaycanda bu nə şəkildə müzakirə olunur? İldə bir yazar meydana çıxıb öz həyat hekayəsini yazır. Ancaq nə vaxta qədər ki, oxucular, sıravi qadınlar özləri öz hekayələrini paylaşmayacaqlar, hərənin öz dili, öz qələmi öz həyatına tribuna olmayacaq, bütün bunlar davam edəcək, daha da çoxalacaq.

Belə bir ölkədə sizə cinsi ayrı-seçkilikdən danışmağa söz tapılmırmı?!

bbcazeri.com

# 8741 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #