Yanıma gecələməyə gəlin

Yanıma gecələməyə gəlin
22 dekabr 2014
# 15:59

“Yanıma gecələməyə gəlin” və ya 76 yaşlı cənabın səmimiyyət dolu gecəsi...

İyirmi dekabr tarixində Heydər Əliyev Mərkəzində sovet tamaşaçısının sevimlisi Valiko Mizandari, daha doğrusu, Gürcüstanın və Ukraynanın xalq artisti Vaxtanq Kikabidzenin solo konserti baş tutdu.

Səhnəyə illərlə tanıdığım, sevdiyim, hörmət etdiyim 76 yaşlı, özünün də vurğuladığı kimi yaraşıqlı, hündürboy bəy əfəndi çıxır. Axırıncı dəfə eyni hissləri Ennio Morrikonenin konserti zamanı keçirmişdim. Bu insanlardan heç birini şəxsən tanımasam da, aramızda o qədər istilik, o qədər doğmalıq var ki... Əgər Morrikone ilk səhnəyə çıxdığı an gözlərim dolmuşdusa, bu dəfə Kikabidze öz məşhur “Mənim illərim, mənim var-dövlətimdir” mahnısını dinləyərkən doldu.

Vaxtanq Kikabidze tamaşaçılarla arasındakı baryeri ilk dəqiqədəcə götürdü.

“Yeniyetmə yaşımızda böyüməyə can atırıq. Kaş yaşımız heç olmasa, indikindən bir yaş çox olardı deyə arzulayırıq. Fəqət zamanla bunun necə yanlış bir istək olduğunu görürük” – gürcü müğənni tamaşaçılarla söhbətində etiraf edir və məmnunluqdan daha çox təsəlliyə bənzəyən “Mənim illərim, mənim var-dövlətimdir” mahnısını oxuyur.

2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Rusiyanı tərk edən və rus tamaşaçısı qarşısında çıxış etməkdən imtina edən Kikabidze onun üçün də həssas mövzu olan müharibə mövzusuna toxunur: “Məncə, müharibəni heç kəs, heç bir xalq istəmir. Bu mövzuya uyğun bir mahnı ifa etmək istəyirdim, ancaq mən bomba, avtomat, atəş kimi sözlərin yer aldığı mahnıları sevmirəm. Şairdən xahiş etdim ki, mənə bu mövzuya uyğun, lakin normal dildə yazılmış mahnı lazımdır”. Beləcə, Kikabidze müharibəyə həsr olunmuş “Haradasa uzaqda” mahnısını ifa etdi.

Vaxtanq Kikabidze “Sakitlik”, “Dua”, “Yanıma gecələməyə gəlin”, “Mənim illərim mənim var-dövlətimdir” kimi həzin ifaları ilə yanaşı, şux gürcü mahnıları da ifa etdi.

“Əksər müasir mahnılar amerikanlaşdırılıb, eyni amerikansayağı boğazlar, ifa. Ürəyimcə olan mahnılar çox azdır. Mənimlə bir vaxtlar əməkdaşlıq edən şair və bəstəkarların çoxu indi həyatda yoxdur. Düzünü desəm, indiki şairlərin şeirlərini də heç cür anlaya bilmirəm, hansı dildə yazırlar, nə yazırlar. Bir gün həyat yoldaşıma dedim: “Yaxşı, özüm cəhd edəcəm!” qapını bağlayıb, otağıma çəkildim və nəticədə, bir gecəyə beş mahnı yazdım!”

Konsert boyu gürcü ifaçı hər mahnıdan sonra səmimi söhbətlər, zarafatlar edir, bir neçə lətifə danışır, bununla daxilindəki enerjini, cazibəni tamaşaçılara ötürürdü. Konsertin sonuna yaxın “sizə indiyə qədər heç görmədiyiniz– “Larisa İvanovnanı olarmı?” filmindən bir mahnı ifa edəcəm...” və “Mimino” filmindən olan “Çito- Qvrito” mahnısını bütün zal gur alqışlarla qarşıladı. “Sağlamlığım icazə versə, sizin gözəl şəhərinizə yenidən gələcəm” – məşhur ifaçı yarısevinc, yarı-kədərlə söylədi...

# 2203 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
#
#
# # #