Azərbaycanlı qızla erməni oğlanın sevgisi niyə baş tutmaz?

Azərbaycanlı qızla erməni oğlanın sevgisi niyə baş tutmaz?
29 avqust 2019
# 15:33

Kulis.az Rəbiqə Nazimqızının “Sahilə Yayanın "Şeyx"i barədə düşundüklərim” adlı yazısını təqdim edir.

Nəsr mənim üçün dildən daha çox təfəkkür və təxəyyül hadisəsidir. Kitabı oxumaq üçün götürürəmsə, oxucuyam - adi, sıradan. Heç bir öhdəliyi olmayan, öyrənmək, qəhrəmanlarla birgə yaşamaq istəyən oxucu.

Bununla belə, nəsrdə mənə maraqlı olan ideyadı, mövzudu, süjetin işlənməsi, xarakterin müəllif təhkiyəsində nağıl etməsi (üç ildir evlənmişdilər, filan yerdə oxumuşdu, filan yerdə tanış olmuşdular) deyil, ayrı-ayrı, vizual canlandırıla biləcək fraqmentlərdə açılmasıdır. Bəlkə də, sözdən daha çox hərəkətlə açılmasıdır. Yəni hadisələrin quru şəkildə sadalanması (bayaqkı mötərizəyə bax) nəsri öldürür. Xoşbəxtlikdən, Sahilə bu sadalamalardan qaça bilib, o, danışmaqdan çox göstərir. Xüsusən Şumeysatın uşaqlığı, onun ailəsi bağlı detallar çox yaxşı işlənib, ana, ata, analıq, qardaş obrazları bitkindi, amma bu fonda bir az balaca bacı sanki diqqətdən kənarda qalıb. Hərçənd onun sonrakı həyatı ilə bağlı məlumat verilir, amma bu, sadəcə məlumatdır.

Şumeysat obrazı (yeri gəlmişkən, müəllifin seçdiyi adın etimologiyası da maraqlıdır. Amma mən başqa seçimin üzərində dayanmaq istərdim. Erməni oğlana Sənan adını qoyublar, Sahilə paralel olaraq azərbaycanlı qıza da erməni adı verə bilərdi - yad adla qarşılaşanda ilk ağla gələn versiya da budur. Amma eləmir, bayağılıqdan, saxtakarlıqdan qaçır, eyni zamanda qıza milli ad da seçmir, avar sözünün - Günəşin üzərində dayanır. Uğurlu gedişdir) da tam açılır. Bu, mənim üçün bir qədər soyuq, quru, bəzən səmimi, fədakar, canayaxın, bəzən də elə nəyisə gizlədirmiş kimi ehtiyatlı görünən yazıçı obrazıdır. Onun bəşəriyyət, sevgi, siyasət, ədəbiyyat düşüncələri mənə tanış və hətta doğmadı, amma qəhrəman yazıçı da olsa, onun çox, xüsusən də ədəbiyyat və yazıçılıqla bağlı ümumi şəkildə uzun-uzun və təkrar-təkrar düşünməsi hərdən yorur, əvəzində bəlkə də o, yazdığı əsərin detallarından çıxış edə bilərdi və bu, romana da bir balaca dinamika qatardı...

Sahilənin əsəri bəzən soyuq (Sənana münasibətdə), bəzən də əksinə amansızcasına həssas, hüceyrələrinədək canlı, hətta yandırıb sızıldadan (uşaqlıq xatirələri) roman təsiri bağışlayır. Niyəsə Sənan obrazı elə uşaqlıq sevgisi kimi də assosiasiya olunur, sanki nə Şumeysat, nə də Sənan onu böyüdə bilmirlər. Bu yerdə, mətləbə birbaşa dəxli olmasa da, yadıma "Gürcü familiyası" əsəri düşür. Uşaqlıq üçün darıxma, səni - fərqi yoxdu hansı səbəbdən - qane eləməyən indindən qaçıb, uşaqlığın kövrək və qeyri-real sahilinə düşmək arzusu. Təsadüfi deyil ki, Əsmər onların sevgisi barədə danışanda Oqtay təəccüblənir, axı ortada sevgi-filan olmayıb. Bax, Sənanla Şumeysatın da sanki münasibətləri yalnız ümumilikdə böyük və gözəl dostluq üçün yarayır və onları qətiyyən sevgili, ya bir-birini sevən iki adam kimi qəbul edə bilmirsən. Əlbəttə, atəşli yataq səhnələrini nəzərdə tutmuram, çünki məqsəd bu deyil. Amma yenə də bu iki ümidsiz, yorğun qəhrəman bir-birini sevirsə, bu qığılcım hardasa oxucunun da ürəyinə düşməlidir. Düşmür. Qızdırmır. Günəş yorğun da olsa, buludlarla əhatələnsə də, Günəşdir, amma bu Günəş yandırmır, eləcə ilıqvari sığal çəkir...

Erməni-azərbaycanlı söhbətinə müəllif sanki toxunmur, Şumeysatla Sənan özləri də uzun müddət bu mövzudan qaçırlar. Onların situasiyasında belə də olmalıdır. Bununla belə, bu reallıq uzaq Almaniyada olsalar da, sevgililəri daim gərginlikdə saxlayır. Bu məqamı Sahilə çox incəliklə verə bilib, o gərginlik hər an partlaya biləcək minadı, nə qədər sakit görünsələr də, qəhrəmanlar minaların üzəri ilə yeridiklərinin fərqindədirlər. Yəni tabu daim bizimlədir, hər sətirdə, sözlərin arasındakı hər fasilədə...

Bir neçə kəlmə də romanın içindəki roman - Şeyx Sənan barədə danışmaq istərdim. Açığı, Şeyx Sənanla bağlı ilk iki parça da mənə soyuq və uzun göründü, amma zamanla bu süjetdə dinamika hiss eləməyə başlayırsan, Sənanı, səhranı, onun müridlərini, Hənsanı bir-bir görə, onlarla söhbətləşə bilirsən. Sənanın tərəddüdləri, əzabları, evlilikdən imtinası və keşiş qızına vurulması səhnələri də yaxşı işlənib. Bax elə məhz erməni Sənanla Şumeysatın münasibətlərində bu sevgi, bu canatma hiss olunmur. Onlar barədə ağlımdan bircə fikir keçir: müharibə olmasaydı, çox yaxşı dost ola bilərdilər. Etiraf edim ki, bu abzas romanın mütaliəsini bitirməmiş qələmə aldıqlarımdı. Tam təəssüratıma gəlincə, sonuncu - Sənanın ölümündən sonrakı hissə sanki bu təəssüratları dağıtmağa hesablanıb. Sənanın real mövcudluğu sanki onu sevməyə mane olur, onun ölümündən sonra dərin və dumanlı depressiya içərisində qız özü də tərəddüd içərisində qalır: onu həqiqətən də sevibmi? Bəlkə də, sevib, yəqin ki, necəsə sevib, amma bu sevgidə Sənan təkcə yaşına görə deyil, həm də yaşadıqlarına və yaşantılarına görə Şumeysata uduzur, Şeyx mərtəbəsinə qalxa bilmir. Şumeysat daha çox Şeyxi xatırladır.

Sənanın ölümü romanda yeganə çıxış yolu kimi görünür, burada mistika var, əlbəttə, var: müharibə bitməyib. Nə qədər ki müharibə bitməyib, Sənan və Şumeysata xoşbəxt sonluq görünmür, onları qovuşdurmaq hər ikisinin, o cümlədən müəllifin gerçəkliyinə xəyanət olardı. Ayırmaq da sevginin heç nəyi həll etmədiyini göstərəcəkdi. Sənanın ölümündən sonra sanki Şumeysatda da, elə müəllifin özündə də kədərli də olsa, müəyyən rahatlıq yaranır. Bəlkə də, bir çox məqamlarda Sənana olan münasibət, İmana qardaşa münasibətin yanında bir qədər sönük görünür. Sonluq da yaxşı tapılıb, İmandan gələn xəbər Şumeysat üçün də, oxucu üçün də ümid işığıdır. Uzaqda da olsa.

Bir cümləlik nəticə: ümumilikdə əsəri uğurlu hesab edirəm, günümüzdə nisbətən gənc yaşlılardan oxuduğum ən uğurlu əsərlərdən sayıram, özumü də, Sahiləni də, oxucuları da bu münasibətlə təbrik edirəm.

Image result for rəbiqə nazimqızı

# 4204 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #