Hinduşka dalınca rayona gedən yazıçının macərası

Hinduşka dalınca rayona gedən yazıçının macərası
4 noyabr 2016
# 12:57

Kulis.az Elçin Hüseynbəylinin “Dostumun hinduşka qonaqlığı” yazısını təqdim edir.

Axşamdan zəng eləyirəm:

- Sabah şuluxluq eləmə ha, tezdənnən gəlirəm.

- Ayıb söhbətdi, qardaş, bir qram da.

Yeni ilin ilk günüdür, fikirləşirəm ki, rayona çıxım, bir addımlıq yoldu, fikrim də dağılar.

Rayona çatıram. Yazıçı dostumla, vədələşdiyimiz kimi, poçtun qabağında görüşürük. Halı babatdır.

- Dedim axı gəlirəm, hövsələn çatmır?!

- Bir işidi oldu da. Dünən arvadağanın qohumları gəlmişdi. Zəhrimarı qoydum ortaya, heç biri yaxın durmadı, mən də hamısını vurdum getdi. O birisini də gətirdim, ağzını açdım, amma, qardaşcanı bir qram da. Səhər başqa məsələ, bir yüz əlli gillətdim e, bağışla da.

Bağışlamayıb neyləyəsiyəm. Mehriban dost, istedadlı yazıçı...

Bir az dağı-bağı gəzirik, günortaya yaxın yolqırağı kafelərdən birinə giririk.

- Hinduşkanız var? –deyə soruşuram.

- Məllim, yoxdu, bayrama görə hamısını alıblar, -ofisiant boynunu büküb belə deyir.

Allah verəndən yeyib-içirik.

- Getdik, - sürücülük funksiyasını yerinə yetirən əmim oğluna deyirəm.

- Hara? -deyə dostum təəccüblənir.

- Evə, -deyirəm, - Bakıya.

- Qardaşcanı qoymaram. Nə danışırsan!? Heç sənə hinduşka qonaqlığı verməsəm buraxaram! O boyda yazıçı, özü də o boyda yol gəlmisən!

- Yox, sonraya qalsın,-deyə boyun qaçırıram. Amma dostum hallıdır, əl çəkmək istəmir:

- O boyda yazıçı, - deyə yenidən təkrar edir, - durub bura gələ, mən də ona hinduşka kababı verməyəm? Həyət dolu, o biri kafelərdə də nə qədər istəsən.

Ha boyun qaçırıram, amma dostum əl çəkmir. Sonda təslim oluram. Növbəti kafedə maşını saxlayırıq, ofisianta deyirəm ki, şüşəni yarımçıq gətir, kababı da bircə şiş.

Yenidən bir beş-beş vururuq. Birdən dostum şüşəyə baxıb:

- Bəs arağımız hanı? – deyə təəccüblənir.

- Ağ eləmə də, -deyirəm, - içdik də, bəlkə “piyan” olmusan!?

Qəsdən belə deyirəm ki, özünü yığışdırsın. Xasiyyətinə bələdəm axı.

Dostum axar gözlərilə şüşəni süzür. Gözlərinə inanmır.

Kafedən çıxıb maşına otururuq.

- Hara gedək? – deyə soruşuram.

Evlərini bir neçə dəfə görmüşəm, amma yeri dəqiq yadımda deyil. Dostumdan cavab gəlmir.

- Hansı tərəfə gedək? -dübarə soruşuram.

- Sür də, -deyə dostum yuxulu-yuxulu inildəyir.

- Hara?

- Ora-bura sür də!

- Sür, -deyə əmim oğluna göstəriş verirəm.

Bir az yol gedəndən sonra:

- Hara? - deyə yenə də dostumdan soruşuram.

- Sağa-sola sür də!

Başa düşürəm ki, belə getsə, nə biz Bakıya gedəcəyik, nə də dostum evinə.

- Taksilərin yanında saxla, - sürücüyə deyirəm.

Maşallah, taksilərin hamısı dostumu tanıyır. Həm də səxavətlidir axı.

Dostumu taksiyə mindirib evlərinə yola salırıq.

Səhərisi gün, təxminən saat on ikidə. Zəng edir:

- Qardaş! Necə getdüz?

- Lap yaxşı, deyirəm. Düpbələndüz evə gəldik.

- Qardaşcanı elə mən də. Sizdən ayrılan kimi düpbədüz evə gəldim e.

Gülürəm. O da gülür. Dünənki həngamə yadınnan çıxıb...

- Hinduşka da əlaydı, -deyirəm.

- Nə hinduşka? –deyə dostumun təəccübdən bərəlmiş gözlərini təsəvvür edirəm...

Oktyabrın son günü, 2016

# 2953 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #