Dayıoğluyla bibiqızının söhbətinə pis baxanlar

Dayıoğluyla bibiqızının söhbətinə pis baxanlar
9 avqust 2017
# 11:41

Səhər Əhməd

Bu yaxınlarda olmuş əhvalatdır; şəhərdən getmiş iki yeniyetmə-14 yaşlı dayıoğlu və bibiqızı kənddə bulaq başında oturub deyib –gülürmüşlər. Səbəbi anlamasalar da hiss edirlər ki, yanlarından keçən yerlilər onlara qəribə, sanki bir qədər qəzəblə baxır. Bir azdan qonaq qaldıqları evin qadını utana-utana uşaqlara yaxınlaşıb bəyan edir ki, kəndin içində belə deyib-gülmək olmaz, camaat pis baxar.

Uşaqlar o qədər təəccüblənmiş, elə bir travma almışdılar ki, ən çox da qız onsuz da iri olan gözlərini bir az da bərəldib əl-qolunu ölçə-ölçə “nə üçün axı?”, “niyə axı?” tipli iri çaplı suallarla məni elə atəşə tutmuşdu ki, onu cavab atəşi ilə susdurmaq heç cür mümkün deyildi. Mən bu uşağa anlada bilməzdim ki, 45 ildi arasında yaşadığım bu adamların məntiqi heç mənə də aydın deyil.

Bu camaat üçün bu iki uşaq iki yeniyetmə, iki yaşıd, iki dost, iki qohum, sirdaş, belə lap dərinə gedəndə iki insan ola bilməzdi və sadəcə qohumcasına, dostcasına, yaşıdcasına, uşaqcasına, insancasına və nəhayət, azad və xoşbəxtcəsinə deyib –gülə bilməzdi. Bu camaat üçün onlar yeniyetməlik yaşına çatmış iki əks cinsdən başqa heç kim deyildi.

Ruslar xalaoğlu, əmioğlu, bibioğluya “dvaynoy brat” deyir, bizsə ən yaxşı halda onların kəbinini göydə kəsilmiş hesab edib evləndirir, sevgisizliyə, bir-birinə nifrət etməyə, xəstə uşaq dünyaya gətirməyə, travmalı övladlar yetişdirməyə vadar edirik.

Xalid Hüseyninin çox sevdiyim bir fikri var: “Biz ənənələri sevir, qaydalara isə nifrət edirik”. Təbii ki, müəllif “biz” deyəndə burda öz millətlərini nəzərdə tutub. Amma düşünürəm, millət olaraq bu fikri bölüşməyə bizim də tam haqqımız çatır.

Qadağaları ənənəyə çevirməkdə məqsəd nədi, axı biz qadağan meyvənin necə bir cazibə yaratdığını hələ Həvva anamızın təcrübəsindən bilirik. Əgər belə olmasaydı, mühafizəkar mühitlərdə qurd quzuyla otlayardı. Halbuki əsrlərdir əksini görürük, uşaq zorlayan, qız qaçıran, canım sizə desin, anasının əmcəyini kəsənlər ən çox bu millətlərdən çıxır. Vəziyyət mənasız olduğu qədər də qaranlıq və bəlkə də elə mənasız olduğu üçün də qaranlıqdı.

Bu hadisənin iştirakçıları belə onu unutmuş olar artıq. Mənsə hələ də özümə çarpaz suallarla əzab verirəm. Gəldiyim nəticə isə budur: bizim toplum xoşbəxt ola bilmir, mutsuzluğunun heyfini isə bir-birindən, ən çox da istisnalardan-azad və xoşbəxt, ədalətli, həm də cəsarətli, haqlı və buna rəğmən şanslı insanlardan. Yoxsa insanlar bir-birinə qarşı niyə belə qəzəbli olsun ki...

# 2287 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #