Bədənini satan qadınlar FOTOLENT

Bədənini satan qadınlar FOTOLENT
25 may 2013
# 07:30

İnternet portallarını gecə-gündüz gəzib dolaşan, əxlaqla maskalanmış, eqosunu heç cürə təmin edə bilməyən oxucu növü var.

Həmin oxucu növünü internet portallarında yalnız bir neçə mövzu maraqlandırır: porno, seks, bədənini satan qadınlar.

Sanki bu adamlar bütün sutkanı pusquda dayanıb gözləyirlər ki, hansı portalda hansı müəllif məlum mövzulardan yazacaq, onlar oxuyacaq və məsələnin məğzini (onlar üçün yetərlidir ki, orda o “sehrli sözlər” olsun) başa düşüb-düşməməyindən asılı olmayaraq nəsihətamiz-ittiham dolu şərhlər yazacaq, əxlaqla bağlı fikir istehsal edəcəklər.

Həmin yazılar həddən çox oxunur, bolluca şərhlər gəlir və bir qayda olaraq, neqativ, təhqiramiz fikirlər üstünlük təşkil edir, sosial şəbəkələrdə günlərlə müzakirə olunur.

Və çox maraqlıdır ki, onların ittiham etdikləri müəlliflərin (Günel Mövludun, Seymur Baycanın) ədəbiyyatdan, incəsənətin başqa sahələrindən olan məqalələri, ictimai mövzudakı, maarifləndirici, informativ-analitik yazıları sosial şəbəkələrdə bu qədər geniş, günlərlə müzakirə olunmur, oxucu sayı adətən az olur. Əxlaqla maskalanmış oxucu bu cür məqalələrə reaksiya vermir.

Niyə? Çünki reaksiyanın olması üçün birincisi, əxlaqla maskalanmış oxucu intellektual-analitik məqaləni oxumalıdır.

Amma oxumaq kifayət deyil. Əxlaqla maskalanmış oxucunun həmin intellektual-analitik məqaləni dərk edib fikir bildirməsi üçün müəyyən bir bilik bazası olmalı, elmə, maariflənməyə, biliklər əxz etməyə həvəsli meylli olmalıdır.

Amma məsələn, əksinə olsaydı, Kulis.Az-da Məmməd Süleymanovun “Hitlerə nekroloq yazan Nobel laureatı”, Qan Turalının “Anasına qulaq assaydı Molla Ömər olacaqdı”, Qismətin dünya ədəbiyyatı tarixində önəmli yeri olan Susan Sontaqın “Yozuma qarşı” tərcüməsini, M. Ağaoğlunun Somerset Moem, Aliyənin Brext, Arto haqda məqalələrinin oxucusu qat-qat çox olardı.

Çünki, əxlaqla maskalanmış oxucu saytda ədəbi, fəlsəfi, tarixi yazıları yox, “seks, porno, cinsəl münasibət, fahişə” kəlmələrini axtarır. Bəzən ən ciddi yazılara da məsələn, “seks”in də istifadə olunduğu başlıq qoyulanda əxlaqla maskalanmış oxucu məqaləni açıb məhz o “sehrli sözləri” axtarır ki, oxuyandan sonra nəsihətamiz, əxlaqi şərh yazsın. Hətta aldandığını görüb ürəyində redaktorları söyür də. Biçarə redaktorlar da qəsdən elə başlıq qoyur ki, bəlkə əxlaqla maskalanmış oxucu səhifəni açar, məqaləni oxuyub maariflənər, yeni adlar tanıyar, fərqli konsepsiyalarla tanış olar, dünyagörüşü genişlənər.

Əxlaqla maskalanmış oxucu ikili standartlarla yaşayır. O, iki “mən”dən ibarətdir. Birinci, zahiri “mən”i, intim məqalələri oxuyur, özünü ifadə etmək üçün etiraz şərhləri yazır, ikinci daxili “mən”i (psixoanalizdə buna “İd” deyir) təhtəlşüurunda yazılardan zövq alsa da, onu hətta özünə də etiraf etmək istəmir.

Seksuallıqdan bəhs edən yazıların oxucu sayının çoxluğu nəyin göstəricisidir? Onun göstəricisidir ki, doğrudan da seksual təminatsızlığı olan xeyli insan var. Və bu kateqoriyaya aid olan əxlaqla maskalanmış oxucunun seksual təminatsızlığının doğurduğu aqressiya sublimasiya olunaraq təhqiramiz, namus motivli şərhə çevrilir.

Ən qəribəsi isə odur ki, hansısa əxlaqla maskalanmış müəllif-xanım köşə yazılarına nəyə görə isə dünya ulduzlarının seksual görüntüsünü imitasiya edən fotolarını verir. Yazıyla tərs mütənasib olan fotosunun mətni belə oxunur: “Bilirsiniz, mənim kimi əxlaqlısı, gözəli yoxdur, şah qeyrətli oğullar elçi gəlin, məni alın”.

Saytlar hər cür oxucu növünü nəzərə almalıdırlar. Seksuallıqdan bəhs edən yazılar, ən azından əxlaqla maskalanmış oxucunun eqosunu doyurmağına, onlara özlərini heç olmasa şərhlər vasitəsilə realizəsinə imkan verir, pis-yaxşı diskussiya mədəniyyətinə alışdırır.

Redaksiyadan: Bu yazını əxlaq keşikçilərinə oxutdurmaq üçün seçdiyimiz başlığa görə üzr istəyirik.

# 7660 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #