Kulisin ədəbiyyat tarixindəki yeri

Kulisin ədəbiyyat tarixindəki yeri
4 aprel 2018
# 11:02

Azərbaycan ədəbiyyatında həmişə çap olunmaq problemi olub. Düzdür, bunun obyektiv səbəbləri vardı; qəzet və jurnallar az idi və daha çox ideoloji əsaslarla işləyirdi. İstedadından asılı olmayaraq açıq fikirli insanların mətbuata çıxması çətin idi.

Gənclərin əsərlərinin nəşr olunub yayılması, imzanın təsdiqini tapması müstəsna hal sayılırdı. Lakin çap olunub yüz min tirajlarla yayılan gənc yazarları hamı oxuyurdu. Çünki başqa seçim yox idi.

Müstəqillik dövründə də bir müddət gənclərin, yeni və açıq düşüncəli insanların mətbuata çıxmaq problemi oldu. Ancaq azadlıq yavaş-yavaş öz sözünü deməyə başladı. Qəzetlərin sayı artdı, hətta o həddə çatdı ki, çap olunmaq bir ənənə olaraq öz dəyərini itirdi.

Təkcə çap olunmaq yox, həm də sənət və ədəbiyyata əvvəlki maraq qalmamışdı. Çünki ölkədə müharibə gedirdi. Şeir-sənət vaxtı deyildi.

Ən çətin günlərdə “525-ci qəzet”“Azadlıq” ədəbiyyat səhifələrini dayandırmadılar. Bu səhifələr o zamanın oxucusunun üzünə bir nəfəslik kimi açılırdı.

Dərgilərdən isə “Cahan”“Xəzər” jurnallarının adı xüsusilə qeyd edilməlidir. Ara-sıra nəşr olunsalar da ədəbiyyatın “ipini üzülməyə” qoymurdular.

90-ların axırına və 2000-lərin əvvəllərinə doğru Azərbaycan Yazıçılar Birliyinin qəzet və jurnalları dövlətin dəstəyi ilə mütəmadi çap olunmağa başladı. Lakin bu qəzet və jurnallar, “Azərbaycan” istisna olunmaqla elə də maraq kəsb etmirdilər, oxunmurdular. Müstəqillik, senzuranın ləğvi hər yanda hiss olunsa da AYB-də hiss olunmurdu.

Azad Yazarlar Ocağının təsis etdiyi “Alatoran” dərgisi Azərbaycan oxucusuna müstəqilliyi və azadlığı dadızdıran ilk qaranquş oldu. Lakin maddi sıxıntılar üzündən mütəmadi nəşr edilmədi.

Bu ərəfələrdə Azərbaycan ədəbiyyatı yeni – xüsusi buraxılışlar mərhələsinə qədəm qoydu.

“Vətəndaş həmrəyliyi” qəzetindən başlanan bu ənənə hakim partiyanın orqanı olan “Yeni Azərbaycan”da daha geniş vüsət aldı. Bəzən elə oldu ki, böyük formatda həftədə bir dəfə 16 səhifəlik ədəbiyyat buraxılışı çap edildi. Burda siyasi düşərgəsindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün istedadlı insanlar, hətta həvəskar gənclik geniş çap olundu.

Sonra estafeti “Ədalət” qəzeti öz üzərinə götürdü. “Alatoran” ədəbiyyat əlavəsi də daxil olmaqla “Ədalət” qəzeti az qala həftənin bütün günlərində ədəbiyyat əlavəsi çap edirdi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı.

Azərbaycan ədəbiyyatının sayt mərhələsi bir az gec başladı. Yenisi Sənət Təzahürləri Mərkəzinin veb-saytı və kultaz.com ilk istisnalar kimi doğuldu.

Arada adı indi unudulan, həcmi də ömrü kimi uzun olmayan bir neçə sayt da yaradıldı və bağlandı.

Hər kəs etiraf edər ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatının sayt mərhələsi özünün təntənəsini APA Holdingin tərkibində fəaliyyətə başlayan Kulis.az saytı ilə yaşadı və yaşamaqda davam edir.

Azərbaycanda elə bir ciddi imza tapmaq olmaz ki, Kulisdə yazısı yayımlanmasın. İndiyədək müxtəlif ədəbi-mədəni-kulturoloji mövzuda 22 mindən artıq yazı yayımlanıb Kulis.az-da. Demək olar, toxunulmayan mövzu, haqqında bəhs olunmayan mətləb, müsahibə alınmayan yazıçı və mədəniyyət xadimi yoxdur.

Kulis elektron mətbuata həm də yeni ənənələr gətirməyi bacardı.

Onlarla respublika miqyaslı müsabiqə keçirdi.

Onlarla yeni imza təqdim etdi və bu imzaların çoxu cəmiyyət tərəfindən qəbul olundu.

Kulis dünya mədəniyyəti ilə yerli mədəniyyət arasında körpü olmağı bacardı. Azərbaycanı haqlı olaraq dünyanın tərkib hissəsi, dünyanı Azərbaycanın yaxın qonşusu, uzaq qohumu kimi gördü və göstərdi.

Şəxsən mən Kulisdən öyrəndiklərim və Kulisdə yazdıqlarım üçün taleyimə minnətdaram. Harda olmağımdan, harda işləməyimdən asılı olmayaraq…

Kulis cəmiyyətin mənəvi tənəzzülə daha çox uğradığı zamanlarda “Kitab!” deyib haray çəkdi, səsini ən uzaq insanlara belə çatdırdı.

Həm yazı, həm müzakirə, həm video-materiallarla…

Kitabı cəmiyyətimizin qibləsi elan etdi və bu sevgisində səmimi, israrlı oldu.

Və beləliklə ədəbiyyatımızın növbəti, ən vacib – Yeni Kitab Mərhələsinin zəminini hazırladı.

Eyni zamanda gənclərə özünə inam hissi aşıladı. Onlara çap olunmağın elə də çətin olmadığını, məsuliyyət hissini itirmədən həvəslə, sevgiylə yazıb-yaratmağı öyrətdi.

Kulis nə etmədi?

7 yaş sayt üçün az deyil və bu 7 ildə təbii ki, Kulisdən inciyənlər, küsənlər də oldu. Lakin bu xırda-para təbii narazılıqlar Kulisin Azərbaycan ədəbiyyatındakı yerinə kölgə salmadı və salmır.

Kulis istedadına, intellektinə və sənətə sevgisindəki səmimiyyətə inanan hər kəsin saytı oldu və yenə də elədir.

Ədəbiyyat, mədəniyyət və kitab uğrunda çıxdığımız bu müqəddəs yolda tanrı bizə yar olsun.

# 2118 dəfə oxunub

Oxşar xəbərlər

"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
#
#
# # #