Novruza nifrət edən müəllimimiz

Novruza nifrət edən müəllimimiz
19 mart 2018
# 11:06

Günel Natiq

Hər Novruz gələndə həmin hadisə yadıma düşür. Gözümün önünə əzilmiş şəkərburalar gəlir; əslində əzilmiş olan bizim heysiyyatımız idi, şəkərburaların nə günahı? Onlar yaz müjdəsini xəbər vermək üçün gəlmişdilər. Yaz müjdəsi muştuluqdur axı. Yəni hər şey yaxşı olacaq. Dava-filan olmayacaq. Hamı şad-məsud yaşayacaq. Amma bunu həmin o müəllim dərk etmirdi deyəsən...

Erməni-azərbaycanlı münaqişəsi başlamışdı. Direktor müəllimləri xəbərdar etmişdi ki, ayıq-sayıq olsunlar, nəbadə qonşularımız barədə pis bir kəlmə dilinizdən çıxar, Mərkəzin yanında biabır olarıq. Biz 15 qardaşıq, bir-birimizlə can-ciyərik, nə bilim daha nələr...

Novruz hər şeydən xəbərsiz gəlmişdi. Yenə şəkərburalar bişirilmişdi, xonçalar bəzənmişdi. Evlərə torba atılırdı. Xeyir-dualı nənələr “ay qırışmallar” deyə torbaları doldurub qapıya qoyurdular. Şəhriyar demiş, bayram idi, gecəquşu oxuyurdu...

Orta məktəbin 1-ci, ya 2-ci sinfindəydik. Sinif yoldaşımız özüylə məktəbə şəkərbura gətirmişdi. Tənəffüsün bitməyi ilə partkomun içəri girməyi bir oldu. Uşaq şəkərburanı yeməkdəydi. Balaca idik, kiçik qəbahətlərin (dərsdə nəsə yemək kimi) üstündən keçmək olardı. Amma bu qəbahət o qəbahətlərdən deyildi. Çünki bu, şəkərbura idi. Novruzun simvolu.

Novruzdan niyə qorxurdular, bilmirdik, amma bu barədə danışmağı yasaq etmişdilər. Adını çəkmirdik, amma şəkərbura yeməyin də yasaq olduğunu bilmirdik.

Partkomun gözü oğlanın əlindəki şəkərburaya sataşdı. Elə üstünə şığımağı bir oldu. Bir göz qırpımında əlindən alıb əzdi. Əzilmiş şəkərburaya ikrahla baxdı, iti addımlarla açıq pəncərəyə doğru gedib şəkərburanı çölə atdı. Sonra nümayişkaranə görkəmlə çevrilib bizə baxdı.

Hamımız susub oturmuşduq. Düşünmək üçün çox balacaydıq, amma müəllimimizin bu hərəkəti bizim üçün nələrinsə (hələ dəqiq bilmirdik nəyin) alt-üst olmağı idi. Çünki gözümüzü açandan şəkərburaya hörmət görmüşdük, nənələrimiz sevgiylə bişirmişdi Novruz şirniyyatlarını, həmin vaxt hamı bir yerə cəm olmuşdu, gözlərin sevinci bərəkətə qarışmışdı, düz-dünyayla bir olmuşdu. İndi müəllimimizin şəkərburaya ikrahla baxıb onu pəncərədən çölə atması təzə bir şey idi. Nə idisə pis yenilik idi. Uşaq ağlımızla bunu düşünür və kədərlənirdik.

Müəllimin əlində olsaydı, yəqin ki, şəkərburanı xalq düşməni elan edərdi...

Həmin gündən o əzilmiş şəkərbura bizim üçün Novruzun simasına çevrildi. Evimizdə şəkərburalar bişəndə həmin o hadisəni təkrar-təkrar xatırlayırdıq. Kədərli taleyi vardı bizim yaddaşımızdakı şəkərburanın.

Novruzun doğrudan da kədərli taleyi vardı. Amma o heç nəyə baxmayaraq, hər şeyə inad hər il gəlirdi...

Yazıçı Elçinin hekayəsindəki dahiyanə işlənmiş bir fraqment heç yadımdan çıxmır. Zorba, hamının hissiz-duyğusuz, davakar bildiyi oğlan necə xəlvəti əlil qardaşına şəkərbura yedizdirir. Şəkərbura əlil oğlanın ağzından yerə tökülür, amma oğlan qardaşına bu kiçik xoşbəxtliyi yaşatdığı üçün xoşbəxtdir. Hər şəkərbura yeyəndə həmin o əzilmiş şəkərburayla bərabər bu təkrarsız hekayənin həmin o fraqmentini də xatırlayıram.

...4-5 ildən sonra vəziyyət dəyişdi. Novruz rəsmi bayram elan edildi. Heç yadımdan çıxmaz, keçmiş partkomun Novruz təbriki... Növbətçi təbəssümlə təmtəraqlı nitqi... Novruzun necə milli dəyər olduğu və s. haqqında möhtəşəm çıxışı... Gurultulu alqışlar... Sonra qonaqları masaya dəvət etməsi... Masadakı xonçada şəkərbura da vardı.

O vaxtdan məktəbdə bir-birimizə şəkərbura vermək adətə çevrilmişdi. Gözəl adət idi. Amma hər dəfə dalağımız sancırdı. Elə bilirdik, kimsə əlimizdən alıb yenə çölə tullayacaq. Ümumiyyətlə o vaxtdan bəri nələrinsə əlimizdən alıb çölə tullayacaqlarının xofu vardı içimizdə. “Bəlkə bu dəfə özümüzü tulladılar”, deyə sinif yoldaşlarımızdan ən zarafatcılı demişdi. Kədərlə gülmüşdük onda. Amma bu dəfə nəyə güldüyümüzü dəqiq bilirdik.

Mənə elə gəlirdi, həmin o sinif yoldaşımız bir də əlini şəkərburaya vurmaz. Ya da yesə Elçinin əsərindəki anormal oğlan kimi ağzından tökülər şirniyyat. Yəqin ki, o bir də heç vaxt iştahla yeyə bilmədi şəkərburanı.

Müəllimin reaksiyasını vaxt keçdikcə daha yaxşı anlayıram. Yəni bir şəkərbura Sovet hökumətinə müqavimət göstərə biləcək gücdəydi. Dəyərə bax. Dəyərin gücünə bax!

Hər dəfə Novruz gələndə həmin o əzilmiş şəkərburalar yadıma düşür. Ən qərib çağlarımızla, ən ağır itkilərimizlə müqayisə edirəm onları. Deyirəm əgər o əzilmiş şəkərburalar olmasaydı, torpaqları itirməzdik. Ya da elə 20 Yanvarda... Əgər o vaxt müəllimə o şəkərburanı əlimizdən alıb tullamasaydı, o qoşun üstümüzə gəlməyə cəsarət etməzdi.

Sonra deyirəm, hər şeyin bir əks tərəfi də var. Bəlkə də həmin vaxt gözümüzün önündə o şəkərburalar əzilib çölə tullanmasaydı, Novruzu indiki kimi ürəklə qarşılamazdıq...

# 1893 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #