Dünyanı caduyla idarə edənlər

Dünyanı caduyla idarə edənlər
30 oktyabr 2014
# 13:45

Ömər:

- Qədim Yunanstanda ən güclü cadular batmış gəmilərin mismarları ilə yazılırdı.

Xəyyam:

- Qədim cadulardan birində deyilir ki, balığın ağzını tikməklə, istədiyin adamı susdurmaq olar. Bu cür fenomenlər realdır yoxsa, 21-ci əsrə qədər davam edən və tarixi köklərə sahib şarlatan sektasının müasir nümayəndələridir? Bu mövzu ən azı bəşəriyyətin özü qədər qədimdir. Çünki, tarix bu cür sehr-cadu faktlarının ən qədim insan topluluqları dövründən yaranması ilə bağlı faktlarla zəngindir. Gəl, ən bəsitindən müzakirə edək. Aldadılmağınızı istəmirsinizsə, diqqətlə dinləyin məni.

Ömər:

- Ən qədim magik rituallar dinlərin formalaşması, kompleksləşməsi və qəbilə daxilində sosiallaşmasına qədər olan dövrlərdə reallaşdırılıb. Belə ki, insanlar təbiət qüvvələrinə qarşı qorxularını və ehtiramlarını bildirmək üçün müəyyən rəqslər edib, qurbanlar verirdi. Bununla, hansısa sehrli qüvvə ilə, daha güclü məxluqatla əlaqə saxladıqlarına inanırdılar. Psixoloji aspekt olaraq ilk dinlərlə ilk magiyanın yaranma səbəbi eyni idi. Təbiət hadisələri qarşısındakı qorxu hissi! Bütün bu elmi yanaşmalara baxmayaraq, güclü bir qüvvənin varlığı həm o dövrdə, həm də indi açıq-aşkar sezilir.

Xəyyam:

- İstənilən dövrdə insanların bu cür mistikalara inanması psixoloji qeyri-adekvatlıqdan irəli gəlir. “Dənizə düşən samana da sarılır” məsəli bu insanlarda əsas instinktə çevrilir. Fikir verəndə anlamaq olur ki, magiyaların hamısı formalaşdığı dövrün tələbinə uyğun olan maddi və ya mənəvi dəyərlərin əldə edilməsinə yönəlib. Məsələn, natural təsərrüfat dövründə tətbiq olunan magiyalar arasında pul magiyası yoxdur. Ancaq bu gün pul qazanmaq üçün minlərlə magiya var. Bu, sadəcə insanları ehtiyacı olan şeyləri rahatlıqla əldə edə biləcəklərinə inandırmaq, şirnikləşdirmək üçün qurulan bir oyundur. Bundan əlavə, minlərlə faktlar var. Qədim Yunanıstanda bu cür oyunlar insanların gündəlik həyatının bir parçası idi. Məsələn, Demokrit hesab edirdi ki, buqələmunun başını palıd oduncağının odunda yandırmaqla, tufan çağırmaq olar (bu cadu Palanikin “Layla” əsərində var). Bu, sadəcə onlara lazım olan yağış üçün uydurulmuş bir oyun idi. Məncə, sahibkarlar heç bir buluda illik yağış normasına görə “buqələmun başı” valyutası ilə rüşvət vermir.

Ömər:

- İstənilən halda caduların, bəd nəzərin varlığına yox demək olmaz. Çünki, bunların çox sayda faktiki nümunələri var. Təsadüfi deyil ki, ən qədim dövrlərdə şahların, kralların öz kahinləri, münəccimləri olurdu. Analoji hal bu gün də davam edir. Məsələn, ABŞ prezidenti Con Reqan bütün tədbirlərini, uçuşlarını, çıxışlarını öz astroloqu ilə müzakirə edirdi. Teodor Ruzvelt qoroskopik təqvimini Ağ Evdəki kabinetindən asırdı. İndira Qandi, Marqaret Tetçer, Jak Şirak kimi siyasətçilər davamlı olaraq astroloji proqnozlar sifariş edirdi. 1929-cu ildə Krasnodarın Qelençik şəhərində Stalinin tələbi ilə SSRİ-nin ən yaxşı astroloqlarının iştirakı ilə konfrans keçirildi. Bu hadisə həmin dövrdə ateist mövqe tutan bir imperiya üçün kifayət qədər qeyri-adi addım idi. Hadisənin ən maraqlı tərəfi bunda deyil. Konfransın birinci hissəsi bitəndən bütün astroloqlar maşınlarına minib nahar etmək üçün yola düşdü və ondan sonra onların heç birində xəbər alınmadı. Daha sonrakı sənədlərdə onların “Butırskaya” həbsxanasında saxlanıldığı və “12 nömrəli Xüsusi Konstruktor Bürosunda” ömürlərinin sonuna qədər Stalinin göstərişi ilə proqnozlar verməyə davam etdiyi məlum olub. 1931-ci ildə Stalinin özünün göstərişi ilə planlaşdırılıan Moskva metrosu da ideal astroloji quruluşa malikdir. 12 stansiyalı metronun hər stansiyası bir zodiak bürcünə təsadüf edir. Bütün bu faktlara sizin münasibətiniz necədir? Sizcə bunlar sadəcə təsadüfdürmü?

Xəyyam:

- Öncə onu qeyd etmək istəyirəm ki, Astrologiya Astronomiyadan fərqli olaraq elm deyil və buna görə də onunla aparılan araşdırmalara inanmaq gülüncdür. Əlavə olaraq onu demək istərdim ki, adları çəkilən siyasətçilər də adi insanlardır. İnanmaq, təsirə düşmək insana xas olan xarakterdir. Onların prezident, siyasətçi olması heç də zəif və təsirə meylli olmadıqlarına dəlalət etmir.

1955-ci ildə Fransız statistik Mişel Qatlen belə bir statistik araşdırma edib. O, 40 min parislini bürc, xarakter və fəaliyyət növlərinə görə təhlil edib. Təhlilin nəticələrinə görə bürcün nə xarakterə, nə də fəaliyyət növünə təsiri yoxdur. Bu özü göstərir ki, astrologiyanın statistik əsası yoxdur. Təsadüflər isə hər bir halda qaçılmazdır. İnsanlar statistikaya yox, baş vermə ehtimalı sıfıra yaxın olan təsadüflərə inanır. Digər tərəfdən bir qrup astroloq deyir ki, proqnozun dəqiqliyi üçün dəqiq doğum tarixi tələb olunur. Yəni siz dəqiqəsinə kimi öz doğum anınızı bilməlisiniz. Çünki 5 dəqiqəlik bir yayınma belə səhv proqnoza səbəb ola bilir. Bunun özü isə artıq dələduzluğa işarədir. Çünki, alınmayan istənilən proqnoz üçün astroloqun bu cür bəhanəsi var. Astronomiya elm, astrologiya isə şou-biznesdir. Cadugərlik həmçinin... Onu nəzərə almaq lazımdır ki, doğuşu qəbul edən həkim uşağa - Marsdan 6 dəfə çox qravitasiya təsiri göstərir. Hansısa uzaq ulduzun bizim həyatımıza təsiri gülüncdür.

Ömər:

- Dünyada kifayət qədər məşhur və öz yazıları ilə tanınan bir şəxs yaşayıb ki, öncəgörmələri əksərən onun adı ilə bağlayırlar. Vəbanı müalicə edən kənd həkimi kimi tanınan Nostradamus... Öz öncəgörmələri ilə tarixə adını yazmağı bacardı. Bu gün də onun əlyazmaları öz aktuallığını qoruyur. Hələ də bu yazılar araşdırma mövzusudu. İstənilən halda nə öncəgörməni nə də magiyanının yoxluğunu iddia etmək olmaz. Çünki bu məsələlərin varlığını təsdiq edən çoxlu tarixi faktlar var. Məsələn 1-ci Pyotr rəsmi olaraq Cadugərliyi qadağan etmişdi. Orta əsrlərdə kilsə kütləvi olaraq cadugar ovuna çıxmışdı. Bunlar tarixdə öz varlığını təsdiqləyən real faktlardı.

Xəyyam:

- Bunların əksəri əsaslı dəlil deyil. Belə ki, Nostradamus gələciyi görən və vəbanı müalicə edən adam kimi tanınmasına baxmayaraq öz arvadı və 2 uşağı vəbadan öləndə heç bir şey edə bilməmişdi. Eyni zamanda, onun yazıları müxtəlif mənaya yozula bilər və dəqiq tarix yoxdur. Nostradamus gələcəkdən yox, keçmişdən yazıb. Daimi təkrarlanan tarixi hadisələrdən. İstənilən halda onun yazılarından çıxarılan nəticələr ancaq yozumlardır.

Ömər:

- Nə qədər inkar etsək də, bu qüvvələr realdır. Brejnyevin dövründə Sovet Kəşfiyyat agentləri astroloji bacarıqlardan imtahan verirdi. Geoteya, Lemegeton bu fenomenin varlığını təsdiqləyir. Lemegetonda hətta çağırılacaq cinlərin adları, növləri, görüntüləri, simvolları, çağırılma formaları açıq şəkildə göstərilib. Bütün bunlar realda mövcud olan faktlardır. Digər bir fakt isə ekzosizm hallarıdır. Şərqdə cin girmə olaraq bilinən hallar... Bu faktlar internetdə kifayət qədər yayılıb və güclü rezonansa səbəb olub.

Xəyyam:

- Sizlərə belə bir hadisə danışmaq istəyirəm. 1973-cü ildə “Exorcist” filmi çıxdı və böyük rezonansa səbəb oldu. Filmin ssenarisi isə 1949-cu ildə baş vermiş bir hadisədən götürülmüşdü. Sent Luisdə yaşayan 13-14 yaşlı Riçard adlı məktəbli hekayənin baş qəhrəmanıdır. Hər şey Riçardla xalasının ruhla əlaqəyə girmə cəhdindən başlayır. Spiritik lövhə ilə... Bir müddət sonra evdə su səsləri eşidilməyə başlayır. Daha sonra evdə əşyalar tərpənir, Riçardın bədənində yazılar peyda olur. Onu həkimə aparırlar və heç bir nəticə əldə olunmur. Keşiş çağırılır və keşişin 28 günlük cəhdi ilə ruh bədəndən çıxarılır.

Standart Eqzorsizm halları bu ssenariyə uyğun baş verir. Tibbi olaraq bu fenomeni izah edə biləcək bir neçə variant var. Bu halları yaşayan insanlar hansısa problemdən qaçış üçün bu cür varianta əl atır və özlərini diqqət mərkəzində saxlamağa çalışır. Tibbi olaraq bu Gicgah payının epilepsiyası olaraq izah oluna bilər. Gicgah payı epilepsiyası hallüsinasiyalar, maniyalar, fəlsəfi və dini ideyalara meylliliklə xarakterizə olunur. Bu, eyni zamanda Menxauzen sindromu ilə izah oluna bilər. Və məsələ əslində həmin uşağın xəstəliyində və ya şıltaqlığında deyil. Əsas odu ki, 1973-cü ildə bu film baxışa girəndə kütləvi psixozlar başladı. Katolik kilsəsinə bu ayinin keçirilməsi ilə bağlı saysız təklif gəldi. Rejissor psixoz keçirən kütlənin əlindən qaldığı oteli tərk edə bilmədi.

Aparıcı № 1. İstənilən halda burda mədəni və etik aspektlərin toqquşması gedir. Çünki bəzi kütlə üçün bu normal və atılası addımdır. Digər kütlə üçün isə bu qeyri-reallıq və yalandır. Ancaq istənilən halda magiyanın varlığını danmaq olmaz.

Alister Krouli kimi birinin ömrünün sonunda Avropanın əksər ölkələri üçün person non grata olması qeyri-adi hal deyildi. Çünki, onun cadugər olması ilə yanaşı həm də məşhurluğu kifayət qədər idi. Deyilənə görə, hətta Hitler də ondan qorxurdu. Eyni zamanda orta əsrlərdə Avropada kimyagərliyin geniş yayılması... Bunlar hamısı eyni kökdən olan sadəcə fərqli ifadə formasına malik magiya növləridir.

Okkultizmin bütün Avropanı bürüdüyü vaxtlar elə də uzaq keçmişdə deyil. Paraselsi kimyagərliklə yanaşı ağ magiya ilə məşğul olan bir şəxs kimi də tanımaq olar. Teofil və Nikolas Famelin fəlsəfə daşı əldə etdikləri məlumdur. Bu gün də alimlər razılaşır ki kimyagərlərin hesabına elm, xüsusilə kimya çox qabağa gedib. Magiyaçıları pisləmək düzgün deyil buna görə... Hətta bəlkə onların varlığı labüddür.

Xəyyam:

- İlk olaraq onu deyim ki, Kroulinin person non grata olmasa faktı ilə razıyam, ancaq Hitler hekayəsi sadəcə mifdən ibarətdir. Okkultzim və cadügərlik paraleli ilə də razıyam. Çünki hər ikisinin əsas hədəfi zənginlikdi. Fəlsəfə daşı ilə okkultistlər qızıl əldə eləmək istəyirdi. Cadugərlər də öz seanslarında şou göstərməklə insanlardan pul yığırlar. İstənilən halda insanlar nəticəyə yox, şouya pul verir. Hötenin “Gənc Verterin iztirabları” əsəri üçün belə bir iddia var idi ki, onu oxuyan gənclər intihar edirdi. Bu bir kitabın insana nə qədər təsir elədiyini göstərirdi. İndi isə efir, internet var və bu cür insanlar daha çox kütləyə təsir edə bilir.

Suqqestiv lingvistika deyilən bir elm növü var ki, sırf sözlərin və söz birləşmələrinin psixikaya təsirini öyrənir. Bu elmə görə sözlər işıqlı, qaranlıq və neytral sözlərə bölünür. Bu cür söz xarakteristikasından son dövrlərdə reklamlarda da istifadə olunur. Sözlər tiplərinə görə insan psixikasına və təxəyyülünə təsir edə bilir. Cadugərlər isə heç vaxt yaxşı proqnoz vermədiyindən insan psixikasında uyğun dəyişikliklər gedir. Mən sizlərin gördüyü işi manipulyasiya və illüziyadan başqa bir şey hesab etmirəm.

# 3909 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #