Xanım Qafarovanın iki cümləsi

Xanım Qafarovanın iki cümləsi
9 iyul 2014
# 11:42

Aliyə yazır

Xərçəngdən əziyyət çəkənlərin statistikasını açıqlamaq istəmirəm. Oxuyanda bu, soyuq rəqəmdən başqa bir şey deyil. Onlar çoxdurlar. Amma hamısını bir ümid birləşdirir: Onlar “sağalaram” deyə bir ümidlə bu xəstəliklə mübarizə aparırlar. Belə xəstələrə depressiya qətiyyən olmaz. O adamların ümidini göyərtmək üçün cəmiyyətdə yaxşı nümunələr olmalıdır.

Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarova xərçənglə çarpışır. Səhnədə bizi güldürən aktrisanın indi çarəsizcə əzab çəkməsini izləmək, “Səsimi, harayımı duysunlar, çox pisəm. Demək olar ki, hər gün ölümlə üz-üzə qalıram. Müalicə üçün köməyə ehtiyacım var. Bu müraciəti etdiyim üçün xəcalət çəkirəm. Amma övladıma görə, sizə kömək üçün müraciət edirəm. Qızım çox balacadır” deməsini eşitmək qulaqdan başqa qəlbi də olan hər bir insan üçün çox ağırdır. Amma bu, həm də xərçənglə mübarizə aparan insanlara ağır zərbədir.

Xanım Qafarovaya kömək etməklə, tək onun yox, xərçənglə çarpışan minlərlə insanın ümidini göyərtmək olar. Xanım Qafarovaya kömək etməklə bir körpənin anasını həyata qaytarmaq, cəmiyyətə "sevgiylə, qayğıyla, hər şey etmək mümkündür" mesajı göndərmək olar. Bu, hər şeydən əvvəl vətəndaşının qeydinə qalan dövlətin müvafiq qurumlarının marağında olmalıdır. Sonra kefiniz istəsə iclasda çıxışlarda qayğı və diqqətdən danışa bilərsiz.

Hər necə olsa bir insanı xilas etmək olar. Səhnədə olan, ölümlə üz-üzə qalan bir insanı. Bir insan azdırmı?

Onlarla insana “Xərçəngi məğlub etmək olar!” inamı vermək, onlarla insanı ümidsizlikdən xilas etmək az işdirmi? Necə ki, xərçəngə qalib gələn dünya ulduzlarını görürük.

Axı bizim aktrisaların o ulduzlar qədər maddi imkanı yoxdur, məşhurluğu ilə belə Xanım Qafarova özünə normal ev şəraiti düzəldə bilməyib. Deməli, ona kömək etmək lazımdır.

Onsuz da bizim televiziya: “Adəmi adəm eləyən paradır”, “Pulun yoxdursa, rədd ol, öl” reallığını dəqiq göstərməklə insanları ruhdan salır. Pullu müğənnilərin qarderoblarını eşələyən, bahalı əşyalarını görməmişcəsinə təqdim edən televiziyamız bunların ardınca xəstəlikdən və fikirdən üzülmüş, xaricdə müalicə üçün yardım istəyən aktrisanı göstərəndə şüuraltına belə bir mesaj verir: “Günah bu biçarələrin özlərindədir. Madam ki, pulları yoxdur, zəhmət çəksinlər, xəstələnməsinlər...”

Amma xəstəlik pula baxmır. Nəinki baxmır, hətta bu lənətə gəlmiş xəstəliyin yaranma səbəblərini də tibb dəqiq aydınlaşdıra bilməyib. Xanımın yerində hər kəs ola bilər. Yazını Xanımın iki cümləsi ilə bitirirəm:

“Qızım balacadır. Ölmək istəmirəm”

# 6142 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #