Bu ac uşağı hamınız tanıyırsız

Bu ac uşağı hamınız tanıyırsız
7 oktyabr 2013
# 10:34

Məncə dünyanın ən maraqlı peşəsi orakulluqdu, öncəgörənlərin peşəsi.

Körpə uşağa baxıb onun taleyini əvvəlcədən görmək.

Necə də maraqlı və dəhşətlidi.

Təsəvvür edin, bir uşağın o gülərüz, xoşbəxt çöhrəsinə baxıb onu gələcəkdə gözləyəcək, ağrıları, acıları, dəhşətləri, həyatından keçəcək faciələri, eyni zamanda uğurlarını, xoşbəxt anlarını, ulduzunun parlayan dəqiqələrini görə bilmək.

Kimin ömrünün yarıda qırılacağını, kiminsə 90 yaşında nəvə-nəticələrinin əhatəsində ölməyini görmək.

Kimininsə taleyinə qanlı müharibələrin, dəhşətli fəlakətlərin düşəcəyini, kiminin ordan çıxıb-çıxmayacağını bilmək.

Bunları bilmək əlbəttə dəhşətdir.

Qarşındakı beş yaşlı körpənin fəlakətini öncədən görürsən.

İnsan olan buna dayanarmı? Ürəyi parçalanmazmı?

Yəqin elə buna görə də öncəgörənlər tarix boyu təqib olunublar. İnsan bu qaranlıq gələcəyi görmək istəməyib. İnsanın hansı acılardan keçəcəyini bilmək ona o acıları yaşamaqdan daha betər olardı. Mənim bildiyim qədəri ilə heç bir orakul da insan taleyini əvvəldən hər bir xırda detalına qədər bilməz.

Elə buna görə də o insanlığın ən maraqlı peşəsi ola bilmir.

İnsana qeybi görmək bacarığı verilməyib. Və ya insan hələ bu qabiliyyəti tam mənimsəməyib.

Elə buna görə də bizim sadəcə insan ömrünə sondan əvvəlinə baxmaq şansım olur. Onda biz orakul yox, bioqraf oluruq.

Amma gəlin, bu dəfə öncəgörən olaq.

Və bələkdə mışıl-mışıl yatan bu körpənin taleyinə baxaq.

***

Doqquz yaşına qədər çox xoşbəxt bir taleyi olacaq.

Doqquz yaşında atasını həbs edəcəklər. Bununla da uşaqlığı bitəcək.

O hələ neçə il atasının aparılarkən sonuncu dəfə burulub gözdən itdiyi tinə baxacaq pəncərədən və atasının o tində görünməsini arzulayacaq.

Bundan sonra onu yarıac-yarıtox bir tale gözləyəcək.

Talelərinə sürgün olunmaq qorxusu yazılacaq.

Anası ondan başqa dörd bacı-qardaşını dolandırmaq üçün gecəsini gündüzünə qatıb çalışacaq.

Qapılarını heç bir qohumu açmayacaq.

Anasının işlədiyi təşkilatın bufetçisi hallarına acıyıb onlara işə gəlməyənlərin pirojkilərini yollayacaq.

Hələ bir müddət o pirojkilərin hesabına böyüyəcək.

13 yaşında ölkəsini bürüyən müharibə onun da taleyindən yan keçməyəcək.

Günlərlə yarıac-yarıtox qalacaq.

Məcbur qalıb məktəbi buraxacaq. Bir il məktəbə getməyəcək. İşləyib ailəsinə yardım edəcək.

Onlar evlərində ac yatanda yaxınlıqdakı çörəkbişirmə zavodundan gələn bişmiş çörək ətri hələ neçə gecə onun və qardaş-bacılarının ac yuxularına haram qatacaq.

İnstituta sənəd verəndə atasına görə qəbul etməyəcəklər.

Amma şans üzünə güləcək. Başqa bir institutun rektoru rəhmdil çıxacaq. Xalq düşmənin oğlunu instituta qəbul edəcək.

Bundan sonra şans onun üzünə hələ çox güləcək.

Təhsilini uğurla başa vuracaq.

İstedadı və zəhməti hesabına şöhrəti hər yerə yayılacaq.

Böyük-böyük təşkilatlara rəhbərlik edəcək.

Saysız mükafatlar alacaq.

Şöhrəti dünyanı bürüyəcək.

Çox uzun və şöhrətli bir ömür yaşayacaq.

Ömrünə məşəqqətləri və xoşbəxtlikləri sığdıracaq.

Bütün bu ağrılı-acılı və ulduzlu, xoşbəxt ömür onun olacaq.

Sözlərimdən əmin olun!

P.S. Bu uşaq Tahir Salahov idi.

P.P.S. Bu yazı Xalq Rəssamı Tahir Salahovun 2003-cü ildə “El” jurnalında çap edilmiş müsahibəsindən təsirlənərək yazılmışdır. Müsahibəni oxuyanda adam inan bilmir ki, bir insanın taleyində bu qədər ağrı-acı ola-ola böyüyə, şöhrət qazana bilər. Bu Tahir Salahovun iradəsi deyildi, bu insan iradəsidi, bizi hər odun-alovun içində mətanətlə çıxaran insan iradəsi.

# 5563 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #