Akif Səmədin araqla müalicəsi

Akif Səmədin araqla müalicəsi
20 iyul 2018
# 12:10

Murad Köhnəqala

Görün, nə vaxtın söhbətini eləyəcəm sizə. Onda Akif Səməd də sağ idi. Lətif Mustafa ilə Akif Səmədin yanına getmişdik. Bu yerdə Lətifi tanımayanlar üçün haqqında bir kaç kəlmə deməliyəm.

Lətif mənimlə tələbə yoldaşı olub. Tələbə yoldaşı deyəndə ki, mən instituta qəbul olanda Lətif qiyabi şöbədə dövlət imtahanını verməyə gəlmişdi. Elə onda tanış olduq Moskvada. O, Ədəbiyyat İnstitutunun azərbaycanlı tələbələri arasında ən çox içən kimi tanınırdı. İmtahanlarını verəndən sonra da aylarla Moskvada qaldı. Sonra gəlib bizimlə tanış oldu. İçdi, Barışın mahnılarına oynadı, türk xaqanlarından, türkçülükdən danışdı, gecələr bizi yatmağa qoymadı.

Rusca təmiz danışa bildiyinə görə rus tələbələrlə dostluğu daha yaxşı tuturdu.

Lətifi sonralar Bakıda tapdım, ola da bilər o məni tapdı, dəqiq xatırlamıram.

Gözəl şeirlər yazırdı, publisistikası harika idi. Yaşı qırxı ötmüşdü, ancaq evlənmirdi. Doxsanıncı illərin sonu olardı, başını götürüb Türkiyəyə getdi, indiyə qədər də Ankarada yaşayır...

Bir vaxtlar Lətif arağı su kimi içirdi, lakin sonralar arağın daşını atdı. Niyə atdı? Atmasa lap dəli olardı. Dəli deyəndə ki, artıq, onda “ağ isitmə” xəstəliyi əmələ gəlmişdi. Son vaxtlar Lətifi “KQB izləyirdi”. Harada otururduq, deyirdi, bax, o qalstuklu kişi məni izləyir. Yanımızda fotoaparatla şəkil çəkən olanda “bunlar uzaqdan bizim şəklimizi çəkməyə gəlib” deyirdi. Pişik asqıranda da deyirdi, bunu KQB məni izləməyə göndərib. Nə qədər başa salsaq da xeyri yox idi, “manya prisledovaniya” onu daxildən didib məhv eləyirdi.

Lətif Mustafaoğlu arağı buraxandan sonra bir dəfə ruhi dispanserdə də yatası oldu. Ona günaşırı yemək, siqaret daşıyırdım. Bir dost kimi mənim içməyimi qəti arzulamırdı. Dəli olduğunu hərdən özü də etiraf eləyirdi. “İçkini atmasan sən də mənim kimi dəli olacaqsan”, deyirdi mənə. Mən isə ona məşhurlardan Edqar Ponun, Remarkın, Con Steynbekin, Bulqakovun, Heminqueyin, Cek Londonun, nə bilim, Yeseninin əyyaşlığından misallar gətirib təskinlik verirdim.

1996-cı il idi deyəsən. Lətif mənə dedi, Akif Səməd Bilgəh sanatoriyasında müalicə alır, gedək ona dəyək.

Akif artıq iki dəfə mini, bir dəfə də ölümcül infarkt keçirtmişdi.

Dedim, gedək. Bir az mer-meyvə alıb getdik Bilgəhə. Burası dəniz sahilində yerləşən gözəl bir pansionat idi. Akif bizim gəlişimizə xeyli sevindi. Ancaq çarpayısının yanındakı tumbanın üstünə qoyduğumuz meyvə torbasına heç gözünün ucu ilə də baxmadı.

Biz onunla hal-əhval tutarkən palataya xoşsifət bir həkim də gəldi. Söhbət arasında həkim dedi, Akifin şeirlərini sevirəm, ona görə şairi bacardıqca çox yaşatmaq istəyirəm, ancaq bilirsiniz ki, infarkt keçirtmiş adama qətiyyən araq içmək olmaz, siz də yaxın dostları kimi onu içkidən çəkindirməlisiniz. Lətif dərhal mənim üzümə baxıb: “Eşitdin, doxdur nə deyir?” - dedi. Dedim, ay Lətif, doxdur Akifdən danışır, infarktı keçirdən odu. Lətif dərhal qayıtdı ki, noolsun ondan danışır, belə davam eləsən sən də infarkt olacaqsan. Dedim, ay Lətif, əl çək, qoy, bir dəfə də mən infarkt olum, onsuz da axırda hamımız öləcəyik.

Nə isə, Akiflə bir az deyib-güləndən sonra sağollaşıb ayrılası olduq. Akif dedi, sizi avtobus dayanacağına kimi ötürməliyəm. Əynini dəyişib bizimlə sanatoriyanın həyətindən yola çıxdı.

Biz avtobus dayanacağına tərəf gələndə Akif mənim qolumdan tutub yalvarıcı tonla: “Qardaş, burda yaxşı bir kafe var, gedək oturaq, “əlli-əlli” vuraq, sonra gedərsiniz” – dedi.

Onun təklifindən üzüm güldü. Baa! Akifin bu sözlərini Lətifin qulağı aldı, nə aldı! Səsi oralarla bir oldu: “Ayə, utanmırsınızmı, bəs deyilmi sizə, niyə canınıza yazığınız gəlmir, bu alkaşlığı havax qurtaracaqsınız?!”

Akif mısmırığını sallayıb Lətifə cavab hücumu elədi: “A Lətif, ölən mənəm, yoxsa sən? Nə işinə qalıb biz nağayrırıq? Adamın əsəbinnən oynama! Qoy, müalicəmizi eləyək!”

Lətif acıq eləyib bizdən aralandı: “Sizin kimi axmaq adamlarla oturmaram!”

Biz kafeyə girdik. Yeməyə nə var? Dedilər, filan-filan yeməklər. Hərəyə bir piti, bir də araq sifariş elədik. Piti gələnə qədər Akif arağı açıb badələrə süzərək gülə-gülə: ”Aəə, mən bilmirəm bu Lətif nə qədər yaşamaq istəyir?” - dedi.

Pitilər stola gələndə Lətif qəfildən içəri girdi. Onun qaşqabaqlı zühuruna qanımız qaralsa da üç olmağımıza sevindik. Lətif yenə başladı: “Mən heç nə demirəm, için, ancaq xahiş eləyirəm, hamısını içməyin! Akif, adamlığın olsun, sistem altından indicə qalxmısan!” Əsəbdən onun rəngi dümağ olmuşdu.

Mən Akifin sağalmasını, tezliklə Bakıya qayıtmasını arzu eləyən sağlıqlar deyirdim. Akif də allahdan Lətifə ağıl diləyən sağlıqlar söyləyirdi.

Lətifin qorxduğu nəydi? Qorxurdu ki, biz ölərik, o da bu dünyada bizsiz qalar. Dostsuz qalmaq onun üçün ən ağır cəza idi. Nə isə, Lətifin əlimizi, ağzımızı güdən baxışları altında arağı vurub dibinə çıxdıq. Sonra adama “yüz-yüz” də sifariş eləyəndə dostumuz dik atıldı, yumruğunu stola vuraraq: “Ayə, bəsdi, oğraşlığı qurtarın!” - dedi və vızıltı ilə bayıra çıxdı...

# 3346 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #