Həyat ən pis halında belə Tanrının insana sürprizidir...
Bəzən yaşamaq istəmirsən. Ölmək istəyirsən yəni. Ölüb kimisə qaytarmaq. Yaxud kiminsə sadəcə bir ölümlük diqqətini cəlb etmək. Sadəcə diqqətini. Səni xatırlasın, yetər. Olsun. Heç ağlamasın. Eləcə, öldüyünü eşitsin və ani olaraq haqqında düşünsün...
Bəzən bu qədər aciz olursan. Çarəsiz yəni...
Bəzən bu çox yaxşıdı. O qədər yaxşı ki, özünü pis hiss edirsən.
Yazıq yəni... Həmişə kimlərəsə yazığı gələnin bəzən özünə yazığı gəlməsi nə qədər yazıq, kimsəsiz bir duyğudur....
Bunu gərək yaşayasan... O "kimsə" dediyinlə yaşamadığın qədər yaşayasan...
Bəlkə də biz səninlə evli olsaydıq, bu dəliliyinlə dəli edərdin məni...
Bəzən sən danışarkən gözlərim yol çəkəndə kimi düşündüyümü soruşub şam yeməyimizi zəhərə döndərərdi qısqanclığın.
Niyə şıq geyindiyimin yalnız səninlə gəzintiyə çıxdığımda fərqinə varmazdın. Amma başqa vaxt...
Bəlkə də bomjların çoxu nə vaxtsa xanımlarının qısqanclığı ucbatından əyin-başlarına fikir verməyi unutmuşdular, kim bilir...
Çöllərdə tanışlarla çəkilən şəkillər cırılır, evlərdə qısqanclıq sevdalıları yadlaşdıranda...
Görəsən nə vaxtsa təsadüfən səhv düşən və xəttin o başında susan telefon zənglərinin nə qədər ailəni dağıtdığının statistikası aparılacaqmı bu yer üzündə?! İnsanlığı qorumaq adına...
Amma bütün bu ehtimallara baxmayaraq yenə də deyirəm ki, sən bu planetdə, bu insanların arasında yadsan. Fərqli yəni. Metronun səni aparan qatarı kimi. Küçənin sən yaşayan evi kimi. Yolun sən gedən hissəsi kimi. Ürəyin səndən gələn ağrısı kimi. Yəni hər şeydən fərqli. Yəni hər kəsdən fərqli ..
Hətta kosmosdan baxıb tanıyardım səni, bu yeddi milyard adamın arasından. Sadəcə yerişindən. İnsanlar arasındakı döyükməndən... Lap elə komplekslərindən...
Sən sevdiyinin başqaları ilə necə danışıb-güldüyünü görəndə həm bu işgəncə ilə, həm də kədərini, nədən narahat olduğunu ətrafdakıların duymamağı ilə mübarizə aparırsan. Qürurun bir dalda yerə özünü çatdıranadək dözür. Kiçicik bir kimsəsizlik və sən qırılıb hönkürürsən, qəlbini qoyub sevdiyini qarğıyaraq...
Xəlvətdə axıdılan qadın göz yaşları bənövşə kimidi. Layiq olduğu sevgidən, nəvazişdən kənarda da quruyub gedərlər...
Sən hamının zarafat etdiyi, az qala boynuna dırmaşdığı adama Allahın quru salamını da hamı kimi verə bilmirsən. Çünki ona münasibətin hamıya olandan deyil...
Sən yalnız sevdiyin kəsi inkar etməklə sevmədiyini iddia edirsən. Qalan bütün hərəkətlərin, davranışın məhz sevdalandığını təsdiqləyir...
Sənin indi içində tələsdiyin yalnız bir yer var, sevdiyinin yanı. Sən ora çatana qədər özünsən və sərbəstsən. Elə ki, çatdın guya heç vacib də deyilmiş orada olmaq... Bütün bunları eyni canda yaşamaq və oynamaq qolaymı sanırdın... Olmaz əlbəttə...
Sən sevdiyinə aparan və sevdiyindən qaytaran yol boyu “bitdi, belə olmaz, buna son vermək lazımdı”,- deməkdən başqa heç nə düşünmürsən xeyli vaxtdır, fərqindəsən bu sonsuzluğun...?
Yollar əvvəl yer üçün doğulmuşdular. Sonsuzluğa qədər böyüdülər amma...
İnsanlar valideynləri üçün doğulur əvvəl. Amma kimsəsizliyə qədər böyürürlər bəzən...
Sevdalar birləşmək üçün yaşanırlar. Çox vaxt ayrılığa qədər böyüyürlər amma...
Heç vaxt qovuşmayacaq sevdaya düşmüsən? Ayrılığa qədər böyüməyəcək demək. Nə mutlu sana...
Ümidin ümidinə qalan ümidlər var, çölü bir ağrı olaraq daşıyan içimizdə...
Həyat ən pis halında belə Tanrının insana sürprizidir...
Hərə öz sürprizini götürüb gedib bir kənarda oynaya bilsəydi...