Zalım atanın mərhəmətli oğlu

Zalım atanın mərhəmətli oğlu
2 may 2013
# 11:07

Məmməd Süleymanov

“Uşaq vaxtı mən uşaqlıq yaşamamışam” - Anton Çexov xatırlayırdı. Bu sözlər ilk növbədə sərt, qəddar, ailə tiraniyası yaratmış atası Pavel Yeqoroviçə qarşı yönəlmiş şikayətdi. Əyalət şəhəri, tozlu-palçıqlı Taqanroqda keçən uşaqlıq və yeniyetməlik illərini böyük yazıçı xatırlamağı sevməzdi.

Başqa bir sitata diqqət kəsilək. Artıq məşhur yazıçı olan Anton Çexov məktublarının birində böyük qardaşı Aleksandra yazır: “Xahiş edirəm, unutma ki, despotizm və yalan anamızın gəncliyini məhv etdi. Despotizm və yalan bizim uşaqlığımızı o dərəcədə korladı ki, indi də yada salmaq ürəkbulandırıcı və qorxuludur. Xatırla - atam nahar süfrəsi arxasında duzu çox düşmüş şorba üçün qiyam qaldıranda, yaxud anamızı danlayanda bizdə necə qorxu və nifrət yaranırdı... Qurbanlıq olmaq cəllad olmaqdan üstündür”.

Bu narazılıqları ilə Çexov atasını məktublarında tənqid atəşinə tutan Frans Kafkaya bənzəyir. Ancaq narazılıq elə buradaca, Söz səviyyəsində bitir, həyatda isə Çexov nümunəvi və qədirbilən övladdır, qayğısı da həmişə valideynlərinin üzərindədir.

Bu da sübut: yeniyetmə Anton 1877-ci ilin 29 iyulunda Taqanroqdan Moskvaya, uzaq qohumu Mixail Çexova məktubunda yazır: “Atamı görsən, ona çatdır ki, onun əziz məktubunu aldım və çox minnətdaram. Atam və anam Yer kürəsində mənim üçün yeganə adamlardır ki, onlar üçün hər şeyimdən keçməyə hazıram. Əgər mən yüksəklərə qalxsam, bu, yaxşı adam olan atamla anamın xidməti olacaq. Uşaqlarına olan sevgiləri onları bütün təriflərdən ucaya qaldırır, bütün çatışmazlıqlarını ört-basdır edir...”

Yazıçı bir tərəfdən məşəqqətli uşaqlıq illərinə görə ailə despotu olan atasından narazılıq edir, digər tərəfdən isə ömrünün son gününədək valideynləri üçün nümunəvi övlad, qardaşları və bacısı üçün isə yaxşı qardaş olur.

Elə bu xoş ziddiyyət, bu ürəkaçan paradoks da məni indiki qeydlərimi etməyə həvəsləndirdi. “Biz hamımız öz uşaqlığımızdan gəlirik”sə, necə olur ki, uşaqlığını lənətləyən birisi sonradan ailə dəyərlərini müqəddəsləşdirən şəxsə çevrilə bilir? Nə deyirsiz deyin, Çexovun misalı onillərdir dəbdə olan psixoanaliz təliminin elmdən daha çox, sadəcə mülahizələr toplusu olduğuna gözəl dəlil sayıla bilər.

***

Anton Çexov 1860-cı ilin yanvarında Taqanroqda, tacir Pavel Yeqoroviçlə evdar qadın Yevgeniya Yakovlevnanın ailəsində dünyaya göz açır. Ailədə 6 övlad böyüyürdü, Anton 5 qardaşın üçüncüsüydü. Ata babası təhkimçi kəndli idi, sonralar bacarığı sayəsində mülkədar mülkində darğa olur, pul yığıb azadlıq alır. Atası Pavel Yeqoroviç isə Taqanroqda kiçik bir baqqal dükanı işlədirdi.

Baqqal dükanı ilə balaca Antonun ən qara və kədərli təəssüratları bağlıdır. 9 yaşlı gimnaziya şagirdini atası bütün havalarda dükana qovur, o da orada həm alver edir, həm də şəyirdlərə göz qoyurdu. Saatlarla dondurucu soyuqda, darıxaraq, göz yaşı axıdaraq, hesabda səhv etməyin qorxusu ilə o, atasının qayıdacağı anı gözləyir, gecənin bir yarısı evə döndükdə isə dərsini öyrənə bilməməyinin və məktəbdə cəzalanacağının qorxusu ilə gözünə yuxu getmir.

Sonralar Çexov yazacaqdı. Atası onu döyməyə (“tərbiyələndirməyə”) başlayanda Antonun vur-tut 5 yaşı vardı. Hər səhər yuxudan oyananda isə ilk fikri “Bu gün də döyüləcəmmi?” olurdu. Bir dəfə məktəb yoldaşlarından biri Antona heç vaxt ailədə döyülmədiyini deyəndə, gələcək yazıçı onu yalançı adlandırır. Hər dəfə şillələrdən, bəzən də qamçı ilə döyüləndən sonra övladlar atanın əlini öpüb ona təşəkkür etməliydilər.

Çexovun bioqraflarından olan yazıçı Anri Truayya “Anton Çexov” kitabında yazır: “Bu, nədir - despotizm? Əndazəsiz qəddarlıq? Əslində isə Pavel Yeqoroviç övladlarını acıqsız və qəzəbsiz cəzalandırırdı. O, uşaqları özünəməxsus şəkildə sevirdi, ancaq inanırdı ki, sərt davranmaqla uşaqlara yaxşılıq edir. O, nəsihətləri şillə-təpikdən fərqləndirmirdi, çığır-bağırsız və cismani cəzasız isə müqəddəs həqiqətləri başıboş oğlanlara təlqin etmək qeyri-mümkündür...”

Sonralar Çexov melanxolikcəsinə qeyd edəcəkdi: “Nə vaxtsa babamı ağalar və hətta ən xırda məmur da döyüb. Atamı babam döyüb, bizi də - atamız. Bu, nə əsəbdir, bu nə xarab qandır ki, bizə irsən keçir?!”

Oğlanlar böyüdükcə, onlara olan təzyiq də artır. Musiqi duyumu və yaxşı səsi olan Pavel Yeqoroviç qərara gəlir ki, kilsə xoru düzəltsin. Heç bir dini ayindən, ibadətdən qalmayan bu şəxs Tanrıya inamında tam səmimi idi, ancaq bir tacir kimi fırıldağından da qalmırdı. Məsələn, bir dəfə zeytun yağı olan qazanda siçovul ölüsü tapılanda, o, dilemma qarşısında qalır: ya Tanrı yolunda yalançılıq etməmək və yağı tullamaq, ya da tacir kimi hərəkət etmək. Sonunda keşişi çağırır, keşiş xeyir-dua verir və yağ satışı davam edir. Ancaq qonum-qonşu bu fənddən xəbərdar olur və nəticədə dükandan nəinki zeytun yağı, digər məhsulları da almaqdan imtina edirlər. Şübhə yaranır ki, “çirklənmə” bütün mallara aiddir. Bu epizod ata-Çexovun təbiətindəki ambivalentliyə balaca bir nümunədir.

Kilsə xoru yaradan ata oğlanlarından 3-ünü oraya qatır. Əsl məşəqqətlər bundan sonra başlayır: səhər gimnaziya, axşam kilsə və dükan, gecə isə evdə məşqlər. 1892-ci ildə Çexov dostu İ.Leontyev-Şeqlova yazır: “Uşaqlıqda dini təhsil və tərbiyə aldım - kilsə nəğmələri, həvarilərin kitabları, ibadətlər, minbərdə köməklik, kilsə zəngini səsləndirmək... Bəs nəticə? O uşaqlıq dövrünü yadıma salanda, mənə zülmət kimi görünür və məndə heç bir dindarlıq yoxdur. Olurdu ki, mən və 2 qardaşım kilsədə oxuyurduq, bizə riqqətlə baxır, valideynlərimizə həsəd aparırdılar. Biz isə özümüzü balaca katorqaçılar kimi hiss edirdik”.

Diqqətəlayiqdir: ata oğullarına nə qədər dindarlıq aşılasa da, əks-effekt baş verir - onlar böyüyüb sırf kübar şəxs olurlar.

Anası barədə isə Çexov böyük hörmətlə yazır. “Bizim istedadımız atamızdan, qəlbimiz isə anamızdandır” - qardaşı Aleksandra göndərdiyi məktubda vurğulayırdı.

***

Əsası Böyük Pyotr tərəfindən qoyulan Taqanroq nə vaxtsa varlı liman şəhəriydi. 1825-ci ildə imperator 1-ci Aleksandr qəfildən bu şəhərdə vəfat edəndə, onun adı sonuncu dəfə diqqət mərkəzinə düşür. Sonra isə şəhərin tənəzzülü başlayır. Bir yandan Rostov-Don şəhəri sürətlə inkişaf etməklə qonşusunu kölgədə qoyur, digər tərəfdən isə Krım müharibəsi liman şəhərinə böyük zərbə vurur. Anton Çexovun doğulduğu vaxt Taqanroq kirli bir əyalət məntəqəsinə dönmüşdü.

Ailə ilə bərabər, ətraf mühitin və “balaca Vətən”in şəxsiyyətin formalaşmasında misilsiz rol oynadığını nəzərə alsaq, yazıçının Taqanroq barədə fikirlərinin əhəmiyyəti də artır. Yeniyetmə Anton bacısına məktubunda yazır: “Buralar Herkulanum və Pompey təəssüratı yaradır. Taqanroq çirkli, boş, tənbəl, savadsız və darıxdırıcıdır... Burada ən nifrətəlayiq şey - həmişə bağlı olan qapılardır”

Yazıçı-yumorist Leykinə yazdığı məktubda isə Çexov doğma şəhərini bu cür təsvir edir: “Hər yanım Asiyadır, gözlərimə inanmıram. 60 min sakin yalnız yemək, içmək, nəsil verməklə məşğuldur, başqa heç bir maraqları yoxdur... Nə vətənpərvərlər var, nə işbazlar, nə şairlər, hətta fərli-başlı çörəkçilər də yoxdur...”

Anton uşaq olarkən, şəhərin elitasını yunanlar təşkil edirdi. Onun 8 yaşı olanda Pavel Yeqoroviç qərara gəlir ki, oğlanlarına təhsil versin. Və onları yunan gimnaziyasına göndərir. Bu bir otaqlı gimnaziyada vur-tut bircə pedaqoq vardı və bütün siniflərə eyni vaxtda dərs keçən bu keçmişi qaranlıq şəxs düz 1 il ərzində Antona heç bir neçə yunan sözü də öyrətmir. Günahı oğlunun kütbeyinliyində görən ata balaca Antonu dərzilik öyrənməyə yollayır, paralel olaraq isə rus gimnaziyasına yerləşdirir. Pavel Yeqoroviç təhsilin əhəmiyyətini anlayırdı, odur ki, gəlirlərinin azalmasına baxmayaraq, oğlanlarının biliklənməsinə pul əsirgəmirdi.

Ancaq fəlakət gözlənilmədən gəlir: Çexovlar yeni evə köçürlər, bu evi tikmək üçün ata Çexov 500 rubl borc götürür. Dükanda işlər çox pis getdiyindən, borcu ödəyə bilmirlər və evin bir otağını kommersiya məhkəməsinin xırda məmuru Selivanova kirayəyə verirlər. Üstəlik, evin böyük oğlanları - Aleksandr və Nikolay atalarının istəyinə zidd gedərək Taqanroqu tərk edir və Moskvaya yerləşir. Aleksandr riyaziyyatla, Nikolay isə rəssamlıqla məşğul olur. Övladları üzərində tam nəzarətə adət etmiş ata Çexov onlara məktub yazır, onları valideynləri atıb getməkdə qınayır, ancaq faydasız.

Və vaxt gəlir, Pavel Yeqoroviç borcları ödəyə bilmədiyindən özünü bankrot elan edir. Həmin vaxtlar Anton imkansızlıqdan gimnaziyadan çıxıb evdə oturmalı olur, ana və atanın Moskvaya, böyük oğullarına kömək xahişi ilə yazdığı məktublara isə sonuncular hirsli cavablar göndərir. Aleksandrın cavab məktubundan: “Tanrı xatirinə, bir qədər yumşaq yazın, ata. Onsuz da qəlbimizdə elə ağırlıq, başımızda elə qaranlıq var ki, dost təsəllisi və mərhəmətli sözlər axtarırıq, siz isə elə hey kilsəyə getməyi əmr edirsiz...”

Bəlkə də böyük qardaşların biganəliyi və tikanlı məktubları Antonda valideynlərə də, digər qardaşlara və bacısına da ondan başqa heç kəsin sahib çıxmayacağı qətiyyətini yaradır. Pavel Yeqoroviç isə gizli şəkildə Taqanroqu tərk edərək Moskvaya qaçır. Beləliklə, Anton anası, kiçik qardaşı və yeganə bacısı ilə əyalətdə və hər an evlərini itirmək reallığı ilə üz-üzə qalır.

Evi isə onlar itirirlər. Kirayənişin Selivanov fırıldaq yolu ilə evi öz adına keçirir, Antona qalmaq üçün bir künc (otaq da yox) verir. Ailənin qalan hissəsi də Moskvaya köçür və Taqanroqda Anton 3 il tək qalır. Bu təklik o, gimnaziyanı bitirəcək vaxta - 1879-cu ilə qədər davam edir.

Yeniyetmə Anton şagirdlərə dərs verir, onları universitetə hazırlaşdırır, tənhalığını teatr və kitabxanada unudur, atasının əziyyətlə tikdiyi evdə kirayənişin kimi yaşayır, repetitorluqdan qazandığı pulla borcların faizini ödəyir, hələ Moskvaya yardım etməyə də imkan tapır. 19 yaşında gimnaziyanı bitirir və təhsil üçün Moskvaya, ailəsinin yanına gəlir.

Moskvada rastlaşdığı mənzərə heç də ürəkaçan deyil: Bütün uğursuzluqlarına baxmayaraq, ata vərdişlərindən əl çəkməyib özünü tiran kimi aparır, yenə də övladlarına qarşı fiziki gücdən istifadə edir. Qardaşlar isə ailəyə laqeyd və məsuliyyətsizdirlər.

Anton gördüklərindən sonra bir daha əmin olur ki, ailəni yalnız o, xilas edə bilər. O, heç kimi qınamır, qardaşlarını və valideynlərini necə varlarsa o cür də qəbul edir və sevir, sadəcə heyfsilənir ki, onların bəxti gətirməyib. Artıq bir neçə ay sonra evdə hər məsələdə “Anton bu barədə nə fikirləşir” sualı adi suala çevrilir. Pavel Yeqoroviç əvvəlki statusunun itirilməsindən əvvəl qəzəblənir, sonra inciyir, tədricən barışır, sonunda isə oğlu ilə fəxr edir.

Əzazil atanın əzabına hamıdan çox məruz qalmış övlad ömürlük olaraq ailə ocağının çox məsuliyyətli qoruyucusuna çevrilir. Bu metamorfozu izah etmək üçün Freyd yox, Makarenko gərəkdir...

# 4945 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #