Mənim də kitabımı satmırlar

Mənim də kitabımı satmırlar
29 may 2015
# 20:00

Məlum konfliktdən sonra sosial şəbəkədə mən də etiraz deyil də, təəssüfümü ifadə elədim. Keçən il bir əcnəbi şair kitabımı almaq istəmişdi. Getdiyi ölkələrdə şəxsən tanıdığı müəlliflərin kitablarını alıb kolleksiya düzəltmə vərdişi var idi. Vəziyyətdən xəbərsiz-xəbərsiz adamı şəhərin bütün “Əli və Nino” dükanlarına göndərdim, hamısında “O müəllifin kitabı yoxdu” cavabını aldı.

Deyim ki, heç sevmədiyim suallardan biri “Kitabınızı hardan almaq olar”dır. Əvvəllər bu sualı cavablandırmaq asan idi, “Əli və Nino” deyirdim, söhbət uzanmırdı. Sonuncu kitabım “Çevriliş” cəmi bir kitab mağazasında satılır və mən o ünvanı izah etmək üçün sözün həqiqi mənasında əziyyət çəkirəm.

Onsuz da ədəbiyyata marağın azaldığı bir vaxtda adamların ya zəlzələdən, ya vəlvələdən mənim kitabımı almaq istəməsini dəyərləndirirəm, lakin onlara o bircə, çox da tanınmayan kitab mağazasının ünvanını izah eləmirəm. Mənim buna fiziki, mənəvi gücüm, həvəsim, vaxtım çatmır. Azərbaycan yazıçısı şanssız, bir ovuc oxucusu olan yazıçıdı.

Şəxsən öz adımdan heç vaxt kimdənsə xüsusi dəstək, münasibət gözləməmişəm, laqeydlikdən şikayətlənməmişəm. İndi də buna haqqım yoxdu deyə düşünürəm. Kimsə məndən yazıçı olmağı xahiş eləməyib. Nə xalq, nə də naşir və kitabçılar. Lakin bildiyim, müşahidə etdiyim bir şey var. Və bunu təəssüf hissi ilə qeyd etmək istəyirəm. Başqa ölkələrin insanları incəsənətə, mənəviyyata söykənili şeylərə daha çox önəm verirlər. Onlar da pul qazanır, onlar da biznes edirlər, lakin onların ədəbiyyat və musiqi, rəsm və heykəl qarşısında daha özəl təzim etməsi, ayaq saxlaması var. Və bu, əsər müəllifinin kimliyi, tutduğu postla bağlı olmur. Və təkrarladığı bəşəri ideyalar fonunda heç bir ölkənin əsas kitabçısı və naşiri ona ayrılmış məhdud efir vaxtını ancaq başqa millətə aid müəllifin kitabını reklam etməyə sərf eləmir.

Mən sadəcə təəssüf edirəm və anlamaqda çətinlik çəkirəm niyə hələ də mənim xalqımın əlində imkan olan adamları mənəvi dəyərlər naminə cüzi maddi gəlirindən imtina etmək bacarığına sahib deyil. Kifayət qədər gəliri olan televiziya kanalı aylıq gəlirini nisbətən azaldıb məhdud reytinqli intellektual veriliş açmır, maşınını saatının rənginə uyğun alıb dəst-dəst saxlayan iş adamı bir komplekti (saat-maşın) dəyərinə başa gələcək ədəbiyyat kafesi açmağa həvəslənmir, canfəşanlıqla beş minlik yemək hesabı ödəyən biznesmen bir incəsənət adamını xarici tədbirə göndərməyə xəsislik edir, yaxud Azərbaycan yazıçısının kitabları dükanlara darlıq edir.

Anbarlarda yer yoxdursa on kitab götürmək, soruşanlara onu daha hörmətlə, urvatlı təqdim etmək olar, deyilmi? Ədəbiyyat, ümumiyyətlə istənilən incəsənət əsəri insanı çevrələndiyi həyatdan müvəqqəti qoparmağa çalışır, yeni reallığa dəvət edir. İndi bütün dünyada əksər insanlar ədəbi reallıqda darıxırlar. Mən bunu zarafatla Allahın yazıçılarla rəqabəti adlandırıram. Allah deyəsən yazıçıları qısqandı, həyatı daha maraqlı yer elədi ki, insanlar başqa reallığa qaçmasınlar. İndi bütün dünyada yazıçı və şairlər, müasir akademik musiqi yaradıcıları, postmodern rəssamlar yaratdıqları əsərlərlə hələ ki axtarışdadırlar, onların təqdim etdiyi reallıq geniş kütləyə bir o qədər maraqlı deyil. Həyat onların əsərlərindən daha cəlbedici görünür. Lakin heç bir ölkə aztanınan yazıçısını və müsiqiçisini, rəssamını və filosofunu çıxdaş etmir. Əksinə, onun özünü tapması və təqdim etməsi üçün bacardıqca çalışır.

Mən yenə də keçmiş xoş təcrübələri, əməkdaşlığı xatırlayaraq aradakı münaqişənin (qrant almaq üçün təqdim olunan pafoslu layihə cümləsinə oxşasa da) Azərbaycan ədəbiyyatının xeyrinə həll olunacağına ümid edirəm.

# 1717 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #