Yazacağım mövzuya yerli-ataqlı giriş eləmək üçün qədim bir çin pritcasını hüzurunuza gətirirəm.
Günlərin hansısa bir günündə istedadla sənət uzaq səfərə çıxır. Qərib ölkələrin birində başı buludlara çatan əzəmətli bir saray görürlər. Sarayın necə tikilib ərsəyə gəlməsi ətrafında biri-biri ilə qızğın mübahisə edirlər. İstedad deyir mən olmasam bu saray tikilə bilməz, sənət də deyir, yox, mən olmasam bu saray da olmaz. Nə başınız ağrıdım, bunların mübahisəsi qırx gün, qırx gecə çəkir. Nəhayət qərara gəlirlər ki, həqiqəti bilmək üçün Tibetdə yaşayan müdrik ilanın yanına getsinlər. İlan bunlara həqiqəti söyləməmişdən əvvəl, şərt kəsir ki, məğlub olacaq tərəf ruhdan düşməyib qalib gələn tərəfə hər zaman kömək edəcək, sənətlə istedad bununla razılaşırlar. İlan deyir ki, o gördüyünüz saray sənətin sayəsində ucalıb, istedadla belə bir nəhəng tikilinin yaranması müşkül məsələdir. Çün ki, istedad tənbəl sənət isə zəhmətkeşdir.
Hansısa böyük sənətkar deyib ki, dahilik on faiz istedad, doxsan faiz alın təridir.
Sözümün canı-ciyəri də elə bu haqdadır. Görürsən ki, ədəbiyyata yeni bir istedad gəlir (dövründən asılı olmayaraq). Qaynar təbinin hesabına üç-dörd yaxşı şeir yazır (və ya hekayə). Adamın üstündə allah var, həmən bu üç-dörd yaxşı şeir həqiqətən də üzətutulasıdır.Onu bəh-bəhlə tərifləyib buludların üstünə mindiririk. Bu cavan-cocuq da dahilik xəstəliyinə tutulub, həmən o bayaq dediyim üç-dörd şeirin hesabına məclislərdə başdan oturdulur, istedadatəmənna(sız) böyük “dəyər” verən ədəbi tərifçilər onun haqqında “dejurnı” məqaləciklər yazır, bir söznən ağzı sarı “sənətkarın” sənətinin gəlhagəli başlayır. Bu binəva da ədəbiyyatın elə bu cür olduğunu zənn edib həmən o üç-dörd şeirini “satmaqla” dolanır. Belə məqamda içki və avarlıq isə şairin həm “alın yazısı”, həm də şair obrazının əsasıdır.
Günlər bu minvalla keçir, artıq o üç-dörd şeirdən doyan “oxucular” gənc şairdən təzə şeirlər istəyir, şair də hıqqına-qıqqına elə o şeirlərini təkrar edən cızma-qara eləyib “bazara buraxır”. Yəni şeirlərinin başqa versiyasını yazır. “Ədəbi xurafat” isə şeirləri göydə qapıb, nuşi can edir. Hətta sizə deyim ki, bu cür sənətkarların bəziləri həyaysızlığına basıb əsl sənətkarları üzdən-gözdən salıbözləri haqqında nəsə xoş söz deməyə və ya yazmağada vadar edirlər.
Elə ki, şairin ədəbiyyata “gəliş”indən dörd-beş il keçir, deyirsən bəs qurbağanı gölünə daş atıbsan. Yavaş-yavaş gündəmdən düşür, it yerinə sayan olmur, bəzilərinin isə obraz kimi istifadə elədiyi içki və avarlıq həqiqətən onların axırına çıxır… Ədəbi faciə başlayır (şəxsi faciə ilə işim yoxdur). Onu da deyim ki, allaha acıq getməsin əgər bəxti gətirib dünyadan getsə onda, ədəbi şöhrət özü gəlir, necə ki, gözümüzün qabağında nakam “dahilər” var.
İndi gələk mənim yazımın qəhramanı olan bu şairdən, (yazıçıdan) Aşıq Alı deməşkən, görək nə qaldı?
Üç-dörd şeir. Bu üç-dörd şeir nə qədər ədəbiyyatdır? Üç-dörd şeirlə ədəbiyyata çevrilmək olarmı?! Axtarıb arayırsan, görürsən ki, bədbəxtin ədəbiyyat, sənət adına nə bir araşdırması var, nə bir essesi var, heç allahın adicə məqaləsi də yoxur. Olsa-olsa ded-qodu və ya boş-boş iddia olar.
Çox demirəm, heç özündən əlli-yüz il əvvəl yaşayan şairin nə yazdığından xəbəri olmayan bu “söz pəhləvan”ları oturub-durub ona-buna ağıl öyrətməkdən də utanmırlar.
Məcburam ki, TƏƏSSÜF sözünü böyüklə yazam. Bir dəfə yazmışdım, yerinə düşür deyə yenə yazıram: istedad özünü yetişdirməkdir! /harmoniya.az/