Azadın altmış yaşına

Azadın altmış yaşına
17 mart 2014
# 17:40

Azadın, Azad Qaradərəlini deyirəm, adını kim qoyub bilmirəm, amma onun fəhmli adam olduğunu cəsarətlə deyə bilərəm. Bəlkə də, bu, bir yazıçı təxəyyülüdü, intəhası adların insanın xarakterində hansı rolu oynadığı çox maraqlı və uzun bir söhbətin mövzusudu. Məsələn, ağlıma gəlmir ki, adı Kəlbətin olan bir adam haçansa prezidentlik iddiasına düşə. O adın aurası adama yalnız xəcalət gətirə bilər, nəinki təşəxxüs.

Burası belə…

Qaldı Azada, bu barədə indiyəcən heç vaxt söhbətimiz olmayıb, bundan sonra da olar-olmaz bilmirəm, amma niyəsə elə bilirəm ki, Azadı Azad eləyən daşıdığı adın mənasını vaxtında dərk etməyi olub. İş ondadı ki, Azad tək azad yazıçı deyil, danışığında, geyim-kecimində, davranışında da bir azadlıq, asudəlik, sərbəstlik var… Bu, bəlkə də, bir fərd olaraq onun ən böyük sərvətidir. Elə bil tanrı da ona bəzi şeyləri başqalarından fərqli olaraq əta eləyib.

Məsələn, iri alnını boyhaboy dolanan uzun, yumşaq saçlarından, ona xüsusi bir yaraşıq verən qalın, pırpız qaşlarından cəmi məxluqatın bir-iki nəfərində ola, ya olmaya… Bəşər övladının can atdığı ən böyük insani dəyər olan azadlıq duyğusu onun bütün həyatına da sirayət eləyib; yaxşı kabab çəkməyi var, içməyinə heç söz ola bilməz, zəhmətdən, iş-gücdən qorxan deyil, ağrı-acıya da hər kəs onun tək mətanətlə sinə gərə bilməz…

Atasız, baba-nənə himayəsində böyüyüb, böyük anlamda torpaq, Vətən, el-oba, kiçik anlamda ev-eşik, həyət-baca itirib… Allah üzünə orda baxıb ki, nəyini itirsə də, özünü itirməyib. Adam da ki özünü itirmədi, açarını da itirmir. Açarını da itirməyəndən sonra adamın hər şeyi yerində olur. İndi də Azad… Kasıb canıyla Bakı kimi yerdə üç qız ərə verib, oğlu Türkiyədə oxuyur, özü isə maşallah olsun, çox ağır və məsuliyyətli bir işin qulpundan yapışıb, «Yazı» jürnalının baş redaktorudu, son iki-üç ildə ikisi roman olmaqla dörd-beş kitabı işıq üzü görüb. Hələ üstəlik Azadın itirmədiyi başqa bir şey də var ki, sovetin vaxtında çox adam başını onunla saxlayırdı: qələm! Amma bu bəxtəvərin balası heç o illərdə də qələmin adamı aparıb çıxara bildiyi ən şərafətli yerlərdən sayılan Yazıçılar İttifaqına girib-eləməyib, heç sonralar da girmək fikri olmayıb, deyir, azad sənətkarın orda nə iş-gücü?

Söhbətimin o yerinə qayıdım ki, o heç, indi qələm baş saxlamaq üçün deyil, hələ bu binəva qələmin özünü qələmlikdən də çıxarıblar, bəlkə də, xəbəri yoxdu, hal-hazırda onun xələfi kompüterlə arasındakı məsafə sələfi lələklə olandan heç də az deyil və bundan sonra onu hansı tale gözləyir, onu da allah bilər. Amma əsas odu ki, adamın içi zədəsiz, bütöv ola, ruhu diri, oyaq qala. Mən bilən, Azadın cəlayi-vətən olduğu yerdən gətirə bildiklərinin içərisində ən böyük qənimətlərdən biri də məhz budur! İndi Azadın atını ora-bura çapmağı da dipdiri qalan o əzmkar ruhunun hesabınadı.

Ömrün altmış aşırımını püfərək aşıb gəlmiş qələm dostum haqda durub burda dəfə-daraq açsam, bir allah bəndəsi zəmanət verə bilməz ki, o nərdivanın uzunluğu yetmişinci aşırımacan gedib çıxmayacaq. Ona da nə səbr, nə can dayanar. Sizləri də yormayım və kəsə deyim: Azadın bir dəvə yükü kitabı çıxıb, intəhası hərdən elə düşünürəm ki, onun nəsrin köynəyindən keçməyi üçün cəmi üç hekayəsi də bəs elərdi. O da hansılardı? «Kişi familiyası», «Soyxa» və «Qoç əti»

Azad son illərdə iki roman qələmə alıb. Yaxşı da səs-küyü, əks-sədası olan romanlardı və mən deyəndə ki, Azadın yerinə olsaydım, elə hekayə ilə məşğul olardım, o anlama gəlməsin ki, Azad romançı deyil. Bu sözü niyə deyirəm? Vallahi-billahi, bir səs mənə pıçıldayır ki, adam romanı hekayə yaza bilməyəndə yazır. İndi bu belədi, belə deyil, onu da deyə bilmənəm, amma heç uzağa getməyək, guya, Şahmar, ya Rafiq Tağı povest və ya roman yaza bilməzdilər? Ya bəlkə, Yaşar, Fəxri Uğurlu və ya Orxan Fikrətoğlu romanın öhdəsindən gələ bilmirlər? «Poçt qutusu»ndakı hikmət məndən ötrü yüz cild romana dəyər. Qoderzi Çoxelinin «Sağ qol» hekayəsi vur-tut bircə vərəqdi, di gəl qarışqa kimi özündən onqat artıq apardığı, daşıdığı yükə bax!

Onun da tərəfdarı deyiləm ki, «Kuma-Manıç çökəkliyi»ndəki mündəricəni necə gəldi, zorla hekayəyə pərçim etmək lazımdır. İş ondadı ki, Azad hekayə ilə özünü rahat, səprbəst, hətta deyərdim ki, çoxlarının bacara bilmədiyi azad (yenə də azad) bir şəkildə ifadə eləyə bilir. Bir çoxundan da fərqi ondadır ki, yığcam, qıs-qıvraq yaza bilir, təfərrüata varmır, müəllif müdaxiləsi yox dərəcəsindədir. İşini hadisəni danışmaqla bitmiş hesab eləyib nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır. Bu hal onun bütün yaradıcılığına xas olan ən aparıcı və vacib məziyyətdir. İki hala nəzər salmaqla söhbətimizi yekunlaşdıraq, siz sağ olun, mən salamat, Azadın da altmış yaşı mübarək! Yazsın-yaratsın, onsuz da geriyə yol yoxdur.

Həsənqulu kişini («Qoç əti») arvadı yuxudan qaldırır ki, dur, qoç murdar olub. Qoç da nə qoç?! Kişi onu əsgərlikdən gələsi oğlu üçün bordaqda bəsləyib. Yaxşı, indi necə olsun?... Bu yerdə şeytan arvad şəklində kişinin qəlbinə yol tapır və ona məsləhət görür ki, aparıb heyvanı rayonda satsın! Belə də şey olar?... Ortada şeytan varsa, olar, hələ bir az da o tərəfə keçər. Məni bundan da çox, müəllifin mənən tənəzzülə uğramış qəhrəmanını öz əli ilə necə ustalıqla cəzalandırması səhnəsi maraqlandırıb. Çox ibrətamizdir! Heç də hamının ağlına gələsi bir şey deyil!

«Soyxa»da Azad çox tipik olan, ənənəvi hadisəyə əlavə çalarlar verməklə oxucunu gözlənilməyən bir situasiya ilə üzləşdirir. Nobatalı kişi ölüb, onu ağır-əziz eləmək ev adamlarından başqa, necə deyərlər, həm də elə qonşuların vəzifə borcudu… Qar-qiyamətdə, qışın o tüpü-boranında, gecə vaxtı qonşu kəndə soyxa (kostyum) dalınca getmək təkcə mərhuma yaxın olan bir-iki nəfərin ağlına gəlmir, mən bilən, bunu onların beyninə daha çox Azad özü salıb. Çünki binəvanın bir abırlı paltarı yoxdu ki, arvadlar ortaya qoyub ağlayalar. Onlara bir yolgöstərən lazımdı, ya yox? Bu yerdə mənimçün Azad özü hadisənin iştirakçılarından birinə çevrilir. Amma özünü elə aparır, guya, qonşuların işinə qətiyyən qarışmaq fikri yoxdu. Bir müəllif olaraq məharəti də burasındadı. Oxuyun, o məharətin siz də şahidi olun ki, ənənəvi, klassik nəsrin modelində kiçik janrla böyük mətləbləri çatdırmağın bizdə necə böyük ustalıqları və ustaları var!

21 fevral 2014

# 1884 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #