Yerin canlılar aləmi

Yerin canlılar aləmi
14 iyun 2017
# 10:46

Uşaq vaxtı çoxumuzun otağında, yadınızdadır da, divarda xəritə olardı. Kimin evinin bir divarında böyüyəndən sonra da xəritə asılı qalırsa, əhsən ona.

Xəritə təkcə ölkələr haqda məlumatlanmaqdan ötrü deyil, onun həm də psixoloji yardım etmək gücü var. Nə vaxt özümüzü həyat yollarında azmış hiss etsək, xəritəyə baxsaq, o bizə dünyanınn geniş olduğunu xatırladır.

Bəzən görürük ki, iki-üç nəfər xəritənin başına toplaşır, barmaqla xəritə üzərində səyahətə çıxırlar, bu onlarda uzaq yerlərə gedib-qayıtmağa bənzər hiss yaradır, onları təzələyir.

Xəritə sıxılmış məsafədir, kilometrlərlə əraziləri millimetrlər əvəz edir.

Müasir insan özünü əsasən dünyanın siyasi, iqtisadi xəritəsində hiss eləyir, dövlətləri, şəhərləri göstərən xəritəni maraqlı və vacib sayır, amma divardan dünyanın geoloji, fiziki, iqlim kimi xəritələrini asmağın bir sıra üstünlükləri var.

Belə xəritələrdə dövlət sərhədləri göstərilmir, onlar əhəmiyyətsiz məsələlər kimi təhrif edilir, onlarda dünya qəhvəyi-narıncı dağlar, yaşıl meşəliklər, sarı çöllüklər, mavi sular, ağ buzlaqlar, qırmızı və göy hava axınları kimi təsvir olunur.

Divarımızdan çoxrəngli siyasi, iqtisadi xəritəni çıxarıb dünyanın fiziki xəritəsini asmaq televizoru və digər modern texnologiyaları, həmçinin insanın özünü söndürməyə bənzəyir.

Dünyanın fiziki xəritəsi münaqişəsizdir və uzaqdan insana onun öz evini göstərməklə sanki deyir: Bax bu dağlara, çöllərə, neçə min il yaşları var, onların sakit gücünə bax, onlar üzərində başqa cür də yaşamaq olar, amma sən bu cür yaşayırsan.

İndi dünyanın şimal yarımkürəsinə yay gəlir. Cənub yarımkürəsinin yayı dekabrdan fevrala qədər olacaq.

Bu yaxınlara qədər qalın geyinirdik ki, soyuq olmasın, indi isə isti olmasın deyə, qolsuz geyimlərdə gəzirik. Ətirli, dadlı meyvələr yeyirik. Asfalt yollarda maşın təkərlərinin altında ağ və qara tut xəşil olur.

Hər ilin bu vaxtları Bakıda tozlu yolların kənarında gözəlliyilə diqqəti cəlb etməyən yabanı sarı güllər görünür.

30 il əvvəl də, 300 il əvvəl də ilin bu vaxtları bu torpaqlarda o sarı güllər açırdı. Topoqrafik xəritəsi tez-tez dəyişən bu şəhərdə o sarı güllər dəyişməz qalan çox az Bakı xüsusiyyətlərindəndir.

Bizim torpaq özü o sarı gülləri bitirməyə meyillidir, onlar bu yarımsəhraların erkən yayının təbiətinə xasdır.

Yer kürəsi istiliyi özündə saxladığından daha isti havalar yayın ikinci yarısına düşür.

Bakı yayının ən yaxşı vaxtlarıdır indi, qabaqdan yapışqan kimi isti havalar gəlir. Amma onun da çarəsi var.

Dünyanın nə qədər sakini hava isindikcə bir arzuya düşəcək, istəyəcək ki, böyük ərköyün balinalar kimi dənizə baş vursun, ötən qış ölməyib yaya sağ çıxdığına görə sevinsin, həyatda olmağın ləzzətini yaşasın. Amma çoxlarının yanında dəniz yoxdur. O dəniz bizdədir.

Belə hesab olunur ki, xalqların əcdadlarından bu yana yaşadıqları, formalaşdıqları fiziki coğrafiya onların mədəni müxtəlifliyini müəyyən edir.

Deyirlər, ona görə eyni Yer üzündə yaşayan fransızlarla ərəblərin mədəniyyəti bu qədər fərqlidir.

Coğrafiya, təbiət cəmiyyətə son dərəcə güclü təsir edir. Təbiət bizim vətənimizdir. Özü də təbiət təkcə yaşıllıq demək deyil, Abşeronun tikanlı sarı çölləri də təbiətdir, doğma təbiət.

"...öz-özünə bir dəfə

ənnnnnncirrr deyirsən

və içindən səni isti buxar vurur

yay bax budur!" (Azər Əhmədov)

Fəsillərin dəyişməsi, Yerin torpaq layları, ağaclar, kollar, canlılar aləmi dünyanın siyasi xəritəsindən daha vacib anlayışlardır.

Dünyanın ən gözəl heykəli, mənə görə, Londonun Hayd Parkında bütün dünya müharibələrində ölmüş heyvanların xatirəsinə ucaldılmış abidədir.

Pəncərədə dəyişən fəsillər həyatın fonu deyil, özüdür. Biz həyatdayıq, qalanı təfərrüatdır.

Yay təbiətlə yaxınlaşmaq fürsətidir. Yayda siyasətə qarışmayın. Yayda dalaşmayın. /bbc/

# 5676 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #